Məhkəmə qərarları › İş №e-2(005)-1100/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1100/2025

14.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1100/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əli-X7 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Əli-X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahından dünyaya gəlmiş xx.xx.2022-ci il təvəllüdlü Əli-X10 və xx.xx.2024-cü il təvəllüdlü Əli-X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay onun ümumi qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi (1/3) miqdarında alimentin və əlavə olaraq, xx.xx.2024-cü il təvəllüdlü Əli-X12 üç yaşı tamam olanadək hər ay 250 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinni həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh birgə nikahından dünyaya gəlmiş xx.xx.2022-ci il təvəllüdlü Əli-X10 və xx.xx.2024-cü il təvəllüdlü Əli-X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay onun ümumi qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi (1/3) miqdarında alimentin və əlavə olaraq, xx.xx.2024-cü il təvəllüdlü Əli-X12 üç yaşı tamam olanadək hər ay 250 manat məbləğində alimentin, həmçinin əlavə olaraq, xx.xx.2022-ci il təvəllüdlü Əli-X10 üç yaşı tamam olanadək hər ay 250 manat məbləğində alimentin, xx.xx.2022-ci il təvəllüdlü Əli-X10 müalicə xərclərinin ödənilməsi üçün hər ay 350 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixində 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində nikah bağlanmış və 1507 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Həmin nikahdan tərəflərin 2 övladı – xx.xx.2022-ci il təvəllüdlü Əli-X16 və xx.xx.2024-cü il təvəllüdlü Əli-X21 dünyaya gəlmişdir. Nikah haqda şəhadətnamə və uşaqların doğum haqda şəhadətnamələri əlavə olunur. Hazırda uşaqların maddi tələbatlarının ödənilməsi yükü tamamilə ananın üzərindədir. Halbuki, Azərbaycan Respublikasının qüvvədə olan Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Eyni zamanda, hər iki valideyn uşağın həyatında bərabər qaydada iştirak etməli, onun maddi ehtiyaclarını qarşılamalıdırlar. Belə olan halda, hesab edirlər ki, cavabdehdən aliment məhkəmə qaydasında tutulmalıdır. Ailə Məcəlləsinin 76.1.3–cü maddəsinə görə, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. Belə olan halda da, aliment cavabdehin ümumi gəlirlərinin üçdə bir hissəsi (1/3) məbləğində tutulmalıdır. Bundan əlavə, xx.xx.2024cü il təvəllüdlü Əli-X12 3 yaşı tamam olanadək cavabdehdən əsas aliment tələbi ilə yanaşı, əlavə olaraq hər ay 250 manat məbləğində vəsait iddiaçıya ödənilməlidir. Çünki, qüvvədə Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, cavabdehin əvvəlki nikahından olan uşağına aliment ödəməsi onu qanunla müəyyən edilmiş miqdarda hazırki iddiaçıya aliment ödəmək vəzifəsindən azad etmir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, cavabdeh əvvəlki nikahından olan övladı üçün aliment ödəyir. Cavabdehin əmək haqqından ¼ hissədə tutulma olur. 3 uşağa görə aliment onun əmək haaqının yarısından çox ola bilməz. Bu səbəbdən əvvəlki nikahdan olan uşağa da ödənilən aliment nəzərə alınmaqla əmək haqqının yarısından çox olmayan aliment təyin edilməsini xahiş edirlər. Uşaqlardan birinin xəstə olduğunu qəbul edirlər və məhkəmə tərəfindən müəyyən edilmiş əlavə xərclərdə iştiraka etiraz etmirlər. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əli-X7 nümayəndəsi və vəkili Vəkil3 işə yeni qoşulduğunu bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1152 nömrə ilə qeyd edilmişdir; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü Əli-X16 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü Əli-X21 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, tərəflər prosesin davam etdirilməsinə razılıq verməmişdirlər; - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-541/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X2 hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq X5 ödənilməlidir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2021-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından iki övladları doğulmuşdur. Tərəflərin nikahları pozulmamışdır. İddiaçı hazırda cavabdehin uşaqların saxlanmasında iştirak etməməsinə əsaslanaraq alimentin məhkəmə qaydasında tutulmasını xahiş edir. Cavabdeh isə əvvəlki nikahından olan uşağına əmək haqqının ¼ hissəsi miqdarında aliment ödədiyinə əsaslanaraq alimentin məbləğinə etiraz edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 58.2-ci maddələrinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1, 60.2, 75.1 və 75.4-cü maddələrinə müvafiq olaraq valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə tərəflər nikahda olsalar da, uşaqların saxlanmasının əsasən anaları tərəfindən həyata keçirildiyini, ananın isə aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, cavabdehin bunların əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq, uşaqların saxlanması üçün aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə xüsusilə uşaqların mənafeyini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. BMT Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 19-cu maddələrinə uyğun olaraq, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifələrindəndir. Nəzərə alınmalıdır ki, hər bir uşağın layiqli həyat tərzində yaşamaq hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Uşaqlar üçün məhkəmə qaydasında alimentin tutulma qaydasını və miqdarını müəyyənləşdirən Ailə Məcəlləsinin 76-78-ci maddələrinin məzmunundan görünür ki, alimentin sabit pul məbləğində və ya hissə şəklində tutulması tələbini irəli sürmək bir qayda olaraq iddiaçının seçimindən asılıdır. Həmin Məcəllənin 76.1.2 və 76.1.3-cü maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə uyğun olaraq, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə iddiaçının alimentin qazancın müəyyən hissəsi (üçdə bir) şəklində ödənilməsi tələbini, cavabdehin müntəzəm qazanca malik olduğunu, alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu, cavabdehin əmək haqqından əvvəlki nikahdan olan uşaq üçün ¼ hissəsi miqdarında aliment tutulmasını, cavabdehin və üçüncü şəxsin mənafelərini və cavabdehin gəlirlərini nəzərə alaraq hesab edir ki, uşaqların saxlanması üçün hər ay cavabdehin qazancının (gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. ...Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı alimentin məbləği müəyyənləşdirilərkən onun ikinci nikahından olan uşağına ödədiyi alimentin, eləcə də əlavə xərclərin tutulmasının, həmçinin iddiaçının yüksək maaşla işləməsinin (11033 manat), 3 uşağa görə qanunvericiliklə əmək haqqının yarısı qədər aliment tutulmasının müəyyən edilməsinin nəzərə alınmaması, mövcud qanunvericilik tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş Qərarında əks olunmuş hüquqi mövqelərinə zidd olacaqdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu baxımdan, alimentin tutulması ərizə verildiyi vaxtdan, xx.xx.2024-cü il tarixindən başlayaraq hesablanmalıdır. İddia tələbinin cavabdehdən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü övladları Əli-X16 və Əli-X12 saxlanılması üçün 3 yaşına çatanadək hər ay sabit pul məbləğində bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat alimentin tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 84.1, 84.2.2 və 86-cı maddələrinə müvafiq olaraq ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, uşağın doğulduğu gündən üç il ərzində arvad ərdən maddi cəhətdən kömək göstərməsini tələb edə bilər. Hazırki iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşaqlar üç yaşına çatmadıqlarından, İddiaçı Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etmək hüququ vardır. Cavabdehin ödəyəcəyi alimentin məbləğini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçıya, uşaqlar 3 yaşına çatanadək hər uşaq üçün 200 manat məbləğində aliment hər ay sabit pul məbləği şəklində ödənilməlidir. Məhkəmə xx.xx.2022-ci il tarixli Əli-X10 müalicə xərcləri üçün 350 manat pul tələbi ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. İş materiallarında olan tibbi sənədlərdən göründüyü kimi, xx.xx.2022-ci il təvəllüdlü Əli-X16 tuberoz skleroz xəstəliyindən əziyyət çəkir. Qanunvericiliyin mövqeyinə əsasən uşağın sağlamlığının müdafiəsində, onun üçün zəruri tibbi yardımların alınmasında hər iki valideyn iştirak etməlidir. Cavabdehin nümayəndəsi və vəkili cavadehin iddia ərizəsində göstərilən məbləğdə olmasa da, uşaq xəstə olduğundan əlavə xərclərdə iştirak etməyə hazır olduğunu bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan qismən təmin edilməli və xx.xx.2022-ci il təvəllüdlü Əli-X10 müalicə xərcləri üçün hər ay cavabdehdən 300 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü Əli-X10 və xx.xx.2024-cü il təvəllüdlü Əli-X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Həmçinin xx.xx.2024-cü il təvəllüdlü Əli-X21 və xx.xx.2022-ci il təvəllüdlü Əli- X10 üç yaşı tamam olanadək xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda xx.xx.2022-ci il təvəllüdlü Əli-X10 yetkinlik yaşına çatanadək müalicə xərcləri üçün hər ay 300 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü Əli-X10 və xx.xx.2024-cü il təvəllüdlü Əli-X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2024-cü il təvəllüdlü Əli-X21 və xx.xx.2022-ci il təvəllüdlü Əli-X10 üç yaşı tamam olanadək xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. xx.xx.2022-ci il təvəllüdlü Əli-X10 müalicə xərcləri üçün yetkinlik yaşına çatanadək hər ay 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar