Məhkəmə qərarları › İş №e-2(004)-5128/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5128/2024

20.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5128/2024 20.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlara görə üzr istənilməsi və həmin fikirlərin təkzib olunması, yazılmış bütün təhqir ifadələrinin “Patrul.az” səhifəsindən silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və mənəvi zərərə görə 6666 (altı min altı yüz altmış altı) manat məbləğində zərərin əvəzinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlara görə üzr istənilməsi və həmin fikirlərin təkzib olunması, yazılmış bütün təhqir ifadələrinin “Patrul.az” səhifəsindən silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və mənəvi zərərə görə 6666 (altı min altı yüz altmış altı) manat məbləğində zərərin əvəzinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına çıxarışa (şəkil) əsasən Cavabdeh tərəfindən yazılması iddia olunan müvafiq rəy (komment) əlavə edilmişdir. İş materiallarına mübahisə predmeti üzrə müvafiq yazışmaları, video görüntüləri özündə əks etdirən CD disk əlavə edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, İddiaçı isə "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşünasıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən, kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Mülki qanunvericiliyə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh eyni sahədə fəaliyyət göstərən, rəqib olan iki şirkətin nümayəndələridir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, İddiaçı isə "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşünasıdır. Tərəflər arasında daha öncə də məhkəmə mübahisələri olmuşdur. İddiaçı Cavabdeh qarşı “iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların təkzib olunması, üzr istənilməsi, yazılmış bütün təhqir ifadələrinin “Patrul.az” səhifəsindən silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və mənəvi zərərə görə 6666 (altı min altı yüz altmış altı) manat məbləğində zərərin əvəzinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “İnstagram” sosial şəbəkəsində “Patrul.az” səhifəsində iddiaçının ünvanına şərəf və ləyaqətini ləkələyən ifadələr yazılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə iddiaçının ünvanına yazılmış şərəf və ləyaqətini ləkələyən ifadələrin “kenan_zeynal__” adlı istifadəçi tərəfindən yazıldığı görünür. Daha sonra iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video yazıda həmin ifadələrin “kanan_zeynal__” adlı istifadəçi tərəfindən yazıldığı görünür. İddiaçı tərəfindən həmçinin məhkəməyə "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və “kenan_zeynal__” adlı istifadəçi arasında olmuş yazışmalar (smslər) təqdim edilmişdir. Cavabdeh məhkəmə baxış iclasında iştirak edərək ifadəsində bildirmişdir ki, iddia tələbini qəbul etmir, ilkin olaraq təqdim edilən profil və onun öz profilinin adı eyniyyət təşkil etmir, bir hərf fərqi ilə fərqlənir. Bundan əlavə, cavabdeh 1.90 boyundadır və ağlabatan olaraq 38 ölçü ayaqqabı geyinmir. Güman edir ki, həmin rəy qadın tərəfindən yazılmışdır, iddia tələbi qərəzlidir və bu hadisələr onun işgüzar nüfuzunu ləkələmək üçün törədilmişdir. İlkin dispozitiv şərt, yəni cavabdehin təqsirinin olması hazırki mülki iş üzrə öz təsdiqini tapmır. İlkin olaraq “kenan_zeynal__” hesabının cavabdehə məxsus olması, daha sonra isə rəyin birbaşa cavabdeh tərəfindən yazılması sübuta yetirilməlidir. Belə ki, təqdim edilmiş fotoşəkildə görünən “kenan_zeynal__” adlı istifadəçi və təqdim edilmiş video yazıda əks olunan “kanan_zeynal__” adlı istifadəçinin eyni şəxs olması ehtimal olunur. Videoyazıya əsasən məlum olur ki, hər iki hesab eyni fotoşəkilləri paylaşmışdır, eyni məlumatlar əks olunmuşdur. Yeganə fərq hərf (e-a) fərqidir. İnstagram sosial şəbəkəsində eyni, oxşar ad soyada sahib mövcud olan başqa hesablar yoxdur. Təqdim edilmiş çıxarışdan müəyyən olunur ki, rəy yazmış hesabın adı “kanan_zeynal__” olsa da, daha öncə həmin hesabı (adı) işarələmiş şəxs tərəfindən “kenan_zeynal__” yazılmışdır. Güman olunur ki, sosial şəbəkə hesabında profil adının dəyişdirilməsi həyata keçirilmişdir. Lakin, cavabdehin məhkəmə iclasında bildirdiyi kimi, habelə elektron məhkəmə sistemindən də göründüyü kimi və məhkəmə iclasında da müşahidə olunmuşdur ki, cavabdeh olduqca ucaboy şəxsdir və onun həqiqətən də 38 ölçülü ayaqqabı geyinməsi və yaxud 38 ölçü geyinmədiyi halda öz ifadəsində (rəydə) bilərək, öncədən düşünərək daha kiçik ölçü qeyd etməsi ağlabatan deyildir. Məhkəmə isə delikt əməlini törətmiş şəxsin üzərinə öhdəlik qoya bilər. Yəni, hazırki mübahisə üzrə iddia olunan delikti törətmiş şəxs öz-özlüyündə instagram sosial şəbəkəsi və ya instagram profili deyildir. Delikti iddia olunan fiziki şəxs kimi cavabdeh etmiş ola bilərdi ki, sözügedən rəyin məhz cavabdeh tərəfindən şəxsən yazılması sübuta yetirilmir. Ehtimal oluna bilər ki, həmin rəy cavabdehin profili vasitəsilə üçüncü şəxs tərəfindən yazılmışdır. Lakin, bu xüsusat üçün də cavabdeh öhdəlik daşıya bilməz. Belə ki, şəxsin sosial şəbəkə profili vasitəsilə üçüncü şəxs(lər)in delikt törətməsi (təhqir etmə və s.), profilin üçüncü şəxslərin istifadəsinə verilməsi və nüqativ nəticələrə görə profil sahibinin məsuliyyət daşımasının qanuni əsası yoxdur. Profil fiziki şəxs (cavabdeh) və sosial şəbəkə (instagram) arasındakı hüquq münasibətlərinə əsaslanır. Profil sahibi (cavabdeh) ilə digər şəxslər (faktiki istifadə edən şəxslər) arasındakı hüquq münasibətləri isə fərqlidir. Məhkəmə nəzərə alır ki, iddia ərizəsinə əlavə edilmiş mübahisə predmeti üzrə sözügedən fotoşəkillərin saxtalaşdırılması ehtimalı vardır. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərə əsasən müasir texniki vasitələrdən istifadə edilməklə yazışmalar barədə təqdim edilmiş fotoşəkillərin tamamilə əks istiqamətdə təhrif edilməsinin mümkünlüyü ehtimalı öz əksini tapır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1096-cı maddəsinin tələblərinə əsasən, delikt hüquq institunun 3 əsas şərti vardır: 1. Zərər vuran şəxsin hərəkəti (hərəkətsizlik) və təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Lakin, hazırki mübahisə üzrə cavabdehin hərəkəti (hərəkətsizliyi) və təqsiri bilavasitə sübuta yetirilmədiyi üçün 1-ci dispozitiv şərt ödənilmir və iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Məhkəmə ağlabatan əsaslarla hazırki mübahisə üzrə faktiki vəziyyətin ehtimal olunan istiqamətlərini görür. Lakin, hakim qanundan asılıdır və yalnız qanun çərçivəsində mübahisəni həll etməklə qanunçuluq prinsipinin tətbiqini təmin etməlidir. Qanunvericilik (normativ) sistemindəki boşluqların aradan qaldırılması, münasibətlərin inkişaf tempinə uyğun olaraq təkminləşdirilməsi hüququ (funksiya) isə qanunverici hakimiyyətə məxsusdur. Həmçinin "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və “kenan_zeynal__” adlı istifadəçi arasında olan yazışmalardan mülki iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilmir. Həmin yazışmalarda etiraf əhəmiyyəti kəsb edən nüanslara toxunulmamışdır. Hüquqi dövlət və vətəndaş cəmiyyəti nöqteyi-nəzərindən kütləvi informasiya vasitələrində vulqar ifadələrdən, söyüş ritorikasından istifadə edilməsi milli, mənəvi, hüquqi dəyərlər nəzərə alınmaqla yol verilməzdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlara görə üzr istənilməsi və həmin fikirlərin təkzib olunması, yazılmış bütün təhqir ifadələrinin “Patrul.az” səhifəsindən silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və mənəvi zərərə görə 6666 (altı min altı yüz altmış altı) manat məbləğində zərərin əvəzinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar