Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1369/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X23) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.03.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X24 2020-ci il iyun ayında rəhmətə getmiş, əmlaklarından birinin vəsiyyətnamə ilə oğlu İddiaçı vəsiyyət etmişdir. Hazırda İddiaçı həm vəsiyyətnamə, həm də qanun üzrə vərəsədir. Qanun üzrə vərəsə olaraq miras əmlakların dairəsi müəyyən olunarkən məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən evləri hazırda X3 istifadəsində olsa da, torpağın sənədi alqı-satqıya əsasən X12 adındadır. Araşdırma nəticəsində məlum olmuşdur ki, 19.03.2010-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh anası Cavabdeh2 adından atası X24 etibarnamə əsasında Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi və üzərindəki sənədsiz 4 mərtəbəli yaşayış kompleksini əmisi olan üçüncü şəxs X1. Yaşayış kompleksi hazırda otel kimi fəaliyyət göstərir, lakin mülkiyyət sənədi yalnız torpaq sahəsinə verilmişdir. Qeyd edilən yaşayış kompleksi iddiaçının ailəsinə məxsus olmuş, valideynləri arasında nikah pozulanadək və pozulduqdan sonra da həmin yaşayış evində öz evləri kimi yaşamağa davam etmişdirlər. Torpaq üzərindəki mülk torpaqla birgə hazırkı bazar qiyməti bir milyon manatdan artıqdır. Torpaq üzərindəki əmlak sahibliklərində və istifadələrində olmasına baxmayaraq nə nikahdan əvvəl, nə də nikah pozulandan sonra torpaq üzərindəki əmlaka dair mülkiyyət sənədi alınmamışdır. Bu səbəbdən də formal alqı-satqı müqaviləsində torpaq sahəsinin satılması qeydiyyata alınmışdır. Sonradan Cavabdeh2 və X24 arasında nikaha xitam verilmişdir. Nikah pozulduqdan sonra X2 Bəturə Məmmədağa qızı ilə yeni nikaha daxil olmuşdur. Hazırda əmlak X3 istifadəsindədir. Alqı-satqı müqaviləsi bağlanarkən himayədə olan azyaşlı uşaqların torpağın və torpaq üzərində əmlakın alqı-satqısı ilə əlaqədar validenylərin və müvafiq icra hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının yazılı rəyi alınmamışdır. İş materiallarından da göründüyü kimi torpaq sahəsi üzərində mülkiyyət hüququ, torpaq sahəsi üzərində mövcud olan qanunsuz tikiliyə dair cavabdehlə bərabər orda yaşayan digər şəxslərin istifadə və sahiblik hüquqları mövcud olmuşdur. Göründüyü kimi, sadalanan maddələrin tələbinə müvafiq olaraq daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanması üçün valideynlərin yazılı razılığı tələb edilir. Notariat orqanı tərəfindən isə qanunvericiliyin müəyyən etdiyi imperativ normaların tələbləri kobudcasına pozulmaqla həm torpaq sahəsinə dair, həm də torpaq sahəsi üzərindəki qanunsuz tikiliyə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırkı əqdin bağlanması nəticəsində həm mülkiyyətdə olan torpaq sahəsindən, həm də torpaq sahəsi üzərində olan qanunsuz tikiliyə olan istifadə və sahiblik hüququndan məhrum edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 08.04.2021-ci il tarixində məhkəmənin dəftərxana vasitəsilə yazılı izahat təqdim edərək bildirmişdir ki, Səbaıl rayonu Badamdar qəsəbəsi ünvanında yerləşən 6 sot (sənəddə 6 sot, faktiki 9 sot) torpaq sahəsi ona məxsus olmuşdur. 2008-ci ildə keçmiş həyat yoldaşı X24, ona 9 saylı notariat kontoruna getmək və torpaq sahəsində inşa edilən 5 mərtəbəli villa ilə əlaqədar sənədləşmə işləri ilə bağlı bəzi sənədlər imzalamaq lazım olduğunu demişdir. Cavabdeh torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar etibarnamə vermiş, X13 ölümündən sonra 2021-ci ilin yanvar ayında uşaqlarının vərəsəlik işi üçün sənədlər toplanarkən məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsi sənədləşdirildikdən, üzərində bina tikildikdən sonra elə həmin etibarnamə ilə icazəsi olmadan qardaşının adına keçirilmişdir. 19.04.2008-ci il tarixli, 7-E-22/ 8106 saylı etibarnamə əsasında alqı-satqı olması barədə X13 ölümündən sonra 2021-ci ilin yanvar ayında uşaqlarının vərəsəlik işi üçün sənədlər toplanarkən məlum olmuşdur. 2009-cu ildə də həmin torpaq sahəsi üzərində tikinti işləri başlamış və 5 mərtəbəli şəxsi binanın inşası ilə bitmişdir. 2011-ci il noyabr ayı o, X11 boşanmış, X24 2014-cü ilin iyun və yaxud iyul aylarında Qasımlı (Qurbanova) Bəturə Məmmədağa qızı ilə ailə qurmuşdur. O zamana qədər də, tərəflərin birgə nikahdan olan övladları ataları ilə həmin yuxarıda haqqında söhbət açdığı evdə yaşamışlar. X24 həmişə hazırkı mübahisəli villanın uşaqlarına aid olduğunu, sənədləşdirdikdən sonra uşaqları arasında böləcəyini ona bildirmişdir. X.Ə.Qasımov vəfat etdikdən sonra bəlli olmuşdur ki, o həmin etibarnamə əsasında məqsədli olaraq, Badamdarda cavabdehə məxsus torpaq sahəsini, qardaşı X12 adına rəsmiləşdirmiş, o ərazidə torpaq sahəsinin bir sotunun qiyməti (2010-cu il nəzərdə tutulur) 40 min manat təşkil etdiyindən 9 sot torpaq necə 24030 manata 9 saylı notariat kontorunda alqı-satqı olunmuşdur. (Hansı ki, 360 min olmalı idi). X.Ə.Qasımovun vəfatından sonra övladları vərəsəlik işi ilə əlaqədar Bakı şəhəri 28 saylı notariat ofisinə müraciət etdikdə bəlli olur ki, o beş mərtəbəli villa yenə də məqsədli olaraq hansı yollarla qardaşı X12 adından Bakı şəhəri 14 saylı notariat kontorunda X14 adına alqı-satqı olaraq rəsmləşdirmişdir. (Həmin ev Səbail rayonunda yerləşsə də, nədənsə Nəsimi rayon ərazisində alqı-satqı edilib) X25, Xalidin sonrakı həyat yoldaşı Bəturə Məmmədağa qızının bacısının həyat yoldaşıdı. "Müvəffəqiyətli" labirint əməliyyatı X9 tərəfindən həyata keçirilərək X.Ə.Qasımovla onun birgə nikahdan olan üç övladının heç nəyə nail olmamasını məqsədli şəkildə gerçəkləşdirmişdir. Bütün bu alqı-satqı müddətlərində və son bir neçə ilədək uşaqları həmin mübahisəli mənzildə yaşamışlar. Bu müddət ərzində dırnaq arası mülk sahibləri olan nə Elşən, nə də ki, Qadir heç vaxt onlara bir milyondan artıq dəyəri olan mülkü onların aldığını, evi tərk etmələrini və ya orada yaşamayın deməmişlər. Halbuki həqiqətən də dəyəri milyondan artıq əmlakı alan şəxs gəlib mənzilinə sahib çıxmalı idi. Ən maraqlısı budur ki, qeyd edilən mübahisəli mənzil hazırda X9 tərəfindən kirayəyə verilir, özü isə həmin villanın ərazisində yerləşən kiçik fərdi evdə yaşayır. Onun tərəfindən mübahisəli torpaq sahəsinin satılmasına dair heç bir razılaşma olmamışdır, torpaq sahəsinin adına sənədlədirilməsi məqsədi ilə bağlı etibarnamə verilmişdir. Ümumiyyətlə o heç vaxt milyonluq əmlakın 24030 manata satılmasına razı ola da bilməzdi. Bu onun və uşaqlarının razılığı olmadan edilən alqı-satqı müqaviləsidir. Qeyd edilən halların nəzərə alınaraq, iddianı qəbul etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim edərək, bildirmişdir ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Çünki həmin müqavilə bağlanılan zaman İddiaçı 11 yaşında olmuşdur və yetkinlik yaşına çatmamışdır. Bundan əlavə, həmin torpaq sahəsini onun valideynləri satmışlar və bu zaman İddiaçı hər hansı hüququ pozulmamışdır. X27 vəfat edəndən sonra oğlu İddiaçı belə bir iddia qaldırması tam əsassızdır. Onu da nəzərə almaq lazımdır ki, həmin əmlak heç vaxt X16 məxsus olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən mübahisə edilən əqdin etibarsız sayılması və onun etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və bilməli olduğu gündən bir il ərzində irəli sürə bilər. Göründüyü kimi, iddiaçı tərəf torpaq sahəsinin alqı-satqısına dair 19.03.2010-cu il tarixli alqı-satqı müqaviləsini mübahisələndirir və həmin müqavilənin etibarsızlığını irəli sürür. Əvvəla, həmin əqdin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Bundan əlavə, həmin iddia tələbi ilə bağlı iddia müddəti 9 il əvvəl bitmişdir. İddia müddətinin bitməsi iddianın rədd edilməsi üçün əsasdır. Həmin torpaq sahəsi üzərindəki tikili ilə birlikdə onun tərəfindən sonradan başqa şəxsə satılmışdır. Hazırda həmin torpaq sahəsi və üzərindəki tikili tanımadığı başqa şəxsə məxsusdur. Qeyd olunanları nəzərə alaraq, iddia tələbini qəbul etmədiyini və iddia müddətini tətbiq edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 9 saylı dövlət kontorunun dövlət notariusu R.Z.Sadıqov tərəfindən təsdiq edilmiş 19.03.2010-cu il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin (torpaq sahəsi) surətinə əsasən X10 (etibarnaməyə əsasən X19) özünə məxsus Bakı şəhəri, Səbaıl rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0,06 hektar torpaq sahəsini 24030 manata alıcı X1; Notariat işinə əlavə edilmiş X24 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş 18.03.2010-cu il tarixli ərizənin surətinə əsasən o, arvadı - X7 məxsus Bakı şəhəri, Səbaıl rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0,06 torpaq sahəsinin satılmasına etiraz etmir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi mülkiyyət hüququ kimi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 10619 nömrəli vərəqində 27.06.2008-ci il tarixdə qeydiyyata alınmışdır; Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər sənədləri ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlakla bağlı cavabdeh X4 adından etibarnaməyə əsasən X19 iştirakı etmiş, notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxt X19 arvadına məxsus əmlakın özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Odur ki, iddia əsassızıdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə cavabdeh olaraq Cavabdeh2 mübahisəli torpaq sahəsinin satılmasına dair heç bir razılaşma olmadığına, torpaq sahəsinin adına sənədlədirilməsi məqsədi ilə bağlı etibarnamə verilməsinə, ümumiyyətlə əmlakın 24030 manata satılması ilə pazılaşmamasına, onun və uşaqlarının razılığı olmadan edilən alqı-satqı müqaviləsi bağlanması hallarına istinad etməklə iddia tələbini qəbul etməsinə münasibətdə qeyd edir ki, cavabdehin iddianın etirafı qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etməməlidir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 2-ci hissəsinə görə, ər-arvadın birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 49-cu bəndinə görə, nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyət olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər o zaman təsdiq oluna bilər ki, əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ər-arvadın digərinin harada daimi qeydiyyatda olmasından asılı olmayaraq yazılı razılığı olsun. Göründüyü kimi, müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və qanunvericiliyin yuxarıda qeyd olunan şərtlərinə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Əqdin isə etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Mülki Məcəllənin 347-ci maddəsinə görə isə, şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılma sayılır; vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirdiyi müqavilə üzrə tərəflər tam sərbəst iradəsi ilə hərəkət etmişdir və göstərilən müqavilənin etibarsız sayılması üçün də hər hansı əsas mövcud deyildir. Hətta iddiaçının iddia tələbində müqavilənin etibarsızlığı ilə tələblərinin təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində həmin müqavilənin tərəflərinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət etmişlər və müqavilənin etibarsızlığını şərtləndirən hər hansı hal mövcud deyildir. İddiaçı iddia tələbini əsaslandırdığı halları sübuta yetirə də bilməmiş, sübut kimi təqdim etdiyi dəlillər iddiasının həqiqiliyi qənaətini formalaşdırmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İş üzrə təqdim edilmiş sübutlara əsasən qeyd edir ki, iddia ərizəsində alqı-satqı müqaviləsi bağlanarkən iş üzrə iddiaçı yetkinlik yaşına çatmamış şəxs olmuş (11 yaşı), məhkəmədə iddiaçı kimi çıxış etmək hüququna 2017-ci ildən malik olmuşdur. Bu baxımdan, iddiaçı Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən olunmuş müddəti də ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib, yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X23) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X23) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1369/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1369/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver