Məhkəmə qərarları › İş №e-2(004)-5777/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5777/2022

26.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5777/2022 26.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı Eduardoviçin, onun nümayəndəsi və vəkili Vəkil1 Avtandil oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, X1 iştirakı ilə, İddiaçı Eduardoviçin Cavabdeh qarşı “aliment ödəməkdən azad edilməsi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Eduardoviç Cavabdeh qarşı “aliment ödəməkdən azad edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X4 və ya xx.xx.2014-cü il təvəllüdlü X5 saxlanılması üçün aliment ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, onunla Cavabdeh arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X10 Andreyeviçin, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 analarının yanında qalmaları, ondan uşaqların onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-14189/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi alimentin tutulma vaxtına dair hissədə dəyişdirilmiş, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2535/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-14189/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda sadalanan qətnamələrin qəbul edilməsinə baxmayaraq, xx.xx.2009-cu il təvəllüdlü X10 Andreyeviç anası ilə getməkdən imtina etmiş və bu günə qədər atasının yanında qalır və onun bütün ehtiyaclarını artıq 3 ildir ki, yalnız atası qarşılayır. Halbuki, cavabdeh rəsmi olaraq 2 yerdə işləyir və 2000 manatdan artıq əmək haqqı alır. Hətta Yasamal Rayon Məhkəməsinin artıq qanuni qüvvəyə minmiş 2(004)-353/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X10 Andreyeviçin atasının yanında saxlanılması qət edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, 2 uşağın saxlanması üçün hər uşağa görə 1000 manat, ümumilikdə hər ay 2000 (iki min) manat məbləğində aliment ödəyir. Cavabdeh isə öz oğlunun saxlanılmasında maddi cəhətdən iştirak etmir. Halbuki, buna kifayət qədər maddi imkanı vardır. Məhkəmə tərəfindən nikah pozulan zaman aliment məbləği müəyyən edildikdən sonra, tərəflərin ailə vəziyətində dəyişiklik baş vermiş, xx.xx.2009-cu il təvəllüdlü X2 yanında saxlanmışdır. Hal-hazırda uşağın 13 yaşının olmasını və digər uşaqlara münasibətdə onun saxlanması üçün daha çox vəsait tələb edilməsini nəzərə alaraq, hesab edir ki, digər 2 uşaqdan birinə görə aliment ödənilməsindən azad edilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddianı əsassız hesab edir. Artıq 4 ildir ki, iddiaçı oxşar tələbərlə (tutulan alimentin azaldılması, aliment tələbi) ona qarşı iddia qaldırmış, həmin tələblər üzrə Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(203)-10646 saylı xx.xx.2021-ci il tarixli qətnamələri, Yasamal Rayon Məhkəməsinin 2(004)-4331/2021 saylı xx.xx.2021-ci il tarixli və bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-998/2022 saylı qətnamələri qəbul edilmiş va qanuni qüvvəsini almışdır. Həmin qətnamələrdə məhkəmələr müəyyən etmişdir ki, İddiaçı əcnəbi vətəndaş olmaqla xarici şirkətlərdə yaşamasına baxmayaraq, həmin vəzifələrdə əmək haqqı, digər gəlirləri və s. barədə məhkəməyə həar hansı übut təqdim etməmiş və nəticə etibarı ilə uşağı maddi cəhətdən təmin etmək imkanı olmadığını übut edə bilməmişdir.Həmçinin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı eyni vaxtlarda müxtəalif şirkətlərdə direktor vəzifəsində işləmiş, həmin şirkətlərin bəziləri hələ fəaliyyətlərini davam etdirir. İddiaçı biznes dövriyyəsi kifayət qədər böyük məbləğ təşkil edir. Bütun bunlar göstərir ki, uşaqların yetkinlik уаşınа çatana kimi saxlanılmaları üçün hər ау hər uşağa gora 1000 manat tutulan alimentin azaldılmasına heç bir zərurət yoxdur. Bundan əlavə ə, İddiaçı neft məhsullarının satışı ilə məşğul olan treyderdir. Geniş biznes şəbəkəsi var. Onun mülkiyyətində Bakı şəhərinin mərkəzində mənzili olduğu halda daha böyük уаşауış sahəsi olan mənzili icarəyə gotürmüşdür.Nikah müddətində əldə etdikləri avtomaşənə idarə edir. X9 şəhərində, İspaniyada evi var. Özünün isə mülkiyyətində mənzil belə yoxdur, Qızları ilə kirayədə yaşayır, iki yerdə işləyir ki, kirayə haqqını ödəyə bilsin, uşaqların tələbatı günbəgün artır. Göstərilənlərə asasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Eduardoviç, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin əsassız və qanunsuz olduğunu göstərərək, onun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tam, qərəzsiz, obyektiv və hərtərəfli araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Eduardoviçin Cavabdeh qarşı “nikahın pozulması və s. tələbinə dair” iddiası qismən təmin edilərək, tərəflər arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X10 Andreyeviçin, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 analarının yanında qalması, onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-14189/2019 nömrəli qətnaməsi ilə İddiaçı Eduardoviç tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin alimentin tutulma vaxtına dair hissədə dəyişdirilməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinnin Mülki Kollegiyasının 2(102)-2535/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-14189/2019 nömrəli qətnaməsindən İddiaçı Eduardoviç tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin olunaraq xx.xx.2009-cu il təvəllüdlü X10 Andreyeviçin atasının yanında saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4331/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Eduardoviç Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş “hər ay hər uşağa görə 1000 manat sabit pul məbləğində alimentin” miqdarının dəyişdirilməsi, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 saxlanılmaları üçün ondan hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulub cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh da öz növbəsində İddiaçı Eduardoviçə qarşı “alimentin miqdarının artırılması” tələbinə dair qarşılıqlı iddia verərək Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin dəyişdirilməsini, cavabdehdən onun xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 saxlanılması üçün hər ay hər uşağa görə 2000 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qətnamə ilə hər iki iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-998/2022 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4331/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı Eduardoviç və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi qət edilmişdir. Qəbul olunmuş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, İddiaçı Eduardoviç müxtəlif vaxtlarda müxtəlif şirkətlərdə direktor vəzifəsində işləmiş, həmin şirkətlərin bəziləri hələ də öz fəaliyyətlərini davam etdirir, digərləri fəaliyyətini dayandırmış, bəzilərindən İddiaçı Eduardoviç istefa vermişdir. İddiaçı Eduardoviçin biznes dövriyyəsi kifayət qədər yüksək məbləğ təşkil edir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd nəzarəti tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Eduardoviç 2019-2021-ci illər ərzində dəfələrlə ölkəyə giriş çıxış etmişdir. Bütün bunlar onu göstərir ki, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 2000 manat sabit pul məbləğində tutulan alimentin azaldılmasına heç bir zərurət yoxdur. Hazırda İddiaçı Eduardoviç “aliment ödəməkdən azad edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə alimentin azaldılmasına dair xahişi təmin edilmədiyi halda, aliment öhdəliklərindən tamamilə azad olunmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə və xx.xx.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. (bənd-8.13.) Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. (bənd-8.13.) Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq, hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş aliment usaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin edir. Həmçinin, İddiaçı Eduardoviç onun alimentin azaldılması barədə xahişini təmin etməyən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4331/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlayan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-998/2022 nömrəli qətnaməsinin qanuni qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixindən sonra maddi vəziyyətinin pisləşməsini, ailə və maddi vəziyyətinin bu alimenti ödəməyə imkan vermədiyini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmiş, eyni zamanda, məhkəmə baxışı zamanı məhkəməyə də təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan, həmçinin, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, iddiaçının aliment öhdəliyindən azad edilməsinə dair iddia tələbi rədd ediləlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Eduardoviçin Cavabdeh qarşı “aliment ödəməkdən azad edilməsi barədə” iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar