Məhkəmə qərarları › İş №e-2(004)-5805/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5805/2023

14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5805/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Rza (Hüseynli) Zilhiccə Niyaz qızının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Rza (Hüseynli) Zilhiccə Niyaz qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Rza (Hüseynli) Zilhiccə Niyaz qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2-(004)-1222/2022 saylı qətnaməsi ilə qət edilmiş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay iddiaçının aylıq qazancından ¼ hissəsi miqdarında aliment tutularaq cavabdehə ödənilməsinin dəyişdirilərək – iddiaçıdan xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatan kimi saxlanması üçün hər ay sabit 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-(004)-1222/2022 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli 687 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Eyni zamanda qeyd edilən qətnamə ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıdan hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutularaq cavabdehə ödənilməsi də qət edilmişdir. İddiaçı tərəfindən qeyd edilən aliment məbləği məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdən də artıq miqdarda ödənilmişdir. Lakin iddiaçı ilə iddiaçının işə götürəni arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verildiyindən və hazırda iddiaçı işaxtaran statusunda olduğundan iddiaçının yuxarıda qeyd edilən ¼ hissədə aliment miqdarının ödənilməsi mümkün deyildir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə aliment məbləğinin məhkəmə tərəfindən müəyyən olunmuş məbləğdə ödənilməsinin qeyri-mümkünlüyü bildirilmiş və alimentin sabit pul məbləğində ödənilməsi təklif edilmişdir. Lakin cavabdeh ilk vaxtlar buna müsbət münasibət bildirsə də, sonradan qeyri adekvat davranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçının əmək müqaviləsinə xitam verilmişdir və iddiaçı iş axtaranlar sırasındadır. Bununla bağlı sənədi məhkəməyə təqdim etmişlər. Ona dörə də, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Rza (Hüseynli) Zilhiccə Niyaz qızının nümayəndəsi və vəkili Nümayəndə izaahtında bildirmişdr ki, cavabdeh iddianı qəbul etmir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bununla bağlı çıxarışı Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etmişdir. İddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1222/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Rza (Hüseynli) Zilhiccə Niyaz qızı arasında xx.xx.2017-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah evi) 687 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X2 anası Rza (Hüseynli) Zilhiccə Niyaz qızının yanında qalmasının (saxlanılması) müəyyən edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı hər ay aylıq qazancının və başqa gəlirinin ¼ hissəsi miqdarında aliment tutularaq cavabdeh Rza (Hüseynli) Zilhiccə Niyaz qızına verilməsi, alimentin tutulma müddətinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci bəndində göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda, valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardımla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlim-tərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifəsinə daxildir. Hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan azyaşlı uşağı cavabdehin himayəsindədir. Uşağın saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda, iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən də boyun qaçırması, bundan sonra isə alimentin azaldılmasını və uşağın maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir. Məhkəmə onu da qeyd edir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur (maddə 76.1.1). Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Bundan başqa, iddiaçı qətnamənin çıxarıldığı vaxtla müqayisədə hazırda maddi vəziyyətinin əsaslı dərəcədə pisləşməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra uşağın mənafeyi nəzərə alınaraq, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatının təmin edilməsi üçün iddia rədd olunmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, uşaqlar üçün qanunverciliklə müəyyən edilmiş yaşayış minmunun həddini, tərəflərin birgə nikahdan doğulmuş uşağın böyüdüyünü, xərclərinin ildən-ilə artmasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maskimal saxlanılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, İddiaçı Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək xx.xx.2020-ci il təvəllüdlü oğlu Rza (Hüseynli) Zilhiccə Niyaz qızına görə sabit 220 manat məbləğində alimentin tutulması barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Rza (Hüseynli) Zilhiccə Niyaz qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar