Məhkəmə qərarları › İş №e-2(004)-757/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-757/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-757/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0.10 ha torpaq sahəsinin üzərində yerləşən 95.3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qayatrılması və Külək MMC Hərrac Mərkəzi tərəfindən tərtib olunmuş 29.11.2021-ci il tarixli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Onunla iddiaçı Cavabdeh1 ASC arasında bağlanan 11 noyabr 2014-cü il tarixli 4-G-1-0-1299-14, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsinin və 22 dekabr 2016-cı il tarixli əlavə sazişin təminatı kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0.10 ha torpaq sahəsinin üzərində yerləşən 95.3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1553/2020 nömrəli 23.11.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı ümumilikdə 61731,54 manat kredit borcunun tutulması və tutmanın İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0.10 ha torpaq sahəsinin üzərində yerləşən 95.3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 118000 manat müəyyən olunması və evin açıq hərracdan satılaraq tələbin ödənilməsi qət olunmuşdur. İcra sənədi icraya yönəldilmiş və Abşeron rayon İcra Şöbəsi tərəfindən əmlaka qoyulan 118000 manat satış qiyməti ilə "xxxx" MMC Hərrac Mərkəzinə-yə sifariş verilmişdir. Əmlakla bağlı "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən hərraclar keçirilmiş və təkrar hərrac baş tutmadığı üçün ipoteka saxlayana əmlakın əldə edilməsi üçün təklif göndərilmişdir. İpoteka saxlayan Cavabdeh1 ASC tərəfindən 29.11.2021-ci il tarixli hərracın yekunları barədə protokol imzalanaraq əmlak əldə edilmişdir. "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən hərraclar keçirilmiş və təkrar hərracın baş tutmaması barədə 26 oktyabr 2021-ci il tarixdə Birja yenilikləri qəzetində elan dərc edilmişdir. Bundan sonra əmlak Hərrac Mərkəzi tərəfindən “ipoteka haqqında” AR Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka predmetinin 30 təqvim günü ərzində əldə olunması üçün ipoteka saxlayana təklif olunmuşdur, ipotekasaxlayan Cavabdeh1 ASC 29.11.2021-ci il tarixdə hərracın yekunları barədə protokol imzalayaraq əmlakı əldə etmişdir. Halbuki “İpoteka haqqında” qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Yuxarıda adı çəkilən əmlak isə ipoteka saxlayan tərəfindən 33-cü təqvim günündə əldə edilmişdir. X4 MMC tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, ipoteka saxlayan ipoteka predmetini 29.11.2021-ci il tarixli protokola əsasən əldə etmişdir. Beləliklə Birja yenilikləri qəzetində 26.10.2021-ci il tarixdə çıxmış elana əsasən təkrar hərrac baş tutmamışdır. Məhz elanın dərc olunduğu tarix 26.10.2021-ci il olduğu üçün ipoteka saxlayan tərəfindən ipotekanın əldə edilməsi üçün son müddət 26.11.2021-ci il tarixidir. Qeyd olunan maddənin mətnindən belə aydın olur ki, “ipoteka haqqında” qanunun 43.8-ci maddəsinə əsasən əmlakın ipotekasına xitam verilməsi üçün 2 şərt mövcuddur: 1.Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayan tərəfindən onun üçün müəyyən edilmiş 30 təqvim gününün ötürülməsi; 2.İpoteka saxlayan tərəfindən 30 təqvim günü müddətində ipoteka predmetinin əldə edilməməsi. Külək MMC Hərrac Mərkəzi tərəfindən Cavabdeh1 ASC-yə 26.10.2021-ci il tarixli ipoteka predmetinin əldə edilməsi üçün təklif göndərilmişdir. Buna baxmayaraq ipoteka saxlayan 30 təqvim günü ərzində zəruri tədbirləri görməmişdir. Qeyd edir ki, “İpoteka haqqında” qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş “ipoteka predmetinin əldə edilməsi” termini özündə yalnız hərrac təşkilatının təklifinə rəsmi yazılı münasibəti etiraf etmir. Ola bilər ki, ipoteka saxlayan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair təklifinə 30 təqvim günü ərzində yazılı razılıq məktubu ilə cavab versin və müsbət niyyətini bildirsin. Lakin bu ipoteka predmetinin əldə edilməsi anlamına gəlmir. Belə ki, "İpoteka haqqında" AR Qanununun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunun maddəsindən göründüyü kimi 30 təqvim günü ərzində protokolun imzalanması ipoteka saxlayanın ipoteka predmetini əldə etməsi kimi başa düşülür. Bu barədə də qanunverciliyin mövqeyi birmənalıdır və heç bir sual doğurmur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iddia tələblərini qəbul etməyərək izahatında bildirmişdir ki, "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən tərəfindən vəkil sorğusuna cavab məktubunda protokolun tarixi texniki olaraq səhv göstərilmişdir. Onun tərəfindən məhkəməyə təqdim edilmiş hərracın nəticələrinə dair yekun protokolun və alqı-satqı müqaviləsindən də görünür ki, ipoteka predimeti olan əmlak 26 oktyabr 2021-ci il tarixdə ipoteka saxlayana təklif edilmiş, 29 oktyabr 2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanaraq əmlak bankın balanasına götürülmüşdür. İpoteka predimeti əldə edilərkən heç bir müddət pozuntusuna yol verilməmiş, yalnız "xxxx" MMC Hərrac Mərkəzinin məktubunda texniki olaraq protokolun tarixi 29.10.2021-ci il əvəzinə 29.11.2021-ci il göstərilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Digər cavabdeh "xxxx" MMC Hərrac Mərkəzinin və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(105)-1553/2020 nömrəli Qətnaməsinə əsasən, iddiaçı Yelo Bank” ASC ilə cavabdeh İddiaçı arasında bağlanan 11 noyabr 2014-cü il tarixli 4-G-1-0-1299-14, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsinin və 22 dekabr 2016-cı il tarixli əlavə sazişin ləğv edilməsi, cavabdeh İddiaçı kredit borcuna görə 40196,96 manat, faiz borcu üzrə 21514,58 manat, cərimə borcu üzrə 20 manat olmaqla, cəmi 61731,54 manat kredit borcunun tutulması, ipoteka predimeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi rüsumuna görə 20 manat olmaqla cəmi 35 manat məhkəmə xərcinə görə pulun tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın kreditin təminatı olan və İddiaçı mükiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0.10 ha torpaq sahəsinin üzərində yerləşən 95.3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 118000 manat müəyyən olunması və evin İddiaçı tərəfindən boşaldılması və açıq hərracdan satılması, satışdan əldə olunan pulun iddianın təmin edilən hissəsində banka ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(105)-1553/2020 nömrəli qətnaməsinin icrası məqsədilə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə 23.11.2020-ci il tarixli İcra vərəqəsi verilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən açıq hərracın təşkil olunması üçün “Respublika Xammal və X5” MMC-yə sifariş verilmişdir. Hərrac təşkilatı tərəfindən 01.10.2021-ci il və 21.10.2021-ci il il tarixlərində keçirilən hərraclar baş tutmamış elan edilmişdir. "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən təkrar hərracın baş tutmaması barədə 26 oktyabr 2021-ci il tarixdə Birja yenilikləri qəzetində elan dərc edilmişdir. İş materiallarında olan Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış 26.10.2021-ci il tarixli a/4697 saylı təklif məktubundan görünür ki, “İpoteka Haqqında” qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni, 75225 manat olmaqla ipoteka saxlayana təklif edilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC tərəfindən Hərrac Mərkəzi "xxxx" MMC-yə ünvanlanmış 28.10.2021-ci il tarixli, KBD 18375/1 nömrəli məktubdan görünür ki, Bank “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən Cavabdeh1 ASC – nin xeyrinə ipoteka ilə yüklü olan İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0.10 ha torpaq sahəsinin üzərində yerləşən 95.3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinin 75225 manata alınmasına razılığını bildirmişdir. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli, 73/01-2 nömrəli Hərracın yekunları barədə protokolun surətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(105)-1553/2020 saylı icra vərəqəsinin və Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 02.09.2021-ci il tarixli, 17/75-1414-7H saylı məktubunun icrasına əsasən, İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən, 0.10 ha torpaq sahəsinin üzərində yerləşən 95.3 kv.m ümumi sahəsi olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinin ilkin hərrac qiyməti 118000 manat müəyyən edilmiş, ilkin hərrac baş tutmadığından, əmlak təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı olan qiyməti müvafiq olaraq 100300 manat müəyyən edilmiş, lakin təkrar hərrac da baş tutmadığından əmlak təkrar hərrac qiymətindən 25% aşağı, yəni 75225 (manat qiymətə tələbkar Cavabdeh1 ASC – yə təklif edilmiş və qəbul edilmişdir. İşin müəyyən edilən halı həmçinin ondan ibarətdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən 19 fərdi yaşayış evi Cavabdeh1 ASC – nin adına qeydiyyatdan keçmiş və hal-hazırda Bankın mülkiyyətindədir. İş materiallarında olan “Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 29.11.2021-ci il tarixli a/5022 saylı məktubdan görünür ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 02.09.2021-ci il tarixli, 17/75-1414-7H saylı məktubuna əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Abbasov küçəsində yerləşən 19 fərdi yaşayış evinin “İpoteka Haqqında” qanunun 42-ci maddəsinə uyğun olaraq hərraclar keçirilmiş, 43-cü maddəsinə müvafiq olaraq hərraclar baş tutmamış elan edilmişdir. “İpoteka Haqqında” qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 29.11.2021-ci il tarixli protokola əsasən balansa götürmüş və alqı-satqı müqaviləsi bağlanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə isə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “... “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. AR Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən təkrar hərracın baş tutmaması barədə 26 oktyabr 2021-ci il tarixdə Birja yenilikləri qəzetində elan dərc edilmişdir. Bundan sonra, “Hərrac Mərkəzi "xxxx" MMC 26.10.2021-ci il tarixdə Banka təklif məktubu göndərmiş, əmlakı 30 təqvim günü ərzində almayacağı təqdirdə icra sənədinin geri qaytarılacağını bildirmişdir. İş materiallarından isə aydın olur ki, Bank bu təklifi qəbul etmiş və 28.10.2021-ci il tarixdə müvafiq razılıq məktubunu “Hərrac Mərkəzi "xxxx" MMC – yə göndərmişdir. Nəticədə ipoteka saxlayan ilə hərrac təşkilatı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 29 oktyabr 2021-ci il tarixli 73/01-2 saylı hərrac protokolu rəsmiləşdirilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 29.11.2021-ci il tarixli a/5022 saylı məktuba əsasən, hərracın yekunlarına dair protokolun 29.11.2021-ci il tarixdə imzalanmasını qeyd edərək, ipoteka saxlayan tərəfindən ipoteka predimetinin 30 təqvim günü müddətində əldə edilməməsini iddia etsə də, iş materiallarında olan hərracın yekunları barədə protokoldan protokolun 29 oktyabr 2021-ci il tarixdə rəsmiləşdirilməsi, bununla da ipoteka saxlayan təfindən ipoteka predmetinin qanunda nəzərdə tutulmuş müddətdə əldə etməsi və qeyd edilən məktubda hərracın yekunlarına dair protokolun imzalanması tarixinin texniki səhv olaraq 29.11.2021-ci il göstərilməsi təsdiq edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, bankın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində müəyyənləşdirilmiş 30 günlük müddəti ötürmüş olması nəticəsinə gəlmək mümkün deyildir. Belə ki, qanunun tələbinə uyğun olaraq, 30 gün ərzində, yəni Bank ilə Hərrac Mərkəzi arasında 29 oktyabr 2021-ci il tarixli “hərracın yekunları barədə protokol” rəsmiləşdirilmişdir. İpotekaya xitam verilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müyyənləşdirilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi, protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Məhkəmə araşdırması zamanı hərracın qanunvericliyin tələbinə uyğun keçirildiyi və etibarsızlığı üçün əsasların olmadığı müəyyən edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “ipotekaya xitam verilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəlindiyini, iddia tələbinin “həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qayatrılması” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə iddia tələbinin əsas hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qayatrılması” hissəsində də təmin edilə bilməz. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və "xxxx" MMC Hərrac Mərkəzinə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar