Məhkəmə qərarları › İş №e-2(004)-4559/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4559/2025

02.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4559/2025 02.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-83/2025 saylı 06 fevral 2025-ci il tarixli qərardadına əsasən cavabdehin xeyrinə 09 iyun 2012-ci il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarı azaldılması və cavabdehin xeyrinə iddiaçıdan 09 iyun 2012-ci il təvəllüdlü X2 üçün hər ay iddiaçıdan 2025-ci il üçün müəyyən olunmuş alimentin minimum əmək haqqının 0,5 misli (200 manat) məbləğdə alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı qarşı “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-83/2025 saylı 06 fevral 2025-ci il tarixli qərardadına əsasən cavabdehin xeyrinə 09 iyun 2012-ci ildə anadan olmuş qızı X2 üçün tutulan alimentin miqdarı azaldılması və cavabdehin xeyrinə iddiaçıdan 09 iyun 2012-ci ildə anadan olmuş qızı X2 üçün hər ay iddiaçıdan 2025-ci il üçün müəyyən olunmuş alimentin minimum məbləği həddində, yəni hər ay sabit məbləğdə - 246 (iki yüz qırx altı) manat miqdarında alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək tələbi dəqiqləşdirmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-83/2025 saylı 06 fevral 2025-ci il tarixli qərardadına əsasən cavabdehin xeyrinə 09 iyun 2012-ci ildə anadan olmuş qızı X2 üçün tutulan alimentin miqdarı azaldılması və cavabdehin xeyrinə iddiaçıdan 09 iyun 2012-ci ildə anadan olmuş qızı X2 üçün hər ay iddiaçıdan 2025-ci il üçün müəyyən olunmuş alimentin minimum əmək haqqının 0,5 misli (200 manat) məbləğdə alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi (hakim Rəfayil Əliyev) ilə iddiaçı Cavabdeh iddiası təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4382/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, İddiaçı 09 iyun 2012-ci il təvəllüdlü X1 üçün hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bundan sonra, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-83/2025 saylı 06 fevral 2025-ci il tarixli qərardadı (hakim Kərim Xudayev) ilə tələbkar Cavabdeh ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı 09 iyun 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 136 manat sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması qərara alınmışdır. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı iddiaçının aylıq sabit gəlirləri olmuşdur. Ona görə də məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəmişdir. Lakin hal-hazırda işsizdir, faktiki olaraq heç bir yerdə işləmir, digər gəlir yeri yoxdur və bu səbəbdən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-83/2025 saylı 06 fevral 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş 468 manat (2025-ci il minimum əmək haqqı 400 manat x 1,17 = 468 manat) alimenti ödəmək imkanı yoxdur. (Məşğulluq xidmətinin ayarışı əlavə olunur). Bundan əlavə, iddiaçının ikinci evlilikdən də 1 azyaşlı övladı var və iddiaçı eyni zamanda onun da saxlanma xərclərini də könüllü olaraq özü ödəyir. Hal-hazırda iddiaçının ailə həyatı və maddi vəziyyəti o qədər dəyişib və ağırlaşıb ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-83/2025 saylı 06 fevral 2025ci il tarixli qərardadı ilə sonradan müəyyən edilmiş 468 manat məbləğində alimenti ödəyə bilmir və yalnız 200 manat miqdarında aliment ödəyə bilər. İddiaçı alimentin ödənilməsindən boyun qaçırmır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-83/2025 saylı 06 fevral 2025-ci il tarixli qərardadına əsasən, tələbkar Cavabdeh ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsi ilə İddiaçı 09 iyun 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 136 manat sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması qərara alınmışdır. Qərardad qanuni qüvvəyə minmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hazırki iddia tələbi üzrə qanunvericiliyin tələbinə əsasən alimentin azaldılması üçün yeni əsasların yaranması müəyyən edilir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-83/2025 saylı 06 fevral 2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiyası aparılmışdır ki, bu da hər ay üzrə 468 manat sabit pul məbləğində alimentin tutulması deməkdir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 468 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 468 manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil. Məhkəmə 09 iyun 2012-ci il təvəllüdlü X3 üstün mənafelərinin qorunması və xərclərinin minimum səviyyədə qarşılanması məqsədilə, aliment məbləğinin hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən edilməsini məhkəmə məqsədə müvafiq hesab edir. İddia tələbi üzrə aliment məbləğinin minimum əmək haqqının 0,5 misli həddində müəyyən edilməsi uşağın mənafelərinə uyğun deyildir, məqsədə müvafiq hesab edilmir. İddiaçı tərəf bildirir ki, o, yenidən ailə qurmuş və həmin ailəsindən 1 uşağı vardır. Aliment təyin edilərkən bu hal nəzərə alınmalıdır. Aliment öhdəliyinin övladın saxlanılması üçün nəzərdə tutulması əsas götürülməklə həmin öhdəlikdən yayınmaq cəhdi qəbuledilən deyildir. Valideyn uşağın normal inkişafı üçün maksimal dərəcədə çalışmalı, uşağın normal fərd kimi yetişməsində və cəmiyyətə faydalı olmasında maraqlı olmalı, ailə qurarkən bu xərclər və öhdəliklər üzrə planlaşdırmalar aparılmalıdır. Əks halda, bu halların neqativ təsirlərinin uşağa yansıması yolverilməzdir. Məhkəmə qərar qəbul edərkən mövcud məhkəmə təcrübəsini, məhkəmə təcrübəsi üzrə vahidliyin, proqnozlaşdırıla bilinən qərarların qəbul edilməsi və “hüquqi müəyyənlik” prinsipinin təmin edilməsini əsas götürür. Eyni faktiki hallara sahib olan işlər üzrə fərqli qərarların qəbul edilməsi “hüquqi müəyyənlik” prinsipinə uyğun deyildir, dövlət nöqteyi-nəzərdən ümumi subyektlər üçün ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Ədalətli nəticə isə yalnız qanunun ədaləti çərçivəsində təmin edilə bilər. Məhkəmə qərar qəbul edərkən müəyyən edilən alimentin həddi, valideynlərin öhdəliklərinə yanaşma tərzi barədə mövcud məhkəmə təcrübəsini əsas götürür. Valideynin işləməməsi, digər maliyyə öhdəliklərinin olması onun uşağın xərcləri ilə bağlı öhdəliklərdən azad edilməsinə əsas ola bilməz. Uşaqları saxlamaq valideynlərin borcudur. Ailə və uşaqlar dövlətin himayəsindədir. Məhkəmə uşaqların üstün mənafelərini əsas götürür. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla qadağandır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-83/2025 saylı 06 fevral 2025-ci il tarixli qərardadı əsasında 09 iyun 2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmalı və İddiaçı 09 iyun 2012-ci il təvəllüdlü X2 üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-83/2025 saylı 06 fevral 2025-ci il tarixli qərardadına əsasən cavabdehin xeyrinə 09 iyun 2012-ci il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarı azaldılması və cavabdehin xeyrinə iddiaçıdan 09 iyun 2012-ci il təvəllüdlü X2 üçün hər ay iddiaçıdan 2025-ci il üçün müəyyən olunmuş alimentin minimum əmək haqqının 0,5 misli (200 manat) məbləğdə alimentin tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-83/2025 saylı 06 fevral 2025-ci il tarixli qərardadı əsasında 09 iyun 2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. İddiaçı 09 iyun 2012-ci il təvəllüdlü X2 üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar