Məhkəmə qərarları › İş №e-2(004)-640/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-640/2025

21.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-640/2025 21.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına qarşı “ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 69 000 manat məbləğində əmək haqqının, əmək haqqının verilməsi işəgötürənin təsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində 690 gün üçün 47610 manat ödəncin, 60 manat mediasiya xərcinin cavabdeh İnpharmatis MMC-nin Azərbaycan Respublikasındakı filialından tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən mülki iş üzrə xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Daha sonra, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin 4.1-ci bəndində qeyd edilmiş aylıq 3000 manatla hesablanmış 2023-cü ilin noyabr ayı üçün 3000 manat, 2023-cü ilin dekabr ayı üçün 3000 manat, 2024-cü ilin yanvar ayı üçün 3000 manat, 2024-cü ilin fevral ayı üçün 3000 manat və 2024-cü ilin mart ayı üçün 3000 manat, cəmi 15000 manat əmək haqqı məbləğinin, bundan başqa hər ay ödənilməli olan, lakin ödənilməyən əmək haqqı üçün gecikmə günlərinin sayına uyğun olaraq hər ay üçün ayrı-ayrılıqda gecikmiş gün üçün əmək haqqının 1 faizi məbləğinin, cəmi (3000x1%*152 gün) 4560 manat pulun, 60 manat mediasiya xərcinin, ümumilikdə 19620 manat məbləğində pulun Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialından tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 avqust 2021-ci il tarixindən etibarən 01 aprel 2024-cü il tarixədək cavabdeh təşkilatda menecer vəzifəsində çalışmışdır. İddiaçı ilə cavabdeh arasında olan əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən tənzimlənmişdir və bunun əsasında tərəflər arasında qanuni əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə uyğun olaraq iddiaçının aylıq əmək haqqı 3000 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçının bildirdiyinə görə işəgötürən tərəfindən iddiaçıya əmək münasibətində olduqları dövrdə bəzi aylar üzrə əmək haqqı ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına menecer vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 68.2-ci maddəsinin a bəndinə əsasən öz ərizəsi əsasında işdən azad edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına menecer vəzifəsinə işə qəbul edilmiş və aylıq əmək haqqı 3000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı X2 Xidmətinə ünvanladığı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılır. Vətəndaş tərəfindən araşdırma zamanı təqdim edilmiş əmək haqqı bank çıxarışına baxış keçirilərkən inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə barədə Qərara əsasən X1 (Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialının icra orqanının rəhbəri) AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş (İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilərkən son haqq-hesab ödənilməmişdir) və barəsində 900 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, onun "İnpharmatis” MMC-nin Azərbaycan Respublikasındakı Filialında əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanladığı müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı təqdim etdiyi izahatda işlədiyi dövrdə əmək haqqlarının ödənilmədiyini bildirmiş və iddiasını təsdiq edən əmək haqqı bank hesabından çıxarış təqdim etmişdir. Müraciətlə əlaqədar "İnpharmatis'’ MMC-nin Azərbaycan Respublikasındakı Filialının ünvanına (AZ1070, ünvan 3 3-17-5/2-67832/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və ona aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin sənədlər təqdim edilməmişdir. Tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən onunla "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) öz xahişi ilə xitam verildiyi, təqdim etdiyi əmək haqqı bank çıxarışından isə son haqq-hesabının ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də, "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının keçmiş direktoru X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq işçinin işdən çıxarkən ona düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün ödənilməməsi) maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Son haqq-hesabın düzgün hesablanaraq ona ödənilməsinə dair "İnpharmatis” MMC-nin Azərbaycan Respublikasındakı Filialının rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. Müraciətdə qeyd etdiyi məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinin tələblərinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 172.2-ci maddəsinə əsasən, kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək Məcəlləsinin 172.3-cü maddəsinə əsasən, əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına menecer vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 68.2-ci maddəsinin a bəndinə əsasən öz ərizəsi əsasında işdən azad edilmişdir. İddiaçının iddia etdiyi kimi 2023-cü ilin noyabr, dekabr, 2024-cü ilin yanvar, fevral, mart ayının əmək haqqısı ona ödənilməmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin noyabr, dekabr, 2024-cü ilin yanvar, fevral, mart ayları üzrə - 5 ay üçün hər ay 3000 (üç min) manat olmaqla, cəmi 15000 (on beş min) manat məbləğində ödənilməmiş əmək haqqı və vaxtında ödənilməyən əmək haqqına görə hesablanmış ödənc kimi 4560 (dörd min beş yüz altmış) manat məbləğində pul vəsaiti və mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat Cavabdeh MMCdən tutularaq İddiaçı xeyrinə ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmiş, qeyd edilən aylar üzrə iddiaçıya əmək haqqının ödənilməsini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən bu halları, habelə əmək haqqını vaxtında ödəməməsinin qanuni əsasını sübutetmə yükü cavabdehin üzərindədir. Belə ki, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən iddiaçının sözügedən əmək hüquqlarının pozulması digər iş materialları ilə də öz təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə barədə Qərara əsasən X1 (Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialının icra orqanının rəhbəri) AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş (İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilərkən son haqq-hesab ödənilməmişdir) və barəsində 900 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ona ödənilməli olan lakin ödənilməyən əmək haqqının ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçıya ödənilməli olan lakin ödənilməyən əmək haqlarının məbləği isə 2023-cü ilin noyabr, dekabr, 2024-cü ilin yanvar, fevral, mart ayları üzrə - 5 ay üçün hər ay 3000 (üç min) manat olmaqla, cəmi 15000 (on beş min) manat təşkil edir. Ona görə də, iddiaçıya ödənilməmiş 15000 manat əmək haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş əmək haqqının vaxtında verilmədiyi üçün hər gecikdirilmiş günə görə hesablanmış məbləğin ən azı bir faizi həcmində gündəlik ödəncin verilməsi ilə bağlı tələb də əsaslıdır. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023cü il tarixli qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İddiaçıya 2023-cü ilin noyabr ayı üçün ödənilməli olan 3000 manat əmək haqqının 01 dekabr 2023-cü il tarixdə verilməli olduğunu nəzərə aldıqda və həmin tarixdən hazırkı qətnamənin qəbul edildiyi günə, yəni 21 yanvar 2025-ci il tarixə hesablandıqda müəyyən olunur ki, 2023-cü ilin noyabr ayı üçün iddiaçıya ödənilməli olan əmək haqqı 417 gün gecikdirilmişdir. Eyni qayda ilə hesabladıqda müəyyən olunur ki, 2023-cü ilin dekabr ayı üçün iddiaçıya ödənilməli olan 3000 manat əmək haqqı 386 gün, 2024-cü ilin yanvar ayı üçün iddiaçıya ödənilməli olan 3000 manat əmək haqqı 355 gün, 2024-cü ilin fevral ayı üçün iddiaçıya ödənilməli olan 3000 manat əmək haqqı 326 gün, 2024-cü ilin mart ayı üçün iddiaçıya ödənilməli olan 3000 manat əmək haqqı 295 gün gecikdirilmişdir. İddiaçının cavabdeh təşkilatda işlədiyi müddətdə ona ödənilməli olan əmək haqlarının gecikdirildiyini nəzərə alaraq və Əmək Məcəlləsinin 172 və 195-ci maddələrinə əsaslanaraq məhkəmə hesab edir ki, hər itirilmiş gün üçün əmək haqqının 1%-i həcmində ödənc hesablanmaqla, vaxtında ödənilməyən əmək haqqına görə hesablanmış ödənc cəmi 53370 manat təşkil edir. Həmin məbləğ isə aşağıda göstərilən qaydada hesablanmışdır:

1. 417 gün x 3000 manat = 1.251.000 x 1% = 12510 manat;

2. 386 gün x 3000 manat = 1.158000 x 1% =11580 manat;

3. 355 gün x 3000 manat = 1.065.000 x 1% = 10650 manat;

4. 326 gün x 3000 manat = 978.000 x 1% = 9780 manat;

5. 295 gün x 3000 manat = 885.000 x 1% = 8850 manat;

6. 12510 + 11580+ 10650+9780+8850= 53370 manat. Lakin iddia ərizəsindən də göründüyü kimi iddiaçı cavabdehdən hər itirilmiş gün üçün əmək haqqının 1%-i həcmində cəmi 4560 manat ödəncin tutulmasını tələb etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçının cavabdeh təşkilatda işlədiyi müddətdə ona ödənilməli olan əmək haqlarının gecikdirildiyini nəzərə alaraq və Əmək Məcəlləsinin 172 və 195-ci maddələrinə əsaslanaraq məhkəmə hesab edir ki, hər itirilmiş gün üçün əmək haqqının 1%-i həcmində ödənc hesablanmaqla, irəli sürülmüş iddia tələbi həcmində cəmi 4560 manat dəbbə pulu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş mediasiya prosesində çəkilən 60 manat xərcin əvəzi də Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2023-cü ilin noyabr, dekabr, 2024-cü ilin yanvar, fevral, mart ayları üzrə - 5 ay üçün hər ay 3000 (üç min) manat olmaqla, cəmi 15000 (on beş min) manat məbləğində ödənilməmiş əmək haqqı və vaxtında ödənilməyən əmək haqqına görə hesablanmış ödənc kimi 4560 (dörd min beş yüz altmış) manat məbləğində pul vəsaiti və mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238, 244, 358 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin olunsun. 2023-cü ilin noyabr, dekabr, 2024-cü ilin yanvar, fevral, mart ayları üzrə - 5 ay üçün hər ay 3000 (üç min) manat olmaqla, cəmi 15000 (on beş min) manat məbləğində ödənilməmiş əmək haqqı və vaxtında ödənilməyən əmək haqqına görə hesablanmış ödənc kimi 4560 (dörd min beş yüz altmış) manat məbləğində pul vəsaiti və mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar