Məhkəmə qərarları › İş №e-2(004)-84/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-84/2025

12.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-84/2025 12.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 75000 (yetmiş beş min) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq mənə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar cavabdehlə birgə nikahda olduğu zaman ailə ehtiyacları, o cümlədən bəzi əşyaların alınması məqsədilə Teybə Quliyevadan 150000 ABŞ dolları məbləğində borc aldılar. Bir müddət sonra münasibətlərində çətinlik yarandı və onunla cavabdeh arasında olan nikaha xitam verildi. Nikaha xitam verildikdən sonra borc verən şəxs pulunu geri tələb etdikdə zaman istəsə də bu mümkün olmadı və Quliyeva Teybə onu məhkəməyə verərək, borcun tutulmasını tələb etdi. Yasamal rayon məhkəməsi xx.xx.2023-cü il tarixdə 150.000 (yüz əlli min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pulun iddiaçı X3 xeyrinə tutulmasına dair qətnamə çıxardı. Bu zaman onların ailə münasibətlərinə son qoyulduğu və o, ayrı yaşadığı üçün məcburən qətnamə üzrə müəyyən edilmiş borcu tək qaytardı. Qətnamə qüvvəyə mindiyi üçün tərəfindən icra edildi. Hesab edir ki, borc birgə nikah dövründə alındığı və ailənin ehtiyaclarına xərcləndiyi üçün öhdəliklərin yarısı keçmiş həyat yoldaşı, yəni indiki cavabdeh tərəfindən icra edilməlidir.

3. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etirazla müraciət edərək iddianın rədd olunmasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, o bu iş üzrə tərəflərin nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair işdə Cavabdeh nümayəndəsi və vəkili olaraq iştirak etmişdir. Həmin iş üzrə qətnaməni əlavə etməklə bildirir ki, iddiaçı qeyd etdiyi qətnaməni icra etməmək üçün bu kimi iddialar irəli sürməkdədir. Odur ki, hazırki iddia tələbi həqiqəti əks etdirmir. Doğrudur, qanuni qüvvəyə minmiş qətnamə mövcuddur, təmsil etdiyi şəxs hazırda bu qətnamadən apellyasiya şikayəti verməyi nəzərdə tutur. Bu barədə Yasamal Məhkəməsinə qətnamənin rəsmi alınması üçün müraciət edilsə də, Yasamal Məhkəməsi tərəfindən qətnamə rəsmi qaydada hələ də qətnamə təqdim edilməmişdir. Hətta həmin qətnamə apellyasiya və kassasiya instansiyasında qüvvəsində qalsa da, iddiaçı tərəf bu vəsaiti alan zaman cavabdehin xəbəri olması, bu vəsaitinin birgə nikah dövründə birgə məqsədlər üçün xərcləndiyini sübut etməlidir. İddiaçı tərəf əlavə etdiyi qətnaməni icra etməmək üçün bu iddianı irəli sürmüşdür.

İİ.Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək etirazda göstərilən halları təsdiq etmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən 30 mart 2024-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 476038 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-712/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 150000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pulun iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-712/2023-014 saylı, xx.xx.2023-cü il tarixli qərarı üzrə icraata xitam verilmişdir.

11. X8 ilə İddiaçı arasında bağlanmış 23 fevral 2016-cı il tarixli borc müqaviləsinə əsasən X8 150000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı verməyi, İddiaçı isə borcu müqavilənin şərtlərinə uyğun olaraq X5 geri qaytarmağı öhdəsinə götürür.

12. “Crimson Edication” tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, X4 “Crimson Education” məktəbində 2021-ci il tarixindən bu günə kimi orta təhsil alır. İllik təhsil haqqı 17000 ABŞ dolları məbləğindədir.

13. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyə- İqtisad Kolleci tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan X1 işləri üzrə direktor müavini vəzifəsində çalışır. Aylıq əmək haqqı hazırki dövr üçün 494,10 manat məbləğində hesablanır.

14. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, X4 2018-ci il sentyabr ayından 2022-ci il sentyabr ayına qədər Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təhsil almışdır. Qeyd olunan illər ərzində Kompleksə 36000 manat təhsil haqqı ödənilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5158/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən maraqlarına toxunan şəxs Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 712/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

17. Belə ki, Ailə Məcəlləsinin 41.1-ci maddəsinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.

18. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2021-ci il 23 iyul tarixli Qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 saylı Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun (3.14-cü bənd). Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür (3.15-ci bənd).

21. İşin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, xx.xx.2016-cı il tarixdə borc müqaviləsinə əsasən X8 tərəfindən iddiaçıya 150000 ABŞ dolları məbləğində borc verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-712/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 150000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pulun iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Həmin müqavilənin iddiaçı ilə cavabdehin birgə nikahda olduqları dövrdə bağlanması müəyyən edilsə də, iddiaçı borc müqaviləsi üzrə əldə edilmiş pulun məhz ailə ehtiyaclarına sərf olunması barədə əhəmiyyətli sübutlar təqdim etməmişdir.

22. Belə ki, iddiaçı iddia ərizəsində xx.xx.2016-cı il tarixli borc müqaviləsinə əsasən əldə edilmiş pulun ailə ehtiyacları, bəzi əşyaların alınması məqsədilə əldə edildiyini bildirsə də, alınan borc pula hansı əşyaların alınması ilə bağlı mötəbər sübutlarını təqdim edə bilməmişdir.

23. Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş 28 noyabr 2023-cü il və 03 noyabr 2023-cü il tarixli arayışlarla bağlı məhkəmə qeyd edir ki, adıçəkilən arayışlar xx.xx.2016-cı il tarixli müqavilə əsasında əldə edilmiş pulun ailə ehtiyaclarına, uşaqların təhsilinə xərcləndiyinin sübutu qismində çıxış edə bilməz. Belə ki, pul məbləğinin 2016-cı ildə əldə edildiyi halda, uşaqların 2018-2022-ci illəri əhatə edən təhsil dövrü üçün xərclənməsi ağlabatan hesab edilmir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.

27. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

28. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

29. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

30. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X6 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

31. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

32. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. V Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar