Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4665/2024 27.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cehiz əmlakın geri qaytarılması, bu mümkün olmadıqda isə əmlakların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cehiz əmlakın geri qaytarılması, bu mümkün olmadıqda isə əmlakların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə "iddia tələblərinin dəqiqləşdirilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qalmış 2500 manat dəyərində mətbəx mebeli, 1300 manat dəyərində “Samsung” markalı, gümüşü rəngli soyuducu, 1400 manat dəyərində “Samsung” markalı, ağ rəngli paltaryuyan maşın, 250 manat dəyərində qaz peçi, 270 manat dəyərində aspirator, 750 manat dəyərində bir ədəd üstü şüşəli mətbəx stolu və 4 ədəd dəmir stul olmaqla, ümumi dəyəri 6470 manat olan cehiz əmlakların, habelə Rusiya Federasiyası, Komi Respublikası, Uxta şəhəri, Kosmonavtlar prospekti, ev 15, mənzil 21 ünvanında qalmış yataq mebeli (1 ədəd taxt, 1 ədəd güzgülü termo, 1 ədəd 3 qapılı şifoner, 2 ədəd tumba)- 2500 manat, 1 ədəd gecə lampası - 70 manat, taxt üçün yataq dəsti 1 dəst yundan (1 ədəd yorğan, 1 ədəd döşək, 2 ədəd yastıq), 1 dəst sintofondan (1 ədəd yorğan, 1 ədəd döşək, 2 ədəd yastıq) - 370 manat, 5 ədəd yataq dəsti (hər dəstdə 2 ədəd yastıq üzü, 1 ədəd döşəkağı, çexol) -240 manat, 1 ədəd 2 nəfərlik ədyal - 290 manat, 1 ədəd lüstur- 170 manat, 1 ədəd uşaq çarpayısı- 630 manat, uşaq üçün yataq dəsti ( 1 dəst yundan hazırlanmış 1 ədəd yorğan 1 ədəd yastıq, 1 ədəd döşək ), 1 dəst sintofondan hazırlanmış 1 ədəd yorğan 1 ədəd yastıq, 1 ədəd döşək- 250 manat, 6 ədəd Türkiyə istehsalı ( 1 ədəd çəhrayı, 1 ədəd sarı, 2 ədəd bənövşəyi, 1 ədəd ağ rəngli) bədən dəsmalı - 180 manat, 6 ədəd Türkiyə istehsalı ( 1 ədəd çəhrayı, 1 ədəd sarı, 2 ədəd bənövşəyi, 1 ədəd ağ rəngli) əl-üz dəsmalı - 140 manat, 12 ədəd çay dəsmalı - 95 manat, 1 ədəd pərdə və günlük- 250 manat, divar saatı- 70 manat, “Samsung” markalı, qara rəngli tozsoran - 420 manat, ütü stolu - 110 manat, “BOSCH” markalı ütü - 80 manat, 24 nərəlik nahar dəsti - 320 manat, 6 nəfərlik çay servis dəsti ( 6 ədəd fincan, 6 ədəd nəlbəki, 1 ədəd çaynik, 1 ədəd qənd qabı) - 120 manat, “Samsung” markalı televizor- 1700 manat, 4 ədəd gümüşü rəngli Almaniya istehsalı qazan, 1 ədəd gümüşü rəngli Almaniya istehsalı tava - 380 manat, qaşıq naboru (24 ədəd çəngəl, 24 ədəd çay qaşığı, 24 ədəd xörək qaşığı, 24 ədəd bıçaq) -130 manat, 12 ədəd xrustal stəkan - 120 manat, 12 ədəd nəlbəki- 40 manat, ağ rəngli türkiyə istehsalı çaydan - 55 manat, ağ rəngli türkiyə istehsalı çaynik- 30 manat olmaqla, ümumi dəyəri 8760 manat olan cehiz əmlaklar və ya onlar olmadıqda onların dəyərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, 2014-cü ildə cehiz əmlakları olduğu iddia edilən mənzil təmirsiz şəkildə alınmış, iddiaçı orada yaşamamışdır. Orada ona məxsus hər hansı cehiz əşyasının olması mümkünsüzdür. Rusiya Federasiyasında mənzildə yerləşdirildiyi iddia edilən cehiz əşyalarına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həqiqətən də həmin əşyalar alınsa belə, onların uzun illər ərzində istismar edilməsi və hazırda istifadəyə yararsız vəziyyətdə olmaları halı mövcud ola bilər. İş materiallarına Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(004)-3709/2022 nömrəli qətnaməsi əlavə edilmişdir. Həmin qətnamənin təsviriəsaslandırıcı hissəsinin 2-ci abzasında İddiaçı nümayəndəsi və vəkili Bəxtiyar Muradovun izahatı əksini tapmışdır ki, həmin izahatda qeyd edilən xüsusatlar hazırki mübahisənin faktiki əsaslarını müəyyən etmək üçün dolayı olaraq nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri çıxış edir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Tərəflər arasında rəsmi nikah münasibətləri mövcud olmamışdır. Faktiki nikah münasibətlərinə 2015-ci ildə daxil olmuş, evləndikdən dərhal sonra Rusiya Federasiyasına köçmüşlər və münasibətlərə 2021-ci ildə xitam verilmişdir (mülki işin mübahisəsiz halıdır). İddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərindədir. Məhkəmə iclasında şahid qismində izahat vermiş iddiaçının anası X1 da izahatında bildirmişdir ki, qızı cavabdehlər 2015-ci il tarixdə faktiki nikaha daxil olmuş və yaşamaq üçün dərhal Rusiya Federasiyasına getmişlər. İddia tələbi üzrə qeyd edilən cehiz əmlakları Azərbaycan Respublikasından Rusiya Federasiyasına avtomobillə göndərilmişdir. Yalnız televizor və yataq dəsti Rusiya Federasiyasında cehiz kimi alınmışdır. İş materiallarına əsasən iddia tələbində göstərilən xüsusatları təsdiq edən hər hansı sübut mövcud deyildir. Mülki iş üzrə məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə müvafiq qərardadlar qəbul edilərək icraya yönəldilsə də, tələb üzrə əşyaların siyahıya alınması istiqamətində tədbirlərin görülməsi nəticə verməmişdir. Yəni, sözügedən əşya(lar)ın mövcudluğu və cavabdehlərin qanunsuz sahibliyində olması müəyyən edilmir. Məhkəmə nəzərə alır ki, tələb üzrə iddia edilən əşyaların bir qismi Rusiya Federasiyasındakı mənzildə yerləşir. İddia tələbi təmin olunacağı təqdirdə qətnamənin icrası perspektivi nəzərə alınır. Tərəflərin uzun müddət faktiki nikahda olmaları, faktiki nikah münasibətləri dövründə Rusiya Federasiyasında birgə təsərrüfat aparmaqları (evləndikdən sonra Azərbaycan Respublikasında cəmi bir neçə gün yaşamışlar) nəzərə alınmaqla iddia edilən əşyaların bir hissəsinin birgə əldə edilməsi, birgə istifadə edilməsi və uzun müddətli istifadə nəticəsində iqtisadi baxımdan amortizasiya olunması ağlabatandır. Həmçinin, əşyalar Azərbaycan Respublikasından cehiz əşyası kimi Rusiya Federasiyasına avtomobillə göndərilsə də, bu barədə hər hansı gömrük bəyənnaməsi və ya əşyaların alqı-satqısı barədə müqavilə, qəbz və s. mövcud deyildir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin prinsiplərinə əsasən məhkəmələrin mülki prosesdə arbitr rolunda çıxış etməsi xüsusatı nəzərə alınmaqla, məhkəmənin öz təşəbbüsü ilə iddiaçı və ya cavabdeh tərəfdən sübut (lar) toplaması istisna olunur. Beləliklə, məhkəmə mülki iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cehiz əmlakın geri qaytarılması, bu mümkün olmadıqda isə əmlakların dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4665/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4665/2024
27.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver