Məhkəmə qərarları › İş №e-2(004)-6452/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6452/2025

12.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6452/2025 12.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment tələbləri barədə iddiası üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2024-cü il təvəllüdlü X1 iddiaçının yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ya sabit pul məbləgində 246 manat alimentin və uşağın üç yaşına kimi əlavə olaraq hər ay 150 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, tərəflər el adəti ilə Azərbaycanda toy edib faktiki ailə qurmuş və xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Voronej şəhərində rəsmi nikaha daxil olmuşlar. Bir müddət sonra münasibətləri pozulmuş, iddiaçı vətənə qayıtmış, birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X2 anadan olmuşdur. Lakin cavabdeh uşağın saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Cavabdeh tərəfin təqdim etdiyi qəbzlər üzrə ödənişlər isə doğuş zamanı əməliyyat xərcləri ilə bağlıdır, belə ki, əməliyyata 1400 manat məbləğində pul ödənilmişdir. İddiaçı işləmir, maddi imkanı aşağıdır. Cavabdeh isə əmək qabiliyyətlidir, Rusiya Federasiyasında sahibkarlıqla məşğuldur, lakin onun dəqiq gəliri barədə sübutlar yoxdur. Hazırda iddia tələblərinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə yazılı ərizə təqdim edərək izahatında bildirdi ki, cavabdeh iddia tələblərini qismən qəbul edir. Belə ki, nikahın pozulmasına, uşağın ananın himayəsində saxlanılmasına etiraz etmir. Lakin alimentə dair hissədə iddianı qismən qəbul edir və hesab edir ki, aliment tələbi yalnız uşağın saxlanılması üçün hər ay 246 manat alimentin tutulması hissəsində təmin edilməlidir, digər hissədə isə təmin edilməməlidir. Belə ki, cavabdeh əmək qabiliyyətli olsa da, qeyri-rəsmi işləyir, qazancı azdır. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbləri aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İİ-CИ seriyalı, 659857 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2023-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Rusiya Federasiyası Voronej vilayəti VVAQ idarəsinin Voronej şəhəri Tsentralnıy və Lenin rayonları üzrə VVAQ şöbəsində ********************3 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-V seriyalı, 062236 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamə məlumatlarının surətindən görünür ki, Rusiya Federasiyasında bağlanmış həmin nikah aktı barədə Azərbaycan Respublikasında xx.xx.2024-cü il tarixli 6563 nömrəli akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.2-ci maddəsinin tələbinə əsasən, ər-arvad arasında saziş olmadıqda, eləcə də, bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və alimentin tutulmasını müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarının 1.2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbəndi əlavə edilmişdir: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345x0,74=255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir). Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, tərəflərin nikahın pozulmasına və uşağın anasının yanında qalmasına dair qarşılıqlı razılığı, yetkinlik yaşına çatmayan uşağın yaşı, mənafeyi, onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, eyni zamanda əmək qabiliyyətli cavabdehin aylıq qazancının miqdarı və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2-ci maddəsinin tələbinə uyğun zəruri vəsaitə malik olması barədə konkret sübutların təqdim edilməməsi, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında sabit pul məbləğində alimentin təyin edilməsi ilə bağlı müəyyən edilən qaydalar nəzərə alınaraq, iddia qismən təmin edilməli, tərəflər arasında olan nikah pozulmalı, nikah pozulduqdan sonra uşağın anasının yanında qalması müəyyən edilməli, xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində və əlavə olaraq xx.xx.2024-cü il təvəllüdlü X1 üç yaşınadək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli (0,13x400=52 manat) həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası Voronej vilayəti VVAQ idarəsinin Voronej şəhərində Tsentralnıy və Lenin rayonları üzrə VVAQ şöbəsində bağlanmış və ********************3 nömrəsi ilə qeydə alınmış (barəsində Azərbaycan Respublikasında xx.xx.2024-cü il tarixli 6563 nömrəli akt qeydi tərtib edilmiş) nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2024-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilsin. 06 noyabr 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində və əlavə olaraq xx.xx.2024-cü il təvəllüdlü X1 üç yaşınadək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar