Məhkəmə qərarları › İş №e-2(004)-966/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-966/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-966/2022 08.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Bakstone Construction MMC-nin nümayəndə və eyni zamanda vəkilləri Nümayəndə və Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakstone Construction MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, dövlət qeydiyyatının ləğv edilməsi və pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakstone Construction MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, dövlət qeydiyyatının ləğv edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 19.06.2020-ci il tarixli İP- 18/2020 saylı ipoteka müqaviləsinə öhdəliyin icra edilməsi əsası ilə xitam verilməsi və ona məxsus ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin ipoteka dövlət qeydiyyatının ləğv olunması, 175 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xidməti haqqının və 5000 manat dəymiş ziyan olmaqla, cəmi 5675 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış 19.06.2020-ci il tarixli podrat müqaviləsi üzrə öhdəliyin bir qismi həcmində təminat üsulu olaraq ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4094a sayh bağ sahəsi ünvanında yerləşən və ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflərin iştirakı ilə 53 saylı notariat kontorunda ümumi dəyəri 65500 manat olmaqla, 21.04.2023-cü il tarixədək icra olunmaq şərtilə 19.06.2020-ci il tarixli İP-18/2020 №-li ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi bağlandıqdan sonra qrafik üzrə öhdəliyini vaxtında icra etmiş, 2021-ci ilin may ayında ipoteka borcunu tam bağlamışdır. 2021-ci ilin noyabr ayında aralarında ödənilmiş məbləğin dəqiqləşdirilməsi üzrə yazışmalar olmuş və ipoteka müqaviləsi üzrə 300 manat borcunun qaldığını müəyyən edərək, 03.12.2021-ci il tarixində həmin məbləği də cavabdehə ödəmişdir. Bununla da, ipoteka müqaviləsi bağlandığı tarixdən 03.12.2021-ci il tarixədək ümumilikdə 65540 manat ödəniş etmişdir. Göründüyü kimi, ipoteka müqaviləsi üzrə öhdəliyini tam həcmdə icra etmişdir. İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən ipoteka saxlayan öhdəlik tam şəkildə icra olunub başa çatdırıldıqdan sonra əmlakın yüklülükdən azad edilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri icra etmək vəzifəsi daşıyır. Bununla əlaqədar olaraq, cavabdehə 03.12.2021-ci il tarixində bildiriş göndərmiş, lakin bu bildirişə indiyə qədər cavab verilməmişdir. Cavabdehlə şifahi əlaqə saxlayanda cavab olaraq, öhdəliyin həcminin 135620 manat (podrat müqaviləsi ilə nəzərdə tutulan məbləğ) olduğu və bu məbləği ödəməmiş ipoteka ilə yüklü edilmiş əmlakı yüklülükdən çıxarmayacaqlarını bildirilmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı Mülki Məcəllənin tələblərinə əsasən tərəflərin öhdəliklərə vicdanlı yanaşması prinsipini kobud şəkildə pozmaqla bu saxta və uydurma iddianı irəli sürmüşdür. Aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi tamamilə rədd edilməlidir. Cavabdeh MMC ilə İddiaçı arasında 19.06.2020-ci il tarixli P-18/2020 saylı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə görə sifarişçinin sifarişinə əsasən podratçı sifarişçiyə məxsus olan Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi 4094A saylı bağ sahəsində yaşayış binasının tikilməsi və qismən təmiri üçün tələb olunan malları təhciz edəcək və bununla əlaqədar iş və xidmətləri yerinə yetirəcək, sifarişçi isə sifariş etdiyi malları, iş və xidmətləri qəbul edərək müqavilənin tələblərinə əsasən podratçıya 135620 manat muzd ödəyəcək. (Müqavilənin 1 -ci bəndi). Müqavilənin şərtlərinə əsasən sifarişçi müqavilə imzalandığı tarixdə müqavilə qiymətinin 25%-ni yəni, 33905 manat məbləği ilkin ödəniş edir. Qalan 75%-ni, yəni 101715 manat məbləği 36 ay müddətinə hər ay azı 2826 manat olmaqla ödəyir. (Müqavilənin 5-ci bəndi). Müqailənin digər bir şərtinə əsasən tərəflərdən hər hansı biri öhdəliyi vaxtında icra etməzsə hər gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1% i məbləğində digər tərəfə cərimə ödəməlidir. Cərimənin ümumi məbləği müqavilənin 5%-dən çox olmamalıdır. (Müqavilənin 8-ci bəndi). Müqavilənin tələblərinə əsasən podratçı müqavilə imzalandığı gündən sonrakı 210 iş günü ərzində müqavilədə nəzərdə tutulan işləri yerinə yetirir. Podratçı öhdəliklərini vaxtından əvvəl icra edərək 19.01.2021-ci il tarixdə işi təhvil vermişdir. Eyni zamanda müqavilədə nəzərdə tutulmuş işlərdən əlavə işləri də sifarişçi sifariş etmiş və həmin işlər də 19.01.2021-ci il tarixdə tam təhvil verilmişdir. Hazırda iddiaçı həmin evdə yaşayır. (Müqavilə 6-cı bənd). Tərəflər arasında notarial qaydada bağlanmış ipoteka müqaviləsinə əsasən 19.06.2020-ci il tarixli P-18/2020 saylı podrat müqaviləsinin təminatı kimi iddiaçıya məxsus ümumi sahəsi 0,12 ha olan Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi 4094A saylı bağ sahəsi yüklü edilmişdir. Aralarında mübahisəni məhkəmədən kənar qaydada həll edilməsi üçün iddiaçıya 16.11.2021-ci il tarixli tələbnamə göndərilsə də, öhdəliklərini yerinə yetirməməkdə davam etmişdir. Bununla əlaqədar olaraq Bakı şəhər Biııəqədi rayon Məhkəməsində İddiaçı qarşı iddia irəli sürülmüş və ondan cəmi 81034 manat tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilməsi tələb edilmişdir. Həmin iş hazırda icraatdadır. İddiaçının mübahisələndirdiyi ipoteka müqaviləsi üzrə güya 65500 manat məbləğə görə yüklü edilməsi barədə fikirləri tamamilə əsassızdır. Belə ki, MMC bir çox vətəndaşlara və təşkilatlara tikinti sektorunda xidmət göstərir və müştəri məmnunluğu 95%-dən çoxdur. Müştərilərinə qarşı daima dürüst olmuş və qarşı tərəfdən də bunu gözləmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilə saxta müqavilədir. Həmin müqavilənin ilkin variantı MMC-nin digər müştərisi olan X1 ilə bağlanmış müqavilənin şablonunun üzərində hazırlanmışdır. Müqavilə bağlandıqdan sonra təkrar daha diqqətlə oxunduqdan sonra müqavilədəki müvafiq texniki səhvlərin olduğu üzə çıxmış və müqavilələrin bütün əsl nüsxələri notariusa qaytarılmış və orada düzəlişlər edilmiş və notariusda düzəlişin həqiqiliyini təstiq etmişdir. Həmin müqavilə əlavə olunur. Cavabdeh MMC olaraq təcrübədə hər bir müştəri ilə bağlanmış ipoteka müqaviləsində ipoteka məbləği ümumi borc məbləğindən aşağı olmamışdır. Sadəcə olaraq iddiaçı texniki düzəlişdən sui istifadə edərək öhdəliklərin icrasına vicdanlılığın müəyyən etdiyi tərzdə yanaşmamışdır. Məhkəmə iclasında İddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin məhkəməyə verdiyi izahat və təqdim etdiyi sənədlərin heç bir hüququ əsası yoxdur. Belə ki, onlar arasında bağlanmış ipoteka müqaviləsinə edilmiş düzəlişlərdən onun xəbəri olmamışdır. Həmin edilmiş düzəlişlərdən məhkəmə zamanı məlumatlı olmuşdur. Hesab edir ki, həmin düzəlişləri cavabdeh tərəf etmiş və sadəcə notarius tərəfindən düzəliş təsdiq edilmişdir. Əgər sözü gedən düzəlişlər aralarında olan razılıq əsasında olsaydı, o zaman digər məhkəmə çəkişməsində cavabdeh tərəf yalnız pul tələbi ilə bağlı deyil, tələbin ipotek predmetinə yönəldiməsi tələbiylə də məhkəmədə çıxış edərdi. Bir daha qeyd edir ki, onlar aralasında ipoteka müqaviləsi 65500 manat məbləğində bağlanılmış və o sözü gedən məbləği cavabdehə ödəmişdir. Onun cavabdehlə sözü gedən məbləğdə ipoteka müqaviləsinin bağlamasına əsas daha tez bir zamanda ödəniş edərək, ipoteka predmetini yüklülükdən azad etməsi və həmin sahəyə çıxarış ala bilməsi olmuşdur. O, ümumiyyətlə cavabdeh qarşısında olan öhdəliklərinin ipoteka ilə yüklü edilmiş hissəsini artıqlaması ilə yerinə yetirmişdir. Bundan başqa o ipoteka müqaviləsi bağlanan zaman həmin müqavilədə göstərilmiş podrat müqaviləsinin nömrəsinin səhv yazılmasına heç fikir verməmişdir. Belə ki, həmin fakt məhz ona məhkəmə prosessi zamanı məlum olmuşdur. Onun üçün əhəmiyyətli olan ipoteka predmetinin yüklülüyünün həcmi olmuşdur ki, həmin məbləğ də tərəflərin razılığı əsasında 65500 manat məbləğində müəyyən edilmiş, o da, müqaviləni oxuyaraq notariusun iştirakı ilə imzalamışdır. Digər tərəfdən cavabdeh tərəfindən müqavilədə göstərilmiş xidmətlər tam olaraq yerinə yetirilmədiyindən o, cavabdehə olan ödənişlərini dayandırmışdır. Belə ki, qeyd edilmiş ölçülərdə tikinti işləri aparılmamış, evin damı tam olaraq izolyasiya edilməmiş, qeyd edilmiş xidmətlər tam olaraq yerinə yetirilməmişdir. Həmin məsələ ilə bağlı da cavabdeh tərəfindən Binəqədi Rayon Məhkəməsində ona qarşı pul tələbinə dair iddia qaldırılmışdır. O iddianın hazırki iddia ilə əlaqəsi yoxdur. Odur ki, məhkəmədən iddianın təmin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin qanunsuz əməllərindən polis və prokurorluq orqanlarına müraciətlər etmiş və həmin müraciətlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Belə ki, cavabdehin tərəfin iştirak olmadan öz mülahizələrinə uyğun olaraq istədiyi məbləği yazmaqla mqavilədə düzəliş etməsi və notariusun da həmin düzəlişi təsdiq etməsi qanunsuz olmuşdur. İpoteka yüklülüyünün həcmi tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmiş, qanunvericiliyə görə də, öhdəliyin ipoteka ilə yüklü edilmiş hissəsi əsas öhdəliklə eyni həcmdə və ya az ola bilər. Müqaviləyə dəyişikliklər də, yalnız tərəflərin qarşılıqlı razılıq və müqaviləyə edilmiş yazılı əlavə şəklində bağlanıla bilərdi. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bakstone Construction MMC-nin nümayəndə və eyni zamanda vəkilləri Nümayəndə və Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdilər və əsassız olduğuna görə iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan podratçı “Bakstone Construction" MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış 19.06.2020-ci il tarixli, İP-18/2020 saylı podrat müqaviləsinin surətindən görünür ki, podratçı sifarişçinin sifarişi və tərtib edilmiş lahiyə əsasında (Əlavə № 1), DƏDRX-nin çıxarışına (qeydiyyat nömrəsi **********92) əsasən sifarişçiyə məxsus olan ünvan 3 ünvanında yaşayış binasının tikilməsi və qismən təmiri üçün tələb olunan malları təchiz edir, bununla əlaqədar iş və xidmətləri yerinə yetirir. Sifarişçi isə sifariş etdiyi malları, iş və xidmətləri podratçıdan qəbul edir və ona müqavilənin 4-cü bəndinə razılaşdırılmış muzd ödəyir. Müqavilə üzrə alınacaq malların, görüləcək iş və xidmətlərin ümumi dəyəri, bütün xərclər daxil olmaqla, 135620 manat təşkil edir (ƏDV daxil). (4-cü bənd). Müqavilə qiymətinin 25%-i 33905 manat olmaqla müqavilə imzalandığı tarixdə sifarişçi tərəfindən podratçının bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilir və layihə üzrə görüləcək işlərə start verilir (5.1). Müqavilə qiymətinin qalan hissəsi,75%-i 101715 manat olmaqla 19.07.2020-ci il tarixdən başlayaraq, 36 ay ərzində (Ödəniş qrafiki, Əlavə № 3), hər ay 2826 manat olmaqla sifarişçi tərəfindən podratçının bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilir (5.2.) İş materiallarında olan ipoteka saxlayan “Bakstone Construction" MMC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış 19.06.2020-ci il tarixli, İP-18/2020 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan podrat müqaviləsi üzrə yaranmış öhdəliklərin İcrasının təmin edilməsi məqsədi ilə mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha torpaq sahəsini ipoteka saxlayanın xeyrinə ipoteka iiə yüklü etmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən öhdəliyin mahiyyəti 21.04.2020-cl İİ tarixli, P-08/2020 saylı podrat müqaviləsi, 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü (məbləği) 65500 manat, 3.3-cü bəndinə görə icra müddəti podrat müqaviləsi imzalandığı tarixdən 21.04.2023-cü il tarixədək müəyyən edilmişdir. Müqavilənin 12.2-ci bəndinə əsasən müqavilənin şərtləri hər iki tərəfin razılığı ilə dəyişdirilə bilər. Birtərəfli qaydada edilən dəyişikliklərin heç bir hüquqi qüvvəsi yoxdur. Müqavilə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu Ə.Hüseynov tərəfindən təsdiqlənmiş, reyestrdə 3M-1378 nömrə ilə qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş ipoteka saxlayan “Bakstone Construction" MMC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış 19.06.2020-ci il tarixli, İP-18/2020 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, müqavilənin 3-cü bəndində qələmlə üstündən xətt çəkiləməklə düzəliş edilərək, 3.1-ci bəndinə əsasən öhdəliyin mahiyyəti “21.04.2020-cl İİ tarixli, P-08/2020” əvəzinə “19.06.2020-ci il tarixli, İP-18/2020” saylı podrat müqaviləsi, 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü (məbləği) “65500 manat” “135620 manat”, 3.3-cü bəndinə görə “21.04.2023-cü il tarixədək” “19.06.2023-cü il tarixədək” qeyd edilmişdir. Müqaviləyə olunmuş düzəliş Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu Ə.Hüseynov tərəfindən təsdiqlənmiş, bu barədə məlumatın reyestrə daxil olunması göstərilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-966/2022 saylı, 02.03.2022-ci il tarixli məktubu ilə Bakı şəhəri 53 saylı notariat ofisinə sorğu verilərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 19.06.2020-ci il tarixli İP-18/2020 nömrəli (reyestrdə 3M- 1378 nömrəsi ilə qeyd edilmiş) ipoteka müqaviləsi barədə notariat işinin əslini və ya təsdiq edilmiş surətini (həmçinin həmin müqaviləyə əlavəni, düzəlişi) məhkəməyə təqdim etməsi xahiş olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təqdim olunmuş 3M-05-1378 saylı notariat işinin surətindən görünür ki, həmin işdə olan 19.06.2020-ci il tarixli, 3M-1378 reyestr nömrəli ipoteka müqaviləsinə dair müqavilənin 3cü bəndinə heç bir düzəliş edilməmiş, iş materiallarında düzəlişlə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İddia ərizəsinə əlavə olunmuş mədaxil qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən “Bakstone Construction" MMC-yə cəmi 65165 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı tərəfindən “Bakstone Construction" MMC-yə ünvanlanmış 03.12.2021-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçı cavabdehə müraciət edərək, aralarında bağlanmış 19.06.2020-ci il tarixli İP-18/2020 №-li ipoteka müqaviləsi üzrə 03.12.2021-ci il tarixədək ümumilikdə 65540 manat ödəniş etdiyini, bununla da müqavilənin 3.2-ci bəndinə əsasən öhdəliyini tam həcmdə icra etdiyini göstərmiş və ipoteka ilə yüklü edilmiş öhdəlik tam şəkildə icra olunub başa çatdırıldığı üçün sizdən tələb edirik ki, Müqavilənin 8.1-ci bəndinə əsasən əmlakın yüklülükdən azad olunması ilə bağlı üzərinizə düşən öhdəlikləri (müvafiq dövlət orqanına yüklülükdən azad olunma ilə bağlı müraciət edilməsi və s.) icra edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat idarəsinin rəisi Mehman Soltanov tərəfindən Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanmış 09.22.2022ci il tarixli məktubdan görünür ki, onun ipoteka müqaviləsində dəyişiklik edilməsi qaydaları barədə müraciətinə baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın”ın 24-cü hissəsinə əsasən karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır; 34-cü hissəsinə əsasən notarius təsdiq olunmüş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar yazi səhvlərini öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər. Düzəlişlər təsdiq qeydinin sonunda notarius tərəfindən “düzəlişə inanılsın” sözlərindən sonra səhvə və qaralamaya yol verilmədən yazılaraq imzası və möhürü ilə təsdiq edilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən notariat qaydasında təsdiq edilən əqdlərin məzmunu ifadə olunan sənədlər notariusa azı iki nüsxədə təqdim olunmalı, nüsxələrdən biri notariusun işlərində saxlanmalıdır. Təsdiq edilmiş əqdin nüsxələrinin məzmun-u eyni olmalıdır və bu nüsxələrin məzmununda fərq olması qanunvericiliyin tələblərinə ziddir. İpoteka müqaviləsinin dəyəri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsində nəzərdə tutulmuş qaydada dəyişdirilə bilər. Bu barədə "Elektron notariat" İnformasiya sistemində məlumat yerləşdirilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 18.03.2020-ci il tarixli məktubundan görünür ki, 15.03.2022-ci il tarixinə olan məlumata əsasən ünvan 1 Cavabdeh MMC-nin 09.02.2021-ci il tarixli müraciəti nəzərə alınaraq, Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş İP-18/2020 saylı, 19.06.2020-ci il tarixli ipoteka müqaviləsi üzrə P-08/2020 saylı, 21.04.2020-ci il tarixli podrat müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir (öhdəliyin icra müddəti 21.04.2020-ci ildən 21.04.2023-cü ilədək, öhdəliyin ölçüsü 65500 manat). İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırdığı 08.12.2021-ci il tarixli iddia ərizəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 19.06.2021-ci il tarixli, P- 18/2020 saylı podrat müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdeh İddiaçı 73155 manat əsas borc, 6781 manat cərimə, vurulmuş zərərə görə 780 manat xidmət haqqının, 318 manat dövlət rüsumunun, cəmi 81034 manat pulun tutularaq iddiaçının xeyrinə ödəniməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, podratçı “Bakstone Construction" MMC ilə sifarişçi İddiaçı arasında sifarişçiyə məxsus olan ünvan 3 ünvanında yaşayış binasının tikilməsi və qismən təmiri üçün 19.06.2020-ci il tarixli, İP-18/2020 saylı podrat müqaviləsi və həmin müqavilədən yaranmış öhdəliklərin icrasının təminatı olaraq ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha torpaq sahəsini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə 19.06.2020-ci il tarixli, İP-18/2020 saylı ipoteka müqaviləsi bağlanmış, öhdəliyin (yüklülüyün) ölçüsü 65500 manat müəyyən edilmişdir. Daha sonra müqavilənin bir nüsxəsində 3-cü bənddə 3.1-ci bəndinə əsasən öhdəliyin mahiyyəti “21.04.2020-cl İİ tarixli, P-08/2020” əvəzinə “19.06.2020-ci il tarixli, İP-18/2020” saylı podrat müqaviləsi, 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü (məbləği) “65500 manat” “135620 manat”, 3.3-cü bəndinə görə “21.04.2023-cü il tarixədək” “19.06.2023-cü il tarixədək” qeyd edilmişdir. Müqaviləyə olunmuş düzəliş Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu Ə.Hüseynov tərəfindən təsdiqlənmiş, bu barədə məlumatın reyestrə daxil olunması göstərilməmişdir. Edilmiş dəyişikliklər notariusda qalan nüsxədə öz əksini tapmamışdır. Bundan başqa cavabdeh tərəf müvafiq düzəlişlərin tərəflər arasında bağlanılmış ipoteka müqaviləsindən dərhal sonra, yəni bir gün sonra edildiyini iddia etsə də, məhkəməyə buna dair heç bir sübutlar təqdim edilməmiş, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 19.06.2020-ci il tarixli, İP-18/2020 saylı ipoteka müqaviləsində edilmiş dəyişikliklərin notarius tərəfindən təsdiqlənməsi müəyyən edilsə də, hansı tarixdə aparılması ümumiyyətlə qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində düzəlişlərin hansı tarixdə notarius tərəfindən təsdiq edilməsi müəyyən edilmədiyindən, həmin düzəlişlərin iddiaçı tərəfindən məhkəmə belə bir iddia qaldırdıqdan sonra aparılması da istina deyil. Belə ki, iş materialları ilə məüyyən olunur ki, hazırki iş üzrə Cavabdeh MMC daha öncədən iddiaçı qismində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə cavabdeh İddiaçı qarşı podrat müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən müqavilə üzrə ödənilməmiş və tələb olunan məbləğin öz xeyrinə tutulmasını tələb etsə də, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Eyni zamanda iş materiallarnda mövcud olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubu ilə, məhz Cavabdeh MMC-nin müraciəti əsasında ünvan 1nin İP-18/2020 saylı, 19.06.2020-ci il tarixli ipoteka müqaviləsi üzrə P-08/2020 saylı, 21.04.2020-ci il tarixli podrat müqaviləsi əsasında 65500 manat ölçüsündə (məbləğində) öhdəliyin icrasının təminatı qismində ipoteka ilə yüklü edilməsi müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 1.0.8-cö maddəsinə görə, əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Həmin Qanunun 4.2-ci maddəsinə görə bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 14.1.1-ci maddəsinə görə ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 25-ci hissəsinə əsasən, motariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanı göstərilməklə ixtisarsız yazılmalıdır. Əlavə yazılar və düzəlişlər lazımi şəxslərin (əqd iştirakçılarının və əqdi, ərizəni və s. imzalamış digər şəxslərin) imzasından əvvəl şərtləşdirilməli və təsdiq qeydinin sonunda təkrar olunmalıdır, həm də düzəlişlər elə edilməlidir ki, səhvən yazılan və sonra üstündən qələm çəkilən nə varsa, hamısını ilk mətndə oxumaq mümkün olsun. Sənədin mətnində tərəflərin imzalamadıqları düzəlişlər yalnız təsdiq qeydinin sonunda notarius tərəfindən şərtləşdirilir. Təlimatın 34-cü hissəsinə əsasən, notarius təsdiq olunmuş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar riyazi səhvləri öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər. Düzəlişlər təsdiq qeydinin sonunda notarius tərəfindən “düzəlişə inanılsın” sözlərindən sonra səhvə və qaralamaya yol verilmədən yazılaraq imzası və möhürü ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, 19.06.2020-ci il tarixli, İP- 18/2020 saylı ipoteka müqaviləsində dəyişiklik qanunvericiliyin imperativ normalarının tələblərinə zidd olaraq, tərəflərin iştirakı və razılığı olmadan, müvafiq reyestrdə qeydə alınmadan edilmişdir və bu mənada əhəmiyyətsiz əqd olduğundan (özü-özlüyündə əhəmiyyətsiz olduğundan), heç bir hüquqi nəticə yaratmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ipoteka müqaviləsində nəzərdə tutulmuş öhdəliyin icra olunması ipoteka müqaviləsinə xitam verilməsi üçün əsasdır. Belə olan halda, iddia tələbi ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi hissələrində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, iddia tələbinin “cavabdehdən nümayəndə xərci qismində 500 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki üş üzrə nümayəndənin yardımına görə tələb olunan 500 manat məbləğini ağlabatan məbləğ hesab etmədiyinə görə, iddia tələbini həmin hissədə qismən, yəni 250 manat hissəsində təmin olunması qənaətinə gəlir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi 5000 manat dəymiş ziyanın cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən hazırki mübahisə ilə bağlı ona 5000 manat ziyanın dəyməsi əsaslandırılmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80 və 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 50 faiz həcmində təmin edildiyinə görə 175 manat dövlət rüsumun 87,50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 19.06.2020-ci il tarixli, İP-18/2020 nömrəli ipoteka müqaviləsinə xitam verilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi ipoteka yüklülüyündən azad edilsin (dövlət qeydiyyatı ləğv olunsun). İş üzrə ödənilmiş 175 (bir yüz yetmiş beş) manat dövlət rüsumun 50%-i, yəni 87 (səksən yeddi) manat 50 (əlli) qəpik məbləği iddiaçıya aid edilsin, qalan 50%-i, yəni 87 (səksən yeddi) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Hüquqi yardıma görə 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar