Məhkəmə qərarları › İş №e-2(005)-1360/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1360/2022

14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1360/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının 50 faizinin bank hesabına köçürülməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının 50 faizinin bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 may 2015-ci il təvəllüdlü X1 və 04 oktyabr 2020-ci il təvəllüdlü X2 onlar yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin 50%-nin X1 və X2 adına olan bank hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 23 sentyabr 2015-ci il tarixində rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan 17 may 2015-ci il təvəllüdlü X3 və 04 oktyabr 2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Lakin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2509/2021 saylı 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanan nikahın pozulması və birgə nikahdan olan 17 may 2015ci il təvəllüdlü X1 və 04 oktyabr 2020-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmaları; İddiaçı 17 fevral 2021-ci il tarixindən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş 17 may 2015-ci il təvəllüdlü X1 və 04 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi; İddiaçı 17 fevral 2021-ci il tarixindən başlayaraq 04 oktyabr 2020-ci il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. Hazırda iddiaçı "xxxx" Sərnişin Aviasiya Şirkətində pilot vəzifəsində işləyir və aylıq əmək haqqı 6800 (altı min səkkiz yüz) manat təşkil edir. Vergi və digər tutulmalar həyata keçirildikdən sonra aylıq əmək haqqı 5000 (beş min) manat təşkil edir. Məhkəməyə təqdim edilən əmək haqqından tutulmalara dair sənəddən görünür ki, hər ay əmək haqqının 1/3 hissəsini miqdarında, yəni 1666,83 manat və 50 manat, ümumilikdə 1716, 83 manat məbləğində aliment tutulub cavabdehin bank hesabına köçürülür. Qeyd olunan məbləğin uşaqlara xərclənməsi ilə bağlı cavabdeh hər hansı bir hesabat vermir, bu səbəbdən iddiaçı həmin məbləğin nəyə və kimə necə xərclənməsinə nəzarət edə bilmir. Buna görə də, iddiaçı uşaqların gələcəyi, təhsil, tərbiyə və təminatını nəzərə alaraq hesab edir ki, uşaqlar yetkinlik yaşına çatanadək onların saxlanılması üçün verilən alimentin əlli (50) faizi iki uşaq arasında yarı bölünməklə onların adına açılmış bank hesabına köçürülməlidir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2509/2021 saylı 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan 17 may 2015-ci il təvəllüdlü X3 və 04 oktyabr 2020-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları, İddiaçı 17 fevral 2021-ci il tarixindən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş 17 may 2015-ci il təvəllüdlü X1 və 04 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi, İddiaçı 17 fevral 2021-ci il tarixindən başlayaraq 04 oktyabr 2020-ci il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qətt edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, İddiaçı "xxxx" QSC-də təyyarəçi vəzifəsində çalışır və aylıq əmək haqqısı 6800 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2509/2021 saylı 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan 17 may 2015-ci il təvəllüdlü X3 və 04 oktyabr 2020-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları, İddiaçı 17 fevral 2021-ci il tarixindən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş 17 may 2015-ci il təvəllüdlü X1 və 04 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi, İddiaçı 17 fevral 2021-ci il tarixindən başlayaraq 04 oktyabr 2020-ci il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qətt edilmişdir. Bununla razılaşmayan iddiaçı cavabdehin himayəsində olan övladları üçün ödənilməsi nəzərdə tutulan aliment məbləğinin çox olması və həmin alimentin təyinatı üzrə istifadə edilməməsini əsas gətirərək, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1.-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məvcəllənin 55.2-ci maddəsinə əsasən, Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən, 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 8.9cu bəndinə əsasən, Alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddənin mənasına görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin tələbi ilə məhkəmə o, vaxt alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər ki, tərəflərdən birinin, yəni ərin və ya arvadın ailə və ya maddi vəziyyətlərində sonradan hər hansı dəyişiklik baş vermiş olsun. Əvvəla, işdən görünür ki, iddiaçı vəziyyətin dəyişməsi, habelə onun tərəfindən ödənilən alimentin uşaqlara xərclənməməsini əsas gətirərək, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 1/3 hissədə alimentin 50%-nin uşaqların adına açılmış bank hesabına ödənilməsini tələb edir. Qeyd olunan əsaslara dair məhkəmə ilk növbədə vəziyyətin dəyişməsi barədə göstərilən hala hüquqi qiymət verərək bildirir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2509/2021 saylı 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edildiyi zaman iddiaçının əmək haqqı 3000 manat təşkil edirdisə hal-hazırda onun əmək haqqısı 6800 manat təşkil edir. Ailə qanunvericiliyinə görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdəaliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Belə olan halda ər və ya arvad ailə vəziyyətlərində baş vermiş dəyişikliyə əsaslanaraq alimentin miqdarının azaldılması barədə məhkəmədə iddia qaldıra bilər. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə - onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi başa düşülür. Bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin artması və ya azalması ilə əlaqədar baş verir. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda isə, aliment alan şəxsin alimentin miqdarının artırılmasını tələb etmək hüququ əmələ gəlir. Həmçinin məhkəmə, tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi aliment öhdəliyindən azad edə bilər. Hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2509/2021 saylı 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıdan qazancının 1/3 hissəsində aliment tutulduğu üçün onun gəlirlərini artması halında aliment məbləği qeyd olunan nisbətdə artır. Bununla da hazırda iddiaçı tərfindən qeyd olunan vəziyyətin dəyişməsi halları üzrə alimentin azaldılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün hər hansı dəyişikliyin olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən iddia tələbinin əsaslandırması zamanı göstərdiyi ödənilən alimentin uşaqlara xərclənməməsi barədə hala münasibətdə qeyd edir ki, çəkişmə prinisipinə əsasən tərəflər göstərdikləri və ya iddia etdikləri hallara dair müvafiq sübutları təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən alimentin uşaqlara xərclənməməsi halını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı həmin hallara dair hər-hansı sübut aşkar edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Bundan başqa Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbərliyinin aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir Hazırda məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri üzrə sübutlar iddiaçı tərəfindən qeyd olunan hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, uşağa görə ödənən alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar aliment həmin valideyn tərəfindən uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənilməməsi halında tətbiq edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan İddiaçı Cavabdeh qarşı “aliment miqdarının 50 faizinin bank hesabına köçürülməsi” barədə iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının 50 faizinin bank hesabına köçürülməsi” dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar