Məhkəmə qərarları › İş №e-2(004)-570/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-570/2024

30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-570/2024 30.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızıın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavadeh Cavabdeh hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 ilə 21 sentyabr 2017-ci il tarixdə Tovuz rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X7, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Ailə qurandan bu günə kimi cavabdehin ailəyə laqeyd davranışı, şiddəti, zorakarlığı və maddi ehtiyaclarını ödəməməsi ailə münasibətlərinin bitməsinə səbəb olmuşdur. Lakin o, yenə də ailəsini qorumaq niyyətindədir. Hal-hazırda azyaşlı uşaqları ilə birlikdə valideynlərinin köməkliyi ilə yaşayır. Cavabdeh isə kifayət qədər gəlirli işlə məşğul olub qazanc əldə etsə də onlara maddi yardım etmir. Halbuki onun kifayət qədər maddi imkanı var. Özü isə az qazancı ilə 3 azyaşlı uşağının tələbatını ödəyə bilmir. Maddi vəziyyəti çətindir və dövlətdən maddi yardım almır. Valideynlərinin maddi yardımı olmasa tək başına 3 azyaşlı uşağa baxa bilməz. Belə olan halda cavabdehdən aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiyini, iddianı müdafiə etdiklərini bildirmiş və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilənlər yanlışdır. Belə ki, ailəsini özü dolandırır. Yaşadıqları evi də o almışdır. İddiaçı aralarında olan kiçik narazılıqdan dolayı müvafiq tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının kredit borclarından bir neçəsini belə o ödəyir. Maddi imkanları çərçivəsində ailənin bütün maddi ehtiyaclarını qarşılayır. Ərzaq məhsulları, uşaq yeməyi, pampers, geyim məhsullarının alınması ilə bağlı qəbzlər vardır. İddiaçı ilə birlikdə yaşayır. Normal münasibətləri var. Dünən iddiaçının ad gününü “28 Mall” ticarət mərkəzində “Mado” restoranında qeyd etmişlər. İddiaçı ilə bir qazandan yemək yeyirlər. Ailəni özü dolandırır. Həm iddiaçının anası, həm də onun anası ayda bir dəfə ərzaq məhsulları göndərirlər. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZİ-İİ 210150 seriya nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2017-ci il tarixdə Tovuz Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. Bu bardə nikahın bağlanması haqqında akt qeydləri kitabında 555 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Əhmədov, arvada Qaybalıyeva soyadı verilmişdir. İş materiallarında olan AZ–İV 83704 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ–İV 305197 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ–İV 803129 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan 2020-ci il tarixdən 2023-cü ilin dekabr ayına qədər müxtəlif dövrlərə aid olan qəbzlərdən və həmin qəbzləri təsdiq edən bank çıxarışlarından görünür ki, Cavabdeh ailənin, habelə uşaqlarının saxlanması üçün zəruri olan geyim, ərzaq, dərman, pampers, məişət əşyası (mebel) və s. Kimi gündəlik ehtiyac məhsullarını almış, habelə mənzilin aylıq kommunal xərclərini ödəmişdir. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsində qeyd edilmişdir ki: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X4 ilə 21 sentyabr 2017-ci il tarixdə Tovuz rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X7, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. İddiaçı tərəfindən məhkəməyə nikahın pozulması ilə bağlı hər hansı iddia tələbi irəli sürülməmiş, bununla yanaşı tərəflər bir evdə yaşamaqla birgə təsərrüfat aparırlar. Cavabdehin məhkəmə iclasında verdiyi izahatından görünür ki, maddi imkanları çərçivəsində ailənin bütün maddi ehtiyaclarını qarşılayır. Ərzaq məhsulları, uşaq yeməyi, pampers, geyim məhsullarının alınması ilə bağlı xərcləri özü çəkir. İddiaçı ilə birlikdə yaşayır, ər-arvad münasibətləri davam edir. Habelə, iddiaçının ad gününü “28 Mall” ticarət mərkəzində “Mado” restoranında qeyd etmişlər. Eyni zamanda, cavabdehin maddi imkanları çərçivəsində ailənin maddi ehtiyaclarını qarşılaması Cavabdeh iş materialı kimi məhkəməyə təqdim etdiyi qəbzlərin surəti və həmin qəbzləri təsdiq edən bank çıxarışları ilə öz təsdiqini tapır və qəbzlərdən və bank çıxarışlarından görünür ki, Cavabdeh ailənin, habelə uşaqlarının saxlanması üçün zəruri olan gündəlik ehtiyac məhsullarını (geyim, ərzaq, dərman, pampers və s.) təmin edir. Qəbzlərin tarixinə nəzər yetirdikdə görmək olur ki, iddiaçının məhkəməyə müraciət etdikdən həm əvvəlki, həm də sonrakı dövrə aid olan ailənin saxlanması üçün zəruri olan məhsulların alışına dair qəbzlər var. İddiaçı isə, cavabdehin ailəsinin və uşaqlarının saxlanmaları ilə bağlı təqdim etdiyi dəlilləri təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyə əsasən hər bir tərəf öz tələb və etirazının əsasını təşkil edən faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsini nəzərə almaqla məhkəmə hesab edir ki, məhkəmə valideynlərdən birindən alimentin tutulması məsələsini həll edərkən alimentin tutulması nəzərdə tutulan valideynin uşağını saxlamaması faktının mövcud olub olmamasına diqqət yetirməlidir. Hal-hazırki mübahisədə isə, qeyd edilən şərtin mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş sübutlardan (qəbzlərdən və bank çıxarışlarından) müəyyən edilir ki, cavabdeh ailəsinin və uşaqlarının saxlanmaları üçün tələb olunan zəruri əşyaları, məhsulları almaqla ailəsinin lazım olan ehtiyaclarını qarşılayır. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiası əsaslı hesab oluna bilməz və rədd edilməlidir. Bununla yanaşı məhkəmə izah etməyi zəruri hesab edir ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə (cavabdeh uşaqlarını saxlamadığı təqdirdə) istənilən vaxt iddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar