Məhkəmə qərarları › İş №e-2(004)-5089/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5089/2025

02.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5089/2025 02.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və eyni zamanda Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qıarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qıarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən İddiaçı xeyrinə 50000 (əlli min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 50125 (əlli min yüz iyirmi beş) manat pulun və ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 texniki xidmət göstərilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 10 mart 2021-ci il tarixli, 00029Ag/21 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin MKT-Beyləqan filialının 09 iyun 2022-ci il tarixli müraciəti əsasında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən həmin filialın texnika parkında təmir edilməsi üçün sökülmüş, lakin zəruri ehtiyat hissələri olmadığından həmin vaxt təmir edilməmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Baş X16 Müfəttişliyi tərəfindən verilmiş 06 fevral 2018-ci il tarixli, TH seriyalı, 034452 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan “NEW HOLLAND TD 95HC” markalı, 11-K-455 dövlət qeydiyyat nişanlı traktorun təmir edilməsi üçün Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli, 41 və 42 nömrəli ezamiyyət vəsiqələri əsasında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Texniki xidmət şöbəsində mexanik köməkçisi işləmiş X14 ilə birlikdə Beyləqan rayonuna ezam olunduqları üçün 13 fevral 2023-cü il tarixdə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus “İVECO” markalı, **- JO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rəşid Əliyevlə birlikdə Beyləqan rayonu, Birinci Şahsevən kəndinin inzibati ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin MKT-Beyləqan filialına gələrək elə həmin gün filialın texnika parkında “NEW HOLLAND TD 95HC” markalı, 11-K-455 dövlət qeydiyyat nişanlı traktorun təmirinə başlamış, 16 fevral 2023-cü il tarixdə, saat 13 radələrində təmir işləri davam etdirilən zaman o, «Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları»nın (NPAOP 63.12-1.05-79) 5.9 bəndinin “səhiyyə nazirliyinin tələblərinə uyğun tibbi müayinədən keçmədən, nəqliyyat vasitəsinin köməkçi avadanlığının idarə olunmasının xüsusi proqramını keçmədən, yol hərəkəti qaydaları üzrə təlim keçmədən, müəssisə üzrə təyin edilmiş kvalifikasiya komissiyasından attestasiya keçmədən avtoyükləyicinin idarə edilməsinə icazə verilməməsi” barədə tələblərini, “№ 3 Çilingər və onun şagirdi üçün əməyin təhlükəsizliyi haqqında” Təlimatın 27-ci bəndinin “iş günü prosesi ərzində ona aidiyyəti olmayan kənar işləri yerinə yetirməyin qadağan edilməsi” barədə tələblərini pozaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan X18 Mərkəzi tərəfindən verilmiş AZ seriyalı, 021594 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin MKTBeyləqan filialında 16 fevral 2023-cü il tarixli təhvil aktına əsasən X6 təhvil verilmiş “JUNGHEİNRİCH DFG-425” markalı, 11-AB160 dövlət qeydiyyat nişanlı çəngəlağız yükləyicinin açarının üzərində olmasından istifadə edib, traktorun təmiri üçün lazım olan ehtiyat hissələrini qaldırmaq və daşımaq məqsədilə filialın texnika parkında saxlanılmış həmin avtokyükləyiciyə əyləşib mühərriki işə salaraq onu hərəkətə gətirib idarə edərək X14 ilə birlikdə təmir etdikləri “NEW HOLLAND TD 95HC” markalı, 11-K-455 dövlət qeydiyyat nişanlı traktorun sürətlər qutusunu həmin çəngəlağız yükləyici vasitəsilə traktorun yanına daşıyaraq üzərinə bağladıqdan sonra “bartavoy” adlanan digər ehtiyat hissəsini traktorun yanına daşımaq məqsədilə yükləyicini Rəşid Əliyevin kəməri “bartavoy”a bağladığı divarın yanına sürüb, həmin vaxt onun idarə etdiyi çəngəlağız yükləyici ilə divar arasında dayanmış X8 bir tərəfini “bartavoy” adlanan ehtiyat hissəsinə bağladığı kəmərin digər tərəfini çəngəlağız yükləyicinin çəngəllərinə bağlaması üçün çəngəlağız yükləyicini dayandırmış, “Əks yüklü çəngəlli yükləyicilərin istismarı və texniki xidmətinə dair” Təlimatın (texniki pasportun) 8, 12 və 14-cü bəndlərinin “yükləyicinin əlavə fərdi cihazlarla təchiz edilməsi onun geniş tətbiq olunmasına imkan verə bilsə də, effektiv yüklənməni və tarazlığı azaltması səbəbindən xüsusi və əlavə cihazlar başqa məqsədlər üçün istifadə edilməməli, avtoyükləyici ciddi şəkildə tələblərə uyğun istifadə edilməli, yükləmə işləri zamanı çəngəllər aşağı vəziyyətdə olmalı, yükləmə və boşaltma zamanı avtoyükləyicinin qülləsi vertikal vəziyyətdə olmalı, yükləyicinin özü isə əyləc vəziyyətinə qoyulmalı” kimi tələblərini, “JUNGHEİNRİCH DFG425” markalı avtoyükləyicinin istismarına dair” Təlimatın 4.10, 4.11 və 4.12-ci bəndlərinin “avtoyükləyicinin hərəkət funksiyaları zamanı insanların təhlükə altına düşmə ehtimalı olan sahədən, yəni təhlükəli zonadan kənar şəxslər kənarlaşdırılmalı, bu mümkün olmadıqda qaldırıcı mexanizmin işi dərhal dayandırılmalı, yüklər yalnız xüsusi nəzərdə tutulmuş yerlərdə yüklənilməli, operator hərəkət istiqamətinə baxmalı və həmişə yolu kifayət qədər görməli və yolun görünüşü kifayət qədər olmalı, görüntü məhdudlaşdıran yükləri apararkən avtoyükləyici əks istiqamətdə hərəkət etdirilməli, bu mümkün olmadıqda qaldırıcı yükləyici vasitənin qabağı ilə müşayiətedici şəxsin köməyi ilə hərəkət etməli, müşayiətedici şəxslə operator arasında görüntü əlaqəsi itən an dərhal maşın dayandırılmalı” kimi tələblərini pozaraq X8 çəngəlağız yükləyici ilə divar arasında olmasına görə sonuncunun çəngəlağız yükləyici ilə divar arasında sıxılıb qalaraq xəsarətlər ala biləcəyi və aldığı xəsarətlərdən ölə biləcəyi, “bartavoy” deyilən ehtiyat hissəsinin bağlandığı kəmərin qırılıb X8 üzərinə düşə biləcəyi və digər ağır nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq edərək onları görməyib idarə etdiyi çəngəlağız yükləyicinin çəngəllərini özünün gözləri səviyyəsində yuxarı qaldırdığı üçün hərəkəti məhdudlaşdıran divarla çəngəlağız yükləyicinin arasında olan X10 görməməsinə baxmayaraq avtoyükləyicini sonuncuya tərəf sürüb X8 başını və bədənini çəngəlağız yükləyicinin ön tərəfində olan yükləyici mexanizmin çəngəli ilə divara sıxaraq X2 tağı, kəllə əsası və üz skelet sümüklərinin çoxsaylı, qəlpələnmiş, fraqmentləri yerini dəyişmiş, açıq və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, sol bazu sümüyünün yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, sol bazu oynağı nahiyəsinin qançırı, daxili üzvlərin venoz azqanlılığı xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi nəticəsində onun ölümünə səbəb olmuş xəsarətlər yetirərək X10 ehtiyatsızlıqdan öldürmüşdür. 2.Vəfat etmiş şəxsin iddiaçıya münasibəti: Hadisə nəticəsində həyatını itirmiş X14 İddiaçı qardaşıdır. 3.Hadisə barəsində qəbul edilən qərar: Beyləqan Rayon Məhkəməsinin 1(020)-57/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X4 Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilib. İddiaçı hesab edir ki, hadisə nəticəsində ona 50000 (əlli min) manat mənəvi ziyan dəymişdir. Hadisə nəticəsində həyatını itirmiş X14 İddiaçı qardaşıdır. Qeyd etmişdir ki, İddiaçı mərhum qardaşının faciəvi şəkildə ölümündən sonra hələ də özünə gələ bilmir və bu ölüm ona mənəvi iztirablar verir. X8 faciəvi şəkildə ölümü həyatının sonuna qədər iddiaçının qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. X8 ölüm səbəbi Cavabdeh QSC-nin texniki xidmət şöbəsində çilingər işləyən X1 məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Ona görə də, bu ziyan Cavabdeh QSC tərəfindən ödənilməlidir. Bu ziyan nə qədər ödənsə də, X10 heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsa idi mərhum hal-hazırda həyatda olardı və iddiaçı mənəvi istirab çəkməyəcəkdi. İddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilə bağlanması üçün 125 (yüz iyirmi beş) manat pul ödəmişdir. İşdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh QSC-nin texniki xidmət şöbəsində çilingər işləyən X4 təhlükəsizlik qaydalarını pozaraq X8 ölümünə səbəb olmuşdur. Hal-hazırda iddiaçılar baş vermiş cinayət hadisəsi nəticəsində X8 ölməsi, buna görədə iddiaçının mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Hesab edir ki, X8 faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailənin natamam qalması, onun yaşadığı ruhi sarsıntılar iddiaçılara mənəvi zərərin yetirilməsinə dəlalət edir. İşdə olan sübutlarla təsdiq edilir ki, sözügedən mənəvi zərər Cavabdeh QSC-nin işçisinin məsuliyyətsizliyi nəticəsində yetirilmişdir. Hesab edir ki, dəyən mənəvi zərərin əvəzində Cavabdeh QSC-dən 50000 (əlli min) manat pul məbləğinin tələb edilməsi qanuni və əsaslıdır. Cavabdeh QSC xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia ərizəsinə yazılı etirazı təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, baş vermiş hadisədə şirkətin heç bir təqsiri yoxdur. Hadisə 16 fevral 2023-cü il tarixində "xxxx" MMCnin Beyləqan filialında texniki xidmət zamanı baş vermiş, işçi X4 təhlükəsizlik qaydalarını pozaraq ehtiyatsızlıq göstərmiş və digər işçi X14 dünyasını dəyişmişdir. Göründüyü kimi bu hadisə məhz X1 şəxsi ehtiyatsızlığı nəticəsində baş vermişdir. Hadisə nəticəsində Beyləqan Rayon Məhkəməsinin 1(020)-57/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən X4 Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. (Hökmdə şirkətin məsuliyyəti barədə heç bir qeyd yoxdur və müəssisənin bu hadisədə hər hansı bir təqsiri və ya qanunsuz hərəkəti müəyyən edilməmişdir.) İddiaçı öz ərizəsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına istinad etməklə əsaslandırmağa çalışmışdır. Həmin Qərarda göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi üçün şəxsin mənəvi sarsıntı və ya iztirab keçirməsi vacib şərtdir. Lakin qeyd olunan Qərara əsasən mənəvi sarsıntı anlayışı yalnız şəxsə qarşı törədilmiş qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində yaranmış mənfi psixi reaksiyanı ifadə edir. İztirab anlayışı isə şəxsin sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi ilə bağlıdır. İddiaçı sağlamlığı pozulmamış və heç bir fiziki əzaba məruz qalmamışdır. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı yalnız mənəvi sarsıntı keçirdiyini iddia etməklə kifayətlənmişdir. Lakin iddiaçının belə bir vəziyyətə məruz qalmasını təsdiq edən heç bir tibbi sənəd və ya hər hansı digər sübut iş materiallarına əlavə edilməmişdir. Eləcə də bildirmişdir ki, müvafiq plenum qərara əsasən, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Lakin hazırki iş üzrə vəziyyətə baxdıqda, İddiaçı qarşı yuxarıda qeyd olunan hallardan heç biri baş verməmişdir; onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına hər hansı xəsarət yetirilməsi kimi halların heç biri mövcud deyil. Yekun olaraq qeyd etmişdir ki, iddiaçıya münasibətdə Cavabdeh QSC heç bir delikt törətmədiyi və iddiaçıya qarşı heç bir ziyan vurmadığı halda, iddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələbi cavabdeh qismində müəssisələrinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda Vəkil2 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. X5, anası isə X9r. - doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.2000-ci il tarixdə Lerik rayonunda anadan olmuşdur. X5, anası isə X9r - Lerik rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 327343 saylı, xx.xx.2023cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X14 xx.xx.2023-cü il tarixdə baş beynin diffuz travması səbəbindən Beyləqan rayonunda vəfat etmişdir. - X7 Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən X8 hüquqi varisi kimi ona və ailəsinə dəyən ziyan ödənilmişdir. Bu səbəbdən X3 və Cavabdeh QSC-yə qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. - Beyləqan Rayon Məhkəməsinin 1(020)-57/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X4 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20%-i dövlət nəfinə tutulmaqla, 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin işçisi X4 13 fevral 2023-cü il tarixdə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus “İVECO” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobillə “JUNGHEİNRİCH DFG-425” markalı avtoyükləyicinin istismarına dair” Təlimatın 4.10, 4.11 və 4.12-ci bəndlərinin “avtoyükləyicinin hərəkət funksiyaları zamanı insanların təhlükə altına düşmə ehtimalı olan sahədən, yəni təhlükəli zonadan kənar şəxslər kənarlaşdırılmalı, bu mümkün olmadıqda qaldırıcı mexanizmin işi dərhal dayandırılmalı, yüklər yalnız xüsusi nəzərdə tutulmuş yerlərdə yüklənilməli, operator hərəkət istiqamətinə baxmalı və həmişə yolu kifayət qədər görməli və yolun görünüşü kifayət qədər olmalı, görüntü məhdudlaşdıran yükləri apararkən avtoyükləyici əks istiqamətdə hərəkət etdirilməli, bu mümkün olmadıqda qaldırıcı yükləyici vasitənin qabağı ilə müşayiətedici şəxsin köməyi ilə hərəkət etməli, müşayiətedici şəxslə operator arasında görüntü əlaqəsi itən an dərhal maşın dayandırılmalı” kimi tələblərini pozaraq X8 çəngəlağız yükləyici ilə divar arasında olmasına görə sonuncunun çəngəlağız yükləyici ilə divar arasında sıxılıb qalaraq xəsarətlər ala biləcəyi və aldığı xəsarətlərdən ölə biləcəyi, “bartavoy” deyilən ehtiyat hissəsinin bağlandığı kəmərin qırılıb X8 üzərinə düşə biləcəyi və digər ağır nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq edərək onları görməyib idarə etdiyi çəngəlağız yükləyicinin çəngəllərini özünün gözləri səviyyəsində yuxarı qaldırdığı üçün hərəkəti məhdudlaşdıran divarla çəngəlağız yükləyicinin arasında olan X10 görməməsinə baxmayaraq avtoyükləyicini sonuncuya tərəf sürüb X8 başını və bədənini çəngəlağız yükləyicinin ön tərəfində olan yükləyici mexanizmin çəngəli ilə divara sıxaraq X2 tağı, kəllə əsası və üz skelet sümüklərinin çoxsaylı, qəlpələnmiş, fraqmentləri yerinidəyişmiş, açıq və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, sol bazu sümüyünün yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, sol bazu oynağı nahiyəsinin qançırı, daxili üzvlərin venoz azqanlılığı xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi nəticəsində onun ölümünə səbəb olmuş xəsarətlər yetirərək X10 ehtiyatsızlıqdan öldürmüşdür. Beyləqan Rayon Məhkəməsinin 1(020)-57/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X4 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20%-i dövlət nəfinə tutulmaqla, 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Hökmdə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış mərhumun anası ona və ailəsinə dəyən ziyanın ödənildiyini, bu səbəbdən X3 və Cavabdeh QSC-yə qarşı heç bir şikayətin və tələbin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Hazırda iddiaçının tələbi məruz qaldığı mənəvi zərərin əvəzi kimi cavabdehdən 50000 manat məbləğində pulun tutulmasından ibarətdir. Cavabdeh QSC iddianı qəbul etmir. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki mülki işin hallarından göründüyü kimi, iddiaçının ərinin ölümünə səbəb olmuş hadisənin baş verməsində təqsirkar hesab edilən X12 Cavabdeh QSC-də əmək müqaviləsi üzrə çalışmaqla cavabdehlə əmək münasibətlərində olmuşdur. Məhz qeyd edilən hadisə də X1 qulluq vəzifələrini icrası zamanı baş vermişdir. Belə ki, qeyd edilən hadisə törədildiyi zaman X1 Cavabdeh QSC ilə əmək münasibətlərində olması, onun tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərməli olan zaman qanunsuz əmələ təqsirli olaraq yol verməsi halı X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Beyləqan Rayon Məhkəməsinin 1(020)-57/2023 saylı xx.xx.2023-cü il tarixli ittiham hökmü ilə müəyyən edilmişdir. Həmin hökmlə müəyyən edilmiş bu faktlar isə hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir və bu səbəblə də cavabdeh təşkilatın işçisi olmuş X.Məmmədovun təqsirliliyi məsələsinin araşdırılmasına ümumiyyətlə zərurət olmamaqla bu, prosessual qənaət prinsipinə də uyğun hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində mərhumun qardaşı olaraq mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Odur ki, onun məruz qaldığı mənəvi ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin mərhumun anasının notarial qaydada yazılmış ərizəsinə istinad etməklə iddiaçının iddia tələbinin hazırki halda əsassız olmasına dair dəlili ilə razılaşmır. Belə ki, mərhumun anası hüquqi varis kimi tanınaraq təqsirləndirilən şəxs və cavabdeh qurumla razılaşaraq mənəvi təzminat tələbinin olmamasına dair şəxs öz adınnan qeyd olunan məzmunlu ərizəni tərtib edə bilərdi. Çünki, mənəvi zərərin əsası olan psixoloji sarsıntı və iztirab şəxsin keçirdiyi özünəməxsus hal və mənəvi zərərə görə pul tələbi isə subyektiv xarakter daşıyan qeyri-əmlak tələbidir. İddiaçı mərhumun qardaşıdır və hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Qanunvericiliyin müddəalarından da məlum olduğu kimi, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, B.Əliyev Cavabdeh QSC-nin işçisi olmaqla sonuncu tərəfindən hadisə törədildiyindən Cavabdeh QSC öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Hazırki halda iddiaçı Cavabdeh QSC-yə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, zərər ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş olsa belə, əgər zərərvuran əmək müqaviləsi əsasında və ya mülki hüquqi müqavilə üzrə hüquqi və ya fiziki şəxsin tapşırığı ilə fəaliyyət göstərirsə, bu zaman işəgötürən və ya tapşırığı verən məsuliyyət daşımalıdır. Bu halda işəgötürən təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Bu səbəbdən məhkəmə cavabdeh tərəfin bu arqumentlərini əsassız hesab edir. Məhkəmə o halı da xüsusilə vurğulayır ki, cavabdeh işçisinin törətdiyi təqsirli əmələ görə ondan tutulan məbləğ həddində delikt törətmiş işçisinə reqress qaydada iddia qaldırmaq hüququnu özündə saxlayır və bu tələblə cavabdeh sonradan delikt törətmiş işçisinə qarşı məhkəmədə iddia qaldıra bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli, 7 saylı qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər; 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə mənəvi zərərə görə tutulmuş məbləğə münasibətdə qeyd edir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Bu konteksdən çıxış edərək məhkəmə iddiaçının mənəvi zərərin məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, baş vermiş hadisədən artıq 2 ildən çox müddətin keçməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi imkanlar müəyyən edən qanunvericilik mövcud olmuşdur. Məhkəmə yuxarıda sərgilədiyi mövqeyin yekunu olaraq bildirir ki, iddiaçının qardaşının ölümü nəticəsində keçirdiyi iztirabın və sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə tutulmalı məbləğ hissəsində 20 000 manat (iyirmi min) ədalətli və ağlabatandır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh QSC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 96 (doxsan altı) manat hissəsi Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar