Məhkəmə qərarları › İş №e-2(004)-4576/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4576/2022

13.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4576/2022 13.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ödənilən aliment məbləğinin bir hissəsinin yetkinlik yaşına çatmayan övladlarının adına olan bank hesabına köçürülməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ödənilən aliment məbləğinin bir hissəsinin yetkinlik yaşına çatmayan övladlarının adına olan bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kərimova-X8 ilə birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 üçün sabit pul məbləğində ödədiyi alimentin hər ay 50 (əlli) faizinin övladlarının adına olan bank hesabına ödənilməsi, digər 50 (əlli) faizinin isə cavabdeh Kərimova-X6 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış nikaha Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 1856/2022 saylı qətnaməsi ilə xitam verilmişdir və birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 anaları Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Hazırda iddiaçı tərəfindən vaxtı-vaxtında aliment ödənilir. Lakin birgə nikahdan olan övladlarının gələcəkdəki firavan həyatının təmin edilməsi və onların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə məhkəmə qətnaməsi ilə hər ay ödədiyi alimentin 50 (əlli) faizinin birgə nikahdan olan övladlarının adına olan bank hesabına ödənilməsi, digər 50 (əlli) faizinin isə cavabdehə ödənilməsi niyyətindədir. Həmçinin iddiaçı qeyd etmişdir ki, cavabdeh hazırda Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Aparatının Mülki hüquq şöbəsində baş mütəxəssis vəzifəsində çalışır və yüksək əmək haqqı alır. Göründüyü kimi cavabdehin yüksək gəlirli işi vardır, bu səbəbdən də hər ay ödədiyi alimentin bütün məbləğinin cavabdehə ödənilməsi üçün heç bir zərurət yoxdur. Buna görə də hesab edir ki, hər ay ödədiyi alimentin 50 (əlli) faizini birgə nikahdan olan övladlarının adına olan bank hesabına ödənilməsi, digər 50 (əlli) faizinin isə cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2012ci il tarixdə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalmaları, onlar yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(004)-1856/2022 nömrəli qətnaməsinin nəticə hissəsində olan yanlışlığın düzəldilməsi və nəticə hissəsinin 4-cü abzasında “xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat, xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi” kimi oxunması qərara alınmışdır. Göründüyü kimi uşaqların saxlanılması üçün təyin edilmiş məbləğ yaşayış minimumu həddindədir. İddiaçı qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş alimennt məbləğini vaxtlı-vaxtında ödəməməklə yanaşı onun bugünədək cavabdehə 9.000 manatdan çox aliment borcu vardır. Təyin edilmiş aliment məbləği uşaqların minimal tələbatları ilə yanaşı onların yaşayış şəraitinə uyğun təminatını da təmin etməyə imkan vermir. Uşaqların digər xərclərinin ödənilməsində cavabdehin təqaüddə olan valideynləri köməklik göstərirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə verdiyi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, iddiaçı özü alimenti vaxtında və tam şəkildə ödəmir, hazırda isə cavabdehin etiraz ərizəsindən sonra iddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə ayrı-ayrılıqda 1000 manat olmaqla, ümumi borcundan 2.000 (iki min) manat ödəniş etmişdir. Bu isə onun ödəmək iqtidarında olduğu alimenti ödəməkdən qərəzli yayınmasına dəlalət edir. Hazırda iddiaçının xeyli miqdarda aliment borcu mövcuddur. Baxmayaraq ki, iddiaçı övladlarının təhsil və digər xərcləri barədə maraqlanmır, xx.xx.2018-ci il təvəllüdlü X5 isə ödənişli bağçaya getməklə aylıq təhsil haqqı 600 (altı yüz) manat təşkil edir ki, bu xərclər cavabdehin özü tərəfindən təkbaşına qarşılanır. Göründüyü kimi, iddiaçı tərəfindən ödənilən aliment bir uşağın təhsil xərcini belə qarşılamır. Odur ki, cavabdehin vəkili göstərilənlərə əsasən iddia tələbinin əsassız hesab edilərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə qeyd edir ki, İddiaçı və onun məhkəmə hazırlıq iclasında iştirak edən vəkili və nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı formada məlumat verməmişlər. Cavabdehin nümayəndəsi isə işə mahiyyəti ürzə baxılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçı və onun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş edir. O, həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən aliment borcu üzrə müəyyən məbləğdə ödənişlər həyata keçirilmiş və hazırda onun cavabdehə olan borcu 6.000 (altı min) manat təşkil edir. Həmçinin iddiaçı könüllü olaraq icra şöbəsinə ərizə ilə müraciət edərək aliment ödənişlərinin onun əmək haqqının 70% hissəsindən tutulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı imkanı daxilində aliment ödənişlərini həyata keçirir. Bundan başqa iddiaçının əmək haqqı 450 manat təşkil etdiyi halda, cavabdehin əmək haqqı məbləği daha yüksəkdir, ona görə də hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(004)-1856/2022 nömrəli qətnaməsi ilə tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından 2 yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə qətnaməsi ilə uşaqların Cavabdeh yanında qalmaları və onların saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etmişdir. Hazırda iddiaçı iddia edir ki, uşaqların gələcəyinin təminatını düşünərək onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ödədiyi aliment məbləğinin hər ay 50 (əlli) faizi övladlarının adına olan bank hesabına ödənilməlidir. Həmçinin iddiaçı tərəf etiraf edir ki, onların cavabdehə 6000 manat aliment borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin uşağın əmlak hüquqlarına dair 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarında, (8.9. bənd) məhkəmələrə tövsiyyə edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Beləliklə, məhkəmə hesab edir ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği uşaqların hazırda tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) kifayət etmir. Belə ki, qətnamə ilə təyin edilmiş aliment məbləği qanunvericiliklə nəzərdə tutulmuş yaşayış minumumu həddindədir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Günəş uşaq bağçası” tərəfindən verilmiş invoydan isə müəyyən edilir ki, tərəflərin övladı xx.xx.2018-ci il təvəllüdlü X1 bağçada təhsil haqqı olaraq hər ay 600 (altı yüz) manat ödəniş həyata keçirilir. Göründüyü kimi, cavabdeh tərəfindən uşaqların sağlam inkişafi üçün ona iddiaçı tərəfindən ödənilən aliment məbləğindən daha artıq vəsait sərf olunur. Bundan başqa, iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarış və qəbzlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra, yəni 12-xx.xx.2022-ci il tarixlərdə ayrı-ayrılıqda 1000 manat olmaqla 2.000 (iki min) manat ödəniş həyata keçirilmişdir. Həmçinin etiraf edilmişdir ki, iddiaçının hazırda 6.000 (altı min) manat aliment borcu vardır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının xeyli miqdarda birdəfəlik aliment ödənişlərini həyata keçirməsi nəzərə alındıqda onun aşağı məvacibi olması əsası ilə alimenti vaxtında ödəmək imkanının olmamasına dair iddiası inandırıcı deyildir. Odur ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi uşaqların mənafeyinə uyğun olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar