Məhkəmə qərarları › İş №e-2(004)-6416/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6416/2025

18.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6416/2025 18.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK dan iddiaçının xeyrinə 60000 manat mənəvi ziyan və ödənilmiş 270 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, X7 01 sentyabr 2018-ci il tarixdən Cavabdeh MTK-nın tikinti və texniki təhlükəsizlik sahəsi üzrə briqadiri vəzifəsində işləyərkən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 298 saylı və 02 avqust 2018-ci il tarixli, 252 saylı sərəncamları əsasında Cavabdeh MMC-yə ayrılmış Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Əsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin əhatə etdiyi ərazidə qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin söküntü işlərinin təhlükəsiz aparılmasına rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi normativ sənədlərin – “Tikintidə təhlükəsizlik texnikası İİİ-4-80 Tikinti norma və qaydaları”nın 1.16-cı bəndinin tələblərinə əsasən kənar şəxslərin tikinti meydançalarına buraxılmasının qadağan olunmasına, həmçinin “Briqadirin (texniki təhlükəsizlik sahəsi üzrə) vəzifə Təlimatı”nın 8-ci bəndinin tələblərinə görə kənar şəxslərin tikinti-söküntü sahəsinə daxil olmamasına nəzarət etməli olduğu halda, qeyd olunan tələblərə əməl etməyib öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqasının ölümünə və digər ağır nəticələrə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib, köhnə tikinti materiallarının satışı ilə məşğul olan kənar şəxslər - X8, X9 və digər şəxsləri 07 sentyabr 2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən tikinti və söküntü işləri aparılan əraziyə buraxmış, onların həmin ərazidə yerləşən köhnə tikilidə istifadəyə yararlı tikinti materiallarını sökərək götürmələrinə icazə vermiş, sonuncular da qeyd olunan tarixdə, saat 16 radələrində həmin tikilinin 4-cü mərtəbəsində dam hissəsində quraşdırılmış atma taxtaları sökərkən mərtəbələr arasında arakəsmələr olmadığından taxtanın qırılması nəticəsində S.Məmmədovun zirzəmiyə yıxılaraq ehtiyatsızlıqdan İ, İİ, İİİ boyun fəqərələrinin sınıqları, sağdan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğalarının arxa qoltuq xətti üzrə sınıqları və qabırğaarası əzələlərə qansızmalar, hər iki ağ ciyərin cırılmış yaraları, baş beynin alın payına, həmin hissədə sərt qişaya və yumşaq toxuma altına qansızma, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, hər iki ağciyərə və qaraciyərə qansızmalar, alın nahiyyəsinin sağ yarısının, üzün sağ yarısının, burun nahiyyəsinin, sağ qoltuq çuxurunun ön hissəsinin, sol saidin, sağ bazunun aşağı 1/3-nin və saidin orta 1/3-nin sıyrıqları, sol bazu nahiyyəsinin ön-iç səthindən başlayan və dirsək çuxurunu əhatə etməklə saidin yuxarı 1/3-nin ön səthinədək davam edən fasiləli sıyrıq, sağ bazunun, döş qəfəsinin və qarnın ön-yan səthlərinin çoxsaylı sıyrıqları, döş qəfəsi və qarnın sağ yarısının iriölçülü qançırı ilə müşayiət olunan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilən xəsarətlər alaraq boyun fəqərələri və qabırğaların çoxsaylı sınıqları, hər iki ağciyərin cırılması nəticəsində inkişaf edən travmatik– hemorragik şoku səbəbindən vəfat etməsinə səbəb olmuşdur. Hadisə nəticəsində həyatını itirmiş X8 İddiaçı qardaşıdır. Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-76/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası Cinayət Məcə ləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçının mərhum qardaşı X8 bu hadisə nəticəsində faciyəvi şəkildə dünyasını dəyişib. İddiaçı bildirmək istəyir ki, bir bacı üçün qardaşının ölməsi ürəkdağlayan emosional itkidi. Qardaş itkisi xüsusilədə faciyəvi şəkildə hər hansı bir şəxsin təqsiri ucbtından baş verdikdə bacıda güclü haqsızlıq və etimadın sarsılması hissi yaradır. Qardaşının ölümü bacıda gələcək planlarının, qardaşına bağlı xəyalların puç olması, mənəvi boşluq və həyatdan zövq ala bilməmə kimi nəticələrə gətirib çıxardır. Bir qardaşın faciyəvi şəkildə ölümü bir bacı üçün həm şəxsi həmdə ictimai ədalət hissinə ağır zərbədir. Bu cür hallar mənəvi zərərin ən yüksən dərəcələrindən biri kimi hesab olunur. Qardaşı Sərvətin ölüm səbəbi Cavabdeh MTK-nın əmədaşlarının məsuliyyətsizliyi və səhlənkarlığıdır. Əgər Cavabdeh MTK-nın əmədaşları öz işinə vicdanla, məsuliyyətlə yanaşsaydılar bu faciə baş verməyəcəkdi. Ona görə də, bu ziyan Cavabdeh MTK tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, mərhum X2 həyat yoldaşı cavabdehdən 15000 manat kompensasiya almışdır. Lakin kompensasiya məhkəmə qətnaməsi əsasında alınmamışdır. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)- 76/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, X7 01 sentyabr 2018-ci il tarixdən Cavabdeh MTK-nın tikinti və texniki təhlükəsizlik sahəsi üzrə briqadiri vəzifəsində işləyərkən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 298 saylı və 02 avqust 2018-ci il tarixli, 252 saylı sərəncamları əsasında Cavabdeh MMC-yə ayrılmış Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Əsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin əhatə etdiyi ərazidə qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin söküntü işlərinin təhlükəsiz aparılmasına rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi normativ sənədlərin – “Tikintidə təhlükəsizlik texnikası İİİ-4-80 Tikinti norma və qaydaları”nın 1.16-cı bəndinin tələblərinə əsasən kənar şəxslərin tikinti meydançalarına buraxılmasının qadağan olunmasına, həmçinin “Briqadirin (texniki təhlükəsizlik sahəsi üzrə) vəzifə Təlimatı”nın 8-ci bəndinin tələblərinə görə kənar şəxslərin tikinti-söküntü sahəsinə daxil olmamasına nəzarət etməli olduğu halda, qeyd olunan tələblərə əməl etməyib öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqasının ölümünə və digər ağır nəticələrə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib, köhnə tikinti materiallarının satışı ilə məşğul olan kənar şəxslər - X8, X9 və digər şəxsləri 07 sentyabr 2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən tikinti və söküntü işləri aparılan əraziyə buraxmış, onların həmin ərazidə yerləşən köhnə tikilidə istifadəyə yararlı tikinti materiallarını sökərək götürmələrinə icazə vermiş, sonuncular da qeyd olunan tarixdə, saat 16 radələrində həmin tikilinin 4-cü mərtəbəsində dam hissəsində quraşdırılmış atma taxtaları sökərkən mərtəbələr arasında arakəsmələr olmadığından taxtanın qırılması nəticəsində S.Məmmədovun zirzəmiyə yıxılaraq ehtiyatsızlıqdan İ, İİ, İİİ boyun fəqərələrinin sınıqları, sağdan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğalarının arxa qoltuq xətti üzrə sınıqları və qabırğaarası əzələlərə qansızmalar, hər iki ağ ciyərin cırılmış yaraları, baş beynin alın payına, həmin hissədə sərt qişaya və yumşaq toxuma altına qansızma, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, hər iki ağciyərə və qaraciyərə qansızmalar, alın nahiyyəsinin sağ yarısının, üzün sağ yarısının, burun nahiyyəsinin, sağ qoltuq çuxurunun ön hissəsinin, sol saidin, sağ bazunun aşağı 1/3-nin və saidin orta 1/3-nin sıyrıqları, sol bazu nahiyyəsinin ön-iç səthindən başlayan və dirsək çuxurunu əhatə etməklə saidin yuxarı 1/3-nin ön səthinədək davam edən fasiləli sıyrıq, sağ bazunun, döş qəfəsinin və qarnın ön-yan səthlərinin çoxsaylı sıyrıqları, döş qəfəsi və qarnın sağ yarısının iriölçülü qançırı ilə müşayiət olunan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilən xəsarətlər alaraq boyun fəqərələri və qabırğaların çoxsaylı sınıqları, hər iki ağciyərin cırılması nəticəsində inkişaf edən travmatik–hemorragik şoku səbəbindən ölməsinə səbəb olmuşdur. İş materiallarında olan Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-76/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-76/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2018-ci il tarixli, 81 saylı rəyinə əsasən X2 meyitində İ, İİ, İİİ boyun fəqərələrinin sınıqları, sağdan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğalarının arxa qoltuq xətti üzrə sınıqları və qabırğaarası əzələlərə qansızmalar, hər iki ağ ciyərin cırılmış yaraları, baş beynin alın payına, həmin hissədə sərt qişaya və yumşaq toxuma altına qansızma, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, hər iki ağciyərə və qaraciyərə qansızmalar, alın nahiyyəsinin sağ yarısının, üzün sağ yarısının, burun nahiyyəsinin, sağ qoltuq çuxurunun ön hissəsinin, sol saidin, sağ bazunun aşağı 1/3-nin və saidin orta 1/3-nin sıyrıqları, sol bazu nahiyyəsinin ön-iç səthindən başlayan və dirsək çuxurunu əhatə etməklə saidin yuxarı 1/3-nin ön səthinədək davam edən fasiləli sıyrıq, sağ bazunun, döş qəfəsinin və qarnın ön-yan səthlərinin çoxsaylı sıyrıqları, döş qəfəsi və qarnın sağ yarısının iriölçülü qançırı ilə müşayiət olunan xəsarətlər aşkar edilmişdir. X2 meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl xx.xx.2018-ci il tarixdə əmələ gəlmişlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin X2 hündürlükdən yıxılması nəticəsində əmələ gələ bilmələri mümkündür. X2 ölümünə səbəb hündürlükdən yıxılma nəticəsində boyun fəqərələri və qabırğaların çoxsaylı sınıqları, hər iki ağciyərin cırılması nəticəsində inkişaf edən travmatik-hemorragik şok olmuşdur. İş materiallarında olan Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-76/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh MMC üzrə 01 sentyabr 2018-ci il tarixli, 23/F nömrəli əmrə və əmək müqaviləsinə əsasən X7 həmin tarixdən briqadir vəzifəsinə təyin edilmiş və cəmiyyətə ayrılmış Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin əhatə etdiyi ərazidə qəzalı vəziyyətdə olan istismar müddəti başa çatmış evlərin söküntü işlərinin təhlükəsiz aparılması səlahiyyətləri (tikinti, təhlükəsizlik işləri üzrə) ona həvalə edilmişdir. İş materiallarında olan İmişli rayonu Bir May qəsəbə Soveti tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli, İ-ЖГ seriyalı 306454 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1972-ci il tarixdə İmişli rayonunda anadan olmuş, ata qrafasında X3, ana qrafasında X5 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1972-ci il tarixdə 37 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İmişli “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında elektron şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1976-cı il tarixdə İmişli rayonunda anadan olmuş, ata qrafasında X3, ana qrafasında X5 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1976-cı il tarixdə 5 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 2-ci hissəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cinayət Prosessual Məcəllənin 12.2-ci maddəsinə əsasən cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə hökmü ilə təqsirli bilinmiş X7 01 sentyabr 2018-ci il tarixdən Cavabdeh MTK-nın tikinti və texniki təhlükəsizlik sahəsi üzrə briqadiri vəzifəsində işləyərkən köhnə tikinti materiallarının satışı ilə məşğul olan kənar şəxslər - X8, X9 və digər şəxsləri 07 sentyabr 2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən tikinti və söküntü işləri aparılan əraziyə buraxmış, onların həmin ərazidə yerləşən köhnə tikilidə istifadəyə yararlı tikinti materiallarını sökərək götürmələrinə icazə vermiş, sonuncular da qeyd olunan tarixdə, saat 16 radələrində həmin tikilinin 4-cü mərtəbəsində dam hissəsində quraşdırılmış atma taxtaları sökərkən mərtəbələr arasında arakəsmələr olmadığından taxtanın qırılması nəticəsində S.Məmmədovun zirzəmiyə yıxılaraq ehtiyatsızlıqdan İ, İİ, İİİ boyun fəqərələrinin sınıqları, sağdan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğalarının arxa qoltuq xətti üzrə sınıqları və qabırğaarası əzələlərə qansızmalar, hər iki ağ ciyərin cırılmış yaraları, baş beynin alın payına, həmin hissədə sərt qişaya və yumşaq toxuma altına qansızma, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, hər iki ağciyərə və qaraciyərə qansızmalar, alın nahiyyəsinin sağ yarısının, üzün sağ yarısının, burun nahiyyəsinin, sağ qoltuq çuxurunun ön hissəsinin, sol saidin, sağ bazunun aşağı 1/3-nin və saidin orta 1/3-nin sıyrıqları, sol bazu nahiyyəsinin ön-iç səthindən başlayan və dirsək çuxurunu əhatə etməklə saidin yuxarı 1/3-nin ön səthinədək davam edən fasiləli sıyrıq, sağ bazunun, döş qəfəsinin və qarnın ön-yan səthlərinin çoxsaylı sıyrıqları, döş qəfəsi və qarnın sağ yarısının iriölçülü qançırı ilə müşayiət olunan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilən xəsarətlər alaraq boyun fəqərələri və qabırğaların çoxsaylı sınıqları, hər iki ağciyərin cırılması nəticəsində inkişaf edən travmatik–hemorragik şoku səbəbindən ölməsinə səbəb olmuşdur. Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-76/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda İddiaçı qardaşı mərhum X2 ölümü səbəbilə ona mənəvi ziyan dəydiyini əsas gətirərək, cavabdehdən mənəvi zərərin əvəzi kimi 60000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş edir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh MTK-nın işçisi X1 təqsiri nəticəsində iddiaçının qardaşı mərhum X2 ölməsi işin mübahisəsiz halıdır və iş materiallarına əlavə edilmiş hökm əsasında öz təsdiqini tapır. Bununla da cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəydiyi öz təsdiqini tapdığından ona dəymiş mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, cavabdeh təşkilatın işçisinin ehtiyatsızlıqdan törətdiyi cinayət əməli nəticəsində iddiaçı qardaşını itirməklə məlum hadisədən mənəvi sarsıntı keçirmişdir. Buna görə də Cavabdeh MTK cavabdeh şəxs kimi öz işçisinin əmək vəzifələrinin icrası zamanı vurduğu zərərin əvəzini ödəməlidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına göstərilmişdir ki, “mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır”. Məhkəmənin qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən edilməlidir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Bu zaman sağ ikən şəxslərarası münasibətlərin məzmununa xüsusi diqqət edilməlidir. Odur ki, ölən şəxslə yaxşı münasibəti olan və daim onun yanında qalan bir kəsə ödəniləcək təzminat məbləği, münasibətləri pis olan və uzun zaman ərzində onunla görüşməyən şəxsə ödəniləcək məbləğdən çox olmalıdır. Mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Zərərvuranın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Bu anlamda, ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləği ilə eyni olmamalıdır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə mənəvi zərərə görə 60000 manat pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi mənəvi zərərin məbləği hissəsində qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili izahatında qeyd etmişdir ki, mərhum X2 həyat yoldaşı cavabdehdən 15000 manat kompensasiya almışdır. Məhkəmə yuxarıda qeyd edilən qərarlardakı hüquqi mövqeləri nəzərə alaraq qeyd edir ki, mərhumun həyat yoldaşı onunla birgə yaşadığı və birgə təsərüfat apardığı üçün, həmçinin ər-arvad olduqları üçün onun 15000 manat kompensasiya alması ağlabatan və ədalətli olmuşdur. Lakin hazırki halda mərhumun bacısının 60000 manat məbləğində mənəvi zərər tələbi isə ağlabatan deyildir. Mənəvi zərərin məbləğinə münasibətdə məhkəmə hesab edir ki, mərhumun ölümünə səbəb olmuş hadisə ehtiyatsızlıqdan baş vermiş, həmçinin hadisə baş verdiyi tarixdən 6 ildən çox müddət keçmişdir. Bununla yanaşı tələb edilən 60000 manat mənəvi zərər məbləği ölkə üzrə ümumi statistik yaşam səviyyəsinə uyğun deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddiaçıya dəymiş mənəvi zərər ödənilməlidir. Bununla belə, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən 60000 manat məbləğin çox yüksək olmasını, həmçinin mərhumun həyat yoldaşına 15000 manat məbləğində mənəvi zərərin verilməsini nəzərə alaraq, hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 5000 (beş min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat pul cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 200 (iki yüz) manat (270-70=200) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 200 (iki yüz) manat (270-70=200) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar