Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4615/2025 30.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, bir-birilə əlaqəsi olmayan tələblər) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi və əmlakın geri qaytarılması tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə faktiki nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay ölkə üzrə müəyyən minimum əmək haqqının indeksasiyası həddində sabit pul məbləğində aliment tutulması, iddiaçının mülkiyyətində olan daşınar əmlakların cavabdeh X2 qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması və ödənilmiş dövlət rüsumunun və mediasiya xərclərinin cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Maddə 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Qanunun qeyd edilən tələblərindən görünür ki, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.
5. Hazırkı halda isə iddiaçı iddia ərizəsində cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirmişdir.
6. Belə ki, iddiaçı yetkinlik yaına çatmayan uşağın saxlanması üçün alimentin müəyyən edilməsi və əmlakların cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını xahiş edir. Halbu ki, alimentin tutulması ailə qanunvericiliyinin tətbiqi sferasında yoxlanılmalı məsələ olsa da, əmlakların özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması ailə münasibətlərindən irəli gələn mübahisə olmamaqla, maddi hüquqi əsasları mülki qanunvericiliklə tənzimlənən məsələdir.
7. Faktiki və maddi hüquqi əsasları, prosessual baxılma müddətləri tamamilə fərqli olan iki tələbin isə sadəcə iddiaçı və cavabdehin eyni olmasına istinadən bir icraatda birləşdirilməsi isə yol verilməzdir.
8. Odur ki, iddia ərizəsi MPM-in tələblərinə uyğun tərtib edilmədiyindən iddia ərizəsi və əlavə olunmuş sənədləri geri qaytarılmalıdır.
9. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi və əmlakların geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. **********51 nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 50 manat məbləğdə dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə