Məhkəmə qərarları › İş №e-2(004)-69/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-69/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-69/2023 24.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4591 manat pulun və ödənilmiş 66 manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 25 may 2021-d il tarixdə idarə etdiyi “VAZ- 21723” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X3 məxsus iki baş sağılan inək ölmüşdür. 28 may 2021-ci il tarixdə İddiaçı barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək İXM-nin 327.1cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tovuz Rayon Məhkəməsi 26 yanvar 2022-ci il tarifdə İddiaçı 4500 manat maddi ziyan və 91 manat ödənilmiş dövlət rüsumunun alınaraq X1 hesabına ödənilməsi barədə qətnamə qəbul etmişdir. iddiaçı 18 mart 2022-d il tarixdə “Xalq Sığorta" ASC-yə yazılı müradət edərək maddi ziyanın ödənilməsini tələb etmişdir. Lakin, "xxxx" ASC-nin idarə heyətinin sədri Raman Kurbanau cavab məktubunda baş vermiş yol-nəqliyyat hadisəsində iddiaçının təqsirli olmadığı və buna görə də mülki məsuliyyət daşımadığı üçün sözügedən hadisənin sığorta hadisəsi hesab etməyərək sığorta ödənişinin edilməsindən imtina etmişdir. Halbuki, İddiaçı yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinməsi haqqında İXP ******* saylı inzibati xəta haqqında protokol və mülki məsuliyyət müəyyən edən Tovuz Rayon Məhkəməsi 2(062)-281/2022 saylı, 26 yanvar 2022-d il tarixli qətnamə mövcuddur. İnzibati xəta hadisəsinə və mülki məsuliyyətə hüquqi qiymət verilmişdir. Odur ki, “Xalq Sığorta" ASC-nin 05/01-718 nömrəli, 05 aprel 2022-ci il tarixli məktubu qanunsuzdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyəyərk izahatında bildirmişdir ki, Tovuz Rayon Məhkəməsində işə baxılması barədə məlumatları olmamışdır. Həmin qətnamədən verilmiş apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. Həmçinin, maddi ziyanın məbləği ilə də razı deyildir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tovuz Rayon Məhkəməsi 26 yanvar 2022-ci il tarixli (062)- 281/2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı vurulmuş zərərin və əldən çıxmış gəlirin əvəzinin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi və cavabdeh İddiaçı 4500 manat pul və dövlət rüsumu hesabına ödənilmiş 91 manat pulun alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 25 may 2021-ci il tarixdə idarə etdiyi «VAZ-21723» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş və X4 məxsus iki baş inəyi avtomaşınla vuraraq öldürmüşdür. İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İddiaçı qeyd olunan inzibati xətanı törətməklə iddiaçı X3 4500 manat miqarında maddi zərər vurmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 05 aprel 2022-ci il tarixli 05/01-718 nömrəli məktubunun surətindən görünür ki, “VAZ 21723” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı mülki məsuliyyət faktı yaranmadığı üçün sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və "xxxx" ASC tərəfindən dəymiş zərərə görə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Tovuz Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı tərəfindən “VAZ 21723” markalı, **-GK-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək “Xalq Sığorta" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Gəncə Apellyasiya MƏhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2104)- 2460/2022 nömrəli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsi 26 yanvar 2022-ci il tarixli (062)- 281/2022-ci il tarixli qətnaməsindən qətnamədə hüquq və vəzifələrinə toxunan şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Tovuz Rayon Məhkəməsi 26 yanvar 2022-ci il tarixli 2(062)-281/2022-ci il tarixli qətnaməsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il trixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş Tovuz Rayon Məhkəməsi 26 yanvar 2022-ci il tarixli 2(062)-281/2022-ci il tarixli qətnaməsi ilə İddiaçı 25 may 2021-ci il tarixdə idarə etdiyi «VAZ- 21723» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə yol-nəqliyyat hadisəsi törətməsi və X4 məxsus iki baş inəyi avtomaşınla vuraraq öldürməsi, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə X4 4500 manat miqarında maddi zərər vurması müəyyən edilmişdir. Ona görə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qeyd edilən faktlar preyudisial əhəmiyyətə malik olmaqla, yenidən sübut edilməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən isə, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında sığortalı olaraq hazırki iş üzrə İddiaçı sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi qismində 4500 manat pul tutulduğundan və sığortaçı olaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin pulu iddiaçıya ödəməkdən imtina etdiyindən, iddiaçı pulun ödənilməsini cavabdehdən məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbini qətnamə əsasında tutulmuş 91 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi hissəsində də əsaslı sayır. Belə ki, üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortaçı tərəfindən ödənilməmiş, bunun nəticəsində üçüncü şəxsin iddiası əsasında həmin məbləğdən əlavə ödənilmiş dövlət rüsumu da hazırki iş üzrə iddiaçıdan tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4591 manat (4500 manat +91 manat) pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 66 manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4591 (dörd min beş yüz doxsan bir) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 66 (altmış altı) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar