Məhkəmə qərarları › İş №e-2(005)-1064/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1064/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1064/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ya qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə) “müqavilə öhdəliklərinin icra edilməməsi səbəbindən ödənilmiş vəsaitin geri qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsinin dəlilləri İddiaçı cavabdeh "xxxx" MMC-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsi səbəbindən ödənilmiş vəsaitin geri qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 28 iyun 2024-cü il tarixli podrat müqaviləsinə əsasən artıq ödənilmiş 6 927 (altı min doqquz yüz iyirmi yeddi) manat vəsait, həmin məbləğə əlavə 5% olan 86,58 (səksən altı manat 58 qəpik) manat məbləğində pul vəsaiti, 1500 (min beş yüz) manat əldən çıxmış faydanı və 5 000 (beş min) manat mənəvi zərəri, həmçinin iddia ərizəsinə görə ödənilmiş 130,54 (yüz otuz manat 54 qəpik) manat dövlət rüsumu, ümumilikdə cəmi 13 644,12 (on üç min altı yüz qırx dörd manat 12 qəpik) manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx"t MMC (səlahiyyətli şəxs qismində X2) arasında təmir-tikinti xidmətlərinin göstərilməsi üzrə 28 iyun 2024-cü il tarixli Bİ 24/004 nömrəli podrat müqaviləsi (bundan sonra - müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən “Sifarişçi” (bundan sonra - iddiaçı) təmir-tikinti xidmətlərinin göstərilməsini sifariş verib razılaşdırılmış xidmət haqqını ödəməyi, “Podratçı” (bundan sonra - cavabdeh) isə öz növbəsində iddiaçının müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.2-ci bəndi üzrə cavabdeh iddiaçının sifariş verdiyi xidmətləri həyata keçirir (işi icra edir). Müqaviləyə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. Müqavilənin 3.2.3-cü yarımbəndinə əsəsən iddiaçı müqavilədə qeyd edilən ödənişləri vaxtında icra edir. Həmçinin, müqavilənin 4.2-ci bəndi üzrə xidmət haqqının ilkin olaraq məbləğin 40%-i, daha sonra mərhələli şəkildə təhvil-təslim zamanına kimi ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə və Mənzildə görülən işlərin və materialların cədvəlinə əsasən görüləcək işlərin və materialların ümumi qiyməti bütün vergi və digər xərclər daxil 29 280 (iyirmi doqquz min iki yüz səksən) manat müəyyən olunmuş və bu günədək İddiaçı tərəfindən sifarişin müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC-yə 8 500 (səkkiz min beş yüz) manatı nağd qaydada, 13 427 (on üç min dörd yüz iyirmi yeddi) manat Bağırov İsmayılın adına olan bank kartına köçürtməklə ümumilikdə21 927 (iyirmi bir min doqquz yüz yeddi) manat ödənilmişdir. Lakin, ilkin hesablamalara əsasən verilən sifariş üzrə cavabdeh tərəfindən cəmi 15000 (on beş min) manat məbləğində işlər görülmüşdür. Əlavə olaraq, cavabdeh görülən işləri və göstərilən xidmətləri qüsurlu şəkildə yerinə yetirmiş, müqavilə müddətində təmir işlərini icra etməmişdir. Bu səbəbdən İddiaçı ciddi zərər etmişdir. Belə ki, görülən işlər yarımçıq həyata keçirilmiş, kabel və su boruların çəkilişi düzgün aparılmamışdır. Müqavilə ilə razılaşdırıldığı kimi, sentyabrın sonunda təmir işi yekunlaşmamışdır. Müqavilənin 3.1.2-ci yarımbəndinə əsəsən cavabdeh xidmətləri müqavilənin əlavələri ilə müəyyən edilən zaman çərçivəsində yüksək keyfiyyətlə qüsursuz yerinə yetirmək öhdəliyi daşıyır. Həmçinin, müqavilənin 3.1.3-cü yarımbəndi ilə cavabdehin iddiaçının verdiyi konkret tapşırıqları vaxtında və lazımi qaydada icra etmək, eləcə də işin keyfiyyətinə və qüsursuzluğuna zəmanət vermək vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Qeyd olunanlarla bağlı cavabdehə pretenziya qaydasında xəbərdarlıq edilsə də, o, öz öhdəliklərinin lazımınca icra edilməsi və yol verdiyi qüsurların aradan qaldırılması istiqamətində hər hansı səy göstərməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə üzrə öz öhdəliklərini tam icra etməyən və lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşımalı və qarşı tərəfə zərəri tam həcmdə ödəməlidir. Eyni zamanda, müqavilənin 5.3-cü bəndi üzrə tərəflər müqaviləyə xitam olunmazdan əvvəl yaranmış öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyırlar. Müqavilənin 6.4-cü bəndinə əsasən cavabdeh öz öhdəliklərini vaxtında və vicdanla yerinə yetirilməsinə dair zəmanət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra edib, cavabdeh öz öhdəliklərini icra etməyib, ona maddi və mənəvi ziyan vurub. Tərəflərin arasında olan razılığa əsasən, hər kvadrat metrə görə 240 manat, ümumilikdə, 29280 manat ödənilməli idi. İddiaçı cavabdehə 21927 manat məbləğində pul ödənilib. Bundan 8820 manat nağd qaydada, 13107 manat məbləğində pul vəsaiti isə nağdsız şəkildə ödənilib. Ekspert rəyi ilə qismən razıdır. Belə ki, göstərilən bəzi təmir işlər keyfiyyətsiz və natamamdır, lakin tam həyata keçirilmiş kimi qiymətləndirilib. Cavabdehin isti döşəmə çəkdiyi hissələr kifayət qədər isinmir, həmin yerlərə əlavə radiatorlar quraşdırıb. Terrasa dair hər hansı iş görülməyib. Hazırda fərdi yaşayış evində oğlu və iddiaçının anası yaşayır. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materialları - 28 iyun 2024-cü il tarixli,Bİ 24/004 saylı podrat müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən,«Sifarişçi» təmir-tikinti xidmətlərinin göstərilməsini sifariş verib «Podratçı»ya razılaşdırılmış xidmət haqqı ödənilmiş, «Podratçı» «Sifarişçi»nin müəyyən etdiyi qaydada xidmətləri (bundan sonra ‘‘Xidmət göstərməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətin göstərilməsi tərəflərin hazırki Müqavilənin 5.1 bəndində göstərilən müddət ərzində həyata keçirilir. 2.1-ci bəndinə əsasən Xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi Sifarişçi tərəfindən verilir.2.2-ci bəndinə əsasən«Podratçı» “Sifarişçinin” sifariş verdiyi xidmətlərini həyata keçirir (işi icra edir).2.3-cü bəndinə əsasən “Podratçı” Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir.2.4-cü bəndinə əsasən «Podratçının» yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla «Sifarişçi» tərəfindən təhvil almır.Həmin müqavilənin 4.2-ci bəndinə əsasən göstərilən xidmət haqqı isə ilkin olaraq məbləğin 40%i,daha sona mərhələli şəkildə təhvil-təslim zamanına kimi ödəniləcəkdir. - Mənzildə görülən işlərin və materialların qiymət cədvəlindən görünür ki,kafel-20-25 manat,qranit-20-25 manat,radiator-12-14 manat,razetkalar-5-7 manat,spotlar-7-10 manat,ev qapıları-310 manat,laminat-20-25 manat,divar kağızı-25-30 manat hesablanmışdır. - Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 416973******5117 saylı hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə 4,500 manat, xx.xx.2024-cü il tarixdə 4500 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 1159 manat, xx.xx.2024-cü il tarixdə 1648 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qaimə fakturadan görünür ki, iddiaçı tərəfindən sifariş edilən mallara görə 2000 manat pul vəsaiti (840+1160(beh)) cavabdehə ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2025-ci il tarixli rəyindən görünür ki,İddiaçı məxsus Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsində inşa edilmiş fərdi yaşayış evi üzrə yarımçıq təmir işlərinin aparıldığı, aparılmış işlərin nələrdən ibarət olduğu rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Belə ki, İddiaçı məxsus Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsində inşa edilmiş fərdi yaşayış evi üzrə 1saylı terras tikilisinin döşəməsi beton məhlulu ilə hamarlanmışdır; 2 saylı dəhliz və 4 saylı mətbəx tikilisinin tavanına alçipan quraşdırılmış, divar və tavanına şpaklyovka çəkilmiş, döşəməsinə istipol boruları çəkilərək üzəri beton məhlulu ilə hamarlanmışdır; 3 saylı sanitar-qovşağı tikilisinin divarları sement-qum məhlulu ilə suvanmışdır; 5, 6 və 7 saylı yaşayış otağı tikililərinin tavanına alçipan quraşdırılmış, divar və tavanına şpaklyovka çəkilmiş, döşəməsinə isə dikt vurulmuşdur; 8 saylı yaşayış otağı tikilisinin tavanına alçipan quraşdırılmış, divar və tavanına şpaklyovka çəkilmiş, döşəməsinə isə atma taxtalar vurulmuşdur. Eyni zamanda qeyd olunur ki, fərdi yaşayış evində yarımçıq şəkildə elektrik və santexnika işlərinin görüldüyü müəyyən edilmişdir. "xxxx" MMC-nin 21 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki,Bakı şəhəri,Abşeron rayonu,Saray qəsəbəsində inşa edilmiş fərdi yaşayış evində aparılan təmir işlərinin ümumillikdə qiyməti 15800.00 (on beş min səkkiz yüz) manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 759.1-ci madəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir

İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Mülki Məcəllənin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, tərəflərin arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və cavabdeh tərəfindən mənzilin təmirli vəziyyətdə iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən tam yerinə yetirilməmişdir. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında 28 iyun 2024-cü il tarixli,Bİ 24/004 saylı podrat müqavilə bağlanmışdır.Müqavilənin 1.1-ci bəndinə əsasən,«Sifarişçi» təmir-tikinti xidmətlərinin göstərilməsini sifariş verib «Podratçı»ya razılaşdırılmış xidmət haqqı ödənilmiş,«Podratçı» «Sifarişçi»nin müəyyən etdiyi qaydada xidmətləri (bundan sonra ‘‘Xidmət göstərməyi öhdəsinə götürür.Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətin göstərilməsi tərəflərin hazırki Müqavilənin 5.1 bəndində göstərilən müddət ərzində həyata keçirilir. 2.2-ci bəndinə əsasən«Podratçı» “Sifarişçinin” sifariş verdiyi xidmətlərini həyata keçirir (işi icra edir). 3.2.3-cü bəndinə əsasən Sifarişçi müqavilədə qeyd edilən ödənişləri vaxtında icra edir. 4.2-ci bəndinə əsasən göstərilən xidmət haqqı isə ilkin olaraq məbləğin 40%-i,daha sona mərhələli şəkildə təhvil-təslim zamanına kimi ödəniləcəkdir. Göründüyü kimi tərəflər arasında öhdəliklərin əmələ gəlməsi əsası onlar arasında bağlanmış podrat müqaviləsi olmuşdur. Belə ki, bu müqaviləyə əsasən podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi (təmir-tikinti xidmətlərinin göstərilməsi) icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra etmiş, müqavilə üzrə malları sifariş vermiş,bununla da sifarişçi – iddiaçı tərəfindən şərtləşdirilmiş muzd tam olaraq ödənilməklə cavabdeh - podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (Mülki Məcəllə, maddə 753.1). Öz növbəsində cavabdeh də müqavilə öhdəliklərini qismən icra etmiş, iddiaçı tərəfindən cavabdehin müqavilə üzrə 15000 (on beş min) manat məbləğində işlər gördüyünü, həmçinin həmin xidmətləri də qüsurlu şəkildə yerinə yetirdiyini, müqavilə müddətində təmir işlərini icra etmədiyini bildirmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, müqavilədə mənzilin 3 ay ərzində təmir edilərək iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş, buna baxmayaraq cavabdeh tərəfindən müqavilədə göstərilən müddət ərzində mənzilin təmiri başa çatdırılaraq iddiaçıya təhvil verilməmişdir. Bununla da müqavilə üzrə iddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə olan halda İddiaçı cavabdehlə arasında bağlanmış müqavilə üzrə yerinə yetirilməmiş işlər üzrə onun tərəfindən ödənilmiş pul məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Həmçinin iş materiallarında müqavilənin icra edilməmsi səbəbindən cavabdehə ödənilmiş xidmət haqqının iddiaçıya qayatrılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə müraciət edildiyini göstərən xəbərdarlıq məktubu və göndəriş qəbzi mövcuddur. Bu vəziyyətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulduğundan iddiaçı tərəfindən cavabdehə ödənilən pul vəsaiti iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçının izahatını ağlabatan mühakimə əsasında daha inandırıcı hesab edir. Belə ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin qismən icra etdiyini bildirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin İddiaçı məxsus Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsində inşa edilmiş fərdi yaşayış evi üzrə 1saylı terras tikilisinin döşəməsi beton məhlulu ilə hamarlanmışdır; 2 saylı dəhliz və 4 saylı mətbəx tikilisinin tavanına alçipan quraşdırılmış, divar və tavanına şpaklyovka çəkilmiş, döşəməsinə istipol boruları çəkilərək üzəri beton məhlulu ilə hamarlanmışdır;3 saylı sanitar-qovşağı tikilisinin divarları sementqum məhlulu ilə suvanmışdır;5, 6 və 7 saylı yaşayış otağı tikililərinin tavanına alçipan quraşdırılmış, divar və tavanına şpaklyovka çəkilmiş, döşəməsinə isə dikt vurulmuşdur; 8 saylı yaşayış otağı tikilisinin tavanına alçipan quraşdırılmış, divar və tavanına şpaklyovka çəkilmiş, döşəməsinə isə atma taxtalar vurulmuşdur.Eyni zamanda qeyd olunur ki, fərdi yaşayış evində yarımçıq şəkildə elektrik və santexnika işlərinin görüldüyü müəyyən edilmişdir. Həmçinin məhkəmə tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Abşeron rayonu,Saray qəsəbəsində inşa edilmiş fərdi yaşayış evində görülən təmir işlərinin qimətləndiirlməsi ilə bağlı qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 21 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri,Abşeron rayonu,Saray qəsəbəsində inşa edilmiş fərdi yaşayış evində aparılan təmir işlərinin ümumillikdə qiyməti 15800.00 (on beş min səkkiz yüz) manat təşkil etmişdir. Təqdim edilən ödəniş qəbzlərindən görünür ki,iddiaçı tərəfindən 416973******5117 saylı hesab nömrəsinə (cavabdehə) xx.xx.2024-cü il tarixdə 4,500 manat, xx.xx.2024-cü il tarixdə 4500 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 1159 manat, xx.xx.2024-cü il tarixdə 1648 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat məbləğində” ümumilikdə 13107 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. İddiaçı da öz izhatında 13107 manat məbləğində pulun nağdsız, 8820 manat məbləğində pulun nağd qaydada ödənildiyini bildirmişdir. Həmçinin, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qaimə fakturadan görünür ki, iddiaçı tərəfindən sifariş edilən mallara görə 2000 manat pul vəsaiti (840+1160(beh)) cavabdehə ödənilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçı tərəfindən göstərilən məbləğlərdə pul vəsaitlərinin ödənildiyini inkar etməmiş, bunu təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə ekspert rəyi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə mülki işin materiallarında olan "xxxx" MMC-nin rəyi mülki işin materialları ilə təzib edilmədiyindən, qaunvericiliyə uyğun şəildə təqdim edildiyindən, məhkəmə hesab hesab edir ki, rəy mötəbər sübut qismində qiymətləndirilməli və cavabdehdən (21827- 15800=) 6127 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “artıq ödənilən məbləğə əlavə 5% məbləğin tutulması” hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçının istinad etdiyi MM-nin 445.7-ci maddəsində illik 5% məbləğində pulun tutulması mexanizminin borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirildikdə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə tərəflərin arasında münasibətlər borcpul ödənilklərindən irəli gəlmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə tələbin “əldən çıxmış fayda” hissəsini əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Belə ki, fərdi yaşayış evi vaxtında təmir olunsaydı, kirayəyə verilməsi ehtimal xarakteri daşıyan tələbdir. Bu ehtimalı təsdiq edəcək hər hansı br sübut da təqdim edilməmişdir. Halbuki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin müəyyən edilməsi üçün 3 şərt olmalıdır: 1. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməlidir. 2. Bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmalıdır 3. zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırda isə iddiaçının tələbi 1-ci şərtdə artıq ödənmir. Belə ki, iddiaçı sarsıntı keçirməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuş və iddiasının əsaslı olmasına dair öz hüquqi mövqeyini həm qanunvericiliyə uyğun təqdim etdiyi sübutlarla sübut edilə bilmiş, bununla da iddiasının əsası kimi istinad etdiyi hallar işin araşdırılmış halları ilə öz qismən təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddianın faktiki əsası (faktiki hallar) maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından iddia ərizəsi qismən təmin edilməli və Cavabdeh MMC-dən 6127 (altı bir min iyirmi yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən müqavilə üzrə artıq ödənilmiş 6127 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, mülki iş üzrə ödənilmiş 130,54 manat dövlət rüsumunun 57 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 56 manat məbləğində pul İddiaçı, 44 manat məbləğində pul Cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 6127 (altı bir min iyirmi yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilmiş 130,54 manat dövlət rüsumunun 57 manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar