Məhkəmə qərarları › İş №e-2(004)-4584/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4584/2022

13.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4584/2022 13.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-1950/2016 saylı, 22 fevral 2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 16 may 2008-ci il təvəllüdlü X2 və 23 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində 400 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi və alimentin ödənilməsi tarixinin iddia ilə müraciət etdiyi tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 07 aprel 2007-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2008-ci ildə Aysu, xx.xx.2009-cu ildə Ayan adlı uşaqları var. Yasamal Rayon Məhkəməsinin 22 fevral 2016-cı il tarixli, 2(004)- 1950/2016 saylı qətnaməsi ilə nikahları pozulmuş, həmin qətnamə ilə 2 uşağın saxlanılması üçün cavabdehdən hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda tutulan alimentin məbləği uşaqların saxlanılması üçün kifayət etmir. Onun aldığı əmək haqqı isə onların saxlanılması üçün tam yetərli deyildir. Ona görə də qətnamə üzrə tutulan alimentin məbləğinin dəyişdirilməsini xahiş edir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda heç bir yerdə işləmir və səhhəti ilə bağlı problemləri olduğundan sözügedən məbləğin ödənilməsi onun üçün çətinlik yaradır, bu səbəbdən iddiaçının tələb etdiyi alimentin ödənilməsi üçün maddi imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, özü mağazada satıcı işləyir, vergi tutulduqdan sonra 277 manat məvacib alır. Hazırki əmək haqqı və cavabdeh tərəfindən ödənilən 240 manat birlikdə uşaqların tələbatlarının ödənilməsinə kifayət etmir. Belə ki, övladları artıq böyüdüklərindən gündəlik tələbat və təhsil xərcləri artmışdır. Cavabdeh isə qətnamə ilə müəyyən edilən aliment məbləğini ona vaxtında ödəməsinə baxmayaraq uşaqların saxlanmasında əlavə köməklik etmir. Onun cavabdehlə birbaşa ünsiyyətləri davam etməsə də qohumluq əlaqələri davam edir, belə ki, bacısı cavabdehin qardaşı ilə nikahdadır. Ona görə də dəqiq məlumatı vardır ki, cavabdeh əvvəllər də olduğu kimi telefon mağazası işlədir və hətta mobil telefonların təmiri ilə məşğul olur. Buna baxmayaraq o, alimentlə bağlı öhdəliklərindən yayınmaq məqsədilə VÖEN fəaliyyətini nikah pozulduqdan sonra rəsmi qaydada dayandırmışdır. Hətta qızının əməliyyatı üçün pula ehtiyacı olduqda cavabdeh birdəfəlik 600 manat ona pul vermiş, lakin həmin məbləği sonradan aylıq aliment ödənişləri ilə əvəzləmişdir. Bu hal isə ona dəlalət edir ki, cavabdeh zərurət olduğu təqdirdə müəyyən vəsaiti ödəmək iqtidarındadır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, cavabdeh 2016-cı ildən qətnamə ilə müəyyən edilən 120 manat məbləğində alimenti ödəyir və borcu yoxdur. Həmin vaxtdan yaşayış minimumu ilə bağlı şərtlər hazırki dövrə münasibətdə xeyli dəyişmişdir. Baxmayaraq ki, iddiaçı mağazada satıcı işləyir və aylıq gəliri 277 manat təşkil edir. Qeyd olunan vəsait uşaqların saxlanılması üçün kifayət deyildir. Qanunvericiliklə uşaqların saxlanması üçün yaşayış minimumun artmasını nəzərə alaraq alimentin məbləğinin də artırılması zərurəti yaranmışdır. Halbuki iddiaçının cavabdehdən 6 il ərzində başqa hər hansı tələbi olmamışdır. Bundan başqa cavabdeh tərəfindən də dolayısı ilə etiraf edilmişdir ki, o, telefon mağazasında işləyir və 300 manat əmək haqqı alır, lakin iş yerini rəsmiləşdirməmişdir. Bu fakt ona dəlalət edir ki, cavabdeh iş yerini aliment öhdəliklərindən yayınmaq üçün rəsmiləşdirmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, dostunun telefon mağazasında satıcı işləyir və aylıq gəliri 300 manat təşkil edir. VÖEN fəaliyyətini isə 2016cı ildən dayandırmışdır. O, maddi vəziyyətini nəzərə alaraq alimentin artırılmasına dair iddiaçının tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-1950/2016 saylı qətnaməsi ilə tərəflər arasında 07 aprel 2007-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 16 may 2008-ci il təvəllüdlü X2 və 23 iyun 2009-cu il təvəllüdlü X3 iddiaçının yanında qalması, uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İşin faktiki halları və tərəflərin verdiyi izahatlarla müəyyən edildi ki, cavabdehin hazıradək aliment borcu yoxdur. İddiaçı mağazada satıcı işləməklə əmək haqqı 300 manat təşkil edir. Cavabdeh isə etiraf edir ki, telefon mağazasında dostuna fərdi qaydada köməklik göstərir və aylıq gəliri 300 manat təşkil edir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndəki məlumatlardan çıxarışdan görünür ki, Cavabdeh əvvəllər fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir (VÖEN **********). Onun fəaliyyət istiqaməti mobil telefonların pərakəndə satışından ibarət olmaqla, beş müxtəlif bank hesabı vardır və iki telefon mağazası istifadəsində olmuşdur. Hazırda isə fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Cavabdeh izahatında sahibkarlıq fəaliyyətini, 2016-cı ilə, dolayısı ilə nikah pozulduqdan sonra dayandırmasını etiraf etmişdir. Bundan başqa cavabdeh işlədiyini etiraf etməklə aylıq gəlirinin 300 manat olmasını bildirməsinə baxmayaraq buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını, cavabdehin aliment borcunun olmamasını, onun əvvəlki sahibkarlıq fəaliyyətini nikah pozulduqdan sonra dayandırmasını, özünün etirafına əsasən əvvəlki fəaliyyət istiqaməti üzrə fərdi qadada işləməklə gəlir əldə etməsini nəzərə alaraq cavabdehin uşaqların saxlanılması üçün aliment məbləğinin artırılmasının hazırda onun maddi vəziyyətinə uyğun olmamasına dair dəlillərini inandırıcı hesab etmir. Hazırda isə iddiaçı iddia edir ki, məhkəmə qətnaməsi ilə hər uşağa görə müəyyən edilmiş 120 manat aliment yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Məhkəmə əvvəla qeyd edir ki, Ailə qanunvericiliyinə əsasən, alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə qanunvericilik normalarından göründüyü kimi, uşaqların saxlanılması hər iki valideyinin borcudur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilib. Beləliklə, qanunvericiliklə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla, o cümlədən 2016-cı ildə məhkəmə qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən uzun müddət sonra hazırki dövrə münasibətdə 2008-ci və 2009-cu il təvəllüdlü uşaqların gündəlik və təhsil xərclərinin artması günün tələblərinə əsasən real olduğundan məhkəmə hesab edir ki, aliment məbləğinin artırılması uşaqların üstün mənafeyi baxımından məqsədəmüvafiqdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 1950/2016 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər onların saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Alimentin tutulması vaxtı isə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər onların saxlanılması üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Alimentin tutulması vaxtı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar