Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1236/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh1 BOKT QSC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT QSC, "xxxx" MMC və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartalda yerləşən 137 saylı fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC ilə Cavabdeh1 QSC arasında bağlanmış 09/04 saylı, 08 fevral 2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-342/2017 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı "xxxx" ASC-nin xeyrinə 345 610 manat əsas, 62 889 manat faiz və 12 000 manat cərimə borcu olmaqla cəmi 420 499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin (bundan sonra ev) ilkin satış qiyməti 1 050 000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, ev satıldıqdan sonra iddiaçıya satıldığı halda evin boşaldılması, "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Mülki Məcəllənin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh1 QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC- yə keçmişdir. Sabunçu Rayon İcra Şöbəsinin 5262-291816/17 saylı, xx.xx.2021-il tarixli sifarişinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin satılması üçün keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından X4 tələblərinə uyğun olaraq əmlak hərrac təşkilatçısı tərəfindən tələbkara təklif edilmiş və bu təklif əsasında "xxxx" MMC ilə Cavabdeh1 QSC arasında bağlanmış 09/04 saylı 08 fevral 2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokola əsasən 669 375 manata tələbkar Cavabdeh1 QSC tərəfindən əldə edilmişdir. Qeyd olunduğu kimi icra sənədi üzrə bankın tələbinin məbləği cəmi 420 499 manat olmuş, əmlak isə 669 375 manata əldə edilmiş, icra sənədində konkret olaraq ipoteka predmetinin hərracda satışından alda olunmuş pul vasaitinin qalan hissəsinin İddiaçı qaytarılması qət edilsə də, əmlakın dəyərinin kreditorun tələb həcmindən artıq olan hissəsi, yəni təxminən 248 876 manat məbləğ bu günə kimi tələbkar bank tərəfindən İddiaçı qaytarmamışdır. Bundan sonra İddiaçı Cavabdeh1 QSC BOKT-a qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin hərracdan alış dəyərinin (669.375 manat) Səbail Rayon Məhkəməsinin xx.xx.2017- ci il tarixli, 2(009)-342/2017 saylı icra sənədi üzrə tələb məbləğindən (420.499 manat) artıq hissəsi və mülkiyyətçiyə ödənilməli olan 248.876 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 14.517,56 manat faizin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 554 manat pulun, cəmi 263.947,56 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Yasamal rayon Məhkəməsinin 2(004)-2350/2023 saylı, xx.xx.2023-cü il il tarixli Qərardadına əsasən İddiaçı Cavabdeh1 QSC BOKT-a qarşı “pul” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilmişdir. Həmin qətnamə ilə İddiaçı məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin müraciət etmək hüququ izah edilmişdir. Müvafiq qərardadın əsaslandırıcı hissəsində qeyd edilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 may 2017-ci il tarixli, 2(009)-342/2017 saylı qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin satışından əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İddiaçı isə, hazırki tələbində həmin mənzilin satışından əldə edilmiş pul vəsaitinin borc ödənildikdən sonra artıq qalan hissəsinin ona qaytarılmadığını iddia edərək, pulun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı olduğundan iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Odur ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra sənədinin icraya yönəldildiyi icra qurumuna müraciət etməlidir. Lakin İddiaçı tərəfindən Sabunçu rayon İcra şöbəsinə yazılı və şifahi müraciətlər edilsə də, həmçinin Cavabdeh1 QSC BOKT-nin nümayəndələri və rəhbər şəxsləri ilə dəfələrlə görüşlər keçirilsə də heç bir nəticə əldə edilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə yazılı vəsatətlə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (VÖEN – **********) cavabdeh qismində Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1236/2024 saylı işə cəlb edilməsini xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, məhkəmə icraatı zamanı iddiaçıya məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartalda yerləşən 137 saylı fərdi yaşayış evinə dair cavabdeh "xxxx" QSC BOKT-un mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə **********22-10101 saylı reyestr və ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İddiaçının nümayəndəsi və vəkili yazılı vəsatətlə eyni zamanda iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartalda yerləşən 137 saylı fərdi yaşayış evinin satılmasına dair "xxxx" MMC ilə Cavabdeh1 QSC arasında bağlanmış 09/04 saylı, 08 fevral 2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartalda yerləşən 137 saylı fərdi yaşayış evi üzərində "xxxx" QSC BOKT-un mülkiyyət hüququna dair **********22-10101 saylı reyestr və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” X5 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilərək əmlak üzərində İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, ipoteka predmeti olmuş əmlak məhkəmə qətnaməsinə əsasən hərracdan tələbkar Cavabdeh1 BOKT QSC tərəfindən əldə edilmiş, lakin əmlakın satışından əldə edilən məbləğdən borc məbləği çıxıldıqdan sonra qalan pul hazıradək İddiaçı qaytarılmamışdır. İddiaçı əvvəl hərracın yekunlarına dair protokolun ləğvində maraqlı olmamış, məhz borc məbləği çıxıldıqdan sonra artıq qalan pulun ona qaytarılmasını tələb etmişdir. Eyni tələblə Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, lakin məhkəmə pulun İddiaçı qaytarılması hissəsində qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olması baxımından iddianı icraata qəbul etməmişdir. Pulun qaytarılması üçün sözügedən icra sənədi üzrə icra hərəkətlərini həyata keçirən icra məmuruna müraciət edilmiş, icra məmuru cavab məktubunda icra sənədi üzrə icraatın davam etdiyini bildirməsinə baxmayaraq tələb olunan puldan heç bir məbləğ İddiaçı verilməmişdir. İcra sənədi üzrə icra məmuru tərəfindən hər hansı hərəkətsizlik olmadığından həmin məmurdan məhkəmə qətnaməsinin icrasına nəzarət qaydasında şikayət verməmişdir. Belə ki, hərracın yekunlarına dair protokol icra məmurunun iştirakı olmadan tərtib edilmişdir, buna görə də onun bu protokola müdaxilə etmək imkanı olmamış, hər hansı hərəkətsizlik də göstərməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hərracdan əmlakın satış dəyəri icra məmurunun depozit hesabına köçürülməli və icra məmuru tərəfindən bu məbləğdən borc məbləği çıxıldıqdan sonra qalan pul İddiaçı qaytarılmalı olduğu halda, Cavabdeh1 BOKT QSC tərəfindən hər hansı məbləği depozit hesaba köçürülməmiş, hərrac qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməmişdir. İddia təmin olunacağı halda isə Cavabdeh1 BOKT QSC mövcud vəziyyətinin onun ziyanına pisləşməsi səbəbindən məsələyə daha ciddi yanaşaraq İddiaçı çatası məbləği ona qaytarmaqda və razılığa gəlməkdə maraqlı olacaqdır. Məhkəmə iclasında Cavabdeh1 BOKT QSC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, ipoteka predmeti real dəyərinin xeyli miqdarda artıq qiymətlə hərraca çıxarılmış, bu zaman işdə iştirak edən "xxxx" ASC hərracdan satış qiymətini müəyyən edən məhkəmə aktından şikayət verməmiş, sonradan Cavabdeh1 BOKT QSC satış qiymətini mübahisələndirməyə çalışdıqda isə prosessual müddətin ötməsi səbəbindən əmlakın hərracdan satış qiyməti barədə təkrar məhkəmə araşdırması aparılmamışdır. İpoteka predmeti hərracdan Cavabdeh1 BOKT QSC tərəfindən əldə edildikdən sonra İddiaçı mülkiyyət hüquqlarının QSC-yə ötürülməsinə hər hansı etirazı olmamışdır. Cavabdeh1 BOKT QSC Əmlakın satış qiymətindən borc məbləği çıxıldıqdan sonra qalan pulun İddiaçı qaytarılmasından boyun qaçırmır, lakin bu məbləğin qaytarılması üçün müəyyən zaman müddətinə ehtiyacları var. Cavabdeh1 BOKT QSC əmlak üçün ödəməli olduğu vəsaiti Maliyyə Nazirliyi vasitəsi dövlət büdcəsindən əldə etməsi və hazırda bu məbləğin QSC-yə verilməsi prosesinin vaxt tələb etməsi səbəbindən hazırda tələb olunan məbləğin QSC tərəfindən iddiaçıya verilməsi imkanı yoxdur. Hazırda ipoteka predmeti olmuş əmlak Cavabdeh1 BOKT QSC-nin mülkiyyəti olsa da, faktiki olaraq İddiaçı istifadəsindədir. Ev onun tərəfindən boşaldılmamışdır. QSC tərəfindən əmlakın üçüncü şəxsə satılması üçün İddiaçı ilə uzun müddət danışıqlar aparılmasına baxmayaraq hazırkı vaxtadək əmlakın bu qaydada satılması mümkün olmamışdır. Bununla yanaşı hazırda İddiaçı iddiasının təmin edilməsi üçün hər hansı qanuni əsas yoxdur. İddiaçı hərracın etibarsız hesab olunmasını və əmlakın Cavabdeh1 BOKT QSC-nin adına qeydə alınmasına dair çıxarışın ləğvi tələbini əsaslandırmamışdır. Digər cavabdehlərə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən iclasın digər cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-342/2017 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı "xxxx" ASC-nin xeyrinə 345 610 manat əsas, 62 889 manat faiz və 12 000 manat cərimə borcu olmaqla cəmi 420 499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin (bundan sonra - ev) ilkin satış qiyməti 1 050 000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, ev satıldıqdan sonra iddiaçıya satıldığı halda evin boşaldılması, "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı və X1 “ünvan 3 ünvanlanmış xx.xx.2017-ci il tarixli 01 nömrəli və xx.xx.2018-ci il tarixli 02 nömrəli bildirişdən görünür ki, bildirişdə Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-342 saylı icra sənədi üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2017-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə hərracın keçiriləcəyi yer və saat barəsində məlumat qeyd olunmuşdur. 038049 və 038050 saylı poçt xəbərnamələrindən görünürki, "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixdə göndərilmiş məktublar “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. 043087 və 043088 nömrəli poçt xəbərnamələrindən görünü rki, "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə göndərilmiş məktublar X2 tərəfindən təhvil alınmışdır. “Birja yenilikləri” qəzetinin 17-23 noyabr 2017-ci il tarixli buraxılışında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ilk hərracın xx.xx.2017-ci il tarixdə saat 11:00-da keçiriləcəyi qeyd olunmuşdur. “Birja yenilikləri” qəzetinin 22-28 dekabr 2017-ci il tarixli buraxılışında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2017-ci il tarixdə keçirilmiş ilk hərracda qalib elan olunsa da, hərrac protokolu imzalandıqdan sonra hərracı udmuş şəxs 7 təqvim günü ərzində pul nəzərdə tuutlmuş depozit hesaba köçürmədiyindən protokol hüquqi qüvvəsini itirmişdir. Növbəti hərracın xx.xx.2018-ci il tarixdə keçiriləcəyi qeyd olunmuşdur. “Birja yenilikləri” qəzetinin 26 yanvar – 01 fevral 2018-ci il tarixli buraxılışında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hərracın baş tutmadığı və ilkin satış qiymətindən 15% aşağı qiymətlə təkrar hərracın xx.xx.2018-ci il tarixdə keçiriləcəyi qeyd olunmuşdur. “Birja yenilikləri” qəzetinin 02-08 mart 2018-ci il tarixli buraxılışında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hərracın baş tutmadığı qeyd olunmuşdur. Sabunçu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda borclu İddiaçı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və yeni qiymətin müəyyən edilməsi” tələbi ilə məhkəmədə iddia qaldırması səbəbindən Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-342 saylı icra sənədi üzrə keçirilən hərracın dayandırılması xahiş olunmuşdur. Sabunçu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş hərrac baş tutmadığı bildirilmiş və mübahisə üzrə yekun məhkəmə qərarı qəbul olunduqda bu qərarla hərrac təşkilatının tanış edilməsi xahiş olunmuşdur. Sabunçu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-342 saylı icra sənədi ipoteka predmetinin hərracdan satılmasınını davam etdirilməsi xahiş olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 BOKT QSC-nin tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı və "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin kreditor "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Borcalan kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-342/2017 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı "xxxx" ASC-nin xeyrinə 345 610 manat əsas, 62 889 manat faiz və 12 000 manat cərimə borcu olmaqla cəmi 420 499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 10 otaqlı fərdi yaşayış evinin (bundan sonra - ev) ilkin satış qiyməti 1 050 000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, ev satıldıqdan sonra iddiaçıya satıldığı halda evin boşaldılması, "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilkin satış qiyməti ******* manat olmaqla xx.xx.2017-ci il tarixdə, ilkin satış qiymətindən 15% aşağı qiymətlə xx.xx.2018-ci il tarixdə hərraca çıxarılmış, alıcı olmadığından əmlak təkrar hərracda satış qiymətindən satış qiymətindən 25%-dən az olmayan qiymətlə - 669375 manata ipoteka saxlayana təklif olunmuşdur. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, "xxxx" ASC ilə Cavabdeh1 QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair müqaviləyə görə "xxxx" ASC-nin İddiaçı olan tələb hüquqları Cavabdeh1 QSC-yə keçdiyindən ipoteka predmeti Cavabdeh1 QSC-yə təklif edilmiş və QSC təklifi qəbul etmiş və alqı-satqı müqaviləsi bağlanaraq həmin əmlak Cavabdeh1 QSC -nin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3 və 43.4-cü maddələrə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərracla, xüsusilə də ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yuxarıda qeyd olunan maddi hüquq normalarını hazırda araşdırılan mülki mübahisəyə tətbiq edərkən məhkəmə tərəflər arasında mülki mübahisəyə baxılmasının prosessual qaydalarını rəhbər tutaraq iddiaçının tələblərini nə ilə əsaslandırması və cavabdehin buna qarşı hansı etirazlarını bildirməsini ilk növbədə nəzərə alır. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, dispozitivlik prinsipi prosesin digər əsas prinsiplərindən biri olan çəkişmə prinsipi ilə sıx əlaqədardır. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hazırda baxılan iş üzrə iddiaçı tərəf tələblərini məhz ipoteka predmetinin əldə olunmasına dair təklifi qəbul etmiş Cavabdeh1 QSC tərəfindən əmlakın təklif olunduğu dəyərdən borc məbləği çıxıldıqdan sonra qalan pul məbləğini borcluya, yəni İddiaçı qaytarmaması ilə əsaslandırır. İş üzrə cavabdehlərdən biri olan və ipoteka predetini əldə edən Cavabdeh1 QSC-nin nümayəndəsinin isə iddiaya qarşı etirazları əmlakın açıq hərracdan özgəninkiləşdirilməsinin qanunvericiliyin tələblərinə uyğun aparılması və iddiaçının bunun əksini təsdiq edən hər hansı sübutunun olmaması ilə əsaslandırır. Həmçinin nümayəndə əmlakın açıq hərracdan satış qiymətinin bu əmlakın real dəyərindən əhəmiyyətli dərəcədə çox olması səbəbindən QSC-nin əmlakı özgəninkiləşdirdiyi zaman maliyyə itkilərinə məruz qalması ehtimalı və əmlakın təklif olunduğu məbləğdən borc məbləği çıxıldıqdan sonra qalan pul vəsaitinin borcluya qaytarılmasına razı olduqları, lakin bunun üçün zamana ehtiyacları olduqlarına dair ziddiyyətli izahatlar versə də, iddianın pul tələbi deyil, hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə olmasını nəzərə almaqla məhkəmə bu izahatları iddianın etirafı və ya iddia tələblərinin qanuni əsaslarının olmasının göstəricisi kimi nəzərdən keçirmir. Həmçinin hərracdan satış qiymətindən borc məbləği çıxıldıqdan sonra qalan məbləğin borcluya qaytarılması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuş haldır və hazırki iş üzrə mübahisələndirilə də bilməz. Yuxarıda qeyd olunanlardan aydın olur ki məhkəmə tərəfindən araşdırılmalı məqam ilk növbədə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 QSC-yə təklif olunduğu qiymətdən borc məbləği çıxıldıqdan sonra qalan məbləğin borcluya qaytarılıb-qaytarılmaması, qaytarılmadığı halda bunun hərracın nəticələrinin etibarsız hesab edilməsinə əsas verib-vermədiyi və ümumiyyətlə hərracın qanunauyğun aparılıb-aparılmaması təşkil edir. Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-342/2017 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı "xxxx" ASC-yə olan cəmi borc məbləği 420499 manat təşkil etmişdir. Qətnamə ilə həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı tutulması da qət edilmişdir. Sözügedən qətnamə ilə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərracdan satış qiyməti ******* manat müəyyən olunmuş, tələb hüquqlarının "xxxx" ASC tərəfindən güzəşt edildiyi Cavabdeh1 QSC tərəfindən əmlak 669375 manata əldə edilmişdir. Qeyd olunanlar işin mübahisəsiz hallarıdır. Sözügedən qətnamədə borc məbləğindən artıq pul vəsaitinin İddiaçı qaytarılması öz əksini tapdığından, sadə riyazi hesablama yolu ilə qaytarılmalı olan məbləğin 248876 manat təşkil etdiyi aydın olur. İddiaçı tərəf bu məbləğin Cavabdeh1 QSC tərəfindən qaytarılmadığını bildirir. Cavabdeh1 QSC-nin nümayəndəsi məhkəmə iclasında qeyd olunan məbləğin iddiaçıya qaytarılmadığını təsdiq etmişdir. Bununla da, iddiaçının istinad etdiyi həmin hal məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd olunanlardan ipoteka predmeti olan əmlakın ipoteka saxlayana təklif olunduğu məbləğdən borc məbləği çıxıldıqdan sonra artıq məbləğdə pulun qalması və bu məbləğin borcluya qaytarılmalı olmasına baxmayaraq qaytarılmaması iş materialları ilə öz təsdiqini tapır. Növbəti araşdırılmalı məqama, yəni təsdiqini tapan bu halın hərracın etibarsızlığına səbəb olub-olmamasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İddianınını nümayəndəsi və vəkili məhkəmə iclasında «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə istinad edərək hərrac təşkilatı tərəfindən hərracın düzgün aparılmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, ipoteka haqında qanunvericiliklə əmlakın hərracdan satılması anlayışı ilə əmlakın ipoteka saxlayana təklif olunması anlayışları bir-birindən fərqləndirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsində də “İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək)” ifadələri işlədilir ki, bu hal satışla təklifin fərqli anlayışlar olmasını deməyə əsas verir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununda əmlakın ipoteka saxlayana təklif olunması zamanı təklifdə göstərilən pul məbləğinin hansı qaydada ödənilməsi birbaşa tənzimlənmədiyi halda, əmlakın hərracdan satış məbləğinin ödənilməsi qaydalarına dair normalar mövcuddur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: - 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); - 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; - 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; - 47.2.4. bu Qanunun 47.2.1 - 47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Yuxarıda sadalanan normalarda əmlakın hərracdan satışından əldə olunan məbləğin hərrac təşkilatı vasitəsi ilə icra məmurunun depozit hesabın köçürülməsi və icra məmuru tərəfindən bölüşdürülməsi qaydası öz əksini tapmışdır. Halbuki yenə həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Normanın mənasından aydın görünür ki, əmlakın ipoteka saxlayana təklif edilməsi hərrac baş tutmadıqda (əmlak hərracdan satılmadıqda) tətbiq edilir. Belə olan halda məhz əmlakın hərracdan satılmasından əldə olunan məbləğin ödənilməsi və bölüşdürülməsi qaydalarını tənzimləyən normaların fərqli xüsusiyyətləri olan hazırki hala tətbiq edilməsi yolverilməzdir. Qanunun analogiyası baxımından bu münasibətlər bir münasibəti tənzimləyən normanın digər münasibətə eyni ilə tətbiq edilməsinə imkan verəcək həddə oxşarlıq daşımır. Qeyd olunan maddənin tərkib elementlərindən bəzilərinin tətbiq olunaraq digərlərinin olunmaması isə qeyri-müəyyənliyə və maddənin qanunvericiliyə daxil edilməsi zamanı qanunvericinin hüquqi müstəvidə məqsədlərinin təhrifinə səbəb olacaqdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-342/2017 saylı qətnaməsi ilə bağlı məhkəmə qeyd edir ki, qətnamədə "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinm hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh İddiaçı qaytarılması öz əksini tapmışdır. Lakin nəzərə alınmalıdır ki, məhkəmə qətnamələri hüquq normaları yaradan (müəyyən edən) akt deyil, buna görə də bu halda analogiyadan söhbət gedə bilməz. Bununla yanaşı “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilməli olması, buna uyğun olaraq Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)- 342/2017 saylı qətnaməsinin icra edilməsi üçün onun əsasında verilmiş icra vərəqəsinin müvafiq icra şöbəsinə göndərilməsi və icra məmuru tərəfindən icra hərəkətlərinin aparılması, bu zaman isə icra məmurunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən məhkəmə qətnaməsində icra məmuru üçün icranın təmin edilməsinə maneə yaradan aydın olmayan hallar olduqda müvafiq hərəkətlər etmək səaliyyəti olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Bu səbəbdən də hazırki mülki mübahisəni araşdıran məhkəmənin digər məhkəmənin icraatında olmuş və qanuni qüvvəsini almış qətnaməsində işlədilən söz və ifadələrə aydınlıq gətirməsi, həmin məhkəmənin yerinə qətnamənin nəticə hissəsində qeyd olunan hərracdan satış anlayışının əmlakın ipoteka saxlayana təklif olunması anlamını da əhatə etdiyini bildirməsi (halbuki bu anlayışların fərqli olmasına aydınlıq gətirilmişdir) və qanunun analogiyasını tətbiq etməsi yolverilməzdir. Oxşar yanaşma “Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2020-ci il tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi işə baxarkən mülki qanunvericilikdə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında icra məmurunun hərrac təşkilatına verdiyi sifarişə əsasən keçirilmiş təkrar hərrac baş tutmadığı halda, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı ödəmə mənbəyində tutulması tələb olunan sadələşdirilmiş verginin ödənilməsi əsaslarını müəyyən edən hüquq normalarının qeyrimüəyyənliyi və məhkəmələrdə belə mübahisələrin həlli zamanı fərqli yanaşmaların mövcudluğunu nəzərə alaraq, vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə qaldırılan məsələ üzrə müvafiq şərhin verilməsi üçün müraciət etmişdir. Qərarda qeyd olunur ki, “nəzərdən keçirilmiş mövcud qanunvericilik maddələrinin məzmunundan göründüyü kimi, yuxarıda göstərilən normalar yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulmasını nəzərdə tutur. Hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (“İpoteka haqqında” Qanunun 43.7-ci maddəsi). Qeyd edilən halda əmlakı əldə edən tərəfindən ödəniş həyata keçirilmədiyindən yuxarıda göstərilən normaların tətbiqi mümkünsüz olur....Araşdırılan məsələ üzrə vacib məqamlardan biri də ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı rəsmiləşdirilmə qaydalarının qanunvericilikdə nəzərdə tutulmamasıdır. Bu isə təcrübədə həmin aktın müxtəlif üsullarla rəsmiləşdirilməsinə və əmlaka dair hüquqların müxtəlif sənədlər əsasında qeydə alınmasına səbəb olur. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün konkret əsaslar sadalanmışdır.” Qeyd olunan Qərarda əmlakın hərracdan satılması və ipoteka saxlayana təklif olunması fərqləndirilmiş və qanunvericiyə İpoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, Konstitusiya Məhkəməsinin mövqeyi nəzərə alınmaqla araşdırılmış məsələnin tənzimlənməsi Milli Məclisə tövsiyə edilmişdir. Və nəticədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarda “qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol”un qeyd edilməsi ilə yanaşı 25 may 2021-ci il tarixli, 326-VİDQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə həmin maddəyə “habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol” sözləri əlavə edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinə isə “verilmiş borcun təminatı kimi fərdi sahibkarın əmlakı çıxış etdikdə ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edilməsi” məzmunda yeni maddə əlavə edilmişdir. Aydın görünür ki, Qanunvericiliklə əmlakın hərracdan satılması və ipoteka saxlayana təklif olunması tamamilə fərqli anlayışlar olub, fərqli xüsusiyyətlərin görə də ayrı hüquqi tənzimləmə tələb edirlər. Məhz buna görə də qanunvericilikdə əmlakın hərracdan satılması qaydalarını və nəticələrini tənzimləyən konkret normalar olmasına baxmayaraq ipoteka saxlayana təklif olunan zaman tamam fərqli və aydın ifadə edilmiş hüquqi tənzimləmə formalaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin iddianın əsası kimi «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə analogiya üzrə istinad etməsini qəbuledilməz hesab edir. Lakin konkret hüquq normasının olmaması məhkəməyə qanunsuz qərar qəbul etməsi üçün əsas vermədiyi aydındır. Məhz buna görə də hazırki mübahisəyə , işin faktiki halları və iş materiallarında olan sübutlar əsasında hüququn analogiyası üzrə və bu işə tətbiq olunan prosessual normalar əsasında baxılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək hərracın yekunlarına dair protokolun müqavilə qüvvəsini daşımasını dəfələrlə vurğulamış və əmlakın dəyərinin ödənilmədən mənimsənilməsinin müqavilənin etibarsızlığına səbəb olduğu kimi hərracın yekunlarına dair protokol üzrə əmlakın dəyərindən ödəniş edilmədən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının həmin protokolun etibarsızlığına əsas verdiyini bildirmişdir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Halbuki alqı-satqı müqaviləsi və hərrac protokolu oxşar xüsusiyyətlərə malik olsalar da, onların fərqli tərəfləri də vardır. Bu fərqliliklərdən ən başlıcası müqavilə şərtlərinin müəyyən edilməsidir. AZərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Halbuki hərracın yekunlarına dair protokol və alqısatqı müqaviləsi üzrə əmlakın dəyəri tərəflərin sərbəst iradə ifadəsi ilə deyil, məhkəmə qərarı ilə müəyyən olunur. Və bu qərara əsasən protokola daxil edilmiş pul məbləğinin ödənilməməsi protokolun və alqı-satqı müqaviləsinin etibarsızlığı deyil, məhkəmə qərarının icra edilməməsi anlamına gəlməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Aydındır ki, Məhkəmə qətnaməsinin icrası ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokol imzalandıqda borcun silinməsindən sonra artıq məbləğin borcluya qaytarılmaması məhkəmə qərarının icra olunmaması deməkdir ki, bu da qanunvericilikdə nəzərdə tutulmuş nəticələrə səbəb olur, yəni özünəməxsus tənzimlənməsi mövcuddur. Vəkilin dediyi hal qəbul olunsa belə, hər hansı alqı-satqı müqaviləsinin qiymətinin ödənilməməsi həmin müqavilənin etibarsızlığına deyil, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin tələb olunmasına əsas verir. Belə ki müqavilənin etibarsızlığı əsasları qanunvericiliklə birbaşa göstərilmişdir. İddiaçının vəkili istinad etməsə də mülki mübahisənin qanuni həlli üçün məhkəmə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü və 47.5-ci maddələrinin hazırki iş üzrə tətbiq edilməsi məsələsini araşdırmağı zəruri hesab edir. Həmin maddəyə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Yenə həmin Qanunun 47.5-ci maddəsinə əsasən əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Aydındır ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması da hərracın etibarsız hesab edilməsi üçün əsasdır. X6 47.5-ci maddəsi qeyd edilən məzmunda şərh edilməməlidir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü və Mülki Məcəllənin 416-cı maddəsi məhz hərracın etibarsızlığından danışır. Halbuki yuxarıda da qeyd edildiyi kimi «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərrac dedikdə məhz əmlakın hərracdan satılması prosesi başa düşülür, əmlakın ipoteka saxlayana təklif edilməsi hərrac baş tutumadıqda həyata keçirilir ki, bu hərəkət sözügedən normaların tələbləri baxımından hərrac prosesinə daxil deyil. Həmçinin Məcəllənin bir və ya bir neçə sahənin sistemləşdirilmiş normalarını özündə birləşdirən hüquqi akt olmasını nəzərə aldıqda təsadüfi deyil ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsi hərracın keçirilməsi və baş tutumaması qaydalarını tənzimləyən 42 və 43-cü maddələrindən dərhal sonra, satışdan götürülən məbləğin ipoteka saxlayanın tələblərindən artıq olduğu halda, artıq məbləğin ipoteka qoyana qaytarılmasını nəzərdə tutan 47.5-ci maddəsi isə qeyd edilən maddələrdən sonra gəlir. Bununla qanunverici əmlakın satışından artıq qalan məbləğin qaytarılmasının birbaşa hərracın keçirilməsi prosesinə daxil olmadığını, bu proseslərin nəticəsi olduğunu ehtiva edir ki, bu da tam məntiqli haldır. Belə ki, əmlakın satışından hər hansı məbləğ ödənilmədikdə ödəmənin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təmin edilməsi mümkündür (hazırki halda icra icraatı çərçivəsində), bu hala görə hərrac proseslərinin yenı̇ dən başlanmasına heç bir zəruriyyət yoxdur. Belə ki, iddiaçı mübahisələndirməsə də hərracın keçirilməsini barədə bütün zəruri sənədlər məhkəmə sorğusu əsasında əldə edilmiş və aparılan araşdırma zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT QSC, "xxxx" MMC və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT QSC, "xxxx" MMC və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1236/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1236/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver