Məhkəmə qərarları › İş №e-2(004)-780/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-780/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-780/2021 23.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Əliyeva Aysel Seymur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Səfərov Rövşən Hətəməli oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx xxxx 2008-ci il təvəllüdlü X2, xx xxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxx 2019-cu il təvəllüdlü X1 18 yaşlarına çatanədək saxlanmaları üçün hər ay yaşayış minimumu üzrə 525 manat və təhsil xərclərinə görə 420 manat olmaqla, ümumilikdə 945 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsinin 272 nömrəli, xx xxxxx 2006-cı il tarixli akt qeydinə əsasən Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx xxxx 2008-ci il təvəllüdlü X2, xx xxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxx 2019-cu il təvəllüdlü X4 adlı üç övladları dünyaya gəlmişdir. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan ailədaxili problemlər yaranmağa başlamış və bu, dözülməz həddə çatmışdır. Onları aradan qaldırmaq üçün göstərilən cəhdlər isə uğursuz olmuşdur. Artıq iki aydan çoxdur ki, nikahları formal xarakter daşıyır. Bu müddət ərzində uşaqları ilə birlikdə müvəqqəti olaraq valideynlərinin evində yaşamışdır. Həmin vaxtdan etibarən cavabdeh övladlarının saxlanmasına laqeyd yanaşmış və onların ehtiyaclarının ödənilməsi üçün maddi köməklik göstərməmişdir. Hal-hazırda uşaqları onun himayəsindədir. Heç bir gəlir yeri yoxdur, övladları azyaşlı olduğu və hər an ana qayğısına ehtiyac duyduqlarından hər hansı bir yerdə işləməyi qeyri-mümkündür. Böyüdükcə uşaqların geyimə, yeməyə və qayğıya olan tələbatlarının qarşılanması üçün çəkilən məsrəflər artsa da, cavabdeh övladlarına qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün olduqca çətindir. X2 3 fəndən, X3 isə 2 fəndən hazırlığa, yəni repetitor məşğələlərinə gedir. Qızlarının təkcə aylıq təhsil xərcləri 420 AZN edir. Birgə nikahdan olan uşaqlarının saxlanması üçün cavabdeh də, valideynlik vəzifələrini həyata keçirməli və maddi dəstək olmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, cavabdehin iş yeri ilə bağlı müvafiq sənəd məhkəməyə tərəflərindən təqdim edilib. Ailə kasıb olub, əvvəldən də bu hal iddiaçıya məlum olub. Cavabdeh işləməsinə baxmayaq, əmək haqqısı həmin məbləğdə pulu ödəməyə kifayət etmir, odur ki aliment tələbi ilə əlaqədar uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün qazancının 1/2 hissəsi məbləğində alimenti ödəməyə razıdır və buna dair ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. xx xxxxxx 2021-ci il tarixli Elektron hökumət portalından verilən “vətəndaşın iş yeri haqqında” arayışdan görünür ki, Cavabdeh “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya X5 İdman Məktəbində xx xxxx 2018-ci il tarixdən etibarən məktəb direktoru işləyir. Aylıq əmək haqqı 506 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1. -ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddiaçının uşaqların təhsil xərcləri üçün 420 manat ödəməsini təsdiq edən sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının alimentin sabit pul məbləğində tutulması barədə xahişini, uşaqların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia alimenti tələbi hissəsində tam təmin edilməli və hər ay hər bir uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə müraciət etdiyindən, aliment həmin tarixdən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı aliment alınması barədə iddia üzrə dövlət rüsumu ödəməkdən azad olduğundan məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2008-ci il təvəllüdlü X2, xx xxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxx 2019cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə Azərbaycan Respublikasının MPM-in 234.2.1ci maddəsinə əsasən dərhal icra edilsin. Aliment iddiası ilə əlaqədar Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar