Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-48/2025 12.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 MTK və "xxxx" ASC-yə qarşı “söküntü işlərinin qanunsuz hesab edilməsi və vurulmuş zərərin ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 MTK və "xxxx" ASC-yə qarşı “söküntü işlərinin qanunsuz hesab edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Kristal Abşeron MTK və Kristal Bakı ASC tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanının bir hissəsi olan 67.5 kv.m ərazidə yerləşən qaraj və anbarın söküntüsünün qanunsuz hesab edilməsi, iddiaçıya məxsus ünvan 1 ünvanında 67.5 kv.m sahəsi olan qaraj və anbarın qanunsuz sökülməsinə görə 67500 manat kompensassiya və iddiaçıya vurulmuş mənəvi zərər görə 30000 manat cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh İddiaçı 9775 manat ödənilməklə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, X7 yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə 67.50 kv.m. sahəsi olan qaraj və anbar üçün nəzərdə tutulmuş özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirmiş, kompensasiya miqdarını 10125 manat həddində müəyyən etmişdir. Cavabdehin vəziyyətini yaxşılaşdırması əsası ilə məhkəmə mülki işin baxış mərhələsində olmasına baxmayaraq ərizəni icraata qəbul etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955-ci il tarixində Zəngilan rayonunda anadan olmuş, 1993-cü ildən ailəsi ilə birlikdə məcburi köçkün kimi Bakı şəhərinə gəlmişdir. 1994-cü ildən Bakı şəhəri Yasamal rayonu Qanlı Göl ərazisində torpaq sahəsi almış, orada ev tikərək həmin ərazidə məskunlaşmış və Qanlı gölün qərb sahili ev 90 saylı ünvanda ailəsi ilə birlikdə yaşamışdır. X1 1-ci Qarabağ müharibəsi zamanı torpaq uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İddiaçı 1-ci Qarabağ müharibəsi zamanı ağır yaralanmış və hazırda müharibə veteranıdır. 2022-ci ilin noyabrdekabr aylarında Kristal Abşeron MTK-nın nümayəndələri Yasamal rayonu Qanlı göl ərazisində yaşayan sakinlərlə görüş keçirərək, həmin ərazidə yeni binalar tikəcəklərini bildirmiş və iddiaçının yaşadığı ərazini ölçmüşlər. Ölçü işləri tamamlandıqdan sonra iddiaçının evinə münasibətdə 261 saylı akt tərtib etmiş və həmin akta həmin dövrdə mənzilin görüntüsünü əks etdirən fotoşəkillər əlavə edilmişdir. Aktda qeyd olunur ki, Bakı şəhəri Yasamal rayonu X7 yolunun kənar hissəsində yerləşən 27 ha torpaq sahəsində yerləşən yaşayış evlərinin sahələrinin ölçülməsi ilə bağlı vətəndaş İddiaçı Məxsus M-90 mənzildə aparılmış ölçülər aşağıdakı kimidir: 1) ev 7.70x14.50x2=223.2 2) otaq 4.30x6.8=29.24 3) anbar 3.10x2.30=7.13 4) anbar 7.50x4.50=33.75 5) qaraj 7.50x4.50=33.75 Ümumilikdə ölçüsü götürülmüş hissələrin sahələrinin cəmi 327.17 m2 təşkil edir. Qeyd olunan 261 nömrəli aktı iddiaçı, Kristal Abşeron MTK-nın nümayəndəsi X5, Kristal Abşeron MTK-nın və Kristal Bakı ASC-nin hazırki direktoru X2, 22 saylı MKİS-in mühəndisi X3 imzalamışdır. xx.xx.2023-cü il tarixdə Zəngilan rayonunda şəhid olmuş 7 Polis şəhidin anım günü ilə əlaqədar dövlət tərəfindən təşkil edilmiş tədbirə iddiaçı dəvət olunmuşdur. Həmin tədbirdən evə qayıdarkən iddiaçının yaşadığı mənzilin tərkib hissəsi olan qaraj (33.75 kv.m) və anbar (33.75 kv.m) Kristal Abşeron MTK-nın işçiləri tərəfindən öncədən heç bir məlumat verilmədən və əsas olmadan qanunsuz olaraq sökülmüşdür. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi xahiş edilir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X7 yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə cavabdeh İddiaçı məxsus özbaşına tikili olan 67.50 kv.m. sahəsi olan qaraj və anbar mövcud olmuşdur. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, X7 yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-nin icarə əsasında istifadısinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və ərazidə yerləşən tikililərin sahiblərinə müraciət edilmiş, nəticədə müəyyən edilmişdir ki, həmin tikililər özbaşına tikili olmaqla tam yararsız və qəzalı vəziyyətdədirlər. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli Sərəncamına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, X7 yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə"xxxx" ASC-nin icarə əsasında istifadısinə verilmişdir (deməli, iddiaçının iddia tələbi üzrə subyektiv hüququ vardır). İş materiallarında olan X8 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, hazırki iddia tələbi üzrə mübahisə predmeti olan tikilinin ümumi dəyəri təxminən 10.125 manat təşkil edir. İş materiallarına mübahisə predmeti olan tikililərin fotoşəkilləri əlavə edilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassızdır, təmin edilməməlidir, qarşılıqlı iddia tələbi isə əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarına əsasən, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Cavabdehin həmin tikilini uzun illərdir qanunsuz əsaslarla istifadə etməsi sahibliyin bundan sonrada sahibliyin qanunsuz əsaslarla davam etdirilməsinə əsas ola bilməz. Tikili qanunsuz tikili olduğundan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi gündən tətbiq edilməsinin hüquqiliyi nəzərə alınmaqla hazırki mübahisəyə MM-in 178-ci maddələrinin dispozitiv şərtləri tətbiq edilə bilməz. Mübahisə predmeti olan tikililərin qanunsuz tikili olmasına baxmayaraq məhkəmə mülkiyyət hüququna “gözlənti hüququ”, “faktiki dəyəri olan əmlak” kontekstindən yanaşaraq ədalətli balansın qorunmasının təmin edilməsi məqsədilə qanunsuz sahibə müvafiq məbləğdə kompensasiyanın ödənilməsini yolverilən və əsaslı hesab edir. Məhkəmə iş materiallarında olan fotoşəkillərə baxaraq hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş müvafiq qiymətləndirmə rəyini isə məhkəmə ədalətli, ağlabatan, mötəbər və əsaslı hesab edir. Məhkəmə nəzərə alır ki, qarşılıqlı iddia üzrə cavabdeh sözügedən ərazidə yerləşən fərdi yaşayış evi ilə bağlı kompensasiya qismində mənzillərlə təmin edilmişdir. Hazırki mübahisə isə məhz anbar və qarajla bağlıdır ki, həmin tikililərin fotoşəkillərinə əsasən onların yararsız olması müəyyən edilir. Həmin tikililərin əvəzinə təklif edilən 10125 manat məbləğində kompensasiya ağlabatan və ədalətlidir. İlkin iddia ilə bağlı məhkəmə qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh2 MTK əsl olmayan cavabdehdir. Həmçinin, ilkin iddia üzrə iddiaçıya məxsus olan fərdi yaşayış evinin özbaşına tikili olması, buna baxmayaraq həmin fərdi yaşayış evinə görə iddiaçıya 2 ədəd mənzilin, yəni, tam kompensasiya edilməsi verilməsi nəzərə alınır. İddiaçının iddia etdiyi torpaq sahəsi isə hüquqi baxımdan onun mülkiyyətində olmamışdır, zəbt edilmiş ərazi kimi qiymətləndirilir. Odur ki, həmin torpaq sahəsinin dəyəri nəzərə alınmaqla kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması əsaslı deyildir. Məhz bu əsasla həmin torpaq sahəsinin dəyərinin müəyyən edilməsi istiqamətində prosessual hərəkətlərin görülməsinə zərurət olmamışdır. Göstərilənlər nəzərə alınmaqla, ilkin iddia üzrə iddiaçıya mənəvi zərərin vurulması xüsusatı müəyyən edilmir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin heç biri cavabdehlərə münasibətdə yerinə yetirilmir. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Məhkəmə qərar qəbul edərkən şəhər sakinlərinin, subyektlərin ümumi mənafe və maraqlarını əsas götürür. Hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir, qarşılıqlı iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh İddiaçı 10125 (on min yüz iyirmi beş) manat ödənilməklə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, X7 yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə 67.50 kv.m. sahəsi olan qaraj və anbar üçün nəzərdə tutulmuş özbaşına tikili boşaldılaraq sökülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 MTK və "xxxx" ASC-yə qarşı “söküntü işlərinin qanunsuz hesab edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair iddiası təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh İddiaçı 10125 (on min yüz iyirmi beş) manat ödənilməklə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, X7 yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə 67.50 kv.m. sahəsi olan qaraj və anbar üçün nəzərdə tutulmuş özbaşına tikili boşaldılaraq sökülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-48/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-48/2025
12.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver