Məhkəmə qərarları › İş №e-2(004)-5076/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5076/2021

16.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5076/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Qabiliyyyət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Əminağa oğluna qarşı uşağın ölkədən getməsinə icazə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh Əminağa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadehin razılığı olmadan 19.08.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək, müvəqqəti olaraq Azərbaycan Respublikasından getməsinə və qayıtmasına icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər rəsmi nikaha daxil olmuş, birgə nikahlarından Fidan adlı qızları anadan olmuşdur. Yasamal rayon Məhkəməsinin 05.08.2011-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Qızı Fidan iddiaçının yanında qalmışdır. Cavabdehin olduğu yer barəsində məlumat yoxdur. Uşağı ilə birgə xaricə səyahət etmək istəsə də, cavabdehin rəsmi icazəsi olmadığından bunu həyata keçirə bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaq iddiaçının himayəsindədir. Cavabdeh Rusiya Federasiyasında olduğundan uşağın Azərbaycan Respublikasından kənara müvəqqəti aparılmasına razılıq alına bilməmişdir. Yuxarıda sadalananlarla bağlı məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyə əsasən yetkinlik yaşına çatmayan uşaq xaricə valideynlərin qarşılıqlı razılığı əsasında aparıla bilər, belə razılıq olmadıqda isə mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikası ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir, 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətlərində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Birləşmiş Millətlər Təşkilatının «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Göründüyü kimi uşağın təhlükəsizliyinə və müdafiəsinə görə əsas məsuliyyəti valideynlər daşıdığından, qanunvericilik valideynlərə uşağı xaricə aparmağa razılıq vermək və ya verməmək hüququ vermişdir. Yəni valideyinlər təhlükəsizlik və uşaqların mənafelərinin müdafiəsi baxımından uşağın ölkədən getməsinin məqsədəuyğun olub-olmadığını müəyyən etməli, bunu əsas götürməklə uşağın ölkədən getməsinə razılıq verməli və ya razılıq verməkdən imtina etməlidirlər. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət həmin şəxsin valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının üzərinə düşür. Belə olan halda əgər valideynlərdən biri (hazırki iş üzrə ata) uşağın ölkədən getməsinə razılıq vermirsə, uşaqların ölkədən getməsinin onların təhlükəsizliyinə və müdafiəsinə xələl gətirəcəyini sübut etməlidir. Lakin cavahdeh məhkəmə iclasında iştirak etmədiyindən belə bir sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, uşaq ananın himayəsində saxlanılmış və bu baxımdan uşağın tərbiyəsi və təhsili ilə məşğul olmaq, onun istirahətini təşkil etmək, sağlamlığının qeydinə qalmaq və uşağın inkişafı ilə bağlı digər məsələlərin əsas yükü ananın üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış yerinin qeyri-müəyyən olması nəticəsində nə məhkəmə mübahisəsindən əvvəl, nə də ki, hazırki iddianın məhkəmənin icraatında olan müddətdə razılıq verməməsi sonuncunun uşağına olan hüquqlarından suiistifadə kimi qiymətləndirilməli, tərəflərin birgə nikahından anadan olmuş uşağın ölkə hüdudlarından xaricə çıxmasına dair cavabdeh tərəfindən razılığın verilməməsi istər iddiaçının, istərsə də uşağın Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş sərbəst hərəkət etmək hüquqlarını pozduğu, iddiaçının uşağını xaricə aparmaq hüququnun məhdudlaşdırılmasına əsas verən hər hansı bir dəlil məhkəmə iclasında müəyyən olunmadığı üçün X1 iddiaçı ilə birlikdə sərbəst şəkildə ölkədən kənara getməsinə dair iddiaçının iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : İddia təmin edilsin. 19.08.2005-ci il təvəllüdlü X2 18 yaşına çatanadək atası Cavabdeh Əminağa oğlunun razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasından getməsinə və ölkəyə qayıtmasına icazə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar