Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-552/2024 16.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin himayəsində olduğu müddət ərzində qida rejiminin qeyri qənaətbəxş olması ucbatından alimentar distrofiya; əsəb pozuntusu və bu səbəbdən təhsilinin pozulması, cavabdehin soyuq yanaşması ucbatından nevroloji durumunda digər pozuntuların əmələ gəlməsi, onun iztirab və mənəvi sarsıntı keçirməyini nəzərə alaraq, bütün bunların müqabilində onun zərərçəkmiş qismində tanımağı, bu səpkidə cavabdehin qanunvericilik çərçivəsində məsuliyyətə cəlb edilməsi, eyni zamanda ona dəymiş ziyana görə 2338,46 manat təzminatın Cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyana görə cəmi 2338,46 manat təzminatın cavabdeh tərəfindən ödənilməsi tələbi ilə yanaşı Cavabdeh məsuliyyətinin AR CM-nin 143.1-ci maddəsi çərçivəsində qiymətləndirilməsinin mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin qanunsuz və əssız olduğunu qeyd edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4551/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh bank hesabına köçürülmüş və onun tərəfindən mənimsənilmiş 2200 manat məbləğində aliment pulunun ona qaytarılması və Cavabdeh ona vurduğu mənəvi ziyanın müqabilində kompensasiya olaraq şəxsən onun tərəfindən məhkəmə iclasında qeyri-qanuni hərəkətlərini tam açıq şəkildə etiraf etməsi və ondan üzr istəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli Plenumunun Qərarında qeyd edilmişdir ki, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Belə ki, əvvəlki məhkəmə iclasında İddiaçı hakimin ona verdiyi suala cavabında da qeyd etmişdir ki, o əvvəlki iddiada mənimsənilmiş pulu, alimenti maddi kompensasiya kimi tələb etmişdir. 2338 manat onun cavabdehlə yaşamadığı dövr ərzində, yəni 17 noyabr 2022-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra onun 18 yaşına çatdığı vaxta qədər 22 dekabr 2022-ci ilə qədər olan atası tərəfindən anasına köçürülən aliment məbləğidir. Bu dəfə atası ilə həmin məbləği dəqiqləşdirmişlər. Buradan da görünür ki, iddiaçının hazırki tələbdə qeyd etdiyi ona dəymiş ziyana görə 2338,46 manat məbləğ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4551/2023 saylı mülki işi üzrə tələbdə qeyd etdiyi mənimsənilmiş 2200 manat məbləğində aliment pulu ilə eynilik təşkil edir. Odur ki, iddiaçının hal-hazırda məhkəməyə müraciət etdiyi tələblə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4551/2023 saylı iş üzrə irəli sürdüyü tələb eynilik təşkil edir. Plenum qərarından da görünür ki, iddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. Hazırda da iddiaçı iddianın predmetini dəyişməmiş, sadəcə tələb etdiyi məbləği artırmışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəmə qətnaməsi artıq olduğundan mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “Cavabdeh məsuliyyətinin AR CM-nin 143.1-ci maddəsi çərçivəsində qiymətləndirilməsinin mümkün hesab edilməsi” hissəsi üzrə qeyd edir ki, qeyd edilən tələb mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən isə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-552/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-552/2024
16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver