Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-116/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə və Cavabdeh2 MMC-yə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, ünvan 6al rayon İcra Şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı (açar sözlər: əmlakın qiymətləndirilməsi barədə hesabatın reallığı əks etdirməməsi; hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMCyə və Cavabdeh2 MMC-yə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, ünvan 6al rayon İcra Şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı (ünvan 6al rayon İcra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin 197/21 saylı xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatın ləğv edilməsi barədə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin - Hərrac Mərkəzi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111.3 kv.m. olan mənzilə dair 09 fevral 2022-ci il tarixli X6 yekunları Protokollarının və hərracın nəticələrinin etibarsız hesab edilməsinə, yekun protokolu əsasında bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Bakışəhəri, 50 saylı Notariat kontorunda kredit müqaviləsi və yenə xx.xx.2020- ci il tarixdə Bakı şəhəri, 50 saylı Notariat Kontorunda iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən ümumisahəsi 111.3 kv.m olan mənzilin ipotekaya qoyulmasına dair ipoteka qoyulmasına dair ipoteka müqaviləsi bağlanmışdır. Mənə məlumat verilmədən icra qeydi icra olunması üçün Mənzil Yasamal rayon İcra şöbəsinin sifarişi əsasında Sərraf N MMC tərrəfindən mənzilin satış qiyməti 145000 (yüz qırx beş min) manat müəyyən edilmişdir. Cavabdeh2 197/21 saylı Qiymətləndirmə Hesabatının nəticə hissəsində xüsusi qeyd olaraq “Mənzilin daxilinə baxış keçirilməsinə lazımi şərait yaradılmadığından, müəyyən edilə bilməyən, lakin qiymətə təsir göstərən xüsusiyyətlərinə görə mənzilin dəyəri orta bazar qiymətləri əsasında hesablanmışdır” qeydi göstərilmişdir. Bu da qiymətləndirmənin qeyri-obyektiv aparılmasının bir bariz nümunəsidir. Bu da Azərbaycan Milli Qiymətləndirmə Standartlarına və mövcud maddi hüquq normalarına ziddir. X1 təsviri hissəsindən göründüyü kimi daşınmaz əmlak olan mənzilin texniki xüsusiyyətləri yanlış göstərilmişdir. Bu da çox ehtimalla daşınmaz əmlakın bazar dəyərini qərəzli şəkildə dəyərindən aşağı göstərilmişdir. Bu da mənim mülkiyyət hüququmun pozulmasıdır. Ümumiyyətlə qiymətləndirmə düzgün aparılmamışdır. Evin hazırki dəyəri 230000 manat təşkil edir. Ev qiymətindən xeyli aşağı qiymətləndirilmişdir. Bakı şəhəri 50 saylı Notariat Kontorunun əmlaklar barədə hərracin kecirilməsi Yasamal Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli sifarişi əsasında "xxxx"MMC -Hərrac Mərkəzinə həvalə edilmişdir. Hazırki iş üzrə iddiaçı olan X4 məxsus əmlak barədə (ünvan 2)hərraçın kecirilməsinə dair 1-ci bildiriş (01/5271 saylı) 28 dekabr 2021-ci il tarixində və 2-ci bildiriş (01/141 saylı) 25 yanvar 2021-ci il tarixində ipoteka qoyanın ünvanına göndərilmişdir. Eyni zamanda bu hərraç haqqında elanlar " Birja Yenilikləri" nəşrində yuxarida qeyd edilən tarixlərdə çap edilmişdir. Təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün ərzində ipoteka saxlayan " İpoteka Haqqında" Qanuna uygun olaraq təkrar hərraçda olan qiymətdən 25 faizdən az olan qiymətə tələbkar Cavabdeh1 təklif edilmişdir. Lakin heç bir hərrac barədə mənə məlumat verilməmişdir. Poçt bildirişi mənə göndərilməmiş və həmin bildirişi almamışam. Halbuki, həmin hərracların keçirilməsi barədə mənə məlumat verilməli və hərracda hüquqlarımdan istifadə edə bilməmişəm. Yuxarıda qeyd etdiklərimin nəticəsi olaraq məlum olur ki, "İpoteka Haqqında" Qanunun tələbləri kobudcasına pozularaq mənə məxsus əmlaklara dair 2 (iki) hərrac keçirilimişdir.Bu halda bir başa mənim hüquqlarımı pozmaqla yanaşı,qanunun tələblərinə uygun olaraq hərracin nəticələrinin etibarsız hesab edilməsi,hüququ nəticələrinin ləgv edilməsi, barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququmu yaradır”. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, əsassız olduğundan onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə digər cavabdehlərin və üçüncü şəxslərin (onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: -Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzil tam payda İddiaçı məxsusdur və reyestrdə xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeyd edilmişdir. -“İpoteka saxlayan” Cavabdeh1 ilə “İpoteka qoyan” İddiaçı arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmaqla reyestrdə 3M-925 nömrə ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24b, mənzil Gir-2, M.98 əmlakını xx.xx.2020-ci il tarixli 3M-924 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. -Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən verilmiş və reyestrdə 8İ-6726 nömrə ilə qeyd edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı ümumilikdə 80.020 manat pul tutularaq Cavabdeh1 xeyrinə ödənilməlidir. - ünvan 6al Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusunun 8İ-6726 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu İddiaçı 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi bildirilmişdir. -Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 197/21 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, 98 saylı mənzilin real bazar dəyəri 145.000 manat təşkil edir. -186819/17 nömrəli sifarişdən görünür ki, ünvan 6al Rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən 8İ-6726 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus girov verilmiş əmlak- Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, 98 saylı mənzil (ilkin satış qiyməti: 145.000 manat) barədə hərracın keçirilməsi üçün "xxxx" MMCyə sifariş ünvanlanmışdır. -Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Yasamal Rayon İcra Şöbəsinə, Cavabdeh1 və İddiaçı ünvanlanmış “Hərracın keçirilməsinə dair” 28 dekabr 2021-ci il tarixli 01 nömrəli bildirişinin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı şəhəri 50 saylı Notariat Kontorunun 8İ-6726 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqi üzrə ipoteka qoyulan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 24B saylı evin 2-ci girişində 98 saylı mənzilinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. Hərrac 21 yanvar 2022-ci il tarixdə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) açıq hərrac formasında, MMC-nin yerləşdiyi ünvanda keçiriləcəkdir, mənzilin ilkin satış qiyməti 145.000 manat məbləğində müəyyən edilmişdir. -Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Yasamal Rayon İcra Şöbəsinə, Cavabdeh1 və İddiaçı ünvanlanmış “Hərracın keçirilməsinə dair” 25 yanvar 2022-ci il tarixli 02 nömrəli bildirişinin surətindən görünür ki, hərrac 09 fevral 2022-ci il tarixdə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) açıq hərrac formasında, MMC-nin yerləşdiyi ünvanda keçiriləcəkdir, mənzilin ilkin satış qiyməti 145.000 – 15 % = 123250 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 24B saylı evin 2-ci girişində 98 saylı mənzili təkrar hərrac baş tutmadığından ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə yəni 92437,50 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. - Hərracın yekunları barədə 06/01 saylı 18 fevral 2022-ci il tarixli protokolla müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 24B saylı evin 2-ci girişində 98 saylı mənzili 92437,50 manat məbləğinə ipoteka saxlayan Cavabdeh1 tərəfindən əldə edilmişdir. - Bakı şəgəri Yasamal Rayon İcra şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 24B saylı evin 2-ci girişində 98 saylı mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsi xahiş olunmuşdur. -Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 111.3 kv.m olan mənzil tam payda Cavabdeh1 məxsusdur və reyestrdə xx.xx.2023-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi, **********57-05301-093363 saylı reyestr nömrəsi ilə qeyd edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 17 may 2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilin 2021-ci il tarixinə bazar dəyəri 147.000, likvid dəyəri 142.000 manat təşkil etmişdir. - Azərbaycan Respublkasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubla müəyyən olunur ki, ünvan 6al rayonu üzrə ilkin və təkrar mənzil bazarlarında çoxmənzilli yaşayış binalarındakı mənzillərin qiymət indeksi 2022-ci ildə 2021-ci illə müqayisədə müvafiq olaraq 109,3 və 110,4 faiz təşkil etmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri, onların nümayəndə-vəkillərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 51.1. borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 61.1 və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, ipoteka ilə bağlı iddia tələbləri üzrə qətnamə çıxarılarkən ipoteka predmetinin açıq hərracda satılması üçün likvid qiymət müəyyən edilir. Hazırki iddia tələbi sözügedən mənzil ipoteka predmeti olmadığından məhkəmə mənzilin ilkin satış qiymətini bazar qiyməti ilə müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il Qərardadına əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: -416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. -416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə araşdırması zamanı tərəflərin, onların nümayəndə-vəkillərinin izahatları, habelə iş materiallarına əlavə olunmuş sənədlər ilə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu tərəfindən reyestrdə 8İ-6726 nömrə ilə qeyd edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydi verilmiş və icra qeydinə əsasən ipoteka predmetinə tutma yönəldilərək İddiaçı ümumilikdə 80.020 manat pulun tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi göstərilmişdir. Qanunvericilikdə müəyyən olunmuş qaydada icra sənədinin icrası borclu tərəfindən təmin edilmədiyindən, borcun tutulması kreditin təminatı olaraq göstərilmiş ipoteka predmetinə, yəni borclunun mülkiyyətində olan mənzilə yönəldilmişdir. Bundan sonra icra qeydi icra olunması üçün ünvan 6al rayon icra şöbəsinə göndərilmişdir. İcra məmurunun 186819/17 nömrəli sifarişi əsasında mənzilin Cavabdeh2 MMC tərəfindən qiymətləndirilməsi aparılmış və onun tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 197/21 saylı hesabata əsasən mənzilin ilkin satış qiyməti 145000 manat olmaqla açıq hərracdan satılması Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə həvalə edilmişdir. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən əmlaka dair 21 yanvar 2022-ci il tarixdə ilkin, 09 fevral 2022-ci il tarixdə təkrar hərraclar keçirilmiş, ilkin və təkrar hərraclar baş tutmadığından əmlak ilkin satış qiymətindən 25% aşağı qiymətə - 92437,50 manata ipoteka saxlayana, yəni Cavabdeh1 təklif olunmuş və Hərracın yekunları barədə 06/01 saylı 18 fevral 2022-ci il tarixli protokolla onun tərəfindən əldə olunmuşdur. Hazırda əmlak Cavabdeh1 mülkiyyətindədir, ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Bununla razılaşmayan İddiaçı qiymətləndirmə hesabatının ləğv edilməsi, Hərracın yekunları Protokollarının və hərracın nəticələrinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Mülki Məcəlləyə əsasən, qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hazırda İddiaçı 1) mənzilin dəyərinin hesabatda dəyərindən aşağı göstərildiyini, qiymətləndirmənin düzgün aparılmadığını və 2) heç bir hərrac barədə ona məlumat verilmədiyini bildirərək, "xxxx" MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin 197/21 saylı xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatın ləğv edilməsini və keçirilmiş hərrac nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iddiaçının “heç bir hərrac barədə ona məlumat verilməməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki, hərrac barədə tərəfin məlumatlandırılması qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar” 30 dekabr 2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir (bu Qanun 09 iyul 2005-ci il tarixdə qüvvəyə minmişdir)… bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim edilmiş sayılır. Göründüyü kimi qanunda məcburi qayda kimi bildirişin sifarişli poçt göndərişi (məktubu) ilə göndərilməsi və kütləvi informasiya vasitələrində, habelə hərrac təşkilatçısının rəsmi internet saytında elanın dərc olunması nəzərdə tutulmuş, hərracların keçirilməsində borcluların məcburi iştirakı imperativ şərt kimi göstərilməmişdir. Məhkəmə tərəfindən iş materialları ilə Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlaka dair həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə bildirişlərin sifarişli poçt göndərişi (məktubu) ilə hərrac təşkilatçısı tərəfindən iddiaçının ünvanı (İddiaçı hazırki iddia ərizəsində də eyni ünvanı göstərmişdir) üzrə göndərildiyi, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində (Birja yenilikləri qəzeti 28 dekabr 2021-ci il tarixli 279 №-li, 25 yanvar 2022-ci il tarixli 282 saylı, 15 fevral 2022-ci il tarixli 285 №-li sayında) elan dərc etdirilməsi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliklə hərracın keçirilməsinə dair işlər üzrə hərracın keçirilməsinə məsul olan hərrac təşkilatı, hərrac iştirakçısının faktiki olaraq yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək (bildirişin çatdırılması barədə qəbzi şəxsən onun özünə imzalatmaq) və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımamışdır. Qanunverici hərrac təşkilatının üzərinə sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirməsi və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməsi vəzifəsi qoymuşdur. Hərrac təşkilatı icra sənədində adları qeyd edilən şəxsə mənzilə dair keçirilmiş ilkin və təkrar hərraclara dair sifarişli poçt göndərişi (məktubu) ilə 01 və 02 saylı bildirişlər göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hərraclar barədə ona məlumat verilməməsi barədə dəlili əsaslı deyildir və hərrac təşkilatı tərəfindən keçirilmiş hərracın etibarsızlığına səbəb olmur. İddiaçı digər dəlili isə mənzilin dəyərinin hesabatda dəyərindən aşağı göstərildiyini, qiymətləndirmənin düzgün aparılmamasıdır. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının bu barədə dəlilləri əsaslıdır. Belə ki, ipoteka predmetinin hərraca çıxarılması proseduru çərçivəsində (icra icraatı zamanı) icra məmurunun sifarişi əsasən keçirilmiş mübahisələndirilən Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 197/21 saylı hesabatdan görünür ki, İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24B, 98 saylı mənzilin real bazar dəyəri 145.000 manat təşkil edir. Məhkəmə araşdırması zamanı mübahisənin obyektiv, tam və hərtərəfli həll edilməsi məqsədilə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq mənzilin likvid dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün iddiaçının dəlilinin araşdırılması məqsədilə tərəflərin vəsatətinə əsasən məhkəməəmtəəşünaslıq və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2024-cü il tarixli 9/44xx-xx/4323 №-li ekspert rəyindən görünür ki, tədqiq olunan mənzilin ümumi sahəsinin 111.3 kv.metr təşkil etdiyini nəzərə alaraq, ünvan 7 ünvanında yerləşən mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 239000,0 manat (2140,0 x 111,3), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (239000-10%) 215100,0 manat məbləğində müəyyən edilir müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2024-cü il tarixli 9/87xx-xx/8423 №-li ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, 98 saylı təmirli mənzilin hazırkı (çıxarış əsasında) orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 237536,00 manat (111,3 kv.m x2134,2man), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təxminən 213782,00 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəylərində göstərilmişdir ki, 2021-ci ilə daşınmaz əmlakın qiymətinə dair Mərkəzdə tədqiqat aparılmadığından və baza məlumatları olmadığından 2021-ci ilə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında dinlənilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Ozal Maqsudov bildirmişdir ki, 2021-ci ilə daşınmaz əmlakın qiymətinə dair Mərkəzdə tədqiqat aparılmadığından və baza məlumatları olmadığından həmin ilə müqayisə metodu ilə qiymətləndirmə aparmaq, qərardadda qoyulan suala cavab vermək mümkün olmamışdır. 2021-ci ildə Mərkəzdə daşınmaz əmlakın qiymətləndirilməsi aparılmırdı. Bu səbəbdən baza məlumatları yoxdur. Məhkəmə Ekspertizası Mərkəzi 2022-ci ildən etibarən daşınmaz əmlakların qiymətləndirilməsinə dair tədqiqat aparılmağa başlanmışdır. Bu səbəbdən suala cavab verilə bilməmişdir. Daşınmaz əmlakların dəyərinin artması əraziyə görə dəyişir. Əmlakın dəyəri əraziyə görə nəzəri qaydada 10-15% arta bilər. Bu səbəbdən məhkəmə tərəfindən əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməklə ekspertizanın keçirilməsi “X2” MMC-yə həvalə olunmuşdur. “X2” MMC tərəfindən verilmiş 23 aprel 2025-ci il tarixli ETM-007/TQ/25 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan mənzilin ümumi sahəsinin 111,3 kv.metr təşkil etdiyi nəzərə alındıqda, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111,3 kv.metr olan mənzilin 2021-ci il tarixə bazar qiyməti təqribən 178.600,0 manat (111,3 kv.m x 1.604,69 man) məbləğində, 5 % tətbiq etməklə likvid qiyməti təqribən 169.700,0 manat (178.600,0 man - 5%) müəyyən edilir. Məhkəmə bildirir ki, MPM-in tələblərinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (maddə 103.1.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə göstərilən rəylərə əsasən qeyd edir ki, ekspert rəylərinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertlərin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, "xxxx" MMC mübahisəli mənzili qiymətləndirərkən həmin vaxt təşəkkül tapmış qiymətləri araşdırmamış, qiymətləndirməni səthi aparmış, analoji əmlakların bazar dəyərini təhlil etməmiş, bənzər əmlakların müqayisəli təhlilini həyata keçirməmiş, metodların adını sadalamaqla nəticədə əmlakı real dəyərindən aşağı qiymətləndirməklə iddiaçının hüququnun pozuntusuna şərait yaratmış və nəticədə əmlak real dəyərindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarılmışdır. Digər tərəfdən “X2” MMC-nin ekspertləri məhkəmə qərardadı ilə məhkəmə tərəfindən bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilmiş, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə rəy mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib edilmiş, tədqiqat ali texniki təhsilli, tikinti-texniki obyektlərin təhlili üzrə 1992-ci ildən iş stajına malik və Azərbaycan Respublikasının Qiymətləndiricisinin İxtisas Şəhadətnaməsi ilə qiymətləndirmə sahəsində fəaliyyət göstərən mütəxəssislərə həvalə edilmişdir. Rəydə mənzilə tərəflərin iştirakı ilə baxış keçirilmiş, mənzilin otaqları, avadanlıqları, təmiri, su, qaz, elektrik, istilik, kanalizasiya xətləri ilə təchiz olunması nəzərdən keçirilmiş, binanın yaxınlığında olan təhsil, tibb, ticarət və iaşə obyektləri nəzərə alınmış, 2021-ci ilin ayları üzrə eyni ərazidə yerləşən mənzillərin 1kv.m-nin orta bazar qiyməti müəyyən edilmiş, ölçü iləri aparılmış, fotoşəkillər çəkilmiş və mənzilə yaxın ərazidə yerləşən ayrıayrı analoji mənzillərin alqı-satqısına dair internet saytlarında olan məlumatlar aşkar edilmişdir. Cavabdehin vəsatətinə əsasən məhkəmə iclasında dinlənilmiş “X2” MMC mütəxəssisi X8 bildirmişdir ki, 1992-ci ildən 2024-cü il son aylarına qədər Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində ekspert kimi işləmişdir, “X2” MMC-də bu ildən işləyir. 15 ildir qiymətləndirmə işi ilə məşğuldur. MMC-lərin istifadə etdiyi cədvəl formasında müqayisəli təhlil metodunu Rusiyadan onlar gətirmişdir. Özü ölçü işlərini aparmışdır. Qiymətləndirmə Palatasının üzvü isə Elvin Aslanovdur. Qiymətləndirməni əsas o aparmışdır. Rəyin son hissəsində baza məlumatlarının haradan əldə olunduğu göstərilmişdir. Hazırda ancaq internet saytlarında olan məlumatlardan istifadə etmək mümkündür. Onlar “Əmlak.az” saytında olan məlumatlardan istifadə etmişdirlər. Yasamal rayonu üzrə 2021-ci il tarixdə olan statistika rəyə əlavə edilmişdir. Göründüyü kimi mənzilin dəyərinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin 197/21 saylı xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatı ilə məhkəmə qərardadına əsasən verilmiş rəylər arasında kəskin fərq vardır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC-nin qiymətləndirmənin nəticələri haqqında hesabatında mənzilin bazar dəyərinin yekun göstəricisi reallığı əks etdirmədiyindən hesabat ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hərrac, iddiaçıya məxsus mənzilin satış qiyməti "xxxx" MMC-nin 197/21 saylı xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatına əsasən real dəyərindən çox aşağı qiymətlə - ilkin satış qiyməti 145.000 manat əsas götürülməklə keçirildiyindən və həmin hesabat yuxarıda göstərilənlərə əsasən ləğv edildiyindən hərrac və onun nəticələri də etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd olunan maddəyə əsaslanaraq məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri etibarsız hesab edildiyindən hərracın hüquqi qiymətləndirilməsinin nəticəsi olaraq əmlaka dair X6 yekunları Protokolu və bağlanmış müqavilə də etibarsız əqd olaraq hər-hansı hüquqi nəticəyə malik deyildir. Məhkəmə hesab edir ki, əmlakla bağlı bağlanmış müqavilələrin etibarsızlığının hüquqi nəticəsi kimi onların əvvəlki vəziyyətə qaytarılması da təmin olunmalı, iddia tələbləri digər hissələrdə təmin olunduğundan nəticə olaraq “Hərracın yekunları” barədə protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 8 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, ********** saylı qeydiyyat nömrəsi, **********57-05301-093363 saylı reyestr nömrəsi ilə aparılmış çıxarış qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə iddiaçının dövlət rüsumuna dair tələbi olmadığından iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın təmin olunması nəzərə alınaraq, cavabdehləedən işə baxılması ilə əlaqədar məsrəfi olaraq 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 250 (iki yüz əlli) manat ekspertiza xərci tutularaq “X2” MMC-nin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 197/21 saylı, xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatı ləğv edilməli, Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111.3 kv.m olan mənzilə dair 18 fevral 2022-ci il tarixli “Hərracın yekunları” barədə protokolu, alqı-satqı müqaviləsi və keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməli, “Hərracın yekunları” barədə protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 8 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, ********** saylı qeydiyyat nömrəsi, **********57-05301-093363 saylı reyestr nömrəsi ilə aparılmış çıxarış qeydi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 250 (iki yüz əlli) manat ekspertiza xərci tutularaq “X2” MMC-nin hesabına ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 197/21 saylı, xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatı ləğv edilsin. Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111.3 kv.m olan mənzilə dair 18 fevral 2022-ci il tarixli “Hərracın yekunları” barədə protokolu, alqı-satqı müqaviləsi və keçirilmiş hərracın nəticələri etibarsız hesab edilsin. “Hərracın yekunları” barədə protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 8 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, ********** saylı qeydiyyat nömrəsi, **********57- 05301-093363 saylı reyestr nömrəsi ilə aparılmış çıxarış qeydi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) və 250 (iki yüz əlli) manat ekspertiza xərci tutularaq “X2” MMC-nin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-116/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-116/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver