Məhkəmə qərarları › İş №e-2(004)-4944/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4944/2022

27.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4944/2022 27.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinə qarşı əmək haqqı tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2022-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə, hər ay 5000 manat olmaqla, ümumilikdə 40000 manat əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırki iş üzrə icraata xitam verilməsi düzgün qərar deyildir. İddiaçı ilə bağlı məsələyə məhkəmə tərəfindən baxılmalıdır. Onun məsələsinin həllinə məhz məhkəmədən kənar baxılması onun konstitusional hüquqlarının pozulmasıdır. Odur ki, iddia tələbinə mahiyyəti üzrə baxılması və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı sözü gedən vəzifəyə məhz Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmişdir. Həmin şəxslərlə bağlanan müqavilələrə isə ümumilikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsi tətbiq edilmir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 303-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli qaydaları Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş qaydada vəzifəyə təyin edilən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan şəxslərə şamil edilmir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 1375 nömrəli Sərəncamına əsasən İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində X1 Heyətinin sədri təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2021-ci il tarixli, 1464 nömrəli Fərmanı ilə, həmin Fərmanın 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi X6n və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və X4 X6 yaradılmışdır. Göründüyü kimi iddiaçı müvafiq vəzifəyə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 1375 nömrəli Sərəncamı ilə təyin edilmişdir və o hal-hazırda cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə haqlı olmamışdır. Belə ki, iddiaçının sözü gedən tələbinə məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikasının MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinə qarşı əmək haqqı tələbinə dair 2(004)-4944/2022 nömrəli mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar