Məhkəmə qərarları › İş №e-2(004)-856/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-856/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-856/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi və mənəvi ziyana görə 20.000 (iyirmi min) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 15000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Nəsimi rayon Polis İdarəsi İŞ-nin müstəntiqi, polis kapitanı Ülvi Hadıyev 10 dekabr 2021-ci il tarixdə heç bir ilkin təhqiqat aparmadan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2 maddəsi ilə ********* saylı cinayət işi başlamış və həmin cinayət işini öz icraatına qəbul etmişdir. Bundan sonra müstəntiq 13 və 14 dekabr 2021-ci il tarixlərdə telefon nömrəsinə zəng edərək onu «xırda bir izahat vermək» adı ilə aldadaraq Nəsimi rayon Polis İdarəsinə dəvət etmişdir. 15 dekabr 2021-ci il saat 12-00 radələrində iddiaçı Nəsimi rayon Polis İdarəsinin 301-ci otağına gəlmiş və özünü müstəntiqə təqdim etmişdir. Bu zaman müstəntiq dərhal öz iş otağına bir neçə əməliyyatçı dəvət edib onun azadlığını faktiki olaraq məhdudlaşdırmış və ona qarşı mənəvi psixoloji təsir etməyə başlamışlar. Müstəntiq nədə təqsirləndirildiyini izah etmədən, ona heç bir şikayət, habelə cinayətdə şühbəli olmağı ilə bağlı hər hansı bir əlamətlər təqdim etmədən onu öz otağında faktiki həbs etmişdir. Hətta onun dəvət etdiyi polislər onu tualetə də buraxmamışlar. Halbuki, hələ o zamana qədər barəsində «tutma protokolu» yox idi. Bu isə heç bir əsas olmadan azadlığının məhdudlaşdırılması demək idi. Bundan sonra müstəntiq onun barəsində şikayət olduğunu və onun ifadə verməli olduğunu bildirmişdir. Məhz o zaman ona məlum olmuşdur ki, müstəntiq artıq barəsində cinayət işi də qaldırmışdır. Bu zaman o müstəntiqə vəkilsiz heç bir ifadə verməyəcəyini bildirdikdə ona istədiyi vəkili dəvət etməyinə də mane olmağa başlamış və yalnız «onların ərazisində yerləşən vəkil bürosunun növbətçi vəkilini» dəvət edə biləcəyini bildirmişdir. Buna baxmayaraq təkid elədikdə çağırmaq istədiyi 3 vəkilin heç biri ilə onu təmin eləməmişlər. Bundan sonra qərar vermədən iki ədəd əl telefonlarını da müsadirə etmişlər. Təyinat əsasında çağrılmış vəkil Elman Ağayev gəlib çıxandan sonra müstəntiq ona qarşı verilən şikayəti ona oxumadan və ona qarşı qaldırılmış cinayət işinin mahiyyəti barədə izah vermədən onu «şübhəli şəxs» kimi tanıyaraq şübhəli şəxs kimi də dindirməyə başlamışdır. Müstəntiqə bu faktın hazırda Nəsimi rayon məhkəməsində mülki qaydada araşdırıldığını bildirmişdir. Lakin müstəntiq buna məhəl qoymamış həmin gün, yəni 15 dekabr 2021 -ci ildə onu “şübhəli şəxs” kimi dindirəndən və «tutma protokolu» tərtib edəndən sonra 48 saat saxlamaq üçün kameraya göndərməzdən əvvəl o ondan həmin gün barəsində tərtib etdiyi prosessual sənədlərin surətləri tələb etmişdir. Amma müstəntiq barəsində tərtib etdiyi prosessual sənədləri ona təqdim etməmişdir. Müvəqqəti saxlama kamerada 48 saat saxlayandan sonra 17 dekabr 2021-ci il tarixdə müstəntiq vəkili ilə bərabər saxlandığı kameraya gələrək ona AR CM in 182.2.4 maddəsi ilə ittiham elan etmiş və ifadəsini almışdır. Bundan sonra müstəntiq barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədi ilə əvvəl rayon prokuroru Həsən Hənifəyevin yanına aparmışdır. Prokuror isə heç bir araşdırma aparmadan həbs qətimkan tədbiri seçmək barədə təqdimat vermişdir. Bundan sonra Nəsimi rayon məhkəməsinin qərarına əsasən həmin maddə ilə barəsində 4 (dörd) ay həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra Bakı İstintaq Təcridxanasına aparılmış və 23 dekabr 2021-ci ilə qədər orada saxlanmışdır. Vəkilinin və onun həbs qətikkan tədbiri haqqında qərarından verdikləri apellyasiya şikayətindən sonra 23 dekabr 2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şikayəti araşdırmağa başlamışdır. Araşdırmadan sonra Kollegiya barəsində olan həbs qətimkan tədbirini ləğv edərək onu məhkəmə zalından azadlığz buraxmışdır. Eyni zamanda Kollegiya işi saxtalaşdırmış Nəsiminin müstəntiqi Ülvi Hadıyev və həbs qətimkan tədbiri seçmiş Solmaz Suleymanova barədində “Xüsusi Qərar” qəbul edərək aidiyyəti orqanalara göndərmişdir. 17 dekabr 2021-ci ildən bu ilə qədər həmin cinayət işi üzrə heç bir istintaq hərəkətləri aparılmamışdır. Amma həmin cinayət işi iki dəfə Nəsimi rayon prokurorluğundan alınaraq Bakı Baş Polis İdarəsinə aparılmışdır. Bundan sonra ona nə işin dayandırılması, nə də xitam eilməsinə dair heç bir qərar göndərilməmişdir. Yalnız bir dəfə Baş Prokurorluğun İdarə Rəsinin müavini ona məktub göndərmişdir. Həmin məktubdan görünür ki, Nəsimi rayon Pİ Müstəntiqi həmin cinayət işini AR CPM nin 39.1.3-cü maddəsi ilə xətm etmişdir. Lakin həmin məktubdan sonra “tam sakitçilik” olsa da yəni istintaq hərəkətləri edilməsə də həmin cinayət işi hələ də üstündə qalmışdır. Buna görə də onu hər yerdə “reket” deyə təhqir edirdilər. Hətta Yasamal rayon Pİ-də digər bir cinayət işi üzrə zərərçəkmiş kimi keçsə də sonradan oranın müstəntiqi həmin işi xətm edərək onun Nəsimi işi üzrə “reket” olduğunu bilavasitə qərarda qeyd eləmişdir. ********* saylı cinayət işinin hərəkətsiz qaldığını görərək istintaq orqanlarının hərəkətləri nəticəsində ona vurulmuş 20.000 manat kompensasiyanı almaq məqsədi ilə Nəsimi rayon Məhkəməsinə iddia vermişdir. Bu barədə xətm qərarı olmadığına görə İş xx.xx.2020-ci il tarixli № 2(006)-3673/2020 həmin iddiası təmin olunmamışdır. Nəsimi rayon məhkəməsinin 2(006)-3673/2020 saylı həmin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4885/2022 ci il tarixli qətnaməsi ilə həmin qətnamə qüvvəsində saxlanmışdır. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı barəsində seçilmiş həbs qətimkan təbiri ləğv edilsə də, onun Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqının hal-hazırda da davam etməsi işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Demək ki, həmin cinayət işi üzrə yekun qərar qəbul olunmamış, bu isə nəzəri baxımdan iddiaçı barəsində ittiham hökmünün çıxarılmasını istisna etmir. Qətnaməyə görə həmin iş üzrə bəraətedici əsaslarla xətm qərarı yaxud da hökm çəxarılandan sonra onun belə bir tələb qoymaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi özünün xx.xx.2023 cü il tarixli 2(102)-1477/2023 saylı qərarı ilə Apellyasiya Məhkəməsi Kollegiyasının gəldiyi nəticə ilə razılaşmışdır. Bakı Apellyasiya Məhkəməsi CK-nın xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş həmin cinayət işini saxtalaşdırmış müstəntiq Ülvi Hadıyev və hakim barəsində “XÜSUSİ QƏRAR” çıxarılandan sonra müstəntiq həmin cinayət işi üzrə barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçmişdir. Bundan sonra həmin iş Nəsimi rayon prokurorluğundan alınaraq Bakı Baş Polis İdarəsi AC üzrə İŞ-nə verilmişdir. Cinayət işi 10 ay BPİ də ağır cinayətlərə dair şöbədə heç bir istintaq hərəkətləri aparılmadan saxlanandan sonra yenidən Nəsimi rayonu prokuroruna qaytarılmış, müstəntiqi Ü.Hadıyev həmin cinayət işini AR CM=nin 39.1.2 maddəsi ilə xətm etmişdir. Lakin işin nəticəsi ilə biləvasitə maraqlı olan rayon prokuroru Həsən Hənifəyev həmin xətm qərarı ilə razı olmayaraq onu ləğv etmişdir. Bundan sonra Bakı Baş Polis İdarəsi İŞ yenidən həmin cinayət işini öz icraatına götürərərək (X6 ) həmin cinayət işini 2024 cü ilin ortalarına kimi heç bir istintaq aparmadan, hərəkətsiz saxlamış və xətm etməmişdir. Yalnız bir ay bundan əvvəl təsədüfən ona məlum olmuşdur ki, həmin cinayət işinə artıq xitam verilmişdir. Amma ona bu barədə heç bir qərar göndərilməmişdir. Buna görə də həmin cinayət işi ilə bağlı həm həbsdə, həm də azadlıqda çəkdiyi maddi fiziki və mənəvi ziyanlarını tələb etmək qərarına gəlmişdir. Nəticədə o zaman 65 yaşı olduğu halda, xəstə insan olduğu halda iki dəfə tibbi əməliyyat keçirtdiyi halda 7 gün həbsdə saxlanmışdır. Onun 2 sutkasını polisin zirzəmisində 5 gününü isə Kürdəxanı Təcridxanasın da saxlanmışdır. Təcridxanaya gətirilən gün ona zorla Covid 19 peyvəndi vurmuşlar. Bu müddət ərzində nəinki fiziki, həm də maddi və mənəvi əziyyətlərə və sarsıntılara məruz qalmışdır. Ailəsinin, bütün dost, qohumlarının yanında ümumiyyətlə “cinayətkar,reket” kimi tanınmağa başlanmışdır. Bu söhbət hətta anadan olduğu rayona da gedib çatmışdı. Hamı ona nifrət və şübhə ilə yanaşırdı. Çunki özgəsinin əmlakını hədə qorxu ilə tələb etmək ağır cinayət sayılır. Həbs olunub ittiham olunduğu üçün baş redkator kimi çalışıdığı “Vəkilin səsi” ictimai siyasi hüquq qəzeti redaksiyasından xaric edilmişdir. Hətta xarici ölkələrdə yaşayan qohumları da onu “reket” kimi qəbul edərək ondan üz döndərmişlər. O zamandan da 3 il heç yerdə iş tapa bilməmişdir. Borc almaqla dolanır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı barəsində həbsdə saxlanılma müddətinin əvvəli 15 dekabr 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)- 758/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarına əsasən təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi X5 apellyasiya şikayəti təmin edilmiş, İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmiş, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, barəsində AR CM-nin 182.2.4cü maddəsi ilə istintaq olunan cinayət işi xx.xx.2022-ci il tarixdə istintaqın davam etdirilməsi üçün Bakı şəhər Baş polis idarəsindən Nəsimi RPİ-nin İŞ-nə göndərilmiş və Nəsimi RPŞ-də aparılmış istintaq zamanı xx.xx.2022-ci il tarixli qərar ilə cinayət işi üzrə icraata AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan “Vəkilin səsi” X4 Hüquq Qəzetinin təsisçisinin xx.xx.2021-ci il tarixli, 04 nömrəli qərarına əsasən İddiaçı “Vəkilin səsi” X4 hüquq qəzetinin baş redaktoru vəzifəsindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara əsasən AR CM-nin 182.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı əməlində cinayət tərkibinin olmasına işarə edən kifayət qədər sübutlar məcmusu olmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi qərar alınmış, İddiaçı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində iştirakına xitam verilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 2-ci hissəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 15 dekabr 2021-ci il tarixdə İddiaçı AR CM-nin 182.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə İddiaçı əməli AR CM-nin 182.2.4-cü maddəsinə tövsif edilmiş, xx.xx.2021-ci il tarixdə İddiaçı AR CM-nin 182.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı barəsində həbsdə saxlanılma müddətinin əvvəli 15 dekabr 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərardadan apellyasiya şikayti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-758/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarına əsasən təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi X5 apellyasiya şikayəti təmin edilmiş, İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmiş, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş və həmin gün müstəntiqin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara əsasən AR CM-nin 182.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı əməlində cinayət tərkibinin olmasına işarə edən kifayət qədər sübutlar məcmusu olmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi qərar alınmış, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Hazırda iddiaçı cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verildiyindən, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyindən cavabdehdən maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 15000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilk əvvəl iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndinə əsasən, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097- ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmənin qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilmə mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt kimi isə “Azərbaycan Respublikası” çıxış edir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur və cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda, ziyana görə həmin şəxsin qarşısında məhz dövlət- “Azərbaycan Respublikası” məsuliyyət daşıyır. Hazırkı işdə də mübahisəli hüquq münasibətinin tərəfi kimi dövlət- “Azərbaycan Respublikası” çıxış edir və dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Cavabdeh həyata keçirir. Bu baxımdan hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd olunan səbəblərdən, həmçinin mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iddiaçıya mənəvi ziyan dəydiyi öz təsdiqini tapdığından ona dəymiş zərər cavabdeh tərəfindən ödənilməlidir. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının azadlığından məhrum edilərək iztirab çəkməsi, mənəvi sarsıntı keçirməsi, toyunun ləğv olunması arasında səbəbli əlaqə vardır. Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara əsasən AR CM-nin 182.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı əməlində cinayət tərkibinin olmasına işarə edən kifayət qədər sübutlar məcmusu olmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi qərar alınmış, İddiaçı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində iştirakına xitam verilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Həmçinin, iddiaçı Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduqdan sonra, uzun müddət ərzində əsassız yerə istintaqa cəlb edilmiş, onun mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar səhhətində ciddi problemlər yaranmış, cəmiyyət arasındakı mövcud nüfuzu zədələnmiş, toyu ləğv olunmuş və bunun nəticəsində də iddiaçıya mənəvi zərər dəymişdir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən edilməlidir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin miqdarı müəyyən edilərkən, ilk növbədə işin halları nəzərə alınmaqla, qanunsuz təqsirləndirilən şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin növü, yəni azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı ilə, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə və ya “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı biri-birindən fərqləndirilməlidir. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay- azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat müəyyən edilir. İşdən görünür ki, iddiaçı, heç bir təqsiri olmadığı halda, istintaq və məhkəmə orqanları tərəfindən araşdırmaya, uzunsürən məhkəmə çəkişmələrinə cəlb edilib və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, yalnız xx.xx.2023-cü il tarixdə təqsirliliyi sübuta yetirilmədiyindən Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi X1 xx.xx.2023-cü il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən AR CM-nin 182.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı əməlində cinayət tərkibinin olmasına işarə edən kifayət qədər sübutlar məcmusu olmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş, İddiaçı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində iştirakına xitam verilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 8250 ((8 gün həbsdə qalma müddətinə düşən məbləğ təqribi 250 manat + (16 ay x 500 manat) = 250+8000= 8250) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı bu hissədə iddiasını əsaslı edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi 5000 manat məbləğində maddi zərərin iddiaçıya ödənilməsi hissəsində təmin edilə bilməz. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qimən təmin edilməli və vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 8250 manat məbləğində pul İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mənəvi zərərin əvəzi kimi 8250 (səkkiz min iki yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Cavabdeh vasitəsilə İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar