Məhkəmə qərarları › İş №e-2(004)-594/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-594/2025

07.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-594/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X12 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında Nəsimi rayon qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 240 saylı nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin azyaşlı övladları olan X4 qızı (d/t: xx.xx.2017) və X5 qızının (d/t: xx.xx.2019) İddiaçı yanında saxlanılması; Cavabdeh azyaşlı uşaqları X4 qızı (d/t: xx.xx.2017) və X5 qızının (d/t: xx.xx.2019) saxlanması üçün aylıq qazancının üçdə bir hissəsi miqdarda aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında Nəsimi rayon qeydiyyat şöbəsində xx.xx.2010 tarixdə nikah 240 saylı nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından X4 qızı (d/t: xx.xx.2017) və X5 qızı (d/t: xx.xx.2019) anadan olmuşdur. İddiaçı və cavabdehin xasiyyətləri tutmadığına, tez-tez ailədaxili anlaşmazlıqlar yaşanmasına görə cavabdehlə bir yerdə yaşamaları artıq qeyri-mümkündür, aralarında olan nikah əlaqələri faktiki olaraq kəsilmişdir və birgə təsərrüfatı idarə etmirlər. Cavabdehlə barışmaq, onların gələcək birgə ailə həyatının və ailənin qorunub saxlanması mümkün deyil. Cavabdeh Bakı Sağlamlıq Mərkəzi PHŞ və Azərbaycan Tibb Universoitetinin Psixiatriya kafedrasında olmaqla iki müxtəlif yerdə işləməkdədir. Qazancı aylıq keçirilən qəbulların və müayinələrin sayına münasibətdə dəyişir. Qeyd edir ki, müraciəti əsasında mübahisənin həllinə dair mediasiya sessiyası təşkil olunmuş, lakin qarşı tərəf mediasiya sessiyasında iştirak etməmişdir və tərəfindən ilkin mediasiya sessiyasına dair müvafiq arayış əldə olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında Nəsimi rayon qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 240 saylı nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin azyaşlı övladları olan X4 qızı (d/t: xx.xx.2017) və X5 qızının (d/t: xx.xx.2019) İddiaçı yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh ilə videozəng vasitəsi ilə əlaqə saxlanılmış və o, iddia tələbini qəbul edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ 558060 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən Cavabdeh ilə İddiaçı xx.xx.2010-cu il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 240 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Manuçeri-Lalen”, arvada “Məmmədzadə” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş P3512327 qeydiyyat nömrəli doğum haqqında tibbi şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən Manuçeri- Lalei Mila xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş P3916028 qeydiyyat nömrəli doğum haqqında tibbi şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən Manuçeri- Lalei Sara xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər- arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 21.3-cü maddəsinə əsasən nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 240 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır. Məhkəmə birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqların yaşını, hazırda analarının yanında olmasını, tərəflər arasında uşaqların hansı valideynin yanında qalması ilə bağlı mübahisənin olmamasını və atanın uşaqların analarının himayəsinə verilməsinə razı olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X4 qızı və xx.xx.2019cu il təvəllüdlü X5 qızının anaları İddiaçı yanında qalmaları uşaqların hüquq və mənafelərinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etmədiyindən, tərəflər arasında nikah pozularkən birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin tutulması qaydası və miqdarı məsələsi məhkəmə tərəfindən müəyyən edilməməlidir. Bununla yanaşı məhkəmə izah etməyi zəruri hesab edir ki, uşaqlar yetkinlik yaşına çatanadək iddiaçı istənilən vaxt aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutmaqla hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 240 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 qızı və xx.xx.2019-cu il təvəllüdlü X5 qızının anaları İddiaçı yanında qalmaları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 240 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 qızı və xx.xx.2019cu il təvəllüdlü X5 qızının anaları İddiaçı yanında qalmaları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar