Məhkəmə qərarları › İş №e-2(004)-5063/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5063/2023

18.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5063/2023 18.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya dəyərinin qaytaılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya dəyərinin qaytaılması” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 qram boyunbağı (750 əyar) – 1710 manat dəyərində və 6 qr qolbaq (750 əyar) – 540 manat məbləğində olan qızıl-zinət əşyalarının ondan alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə 1078-saylı akt qeydi ilə bağlanmış nikahları Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2619/2023 saylı qətnaməsi ilə pozulmuş və bu nikahdan doğulan xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi onun himayəsində qalması qət edilmişdir. Bildirmək istəyir ki, cavabdeh tərəfindən toy günü və sonradan ona hədiyyə edilmiş 19 qram boyunbağı (750 əyar) – 1710 manat dəyərində və 6 qr qolbaq (750 əyar) – 540 manat məbləğində olan qızıl-zinət əşyaları keçmiş həyat yoldaşı, Cavabdeh yaşadığı Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi,ev 138 ünvandadır. hazırda həmin qızıl-zinət əşyalarının ona qaytarılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini və tələbin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikah bağlamışlar. Həmin nikah xx.xx.2023-cü il tarixdə 2(004)-2619/2023 saylı qətnamə ilə pozulmuşdur. Bu nikahdan doğulan xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi iddiaçının himayəsində qalması qət edilmişdir. Cavabdeh tərəfindən toy günü və toydan sonra iddiaçıya bu qızıl-zinət əşyaları hədiyyə edilmişdir: 19 qr. sep – 1710 manat, 6qr qolbaq – 540 manat, 3,5 qr sep – 280 manat, 1,5 qr klon – 120 manat, 2,5 qr üzük – 200 manat. Qızıl-zinət əşyaları cavabdehin yaşadığı ünvandadır. Əvvəl həmin əşyaları cavabdeh vermək istəmirdi. İddia ərizəsində göstərilən 5 adda qızıl-zinət əşyasının 3-ü qaytarılıb. İddiaçının bildirdiyinə görə qalan 2 qızıl-zinət əşyasını isə, o, 2017-ci ildə cavabdehin qardaşının toyu vaxtı cavabdehə verib. Cavabdeh isə həmin qızıl-zinət əşyalarının ya dəyəri miqdarında pulu, ya da qızıl-zinət əşyasının özünü iddiaçıya qaytaracağına söz verib. Hazırda Cavabdeh 19 qram boyunbağı (750 əyar) – 1710 manat dəyərində və 6 qr qolbaq (750 əyar) – 540 manat məbləğində olan qızıl-zinət əşyalarının ondan alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Bu ilin fevral ayının 16-da iddiaçının ad günü olub. Ona 1 ədəd üzük, 1 ədəd sep, 1 “A” hərfi olan kulon ad günü hədiyyəsi olunub. Mart ayının 1-də xanımın ona xəyanət etməsi faktı üzə çıxıb. Onun üzərində olan 1 ədəd üzük, 1 ədəd sep və 1 ədəd kulon ondan alınıb. Amma 13 il əvvəl ona verilən qızıl-zinət əşyaları barədə onun məlumatı yoxdur. Mediasiya prosesində də qarşı tərəf əvvəlcə iddia etdi ki, həmin qızıl-zinət əşyaları ondadır, daha sonra bildirdilər ki, 2 ədəd ona aid olmayan qızıl-zinət əşyası satılıb. Lakin bu barədə qarşı tərəfin sübutu yoxdur. 1 ədəd üzük, 1 ədəd sep və sepin üzərində olan 1 ədəd kulonu artıq ona qaytarmışdır. Hazırda tələb edilən 19 qram boyunbağı (750 əyar) – 1710 manat dəyərində və 6 qr qolbaq (750 əyar) – 540 manat məbləğində olan qızıl-zinət əşyaları onda deyil. İddiaçı bir neçə ay əvvəl mədə əməliyyatı edib. Həmin vaxt onlarda pul olmayıb. Soruşanda ki, hansı pulla edib. O bildirdi ki, qızılını satıb. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərinə daxil olmuşlar. Birgə nikahdan 3 övladları dünyaya gəlmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya dəyərinin qaytaılması” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 qram boyunbağı (750 əyar) – 1710 manat dəyərində və 6 qr qolbaq (750 əyar) – 540 manat məbləğində olan qızıl-zinət əşyalarının ondan alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi üzrə qeyd edir ki, iddiaçı qızıl-zinət əşyalarının məhz cavabdehdə olmasına dair iş materiallarına heç bir sənəd və sübut əlavə etməmişdir. Həmçinin iddiaçı tərəfindən göstərilən hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 77.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar