Məhkəmə qərarları › İş №e-2(004)-4830/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4830/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4830/2025 19.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mirqani oğlundan mənzilin ümumi dəyərinin 20%-i məbləğində 24486 manat dəbbə pulu məbləğinin, 24 ay müddətinə hesablanmış 19200 manat kirayə haqqının, məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 222 manat, ümumilikdə 43908 manat pul vəsaitinin tutularaq kooperativə ödənilməsi və həmin mənzildən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh Mirqani oğlu arasında kooperativin ünvan 1 ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 13-cü giriş 2-ci mərtəbəsində olan 1 otaqlı 1435 nömrəli mənzilinə dair xx.xx.2020-ci il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən ilkin ödənişsiz müqavilə bağlanmış mənzilin dəyəri kimi 122430 manat borcun isə illik 10% olmaqla 240 ay müddətinə aylıq 1181 manat olmaqla ödənilməsi razılaşdırılmışdır. Lakin götürülmüş öhdəlik payçı tərəfindən tam yerinə yetirilməmiş və müqavilə ilə müəyyən edilmiş aylıq ödənişlər tam ödənilməyərək öhdəliyin icrası gecikdirilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 9.1-ci bəndinə əsasən “Payçı” müqavilə şərtlərini pozularsa kooperativ tərəfindən müqavilə bir tərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Göründüyü kimi müqavilə üzrə üzərinə düşən öhdəliklər payçı tərəfindən yerinə yetirilməməklə müqavilə əhəmiyyətli dərəcədə pozulmuş nəticədə Kooperativ müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kooperativin xx.xx.2024-cü il tarixli 282 nömrəli xəbərdarlıq məktubu ilə müqavilənin 9.1-ci bəndinə əsasən Kooperativ tərəfindən birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin başqa şəxsə satılacağı xəbərnaməli məktubla payçıya bildirilmişdir. Dəfələrlə kooperativ tərəfindən cavabdehə borcun ödənilməsi barədə müraciətlər edilməsinə baxmayaraq kooperativə heç bir ödəniş edilməmişdir. Lakin bu xəbərdarlığa da məhəl qoyulmadığından qeyd edilənlərlə bağlı olaraq Kooperativ tərəfindən Cavabdeh Mirqani oğlu arasında 22 may 2020-ci il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir. Həmçinin müqavilənin 4.5-ci bəndinə əsasən “Payçı” tərəfindən ödəniş cədvəli üzrə ödənişlər 2 ay müddətinə aparılmadıqda, yaranmış borc tələbinin ödənilməsi üçün mənzil üzrə bütün hüquqular Kooprativə keçir. Eyni zamanda müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən mənzil geri qaytarıldıqda mənzilin ümumi dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşandığı müddətə hər ay üçün 800 manat kirayə haqqı “Payçı”dan tutulur və mənzil azad olunur. Göründüyü kimi cavabdeh öhdəliyini yerinə yetirmədiyindən dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə kooperativ haqlı olmuşdur. Göstərilən əsaslara və müqavilə şərtinə görə cavabdeh X1 mənzilin ümumi dəyərinin 20%-i məbləğində cərimə və kirayə haqqı məbləğinin tutulub kooperativə ödənilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, müqavilə bağlanan zaman cavabdeh tərəfindən ilkin ödəniş 24000 manat edilib. Cavabdeh başqa heç bir ödəniş etməmişdir. Daha sonra MTK-ya müraciət edərək yeni qrafik verilməsini xahiş etmiş, iddiaçı tərəfindən yeni qrafik verilmiş. İş materiallarında olan qrafik üzrə də hər hansı ödəniş edilməmişdir. Müqavilə şərtlərinə uyğun olaraq cərimə, aylıq 800 manat ödənilməklə 24 ay müddətinə cavabdehdən kirayə haqqı və mənzilin boşaldılmasını tələb edirlər. Cavabdeh mənzilin açarını verəcəyini bildirsə də, təhvil verməmişdır. Cavabdehlə danışıqlar aparmağa çalışsalar da, razılığa gəlmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı Mənzil Tikinti Kooperativi (“kooperativ”) ilə Cavabdeh (“payçı”) arasında bağlanmış 1435 saylı, 22 may 2020-ci il tarixli Kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən, Kooperativ ünvan 2 ünvanında inşa edilmiş və ya inşa olunan kompleksində 13-cü giriş, 2-ci mərtəbədə yerləşən ümumi tikinti sahəsi 74,20 kv.m olan 1 otaqdan ibarət 1435 saylı mənzili payçıya tikib təhvil verməyi, payçı isə bunun qarşılığında kooperativlə razılaşdırılmış qaydada bu müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2.5-ci bəndinə əsasən mənzilin 1 kv.m. sahəsinin qiyməti 1650 manat təşkil edir. Müqavilənin 1.2.8-ci bəndinə əsasən payçı və kooperativ arasında imzalanmış müqavilə ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər payçı tərəfindən 2 (iki) ay müddətində ödənilmədikdə, kooperativ payçıdan mənzilin boşaldılmasını tələb edə bilər. Müqavilənin 2.1-ci bəndinə əsasən ilkin ödənişsiz 122430 manat borcun 240 ay müddətinə aylıq 1181,4 (bir min yüz səksən bir) manat olmaqla ödənilməsi öhdəliyi razılaşdırılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilədən və ya mənzildən imtina edildiyi hallarda payçı mənzilin ümumi məbləğinin 20%-i həcmində cərimə olunur və aylıq 800 manat kirayə haqqı tutularaq mənzil üçüncü şəxsə satılır. Müqavilənin 2.3-cü bəndinə əsasən gecikmə 2 aydan artıq olduqda payçı ilə koorperativ arasında olan müqaviləyə birtərəfli qaydada xitam veriləcək. Müqavilənin 4.5-ci bəndinə əsasən “Payçı” tərəfindən ödəniş cədvəli üzrə ödənişlər 2 ay müddətində aparılmadıqda, yaranmış borc tələbinin ödənilməsi üçün müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar Kooperativə keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən payçı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa Kooperativin müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüquq vardır. Payçı bununla əlaqədar Kooperativə qarşı heç bir pretenziya irəli sürə bilməz. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən mənzil geri qaytarıldıqda (imtina edildiyi halda) mənzilin kredit faizi kirayə haqqı kimi tutulur və 2.3, 2.4 maddələr həyata keçirilərək mənzil üçüncü şəxslərə satılaraq qalan məbləğ payçıya qaytarılır. - İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh ünvanlanmış 30 oktyabr 2024-cü il tarixli 282 nömrəli pretenziyanın surətindən görünür ki, müqavilə üzrə gecikmiş ödəniş və ona hesablanmış cərimə məbləğlərinin 10 gün müddətinə ödənilməsinin təmin edilməsi, əks təqdirdə müqavilə MTK tərəfindən birtərəfli qaydada pozulacaq (ləğv ediləcək) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 (səkkiz yüz) manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin ona qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı barədə xəbərdarlıq edilmişdir. - İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh ünvanlanmış 14 fevral 2025ci il tarixli 35 nömrəli mənzilin boşaldılması barədə xəbərdarlığın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi ünvanında İddiaçı MTK-nın vəsaiti hesabına inşa edilmiş yaşayış binasının giriş 13 mərtəbə 2 ümumi sahəsi 74,2 kv.m. olan 1 otaqlı 1435 nömrəli mənzilinə dair onunla imzalanmış xx.xx.2020-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi və mənzil-tikinti kooperativi üzvulüyündən çıxarılması, mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və aylıq 800 manat olmaqla 24 ay müddətinə kirayə haqqı hesablanaraq ödənilmiş məbləğdən çıxılması ilə bağlı xx.xx.2025-ci il tarixdə kooperativin ümumi yığıncağında qərar qəbul edilmişdir. Bu səbəbdən könüllü olaraq 10 gün ərzində kooperativə məxsus olan mənzilin boşaldılması və mənzilin kooperativə təhvil verilməsi ona təklif olunmuş, əks təqdirdə mənzilin boşaldılması ilə bağlı barəsində qanunauyğun tədbirlərin görülməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - İddiaçı Mənzil Tikinti Kooperativinin 982 saylı, 04 dekabr 2025-ci il tarixli arayışına əsasən İddiaçı MTK ilə Cavabdeh Mirqani oğlu arasında kooperativin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi 24 B ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 13-cü giriş 2-ci mərtəbəsində olan 1 otaqlı 1435 nömrəli mənzilinə dair xx.xx.2020-ci il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə bağlanan gün mənzilin ümumi dəyərindən payçı bu günədək ümumilikdə 24000 (iyirmi dörd min) manat pul ödəmişdir. Azərbaycan Republikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı Mənzil Tikinti Kooperativi ünvan 2 ünvanında inşa edilmiş və ya inşa olunan kompleksində 13-cü giriş, 2-ci mərtəbədə yerləşən ümumi tikinti sahəsi 74,20 kv.m olan 1 otaqdan ibarət 1435 saylı mənzili Cavabdeh (payçı) təhvil verməyi, Cavabdeh (payçı) isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ilkin ödənişsiz 122430 manat illik 10% olmaqla borcun 240 ay müddətinə aylıq 1181,4 (bir min yüz səksən bir) manat olmaqla ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında və tam yerinə yetirməmişdir. Belə ki, qrafik üzrə ödənişin edilməsinə dair hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilədən və ya mənzildən imtina edildiyi hallarda payçı mənzilin ümumi məbləğinin 20%-i həcmində cərimə olunur və aylıq 800 manat kirayə haqqı tutularaq mənzil üçüncü şəxsə satılır. Odur ki, iddiaçı cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə 24486 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olmasını nəzərə alaraq hesab edir ki, dəbbə pulu azaldılaraq 3000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 19200 manat kirayə haqqının tutulması” hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında həmin mənzilə dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilədən və ya mənzildən imtina edildiyi hallarda payçı mənzilin ümumi məbləğinin 20%-i həcmində cərimə olunur və aylıq 800 manat kirayə haqqı tutularaq mənzil üçüncü şəxsə satılır. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən “Payçı” tərəfindən ödəniş cədvəli üzrə ödənişlər 2 ay müddətində aparılmadıqda, yaranmış borc tələbinin ödənilməsi üçün müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar Kooperativə keçir. Bununla da iddiaçıya məxsus mənzilin cavabdehin istifadəsində olması mübahisəsiz qaydada təsdiq edildiyindən, tərəflər arasında olan müqavilə şərtinə uyğun olaraq iddiaçı mənzilin cavabdehə təhvil verildyi vaxtdan iddia verilən günə kimi (iddia tələbi həcmində) 24 ay üçün hər aya 800 manat olmaqla, (800x24=19200) ümumilikdə, 19200 manat kirayə haqqını tələb etməkdə haqlıdır, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “həmin mənzildən cavabdehin və digər şəxslərin çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kooperativ Mənzil Tikintisi haqqında müqavilə ləğv edildiyindən hazırda cavabdehin qeyd olunan mübahisəli evdə hər hansı formada hüququnun olmadığı müəyyən edilmişdir. Cavabdehin mübahisəli çıxmaması iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, cavabdehin müvafiq evdə yaşaması üçün hər hansısa bir sənəd yoxdur və bununla bağlı hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil İddiaçı MTK-ya məxsus olduğundan, cavabdehin isə həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən və yaxud həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə artıq mövcud olmadığından və digər qanuni əsas olmadığından, iddiaçı haqlı olaraq, cavabdehin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh ünvan 5 ünvanında yerləşən 13-cü giriş, 2-ci mərtəbədə 1 otaqlı 1435 nömrəli mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “Kooperativ mənzil tikintisi haqqında” 1435 saylı, 22 may 2020-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən kirayə haqqı kimi 19200 (on doqquz min iki yüz) manat və 3000 (üç min) manat cərimə olmaqla, cəmi 22200 (iyirmi iki min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı Mənzil Tikinti Kooperativinə ödənilməli, Cavabdeh ünvan 5 ünvanında yerləşən 13-cü giriş, 2-ci mərtəbədə 1 otaqlı 1435 nömrəli mənzildən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 222 manat dövlət rüsumunun 112 (yüz on iki) manat hissəsi Cavabdeh tutularaq İddiaçı Mənzil Tikinti Kooperativinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Kooperativ mənzil tikintisi haqqında” 1435 saylı, 22 may 2020-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən kirayə haqqı kimi 19200 (on doqquz min iki yüz) manat və 3000 (üç min) manat cərimə olmaqla, cəmi 22200 (iyirmi iki min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı Mənzil Tikinti Kooperativinə ödənilsin. Cavabdeh ünvan 5 ünvanında yerləşən 13-cü giriş, 2-ci mərtəbədə 1 otaqlı 1435 nömrəli mənzildən çıxarılsın. İş üzrə ödənilmiş 222 manat dövlət rüsumunun 112 (yüz on iki) manat hissəsi Cavabdeh tutularaq İddiaçı Mənzil Tikinti Kooperativinə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar