Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5283/2023 14.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mehmanxanada 06 dekabr 2022-ci il tarixdə saat 14 radələrində baş vermiş yanğın nəticəsində mehmanxanaya dəymiş 37.800 (otuz yeddi min səkkiz yüz) manat məbləğində maddi ziyanın və 204 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavbadehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 xx.xx.2023-cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-5283/2023 saylı mülki işi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək iddiaçı tərəfin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə aidiyyət qaydalarına riayət edilməsi məqsədi ilə mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi ilə bağlı məhkəmə iclasında iştirak edən proses iştirakçısının fikrini öyrənir. Məhkəmə baxış iclasında iştirak edən icavabdehin nümayəndəsi X2 hazırkı tələbin kommersiya hüquq münasibətlərindən irəli gəldiyindən vəsatətin təmin edilməsi və mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edir. Belə ki, sığortalı hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və sığorta predmeti qeyri-yaşayış sahəsi olduğu üçün qeyd olunan mübahisəyə ümumi məhkəmədə baxılması mümkün deyildir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlət reyestrində VÖEN ********** hesab nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və sahibkarlıq üzrə fəaliyyət istiqatmətləindən biri də mehmanxana fəaliyyətidir. Həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatlar üzrə çıxarışdan görünür ki, cavabdeh "xxxx" ASC də hüquqi şəxs olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. - "xxxx" ASC tərəfindən verilmiş BB seriyalı, 652629 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətinə əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Nərimanov rayonu, Z.Bünyadov prospekti, 86B ünvanında yerləşən otel (mehmanxana) fəaliyyətinin göstərilməsinə xidmət edən daşınmaz əmlak "xxxx" ASCdə sığorta edilmişdir. -Həmçinin daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 86B ünvanında yerləşən binanın yarımzirzəmisi, 1-ci, 3-cü, 5-ci mərtəbələri və mansardında 2536,8 m2 əsas, 342,6 m2 köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, tərəflər hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, bununla da iddiaçının iddia tələbi bilavasitə cavabdehdən ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyəti zamanı ona delikt nəticəsində vurulmuş zərərlə bağlı tələb olduğundan hazırkı mübahisəyə məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində də mübahisə predmeti olan əmlakın mehmanxana fəaliyətinə xidmət edilməsi məqsədilə istifadə edildiyini bildirmişdir. Bununla da, işin hallarından göründüyü kimi tərəflərin hər biri sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sığorta fəaliyyəti ilə məşğul olan cavabdeh şirkətlə (hüquqi şəxs) mehmanxana fəaliyyəti ilə məşğul olan iddiaçı (fərdi sahibkar) arasında mübahisə məhz onların sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə bağlı yaranmışdır. Deməli, hazırkı mübahisə iki ayrı tərəfin sahibkarlıq fəaliyyətini birgə deyil, ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranmış deliktdən irəli gələn mübahisədir. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli, 10 №-li qərarının 3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Qeyd olunan Plenum Qərarının 13-cü bəndinə görə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli qərarını də nəzərə alaraq qeyd edir ki, hazırkı mülki iş üzrə tələb tərəflər arasında kommersiya hüquq münasibətlərindən irəli gələn mübahisə olduğundan hazırkı tələbə Bakı Kommersiya Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair e- 2(004)-5283/2023 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-5283/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5283/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver