Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1141/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, həmçinin digər vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2016cı il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğludur. Onunla Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Müqavilə Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmişdir. Həmin müqavilədə hədiyyə verən qismində o, hədiyyə alan qismində isə oğlu, yəni Cavabdeh çıxış etmişdir. Bağışlama müqaviləsinin predmeti Bakı şəhəri, Nərimanov rayonu, (K.Marks) X11 prospekti, bina 64\68, mənzil 103 ünvanında yerləşən, yaşayış sahəsi 53,6 kv/m olan 3 otaqlı mənzil olmuşdur. Bağışlama müqaviləsi oğlunun, yəni Cavabdeh yanında qalmağı və qayğısına qalması vədi ilə bağlanmışdır. Lakin Cavabdeh onun qayğısına qalmır, bir oğul kimi öz vəzifələrini yerinə yetirmir, evə daxil olmağına imkan vermir. Cavabdeh və onun vəkili Vəkil3 məhkəməyə iddia ərizəsinə qarşı etiraz ünvanlamışlar. Etiraz onunla əsaslandırılmışdır ki, mənzilin bağışlanması müqaviləsində cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Müqavilə bağlanarkən Azərbaycan Respublikası MM-nin 666-674-cü maddələrinin məzmunu, habelə Vergi Məcəlləsinin 150, 220 maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələri notarius tərəfindən tərəflərə izah edilmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri, yəni cavabdehin atasının qayğısına qalmaması, bir oğul kimi öz vəzifələrini yerinə yetirməməsi, atasının evə daxil olmağına imkan verməməsi barədə göstərdikləri həqiqəti əks etdirmir. Həmçinin Cavabdeh və onun vəkili Vəkil3 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişlər. Ərizəi onunla əsaslandırılmışdır ki, iddia tələbi iddia müddəti keçməklə verilmiş və əsassızdır. Tərəflər arasında bağışlama müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanmış, həmin müqavilə əsasında mənzilə dair çıxarış onun adına xx.xx.2016-cı il tarixdə verilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə bağlanmış bağışlama müqaviləsinin və həmin müqaviləyə əsasən verilmiş çıxarışın ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. İddiaçı tərəfindən iddia vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxıldığından iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, digər vəkili Vəkil3 iddiaya qarşı etiraz edərək, iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, iddiaçı ilə park yoldaşıdır və 10-15 ildir ki, dostluq edirlər. İddiaçı ona demişdir ki, oğlu Ukraynadan qayıdıb və ona çox yaxşı baxır. Lakin sonradan görmüşdür ki, iddiaçı evə getmək istəmir. Səbəbini soruşanda bildirmişdir ki, evə getməkdən qorxur, oğlu yeməyinə zəhər qatıb öldürmək istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, iddiaçı ilə yerlidir və uzun müddətdir ki, bir-birilərini tanıyırlar. Əvvəllər iddiaçı oğlunu tərifləsə də, lakin sonradan nəsə olmuş, araları dəymişdir. Oğlu atasına yaxşı baxmır, oda narahatdır. İddiaçı öz halal evində rahat yaşıya bilmir. Qonşuların dediyinə görə cavabdeh iddiaçını çox pis təhqir edir. Aralarındakı münaqişəni şəxsən görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, iddiaçı ilə 6-7 ildir ki tanışdır, ona hamı hörmət edir. İddiaçı ona bildirmişdir ki, evində yemir, içmir, yatmır, çünki oğlunun onu zəhərləməsindən qorxur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, iddiaçı onun atasıdır. Atası evini qardaşı Feliksə bağışlamışdır. Axır 3-4 aydır ki, ona zəng edərək, cavabdehin onu təhqir etməsindən şikayət edir. Qardaşı 10 il Xarkov şəhərində yaşayıb, onunla illərdir danışmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, tərəflərin qonşusudur. İddiaçı onu uşaqlarına görə dəfələrlə polisə şikayət etmişdir. Uşaqların birinin 2 yaşı, digərinin isə 8 yaşı var. Uşaqlar iddiaçıdan qorxurlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o cavabdehin oğludur, iddiaçı isə onun babasıdır. Onlar arasında olan söyüş və təhqirdən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, cavabdeh onun keçmiş əridir. Cavabdeh və onun hazırki arvadı iddiaçıya yaxşı baxırlar. Bir ildən çoxdur ki, cavabdeh atasının bütün xərclərini özü çəkir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, K.Marks küçəsi, bina 64\68, 103 saylı mənzil xx.xx.1994-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir; Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 38 saylı notariat ofisində bağlanmış xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinin notarial təsdiq olunmuş surətindən görünür ki, “hədiyyə verən” İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, (K.Marks) X11 prospekti, bina 64\68, 103 saylı mənzili “hədiyyə alan” Cavabdeh mülkiyyətinə vermişdir; ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 64\68, 103 saylı mənzil xx.xx.2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, (K.Marks) X11 prospekti, bina 64\68, 103 saylı mənzili notarius ofisində bağışlama müqaviləsi bağlayaraq oğlu-Cavabdeh mülkiyyətinə vermişdir. Qeyd olunan mənzil bağışlandıqdan sonra Cavabdeh faktiki mülkiyyətində və istifadəsindədir. İddiaçı iddia tələbinin əsası kimi, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilmədiyi göstərərək həmin müqavilənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, müqavilədə hər hansı öhdəliyin nəzərdə tutulmadığını və həmçinin iddia müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə iddia ərizəsini, ona olan etirazı, iddia müddətinin tətbiq edilməsinə dair ərizəni və sübutları qarşılıqlı tətqiq edərək, hesab edir ki, hazırki mübahisəyə iddia müddəti ilə bağlı qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcuddur. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarda həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İşin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbinin əsasını təşkil edən, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisə predmeti olan müqavilənin şərtlərində cavabdehin üzərinə hər hansı öhdəlik və ya tapşığın qoyulması əks edilməmişdir. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsi qanunvericiliklə elə bir müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. İddiaçı cavabdehin bağışlanmış əmlakın əvəzində ona xidmət göstərmək öhdəliyinin götürdüyünü bildirsə də, lakin buna dair hər hansı sübut təqdim edə bilməmiş və cavabdeh tərəf həmin halı etiraf etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən, eyni zamanda iddianın təmin edilməsi üçün möhtəbər sübutlar təqdim olunmadığından, iddia tələbi təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X16
Məhkəmə qərarları › İş №e-2(005)-1141/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1141/2023
30.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver