Məhkəmə qərarları › İş №e-2(004)-5139/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5139/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5139/2021 25.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 965 manat mülkünə dəyən ziyan, 50 manat avtomobilə dəymiş zərərin qiymətləndirilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 1045 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 21.05.2021-ci il tarixində Bakı şəhəri Xətai rayonu ərazisində mülkü olan “Hyundai Accent ” markalı **-SS-*** № li avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Nəqliyyat hadisəsi Cavabdeh tərəfindən qeydə alınmış və təsdiqlənmişdir. "xxxx" mülkünə dəymiş zərəri ödəmək istəmir və hər vasitə ilə onu yorub, süründürüb, çərlədir ki, götürdükləri öhdəlikləri tam yerinə yetirməsinlər. Hadisə baş verdiyi gündən bu günə kimi dəfələrlə "xxxx" şirkətinin ofisinə getmiş və zəng etmişdir ki, ona ayrılan ödəniş məbləğindən narazıdır və “Müstəqil ekspert “ təyin olunsun. Reyestrdə 108 müstəqil ekspert olmağına baxmayaraq ona yalniz birini seçmək təklif olundu. O, Mərkəzi Banka E-ərizə ilə müraciət etmiş, amma nəticə olmamış, 32 gün keçəndən sonra ona əlavə 3 “müstəqil ekspert” seçimi verilmişdir. Hansi ki, açıq aşkar sığorta şirkətinin mənafeyini güdən ekspertlərdir. O, bu ədaləsizlik və özbaşınalıqla razılaşmamış, 108 ekspertin içindən "xxxx" ona öz adamları olan 3 ekspert təklif etmiş və ya özlərinə aid olan qeyri peşəkar, gördükləri işə heç bir zəmanət verməyən, müasir təhlükəsizlik standartlarından uzaq olan, kustar yollarla təmir təklif edirlər. Özünü, ailəsini və nəqliyyatın digər iştirakçılarını təhlükəyə atıb avtomobili qeyri peşəkarların əlinə verə bilməz. Avtomobili 2021-ci il istehsalı yeni avtomobildir və rəsmi servisdə zəmanətdədir. Ancaq orada servis olunur. Rəsmi servis “Otoplaza” avtomobilə dəymiş zərəri 965 manat miqdarında qiymətləndirmişdir. Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün əlavə 50 manat ödəniş olunub. "xxxx" isə ona 400 manat təklif edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ona vurulmuş 965 manat maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Xalq Sığorta” ASC-nin nümayəndəsi X3 izahatında iddia tələbini qəbul etmədiklərini bildirmiş, məhkəmədən iddia tələbinin rədd olunması barədə qərar qətnamə edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən müəyyən olunur ki, 21.05.2021-ci il tarixdə, saat 18:20-də Bakı şəhərində yol-nəliyyat hadisəsi baş vermişdir. “Hyundai Accent ” markalı **-SS-*** № li dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 24.05.2021-ci il tarixli qüsur aktına əsasən müəyyən olunur ki, “Hyundai Accent” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin toplam qiyməti 280 manat, ümumi xidmət haqqı 120 manat olmaqla, cəmi 400 manat müəyyənləşdirilmişdir. Yasamal Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarında olan 25 oktyabr 2021-ci il tarixli 9/6507 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, “Avto Azərbaycan” servis mərkəzinin 29.05.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Hyundai Accent ” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 965 manat müəyyənləşdirilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edirək, onunla razılaşır. Bu baxımdan məhkəmə hesab edir ki, 965 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.6-cı maddəsinin tələblərinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Bu Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən və sığorta olunanın hərəkəti nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi cəmi 100 (bir yüz) manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə cavabdeh öhdəliyini yerinə yetirmədiyi üçün iddia təmin edilməli, 965 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 965 (doqquz yüz altmış beş) manat sığorta ödənişinə görə pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar