Məhkəmə qərarları › İş №e-2(004)-6474/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6474/2025

11.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6474/2025 11.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı gecikdirilmiş əmək haqqı, kompensasiya və pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 210 manat məbləğində əmək haqqının, gecikdirilmiş əmək haqqına görə 312,9 manat məbləğində kompensasiyanın, 60 manat mediasiya xərcinin, faktiki ödəniş ediləcəyi günədək hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1%-i dərəcəsi ilə pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X6 ilə xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək SMM (sosial media meneceri) vəzifəsində qeyrirəsmi əmək münasibətləri əsasında çalışmışdır. Tərəflər arasında aylıq əmək haqqı 300 manat olaraq müəyyənləşdirilmişdir. İddiaçının işlədiyi dövr üzrə əmək haqqı (210 manat) cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində verilməli olduğu halda, bu günədək gecikdirilmişdir. İddiaçının şikayəti üzrə X7 Xidməti tərəfindən X4 barəsində inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar qəbul edilmiş və cavabdeh 3000 manat məbləğində cərimələnmişdir. Lakin yenə də onun əmək haqqını ödəməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, X7 Xidmətinin həmin qərarına əsasən əmək haqqı tələb etdiyini, əslində onun iddia tələbinin gördüyü işin müqabilində pul tələbi olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında bildirdi ki, o, cavabdeh X4 işlətdiyi “Sultan” gözəllik salonunda xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək SMM (sosial media meneceri) kimi fəaliyyət göstərmiş, bununla bağlı işlər görmüşdür. Onun fəaliyyəti instagram səhifəsi hazırlamaq, davamlı şəkildə çəkilişlər etmək, reklam xarakterli paylaşımlar etməkdən ibarət olmuşdur. Aralarında olan razılaşmaya əsasən bu işlərinə görə ona hər ay 300 manat ödənilməli idi. O, cavabdehin salonunda SMM kimi 20 gün işləmiş, bu dövr ərzində xeyli işlər görmüş, o cümlədən instagram səhifəsi hazırlamış, öz tanışları olan modelləri cəlb etməklə videoçəkilişlər hazırlayaraq səhifədə yerləşdirmiş, salonu və ustanın əl işini reklam etməklə çox sayda postlar paylaşmışdır. Görülən işlər barədə məhkəməyə fotoşəkillər və diskdə videogörüntülər təqdim etmişdir. İşləməyə başladığı vaxtdan 20 gün sonra aralarında narazılıq yaranmış, o, cavabdeh X2 çalışdığı 20 gündə gördüyü işlərin dəyəri olan 200 manatı tələb etmiş, cavabdeh isə əsəbi şəkildə 150 manat pulu ona tərəf atmış, bu hörmətsizliyə görə pulu qəbul etmədən oradan getmişdir. Sonradan cavabdehin onun əməyinə, zəhmətinə hörmətsiz davranışına görə X7 Xidmətinə və polisə şikayət etmiş, X7 Xidməti tərəfindən cavabdeh cərimələnmişdir. Polisdə şikayətə baxılarkən cavabdehin işçisi telefonla zəng edərək cavabdehin 200 manatı ödəməyə razı olduğunu desə də, polis əməkdaşı ona cavabdehin 150 manat ödəməyə hazır olduğunu demiş, lakin o, 200 manat ödənməli olduğunu deyərək bundan imtina etmişdir. Cavabdeh qərəzli şəkildə bu günə qədər ona heç bir ödəniş etməmişdir. O, gördüyü işlərin müqabilində öz pulunu, zəhmət haqqını tələb edir və hesab edir ki, tələbi tam haqlıdır. O, iddia ərizəsini X7 Xidmətinin qərarına əsasən əmək haqqı tələbi kimi tərtib etmişdir, sonradan həmin qərar məhkəmə tərəfindən ləğv edilsə də, yenə də onun 20 gün ərzində gördüyü işlərin pulu, halal zəhmət haqqı olan 200 manat pul bu günə qədər ödənilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdehin etibarnamə ilə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. O, iddiaya etirazını belə əsaslandırmışdır ki, iddiaçı öz ərizəsində xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək SMM vəzifəsində "qeyriresmi əmək münasibətləri" əsasında çalışdığını iddia edir. Lakin bu iddia həqiqəti əks etdirmir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, 3(004)-7860/2025 saylı qərarı ilə müəyyən edilmişdir ki, tərəflər arasında əmək münasibətləri mövcud olmamışdır. Həmin qərarla X7 Xidmətinin Gülarə Quluzadayə qarşı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb edilməsi) ilə tətbiq etdiyi cərimə ləğv edilmiş və işə xitam verilmişdir. Apellyasiya instansiyası da tərəflər arasında əmək münasibətlərinin yaranmadığını təsdiq etmişdir. İddiaçı, tərəflər arasında əmək münasibətlərinin olmadığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı va Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarı ilə təsdiq edildiyi halda, eyni faktı mülki icraatda yenidən mübahisələndirməyə cəhd edir. Ona görə də iddianın rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirdi ki, o, İddiaçı rəfiqəsidir. O, həmin iş yerinə modellik üçün getmiş və tərəflərin iş barəsində danışıqlarının şahidi olmuşdur. İddiaçı 20 gün ərzində Gülarə Quluzadənin gözəllik salonu üçün çəkilişlər, paylaşımlar edib, reklam postları hazırlayaraq paylaşıb. Reklam çəkilişində şəxsən iştirak etmişdir. Orada olan usta saçını düzəltmiş, İddiaçı da şəkillər çəkərək paylaşmışdır. Bu salonun ustasının əl işini reklam etmək üçün edilmişdir. Əslində bu cür model çəkilişlərinə görə ona salon sahibi tərəfindən 100 manat ödənilməli idi, lakin Aytənin xətrinə minimal ödənişə, yəni 30 manat məbləğində pulun ödənilməsinə razı olmuşdur. Ondan başqa Ayan adlı model də həmin salonda çəkilişlərdə iddiaçının xahişi ilə iştirak etmişdir. Tərəflərin danışıqları zamanı ona məlum olmuşdur ki, cavabdeh iddiaçının gördüyü işlərə görə aylıq 300 manat pul verməlidir. İddiaçı orada 20 gün işləmişdi və gördüyü işlərə görə ona 200 manat ödənilməli idi. Lakin cavabdeh həmin pulu verməkdən imtina etdi, ona görə də iddiaçı dövlət orqanlarına şikayət etdi. Polisdə araşdırma zamanı iddiaçının cavabdeh tərəfin işçisi ilə telefon danışının şahidi olub, həmin vaxt 200 manat pulun ödəniləcəyi deyilirdi, lakin polis əməkdaşı cavabdehin 150 manat ödəmək istədiyini dedi, iddiaçı isə tam şəkildə 200 manat zəhmət haqqının ödənilməsini tələb etdi. Məhkəmə, izahatları və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin İddiaçı ünvanladığı məktubun surətindən görünür ki, onun müraciətinə əsasən X6 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surəti ona göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən vəzifəli şəxs X1 Aytən Baləhməd qızını əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb etmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) X4 barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan X6 barəsində vergi məlumatlarına dair çıxarışın surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdən VÖEN-ə (**********) malikdir, fəaliyyət istiqaməti “üzün massajı, manikür, pedikür, makiyaj və sair analoji işlər” kimi qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-7860/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən (inzibati xəta tərkibi olmadığından) xitam verilmişdir. Qərarda qeyd edilmişdir ki, məhkəmə həmin iş üzrə X6 ilə İddiaçı arasında münasibətlərin daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək məzmunlu deyil, mülki-hüquqi məzmunlu olması qənaətinə gəlmişdir və qənaətini belə əsaslandırmışdır: İddiaçı X4 icarə əsasında işlətdiyi gözəllik salonunda intizam qaydalarına tabe olması, müqavilə üzrə şərtləndirmiş funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi iş materialları müəyyən edilə bilmir; İddiaçı və X6 arasında hakimiyyət-tabeçilik münasibətləri olmamışdır; İddiaçı münasibətdə iş vaxtı, istirahət vaxtı, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normalar mövcud olmamışdır; İddiaçı münasibətdə müəssisədaxili intizam qaydaları və iş vaxtı rejimi mövcud olmamışdır; İddiaçı əmək funksiyası olmamış, onun həmin tarixlərdə "xxxx" MMC ilə mövcud olan əmək müqaviləsi olmuşdur; İddiaçı göstərdiyi xidmətlər X5 icarə əsasında işlətdiyi gözəllik salonun əsas fəaliyyət sahəsinə dair işlər olmamaqla mütəmadilik təşkil etməmişdir; İddiaçı ilə X6 arasında xidmət göstərilməsi ilə bağlı şifahi müqavilə bağlanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-3521/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-7860/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərarda qeyd olunmuşdur ki, İddiaçı ilə X6 arasında xidmət göstərilməsi ilə bağlı şifahi müqavilə bağlanmışdır. İş materiallarında olan fotoşəkillərdən və videogörüntülərdən aydın olur ki, İddiaçı tərəfindən cavabdehə məxsus gözəllik salonu ilə bağlı (o cümlədən Şahid əks olunduğu) reklam xarakterli videoçəkilişlər, postlar hazırlanaraq sosial şəbəkələrdə paylaşılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutlara, o cümlədən izahatlara, şahid ifadəsinə, fotoşəkillərə, videogörüntülərə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin iddiaçıya ünvanlanan məktubuna, qüvvədə olan məhkəmə aktlarına əsasən müəyyən edildi ki, tərəflər arasında əmək münasibətləri olmasa da, müəyyən işlərin (cavabdehə məxsus gözəllik salonu ilə bağlı reklam xarakterli videoların, postların hazırlanaraq sosial şəbəkələrdə paylaşılması kimi) görülməsi barədə şifahi müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı müqavilədə nəzərdə tutulan işləri icra etməyi, cavabdeh isə razılaşdırılmış pulu ödəməyi öhdəsinə götürmüşdür. Tədqiq olunan sübutlara, o cümlədən iddiaçının məhkəmə iclasında verdiyi izahatına, həmçinin tərəflərin məhkəmə aktlarında əks olunan izahatlarına, şahidin ifadəsinə, görülmüş işlər barədə fotoşəkillərə və videogörüntülərə, məhkəmə aktları ilə müəyyən edilən hallara əsasən müəyyən olunur ki, tərəflər arasında bir ay ərzində görülməli işlərə (xidmətlərə) görə razılaşdırılmış 300 manatın 20 gün üzrə icra edilmiş hissəsi olan 200 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qüvvədə olmuş və iddiaçı həmin dövlət orqanının qərarına əsaslanaraq iddia ərizəsini əmək haqqı tələbi kimi tərtib etmişdir, sonradan məhkəmə aktları ilə tərəflər arasında əmək münasibətlərinin olmadığı, lakin xidmət göstərilməsi ilə bağlı şifahi müqavilənin mövcudluğu müəyyən edilmişdir, ona görə də iddianın əmək münasibətlərinin olmaması səbəbindən rədd olunması barədə cavabdeh tərəfin etirazı qanuni və ədalətli hesab oluna bilməz. Belə ki, iddiaçının məhkəmə prosesi gedişində iddia tələbinin gördüyü işlərin müqabilində pul tələbi ilə bağlı olduğunu yazılı və şifahi olaraq bildirməsinə, mülki işin hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə, məhkəmə iclasında tədqiq olunan sübutlara əsasən məhkəmə müəyyən edir ki, iddia ərizəsində göstərilmiş əmək haqqı, gecikdirilmiş günlər üçün kompensasiya tələbi tərəflər arasında əmək münasibətlərinin mövcud olmaması səbəbilə əsassız olsa da, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçıya ödənilməmiş pulun tutulmasına münasibətdə iddia qismən təmin edilməli, iddiaçıya ödənilməli olan 200 manat pulun cavabdehdən tutulması qət olunmalıdır. Məhkəmə, xüsusilə qeyd etməyi zəruri hesab edir ki, ədalət mühakiməsinin məqsədləri, “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipi rəhbər tutulmaqla, tərəflərin hüquqi normaları deyil, faktları sübut etməli olduğu, məhkəmənin isə mübahisəyə tətbiq olunacaq hüquqi əsasları müstəqil müəyyən etməli olduğu, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, əmək münasibətlərinin mövcudluğuna əsaslanaraq irəli sürülmüş əmək haqqı barədə iddia tələbi araşdırılarkən əmək müqaviləsinin deyil, mülki-hüquqi müqavilənin mövcudluğu müəyyən edildiyi təqdirdə, əmək haqqı barədə iddia tələbi rədd edilməməli, prosessual qənaət prinsipi də əsas götürülməklə mübahisə həmin mülki-hüquqi müqavilənin şərtlərinə və müvafiq hüquq normalarına uyğun həll edilməlidir. Bu səbəbdən, hazırki mülki işdə iddiaçının tələbinin mahiyyəti görülmüş işlərin müqabilində cavabdehdən pul tələbi ilə bağlı olduğundan, iddia ərizəsinin sadəcə əmək haqqına dair normalara istinadla tərtib edilməsi onun rəddinə əsas hesab edilməməlidir. Ona görə də mübahisənin qanuni və ədalətli həlli məqsədilə məhkəmə müəyyən edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında xidmət göstərilməsi ilə bağlı şifahi bağlanan müqavilə üzrə ödənilməmiş 200 (iki yüz) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olubolmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə (xüsusilə Delkur Belçikaya qarşı işi üzrə xx.xx.1970-ci il tarixli, Piersack Belçikaya qarşı işi üzrə xx.xx.1982-ci il tarixli, X8rşı işi üzrə xx.xx.1984-cü il tarixli qərarlara) əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Bundan əlavə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının mediasiya üçün ödədiyi məbləğ, habelə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinin tələbləri və hazırki iddia tələbinin irəli sürülməsi üçün dövlət rüsumunun 30 manat həddində ödənilməli olduğu nəzərə alınmaqla, 30 manatdan artıq ödənilmiş məbləğ iddiaçının özünə aid edilməli, 30 manat məbləğində vəsaitin isə iddianın təmin edilmiş hissəsinə mütənasib olan 12 (on iki) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 19.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 200 (iki yüz) manat məbləğində pul və ödənilmiş məhkəmə xərcinin 12 (on iki) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlı̇ k edən: F. Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar