Məhkəmə qərarları › İş №e-2(004)-5255/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5255/2025

09.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5255/2025 09.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşına kimi əlavə 100 manat məbləğində alimentin tutulması” tələbinə dair mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşına kimi əlavə 100 manat məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-4228/2025 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında 08 iyun 2023-cü il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 1642 nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən müəyyən edilir ki, tərəflər arasında nikahın pozulmasına qarşılıqlı razılıq qeyd edilmiş, uşağın ananın yanında saxlanılması, uşaqla ünsiyyət qaydası və uşağın saxlanılması üçün hər ay 246 manat məbləğində alimentin tutulması razılaşdırılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-4228/2025 nömrəli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 08 iyun 2023-cü il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 1642 nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən, tərəflər arasında nikahın pozulmasına qarşılıqlı razılıq qeyd edilmiş, uşağın ananın yanında saxlanılması, uşaqla ünsiyyət qaydası və uşağın saxlanılması üçün hər ay 246 manat məbləğində alimentin tutulması razılaşdırılmışdır. xx.xx.2024-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. xx.xx.2024-cü il təvəllüdlü X1 üstün mənafelərinin qorunması və xərclərinin minimum səviyyədə qarşılanması məqsədilə 3 yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay 100 manat məbləğində əlavə xərcin tutulması hissəsində məhkəmə tələbin təmin edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, müəyyən edilir ki, bu hal, həmçinin cavabdehin həddən artıq maliyyə yüklənməsinə səbəb olacaqdır. Lakin, məhkəmə hesab edir ki, uşağın yaşı əsas götürülməklə və üstün mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə hər ay 50 (əlli) manat məbləğində əlavə xərcin tutulması qanuni və əsaslıdır. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında həddən artıq yüksək miqdarda alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 246 manat sabit pul məbləğində alimentdən əlavə olaraq 100 manat məbləğində əlavə xərcin tutulmasının müəyyən edilməsi mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla qadağandır. Məhkəmə mülki işə iddia tələbi həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, şifahi formada da olsa hər hansı mülahizə bildirilməmişdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla yetkinlik yaşına çatmayan xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək, yəni xx.xx.2027-ci il tarixədək hər ay 50 (əlli) manat əlavə xərc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşına kimi əlavə 100 manat məbləğində alimentin tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla yetkinlik yaşına çatmayan xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək, yəni xx.xx.2027-ci il tarixədək hər ay 50 (əlli) manat əlavə xərc tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar