Məhkəmə qərarları › İş №e-2(004)-579/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-579/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-579/2025 27.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar olğunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh Maraqlı şəxs, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs və Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin bərpa edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Maraqlı şəxs 237 kv.metr sahəli obyektin dağıdılmasına görə vurulmuş zərərin əvəzi olaraq tikinti materialın 20.915 manat alınaraq İddiaçı MMC-yə ödənilməsi və cavabdehlər tərəfindən 36 panelin dağılmasına görə böhtan atılmaqla-işgüzar nüfuza xələl gətirməklə, İddiaçı MMC-nin direktoru Nümayəndə1 5000 manat zərərin ödənilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, maraqlı şəxs və cavabdeh tərəfindən Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən Tello kiçik müəssisəsinin adına olan 237 kv.metrlik 1 mərtəbəli obyekt qanunsuz dağıdılmış, materialı satılmışdır. Bununla müəssisənin varisi İddiaçı MMC-yə külli miqdarda zərər dəymişdir. Bu söküntü səbəbindən qonşuluqda yerləşən iki mərtəbəli binada çatlar yaranmış, nəticədə 36 ədəd mərtəbəarası panel uçmuşdur. Lakin, bu 36 panelin uçmasında maraqlı şəxs Nümayəndə1 günahlandırılmaqla üstünə böhtan atılmışdır. 237 kv.metr sahəni söküb materialını cavabdeh şəxs Cavabdeh və atası Maraqlı şəxs yaşadığı mənzilin təmiri xərclərinə sərf etmişlər. Maddi ziyanın ödənilməsi ilə bağlı cavabdeh və maraqlı şəxsə qarşı fiziki şəxs tərəfindən iddialar qaldırılmış hər dəfəsində bu iddianın əsl iddiaçı hüquqi şəxs İddiaçı MMC adına qaldırılması hüquqi cəhətdən əsaslı olması izah olunmuş, ilkin iddalar bu səbəbdən rədd olunmuşdur. Sonuncu dəfə yuxarı instansiya Bakı Apelyasiya Məhkəməsi adından xx.xx.2024-cü il tarixdə qətnamə qəbul olunmaqla əsl iddiaçı tərəfindən iddia qaldırılmağı zəruriyyəti vurğulanmışdır. X2 tərəfindən 237 kv.metr sahəli obyektin inşasına sərf olunmuş materialların likvit dəyəri cəmi 20915 manat xərci hesablanmışdır. Qonşu 292 ünvanlı ikimərtəbəli obyektə 36 panelin dağılmasına görə cavabdehlər 5 il ərzində onu məhkəmələrə cəlb etməklə iztirablar yaşatmış, yalançı şahidlər cəlb etmiş, müxtəlif orqan və idarələrdən saxta sənədlər almışdır. Qohumlar və yaxınlarında ona qarşı şübhə yaranmışdır. Bununla onun, yəni İddiaçı MMC-nin direktorunun nüfuzuna xələl gətimişdir. Daha sonra İddiaçı MMC elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Maraqlı şəxs və Cavabdeh Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 237 kv.metr sahəli obyektin dağıdılmasına görə vurulmuş zərərin əvəzi kimi tikinti materialların dəyəri olaraq 20.915 manat real zərər, İddiaçı MMC və onun qanuni təmsilçisinin işgüzar nüfuzuna xələl dəydiyinə görə 5.000 manat mənəvi zərərin iddiaçının xeyrinə tutulması və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən İddiaçı Kiçik Müəssisəsinin istifadəsində olan 237 kv.metrlik 1 mərtəbəli obyektin cavabdehlərin hesabına bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfındən iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət olunaraq Cavabdeh və Maraqlı şəxs 237 kv.metr sahəli obyektin dağıdılmasına görə vurulmuş zərərin əvəzi olaraq tikinti materialın 20.915 manat alınaraq İddiaçı MMC-yə ödənilməsi, cavabdehlər tərəfindən 36 panelin dağılmasına görə böhtan atılmaqla-işgüzar nüfuza xələl gətirməklə, İddiaçı MMC-nin direktoru Nümayəndə1 5000 manat zərərin ödənilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Halhazırda isə iddia tələbinin dəqiqləşdirməsi ilə onun artırılmasına zərurət yaranmışdır. Bununla əlaqədar olaraq, cavabdehlər tərəfindən Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən İddiaçı Kiçik Müəssisəsinin istifadəsində olan 237 kv.metrlik 1 mərtəbəli obyekt qanunsuz dağıdılmış, materialı satılmışdır. Bununla müəssisənin varisi İddiaçı MMC-yə külli miqdarda zərər dəymişdir. Bu söküntü səbəbindən qonşuluqda yerləşən iki mərtəbəli binada çatlar yaranmış, nəticədə 36 ədəd mərtəbəarası panel uçmuşdur. Hazırda əlavə olaraq tələb kimi, həmin 237 kv.metrlik sahənin cavabdehlər tərəfindən şəxsi vəsaitləri hesabına bərpa edilməsi zərurəti yaranmışdır. Bununla yanaşı cavabdehlər tərəfindən uzun illərdir ki, İddiaçı MMC-nin və onun direktoru Nümayəndə1 əsassız olaraq onlara şər və böhtan atılmaqla məhkəmələrə cəlb edilməsi şərəf və ləyaqət, həmçinin işgüzar nüfuza xələl gətirilməsi ilə nəticələnmişdir. Burada xüsusilə vurğulayırlarki, cavabdehlərin illər ərzində Cəmiyyətə və onun direktoruna qarşı etdikləri qanunsuzluqlar və əsassız olaraq məhkəmə çəkişmələrinə cəlb edilməsi ilə böhtan xarakterli məlumatların yayılması nəticəsində Cəmiyyətin və onun qanuni təmsilçisinin işgüzar nüfuzuna xələl dəymiş, onun sahibkarlıq fəaliyyətinə ciddi ziyan dəymişdir. 237 kv.metr sahəli obyektin dağıdılmasına görə vurulmuş zərərin əvəzi olaraq tikinti materialların dəyəri olaraq 20.915 manat (real zərər), İddiaçı MMC və onun qanuni təmsilçisinin işgüzar nüfuzuna xələl dəydiyinə görə 5.000 manat mənəvi zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən İddiaçı Kiçik Müəssisəsinin istifadəsində olan 237 kv.metrlik 1 mərtəbəli obyektin cavabdehlərin hesabına bərpa edilməsinə dair qətnamə qəbul edilməlidir. Daha sonra İddiaçı MMC elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC işgüzar nüfuzuna xələl gəldiyinə görə 5.000 manat mənəvi zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən İddiaçı MMC-nin istifadəsində olan 237 kv.m 1 mərtəbəli qeyri-yaşayış sahəsinin cavabdehlərin hesabına bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət olunaraq Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 237 kv.m sahəli obyektin dağıdılmasına görə vurulmuş zərərin əvəzi kimi tikinti materialların dəyəri olaraq 20.915 manat real zərər, İddiaçı MMC və onun qanuni təmsilçisinin işgüzar nüfuzuna xələl gəldiyinə görə 5.000 manat mənəvi zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən İddiaçı Kiçik Müəssisəsinin istifadəsində olan 237 kv.m 1 mərtəbəli obyektin cavabdehlərin hesabına bərpa edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olumuşdur. Hazırda iddia tələbinin dəqiqləşdirilməsi ilə onun həcminin azaldılmasına zərurət yaranmışdır. İddianın (iddia tələbinin artırılması ərizəsində istinad olunan) maddi hüquqi əsasları qalmaqla hazırda Nümayəndə1 iddiaçı tərəfindən üçüncü şəxs qismində tərəf olmasına zərurət görmürlər, o iddiaçının qanuni təmsilçisidir. Eyni zamanda, iddia tələbini azaldaraq iddiaçının işgüzar nüfuzuna-xələl gəlməsi ilə bağlı mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən 5.000 manat ziyanın və qeyri-yaşayış sahəsinin cavabdehlərin şəxsi vəsaiti hesabına bərpa edilməsi tələbini irəli sürürlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Maraqlı şəxs və Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İş materiallarında olan Azərbaycan Respublikasının Sumqayıt şəhər bələdiyyəsi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 205 nömrəli “Torpaq icarəsi” müqaviləsinə əsasən “İcarədar” Azərbaycan Respublikasının Sumqayıt şəhər bələdiyyəsi «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli 67 № -li qərarına əsasən Azərbaycan Respublikası DƏDRX-nin 01 noyabr 2007-ci il tarixli seriya MH ******* saylı çıxarışı əsasında Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində, Koroğlu prospektində yerləşən ümumi sahəsi 1220 kv.m.(ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir. “İcarəçi” Maraqlı şəxs onu qəbul edir. Bu müqavilə İcra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır, «İcarəçiyə» torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azkommunlayihə” KLİ-nin 14 dekabr 2021-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin tapşırığı ilə əlaqədar Sumqayıt şəhər məhkəməsinin 2(060)-1800/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçı Maraqlı şəxs cavabdeh Nümayəndə1 qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilinəsi tələbinə” dair iddiası ilə bağlı “Azkommunlayihə” İnstitunun mühəndisi X5 qarşısında qoyulmuş suallara qarşı cavab olaraq bildirir: Sumqayıt şəhəri, 42-ci məhəllə,Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binası hazırda hansı vəziyyətdədir? Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırkı texniki vəziyyəti qəzalıdır. Həmin binada nə kimi qüsurlar mövcuddur? Həmin qeyri-yaşayış binasının 2-ci mərtəbəsində orta hissədə təxminən 12x13m hissədən boşluqla yığma dəmir-beton örtük tavaları çardaqda qanunsuz “yenidən qurma”nişləri aparılarkən yükdaşıyan dəmir beton konstruksiyalara tirlərə müdaxilə nəticəsində uçmuş mərtəbəarası örtük tavalarının üzərinə düşüb həmin dəmirbeton konstruksiyalarında (tava və tirlərin) tamamilə dağılmasına səbəb olmuşdur. Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanda qeyri-yaşayış binasında olan çardağ hansı səbəbə və nə vaxt uçub? Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanda çardaq yükdaşıyan dəmir-beton konstruksiyalara “qanunsuz müdaxilə” səbəbindən uçmuşdur. Həmin çardağın uçması fövqəladə hal deyilsə, onun üstündə yükün olması səbəbindən uça bilərmi? Çardağ hissədə yükün artmasından qeyriyaşayış binası bu şəkildə uça bilməz. Qeyd edilən qeyri-yaşayış sahəsinin ətraf ərazisində uzun illər su nohurlarının olması, dam örtüyündə quraşdırılan və yağış sularının axmasına xidmət edən su borularının olmaması həmin tikilidə hazırda müşahidə edilən yararsızlığa səbəb ola bilərmi? Həmin qeyri-yaşayış binasında bünövrəyə yığılmış su nəticəsində bu formada dağıntılar yarana bilməz. Dağıntılara səbəb insan faktorudur. Qeyri-yaşayış sahəsinin 2-cİ mərtəbəsində yerləşən və cavabdeh Nümayəndə1 mülkiyyətində olan 110.84 kvm sahədə cavabdeh tərəfindən görülən işlər iddiaçıya aid olan sahədə onun sadaladığı qüsurlara aidiyyəti varmı? Vizual texniki baxış zamanı çardaqda aparılan “yenidən qurma” işlərinin qalıqları aydın aşkar müşahidə olunur. Çardaq hissədə kimin sahəsində aparılmasından aslı olmayaraq “yenidən-qurma” işləri aparan şəxslər tikinti norma və qaydalarını kobud surətdə pozmuş və qeyri-yaşayış obyektinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ümumilikdə binada təxminən 36 ədəd yığma dəmir-beton boşluqlu tavalar və digər dəmir-beton konstruksiyalar uçub dağılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3869 nömrəli rəyinə əsasən qərardadın birinci və ikinci sualları üzrə tədqiqat aparılmamış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin '‘Azkommunlayihə" KLİ-nin mütəxəssis rəyinə əsasən, Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanında yerləşən dağılmış qeyri-yaşayış binasının hazırki texniki vəziyyəti qəzalıdır. Lakin həmin binanın 237 kv.m sahəsinin sökülməsinin ümumi binanın davamlılığına və onun sonradan dağılmasına təsiri olub-olmamasının Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisləri müvafiq hesablamalar aparıldıqdan sonra müəyyən oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı ünvan 4 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********45 nömrəli məktubuna əsasən Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində yerləşən qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfatı Komitəsi DTİ və MHQ tərəfindən Maraqlı şəxs adına xx.xx.2000-ci il tarixli, 295 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan vətəndaşın idarəyə müraciəti və müraciətinə əlavə edilmiş qeydiyyat vəsiqəsi, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 51 saylı icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində icarə olmaqla qeyriyaşayış sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2009-cu il tarixli, 3M/25 reyestr nömrəli, 200 saylı ipoteka müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nın xeyrinə ipoteka ilə yüklü edilmiş və xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən yüklülük çıxarışı verilmişdir. “Kapital Bank" ASC-nin xx.xx.2010-cu il tarixli məktubu əsasında mənzil üzərində ipoteka predmetinə tutmanın yünəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə protokoluna və xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında sözügedən qeyri-yaşayış sahəsi "xxxx" ASCnin adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2021 -ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan “Alternativ” Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 100 nömrəli rəyinə əsasən təqdim edilmiş müxtəlif tarixli qaimələr üzrə tikinti materiallarının, o cümlədən beton panellərin, özül blokların, sement və mişar daşlarının hazırki bazar qiyməti ilə ümumi dəyəri 20915,0 (iyirmi min doqquz yüz on beş) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatının Nümayəndə1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-6/1-A-239-159/2023 nömrəli məktuba əsasən vətəndaş Maraqlı şəxs ilə Nümayəndə1 arasında yaranmış Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən musiqi alətlərinin təmiri üçün nəzərdə tutulmuş obyektlə bağlı mübahisə 2-1(118)-4295/2023 saylı inzibati iş olaraq hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatında olmaqla baxıldığı, məhkəmənin qərarından sonra müraciətdə qeyd olunan məsələyə təkrar baxılacağı qeyd olunmuşdur. İş materiallarında olan “Liman” Klinikasının xx.xx.2023-cü il tarixli ******* nömrəli epikrizinin surətinə əsasən xəstənin ümumi halı kafidir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Ürək tonları aydındır. Ps- 80 1/dəq; A/T- 160/90 mm c. süt. Dili nəmdir. Qarın palpasiyada yumşaq və ağrısızdır. Dalaq və qaraciyər əllənmir. Hər iki tərəfdə Pasternatski simptomu mənfidir. Sidik ifrazı sərbəstdir. Defekasiya aktı müntəzəmdir. Baxdıqda xəstə ayaq üstə olarkən sağ qasıq nahiyyəsində şişkinlik qeyd edilir. Uzandıqda şişkinlik itir. Yırtiq qapısı əllənir. Öskürək təkanı simptomu müsbətdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Naxirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Nümayəndə1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-5-1/2-A- 244xx/xx/2024 nömrəli məktubuna əsasən Nümayəndə1 mərhum atasının Maraqlı şəxslə birgə inşa etdirdiyi binanın icazəsiz banka girov qoyulması və tikilinin zədələnməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə daxil olmuş müraciətinizə baxılmış, müəyyən olmuşdur ki, Maraqlı şəxs birgə mülkiyyətdə olan qeyri-yaşayış sahəsində tərəfinizdən təmir işləri aparılarkən tikilinin zədələnməsinə dair müraciəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsində araşdırma aparılıb toplanmış sübutlara istinad edilməklə əməldə cinayət tərkibi olmadığına görə 24 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirin Sumqayıt şəhər prokuroruna, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququ vardır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində icarədə olan 0.1220 ha torpaq sahəsində yerləşən binanın 1-ci və 2ci mərtəbəsində 1086.56 kv.m ümumi, 1034.26 kv.m əsas, 52.3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 140 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisələri üzrə məhkəmə qətnamələri əlavə edilmişdir: Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 4/2-292 saylı, xx.xx.1999-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Maraqlı şəxs cavabdeh Nümayəndə1 qarşı birgə mülkiyyətdə pay bölgüsü və binadan çıxarılma tələbinə dair iddiası qismən təmin edilərək, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı binada yerləşən İddiaçı kiçik müəssisəsinə məxsus qeyri-yaşayış binasının 90%-i iddiaçıya, 10%-nin isə cavabdehə verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2280/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Nümayəndə1 cavabdeh Maraqlı şəxs və maraqlı tərəf X6 Kreditlər Şöbəsinə qarşı binanın qəzalı vəziyyətinin aradan qaldırılması, bərpası və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə iddiaçı Nümayəndə1 mübahisə etdiyi binanın qəzalı vəziyyətə düşməsi cavabdeh Maraqlı şəxs qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsi məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-21/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı Maraqlı şəxs cavabdeh Nümayəndə1 vurulmuş maddi zərərin əvəzi olaraq 200000 və mənəvi zərərin əvəzi olaraq 50000 manatın ona ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-725/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Maraqlı şəxs tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-21/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-21/2022 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Maraqlı şəxs cavabdeh Nümayəndə1 qarşı vurulmuş maddi ziyanın və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-22/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh Nümayəndə1 (VÖEN **********) 08 sentyabr 2019-cu ildə Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin orta hissəsinin uçmasına görə 25400 (iyirmi beş min dörd yüz) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 3 (üç) manat hissəsi olmaqla, cəmi 25403 (iyirmi beş min dörd yüz üç) manat məbləğində pul vəsaiti iddiaçı Maraqlı şəxs (VÖEN **********) xeyrinə tutulması qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3291/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh Maraqlı şəxs 22000 manat maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-2790/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Nümayəndə1 cavabdeh Maraqlı şəxs qarşı 1993-cü il tarixli qüvvədə olan birgə fəaliyyət haqqında gəlir müqaviləsindən irəli gələn öhdəlik üzrə 2014- 2021-ci illər ərzində binadan cavabdeh tərəfindən götürülmüş və ona ödənilməmiş gəlirə görə 100000 manat zərərin alınaraq ödənməsini, təxirəsalınmaz təmirlə müşayət olunan qəzalı vəziyyət və qanunsuzluqlar səbəbindən Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu pr, 292,2 ünvanında yerləşən daşınmaz əmlakın cavabdehin günahından qiymətdən düşməsinə görə 50000 manat zərərin alınaraq ödənməsi və cavabdeh tərəfindən tək tərəfli təsisçisi olduğu vərəsəlik hüquqi üzrə Tello müəssisəsinin adına ayrılmış Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən torpağın 6,2 sotun qanunsuz özgəninkiləşdirilməsinə görə ona dəymiş 100.000 manat zərərin alınaraq ona ödənilməsi barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2113/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Nümayəndə1 Cavabdeh qarşı “15.000 manat pulun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5305/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Nümayəndə1 Cavabdeh qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “vurulmuş maddi zərərin əvəzinin tutulması” tələbinə dair Baki şəhəri Yasamal Rayon Məhkəməsİnin e-2(004)-2113/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5305/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin 29-cu bəndində qeyd edilmişdir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olması halında belə iddia təmin edilə bilməz. Belə ki, iddiaçı iddia tələbində özü də qeyd edir ki, mübahisələndirdiyi qeyri-yaşayış sahəsi üçüncü şəxs tərəfindən sökülmüş və sökülən materialların satışından əldə edilmiş vəsait cavabdehin (üçüncü şəxsin qızıdır) mənzilinin kapital təmirinə sərf edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübutun olmamasından əvvəl qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi tikintinin üçüncü şəxs tərəfindən sökülməsi digər mülki iş üzrə icraat çərçivəsində öz təsdiqini tapmamışdır. Həmin qətnamənin 30-cu bəndində qeyd edilmişdir ki,... iddiaçı Nümayəndə1 üçüncü şəxs Maraqlı şəxs qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, hazırki iddiada qeyd edilən 237 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin sökülməsinə görə ondan 22.000 manat məbləğində kompensasiya tələb etmişdir. İşə baxılan zaman onun ərizəsi ilə o, əsl İddiaçı MMC ilə əvəz edilmiş və həmin icraatda iddiaçı məhz İddiaçı MMC-nin qanuni təmsilçisi qismində çıxış edərək, sökülmüş əmlakın cəmiyyətə məxsus olması mövqeyindən çıxış etmişdir. Lakin Bakı Kommersiya Məhkəməsi İddiaçı MMC tərəfindən təqdim edilmiş sənədlərin İddiaçı MMC-nin sökülməsi iddia olunan tikili üzərində qanunla qorunan əşya hüququna malik olmasını müəyyən etmək üçün yetərli olmaması, habelə iddiaçının həmin tikilinin nə zaman və kim tərəfindən sökülməsini sübuta yetirə bilməməsi qənaətinə gələrək, 2-2(113)-3291/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianı rədd etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 24 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. İş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.1992-ci il tarixdə İddiaçı kiçik müəssisəsinə milli xalq musiqi alətləri hazırlanmasını və təmirini təmin edən bina tikmək üçün Sumqayıt şəhəri, 42-ci məhəllədə 1220 kv.metr torpaq sahəsi ayrılmış və Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 10, Koroğlu küçəsində qeyri-yaşayış binası tikilərək tam mülkiyyət hüququ ilə xx.xx.1997-ci il tarixdə İddiaçı kiçik müəssisəsinin adına qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 4/2-292 nömrəli, xx.xx.1999-cu il tarixli qətnaməsinə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı binada yerləşən İddiaçı kiçik müəssisəsinə məxsus qeyri-yaşayış binasının 10 faizinin Nümayəndə1, 90 faizinin isə Maraqlı şəxs verilməsi qət edilmişdir. xx.xx.2007-ci il tarixdə 1220 kv.metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbəsi tam mülkiyyət hüququ ilə Maraqlı şəxs adına qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1607/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən ərizəçi Nümayəndə1 X1 miras qalmış Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 10-da yerləşən İddiaçı kiçik müəssisəsinin qanun üzrə vərəsəsi olması və miras aldığı vaxtdan həmin miras əmlakı qəbul etməsi qət edilmişdir. İddiaçı MMC İddiaçı kiçik müəssisəsinin hüquqi varisidir. Nümayəndə1 İddiaçı MMC-nin təsisçisi və direktorudur. Hazırda İddiaçı MMC cavabdehlər Maraqlı şəxs və Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-nin işgüzar nüfuzuna xələl gəldiyinə görə 5.000 manat mənəvi zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən İddiaçı MMC-nin istifadəsində olan 237 kv.m 1 mərtəbəli qeyri-yaşayış sahəsinin cavabdehlərin hesabına bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, cavabdehlər Maraqlı şəxs və Cavabdeh tərəfindən Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən İddiaçı kiçik müəssisəsinin istifadəsində olan 237 kv.metrlik 1 mərtəbəli obyekt qanunsuz dağıdılmış, materialları satılmış, nəticədə İddiaçı MMC-yə külli miqdarda zərər dəymiş, həmin 237 kv.metrlik sahənin cavabdehlər tərəfindən şəxsi vəsaitləri hesabına bərpa edilməsi zərurəti yaranmış, bununla yanaşı cavabdehlər tərəfindən İddiaçı MMC-nin və onun direktoru Nümayəndə1 əsassız olaraq ona şər və böhtan atılmaqla məhkəmələrə cəlb edilməsi şərəf və ləyaqət, həmçinin işgüzar nüfuza xələl gətirilməsi ilə nəticələnmişdir. Məhkəmə iddiaçının Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 237 kv.m 1 mərtəbəli qeyri-yaşayış sahəsinin cavabdehlərin hesabına bərpa edilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı əvvəllər Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 237 kv.m 1 mərtəbəli qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı Cavabdeh qarşı 15000 manat vurulmuş maddi ziyan tələbi, daha sonra həmin qeyri-yaşayış sahəsinin sökülməsinə görə cavabdeh Maraqlı şəxs ”Tello” MMC-nin xeyrinə 22.000 manat məbləğində kompensasiya tələbi ilə məhkəmələrə müraciət etmiş və həmin məsələlər məhkəmə qaydasında mübahisələndirilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə qətnamələrinə əsasən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş sənədlərin İddiaçı MMC-nin sökülməsi iddia olunan Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 237 kv.m 1 mərtəbəli tikili üzərində qanunla qorunan əşya hüququna malik olmasını müəyyən etmək üçün yetərli olmaması, habelə iddiaçının həmin tikilinin nə zaman və kim tərəfindən sökülməsini sübuta yetirə bilməməsi qənaətinə gələrək iddia tələbləri rədd edilmişdir. Həmin qətnamələr qanuni qüvvəyə minmişdir. Hazırda iddiaçı cavabdehlər tərəfindən Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 237 kv.m 1 mərtəbəli qeyri-yaşayış sahəsinin qanunsuz dağıdılması, materialların satılması, nəticədə İddiaçı MMC-yə külli miqdarda zərər dəyməsi əsası ilə çıxış edərək, qeyri-yaşayış sahəsinin cavabdehlərin hesabına bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında hazırki mövcud olan mübahisəyə dair müvafiq məhkəmə qərarları ilə yekun hüquqi qiymət verilmişdir. Bu səbəbdən hazırki iddia tələbinin hər hansı formada (tam və ya qismən) təmin edilməsi istisna edilir. Məhkəmə eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinə əsas görmür. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnaməsinin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmuşdursa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malikdir. Məhkəmə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-nin işgüzar nüfuzuna xələl gəldiyinə görə 5.000 manat mənəvi zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə münasibətdə isə qeyd edir ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Göründüyü kimi, iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, hansı mənəvi sarsıntı və iztirablar keçirməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində də təmin edilməməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı cavabdehlər Maraqlı şəxs və Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin bərpa edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar