Məhkəmə qərarları › İş №e-2(004)-701/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-701/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-701/2023 11.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayədəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta ödənişi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Nissan Tiida” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olan 3.365 manat, hüquqi xidmət üçün ödənilmiş 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 55,75 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus **-EB-*** dövlət qeydiyyat nişanlı “Nissan Tiida” minik markalı nəqliyyat vasitəsi ilə sığortalı **-HK-*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” minik markalı nəqliyyat vasitəsinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə xeyli miqdarda ziyan dəymişdir. Belə ki, avtomobilin arxa panel, arxa sağ və sol qanad, arxa bufer, baqaj qapısı, ön bufer, ön panel, ön sağ fara və s. daxil olmaqla təmir olunmalıdır. Bununla bağlı, bu markadan olan avtomobillərə texniki qulluq edən peşəkar servis mərkəzi olan – “Nurgun Motors” tərəfindən baxış keçirilərək qüsur aktı tərtib edilib cəmi təmir xərcinin 3.365 manat olduğu müəyyən edilmişdir. Cavabdehin yönləndirdiyi “AutoBox” adlanan servisdə isə cəmi xərclərin 855 manat olduğu bildirilmişdir. “Nissan” markalı avtomobillərin peşəkar servisi ilə məşğul olan "xxxx" ilə bu mərkəzin verdiyi rəqəmlər arasında böyük fərqin olmasına görə hesab edir ki, cavabdehin təyin etdiyi serviz xidməti tərəfindən xərclər qəsdən aşağı hesablanıb və onların peşəkarlıq səviyyəsi barədə şübhə doğurur. Belə ki, həmin mərkəzin qüsur aktına nəzər saldıqda baş vermiş qəzada ziyan dəymiş bir çox ehtiyat hissəsinin yazılmadığı müşahidə edilir. İddiaçı cavabdehin nümayəndələri ilə görüşərək mübahisənin məhkəmədən kənar həlli üçün çalışmasına baxmayaraq bütün cəhdləri hər hansı nəticə verməmişdir ki, bununla da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirilmişdir ki, cavabdehin qanuna zidd hərəkətlərinə görə iddia qaldırmaq üçün məhkəmədə hüquqlarının təmsil edilməsi üçün iddiaçı Bakı şəhəri 12 saylı Vəkil Bürosu ilə müqavilə bağlamaq məcburiyyətində qalaraq hüquqi yardıma görə həmin büroya 210 manat pul ödəmişdir. Hesab edir ki, iddia təmin olunmaqla həmin vəsait də məhkəmə xərci olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı özünün sifarişi ilə aldığı xx.xx.2022-ci il tarixli qüsur akına istinad edərək real zərər məbləğindən təqribən dörd dəfə artıq olan 3.365 manat tələb etmiş və təklif olunan 855 manat sığorta ödənişini almaqdan imtina edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “İcbari sığortalar haqqında” qanunu ilə müəyyən edilmiş konkret tənzimləmə qaydalarına riayət etmədən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zərərçəkən (iddiaçı) tərəfindən isə Mülki Məcəllə və “İcbari sığortalar haqqında” qanunla təsbit edilmiş hüquqlardan istifadə edilmədən, yəni, sığortaçı tərəfindən aparılmış qiymətləndirmə məbləği ilə razı olmadığı təqdirdə, müstəqil ekspertin təyin edilməsini tələb etmədən və belə ekspertizanın keçirilməsindən sığortaçının imtinasını almadan bilavasitə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı, yalnız iddia etdiyi hüquqlarının pozulmasını sübut etməklə həmin iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. İddia tələbindən belə çıxır ki, icbari sığorta üzrə istənilən zərərçəkmiş şəxs qanunla və Mülki Məcəllə ilə təsbit edilmiş hüquqların həyata keçirilməsinə cəhd belə etmədən birbaşa məhkəməyə müraciət edərək, ona dəymiş zərərin müstəqil ekspert tərəfindən deyil, özünün təyin etdiyi və ya digər qərəzli rəyə istinad etməklə, həqiqi zərər məbləğindən dəfələrlə çox pul tələb edə bilər. Halbuki, zərərin daha dəqiq qiymətləndirilməsi üçün qanunverici sığorta sahəsində məhz müstəqil ekspert subyektlərini nəzərdə tutmuşdur və belə fəaliyyət lisenziyalaşdırılan fəaliyyət olmaqla, müstəqil ekspertlərin reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərirlər. Sübut etməyə ehtiyac yoxdur ki, şəxsin məhkəməyə müraciət etməsi üçün ilkin şərt mübahisənin olmasıdır. Mübahisənin olması isə qanundan və ya digər normativ aktlardan irəli gələn hüquqların pozulmasını ehtiva edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, iddiaçıya məxsus avtomobilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 3.365 manat məbləğində ziyan dəymişdir. Qeyd olunan ziyanın məbləği məhz iddiaçıya məxsus avtomobilin markasına uyğun olaraq peşəkar serviz xidməti göstərən "xxxx" tərəfindən verilmiş akta əsasən öz təsdiqini tapır. Buna baxmayaraq cavabdeh tərəfindən özünün müəyyən etdiyi mütəxəssis rəyinə, yəni "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən vurulmuş zərərin dəyəri 850 manat qiymətləndirilmişdir. İddiaçının cavabdehə rəsmi müraciəti əsasında ona 850 manat pul təklif edilmişdir. Təklif edilən məbləğlə iddiaçı razılaşmamış və iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa cavabdehin pretenziya qaydasına riayət edilməməsi ilə bağlı iddiası ilə razılaşmır və hesab edir ki, rədd edilməlidir. Belə ki, cavabdehin özünün iddiaçıya ünvanlanmış məktubundan da müəyyən edilir ki, onlar arasında zərərin qiymətləndirilməsi ilə bağlı razılıq olmamış və hər iki tərəf müstəqil mütəxəssisə müraciət edərək zərəri qiymətləndirmişdir. Həmçinin o, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasına əsasən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş rəylə qismən razılaşmır. Çünki, ekspert hər iki tərəfin təqdim etdiyi qüsur aktlarına istinad edərək onlar tərəfindən təqdim edilmiş "xxxx" tərəfindən verilmiş aktda göstərilən avtomobilin dəyişdirilməli olan ehtiyat hissələrinin qiymətləri ilə razılaşmış, lakin təmir xərcinin dəyərləndirməsini cavabdehin təqdim etdiyi Auto Box” MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən aparmışdır. Hesab edir ki, "xxxx" MMC “Nissan” markalı avtomobillərin peşəkar servisi ilə məşğul olan şirkətdir və ona görə onun tərəfindən göstərilən xidmət haqqı əsas götürülməli, dəymiş zərərin ümumi məbləği 3365 manat müəyyən edilməlidir. Ekspert rəyi ilə həm də ona görə razılaşmır ki, təmir xərci ilə bağlı zəhmət haqqı məbləğinin bu qədər fərqli olması anlaşılan deyildir. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayədəsi Nümayəndə iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş rəylə razıdır. Belə ki, qeyd olunan ekspert rəyi dövlət müəssisəsinə aid olan ekspertiza idarəsi tərəfindən verildiyindən, işdə marağı olmayan müstəqil ekspert tərəfindən tərtib edilmiş rəyin qərəzli olmasını hesab etmir. Buna görə də rəyə etiraz etmir. Rəydə göstərilən məbləği ödəməyə razıdırlar. Lakin "xxxx" MMC-nin göstərdiyi servis xidmətləri, yəni avtomobillərin təmir-bərpa işlərinə görə xidmət haqqı baha olduğundan onun tərtib etdiyi qüsur aktındakı qiymətlə razı deyildir. Yalnız ekspert rəyi nəzərə alınaraq iddianın qismən təmin olunmasını xahiş edir. Bundan başqa məhkəmədən etirazında qeyd etdiyi kimi iddia ərizəsi məhkəməyə verilməmişdən öncə pretenziya qaydasına riayət edilməməsinin nəzərə alınmasını xahiş edir. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müstəqil qiymətləndirməyə müraciət edə bilərdi. Verilmiş suallara əsasən cavabdehin nümayəndəsi əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC dövlət reyestrində qeydiyyatdan keçmiş müstəqil hüquqi şəxsdir, onun "xxxx" ASC-yə hər hansı bağlılığı yoxdur. Ona görə də həmin şirkətin tərtib etdiyi qüsur aktına əsasən məhkəmədən öncə cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişi olaraq 800 manat təklif edilmiş və cavabdehin iddiaçıya qeyd olunan məbləğdən artıq vəsait ödəmək niyyəti olmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Bakı şəhəri X6 İdarəsi tərəfindən verilmiş arayışın surətinə əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə X3 idarə etdiyi “Toyota Corolla” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və İddiaçı idarə etdiyi “Nissan Tiida” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yolnəqliyyat hadisəsində hər iki avtomobilə ziyan dəymişdir. - Bakı şəhəri Yasamal DYPİ-nin xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoluna əsasən müəyyən olunur ki, X4 xx.xx.2022-ci il tarixdə “Toyota Corolla” minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. - Bakı şəhəri Yasamal DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2022-ci il tarixdə “Toyota Corolla” minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - İş materiallarında olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətinə əsasən müəyyən olunur ki, “Nissan Tiida” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı, “Toyota Corolla” minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə X3 mülkiyyətindədir. Həmçinin işin halları ilə müəyyən edilir ki, İş materiallarında olan sığorta müqaviləsinə dair məlumata əsasən müəyyən edilir ki, yol nəqliyyat hadisəsi baş verən zaman “Toyota Corolla” minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı mülkiyyətçi ilə "xxxx" ASC arasında icbari sığorta müqaviləsi mövcud olmuşdur. Beləliklə, işin müəyyən edilmiş mübahisəsiz halları odur ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçının “Nissan Tiida” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələnərək ona maddi ziyan dəymiş, baş vermiş yol nəqliyyat hadisəsində “Toyota Corolla” minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda iddiaçı dəymiş ziyanın əvəzi olaraq 3365 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. İşin mübahisəli halı odur ki, cavabdeh - sığorta şirkəti tərəfindən dəymiş zərərin məbləği 855 manat müəyyən olunmuşdur. Lakin iddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına əsasən isə avtomobilə dəymiş zərər 3365 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması gedişatında cavabdehin nümayəndəsi iddianı qismən etiraf edərək, sığorta ödənişinin məhkəmə tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin verdiyi xx.xx.2023-cü il tarixli 9/1608 saylı ekspert rəyinə uyğun olaraq 1525 (bir min beş yüz iyirmi beş) manat müəyyən edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olmaqla təmin edilməlidir. Belə ki, cavabdehin təşəbbüsü ilə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4450 nömrəli qiymətləndirmə aktının surətinə əsasən müəyyən edilir ki, “Nissan Tiida” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinin dəyəri cəmi 855 manat təşkil edir. Aktdan həmçinin müəyyən edilir ki, ümumi məbləğin 205 manat hissəsi dəyişdirilməli olan ehtiyat hissələrinin (sadə nömrə, nömrə altı və stop işığı) dəyəri, 650 manat hissəsi isə təmir (dəmirçi, rəngsaz və plastmas) işlərinin dəyəri olaraq qiymətləndirilmişdir. İddiaçının təşəbbüsü ilə "xxxx" MMC (Nurgun Motors) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktının surətinə əsasən müəyyən edilir ki, “Nissan Tiida” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və təmir-bərpa işlərinin dəyəri cəmi 3365 manat təşkil edir. Aktdan həmçinin müəyyən edilir ki, ümumi məbləğin 885 manat hissəsi dəyişdirilməli olan ehtiyat hissələrinin (arxa bufer, ön oblisovka, sadə nömrə altı, arxa panelüstü plasmas, arxa sağ stop, knopka, arxa sağ panel buynuzu və arxa baqaj içi obıvka) dəyəri, 2480 manat hissəsi isə təmir (dəmirçi, rəngsaz və armatur) işlərinin dəyəri olaraq qiymətləndirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin verdiyi xx.xx.2023-cü il tarixli 9/1608 saylı ekspert rəyinə müəyyən edilir ki, "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Nissan Tiida” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1525 manat təşkil edir. Rəyin təsviri əsaslandırma hissəsindən həmçinin müəyyən edilir ki, ümumi məbləğin 775 manat hissəsi dəyişdirilməli olan ehtiyat hissələrinin (arxa bufer, ön oblisovka, sadə nömrə altı, arxa panelüstü plasmas, arxa sağ stop, knopka, arxa sağ panel buynuzu və arxa baqaj içi obıvka) dəyəri, 750 manat hissəsi isə təmir-bərpa (dəmirçi, rəngsaz və armatur) işlərinin dəyəri olaraq qiymətləndirilmişdir. Ekspert qeyd olunan xx.xx.2023-cü il tarixli 9/1608 saylı ekspert rəyində gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, rəy verilərkən qüsur aktında qeyd olunanlar nəzərə alınmaqla, eləcə də Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və X2 ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yejun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlər ortalaması təşkil etmişdir. Həmin meyarlar əsasında qiymətlər müəyyənləşdirilmişdir. Məhkəmə sübutları müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4450 nömrəli qiymətləndirmə aktında avtomobilin dəyişdirilməli olan ehtiyat hissələrinin sayı az göstərilmişdir. Halbuki iş materiallarında olan hadisə yerinin mexanizmindən və nəqliyyat vasitəsinə baxış protokolundan, eləcə də iddiaçının məhkəməyə sübut olaraq təqdim etdiyi fotoşəkillərdən müəyyən edilir ki, “Nissan Tiida” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş hadisə nəticəsində ön və arxa tərəfdən zədə dəymişdir. Eləcə də iddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" MMC (Nurgun Motors) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı avtomobilin təmir-bərpa xərclərinin dəyəri kifayət qədər şişirdilmiş olmaqla ağlabatan deyildir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin verdiyi xx.xx.2023-cü il tarixli 9/1608 saylı ekspert rəyini mötəbər sübut olaraq qəbul edir. Belə ki, həmin rəylə avtomobilə dəyən ziyan ümumilikdə 1525 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddiaçı dəymiş zərərin əvəzi olaraq 3365 manat tələb etməsinə baxmayaraq, ekspert rəyinə uyğun olaraq 1525 manat məbləğdə pul "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin cavabdeh tərəfindən verilmiş etirazın dəlillərinə münasibət bildirərək qeyd edir ki, əvvəla, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, sığorta şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Nissan Tiida” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 855 manat müəyyən edilərək mülkiyyətçisi İddiaçı həmin məbləğdə sığorta ödənişi təklif edilmişdir. İddiaçı isə həmin məbləğlə razılaşmayaraq hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, məhkəmə mübahisəsindən öncə cavabdehin 855 manat məbləğdən artıq ödəniş etmək niyyəti olmamışdır. Hətta cavabdeh etiraz ərizəsində qeyd olunanın əksinə olaraq, məhkəməyə sübut olaraq təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 4450 nömrəli qiymətləndirmə aktına istinad edir və dolayısı ilə etiraf edir ki, öz təşəbbüsü ilə müstəqil mütəxəssisə müraciət etmiş, mütəxəssisin qiymətləndirməsinə əsasən iddiaçıya 855 manat sığorta ödənişi təklif etmişdir. Hətta cavabdeh iddiaçıya ünvanlandığı məktubunda açıq şəkildə buna dair iradəsini bəyan etmişdir. Odur ki, məhkəmə cavabdehin pretenziya qaydasına əməl olunmamasına dair bağlı iddiası ilə razılaşmayaraq hesab edir ki, rədd edilməlidir. Qeyd olunur ki, “İcbari sığortalar haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddianın qismən təmin edildiyini, işin konkret hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardım üçün ödənilmiş 210 manat məbləğin ½ hissəsi olan 105 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatan məbləğdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Vəkil ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1424 nömrəli hüquqi xidmətin göstərilməsi barədə müqaviləyə əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi ilə bağlı 210 manat ödənilmişdir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 1.525 (bir min beş yüz iyirmi beş) manat sığorta ödənişi və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş məbləğin ½ hissəsi olan 105 (yüz beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 35,25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizasının xərci olan 50 manat cavabdeh "xxxx" ASC-yə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. “Nissan Tiida” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 1525 (bir min beş yüz iyirmi beş) manat sığorta ödənişi və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş məbləğin ½ hissəsi olan 105 (yüz beş) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 35,25 (otuz beş manat iyirmi beş qəpik) manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar