Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1371/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Ağaəli qızının cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı Ağaəli qızının, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ağaəli qızının cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a. Tələb: İddiaçı Ağaəli qızının cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Ağaəli qızına dəymiş mənəvi zərərin əvəzi olaraq 40.000 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 25 sentyabr 2023-cü il tarixdə saat 05:40 radələrində "ÇİNAR-TRANS” MMC tərəfindən verilmiş yol vərəqəsi ilə idarə etdiyi "Daewoo BS-090" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı 185 nömrəli marşrut avtobusu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsindən üzü Bakıxanov qəsəbəsi istiqamətində "Yol hərəkəti haqqında" AR Qanununun 64-cü maddəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" AR Qanununun tələblərinə riayət etməməklə, hadisənin qarşısını almağa imkanı olduğu halda bunlara əməl etməyib, həmin qaydaları pozub Bakianov qəsəbəsində yerləşən "Sünbül" şadlıq sarayının yaxınlığında əks hərəkət zolağına çıxaraq, avtobusun qabaq sol hissəsi ilə X10 idarə etdiyi "Opel Astra" markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsindən vurması nəticəsində avtomobilin arxa oturacağında sərnişin qismində əyləşən X15 baş beyinin əzilib dağılması, kəllə tağı və əsası sümüklərinin sümük defekti ilə müşayiət olunan çoxqəlpəli açıq sınıqları, üz skeleti sümüklərinin və İ-İİ boyun fəqərələrinin yerini dyişən qapalı sınıqları, sağ körpücük və döş sümüyünün ikitərəfli qabırğaların yerini dəyişən qapalı-qəlpəli sınıqları vƏ həmin səviyyədə döş plevrasının cırılması, qaraciyərin və dalağın əzilmiş-cırılmış yaraları, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, sağ bazu, sol mil-bilək və sağ diz oynağı sümüklərinin qapalı sınıqları, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə (iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 15 oktyabr 2023-cü il tarixli, 265 nömrəli rəyi ilə müəyyən edilib), zərərçəkmiş şəxslər X10 və iddiaçının anası X12 ölümünə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1731/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, barəsində 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. G.R.Əliyeva xx.xx.2023-cü il tarixdə öldüyündən onun qızı, indiki iş üzrə İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İşin hallarından da göründüyü kimi Cavabdeh2 törətdiyi əməl nəticəsində iddiaçı onun üçün ən doğma olan insanı - anasını itirmişdir. Bu itki onu dərindən sarsıtmış və bir ömür boyu ağır iztiraba düçar etmişdir. "xxxx" MMC "Daewoo BS-090" markalı **- TG-*** dövlət qeydiyyat nişanlı 185 nömrəli marşrut avtobusunu yol vərəqəsi əsasında Cavabdeh2 idarəçiliyinə vermişdir. Cavabdeh2 bu cür yüksək məsuliyyət tələb edən vəzifəni həvalə edə müəssisə onun fəaliyyətinə çox ciddi nəzarət etməli idi ki, bu cür hallar yaranmasın. Lakin, müəssisənin onun fəaliyyətinə nəzarət etməməsi nəticəsində Cavabdeh2 yol hərəkəti qaydalarının tələblərini kobud surətdə pozmuş və bu cür bədbəxt hadisənin yaranmasına səbəb olmuşdur. Hesab edirəm ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehlər ona 40 000 manat pul ödəməlidir. Beləliklə, Cavabdeh2 törətdiyi əməl nəticəsində iddiaçı onun üçün ən doğma olan insanı - anasını itirmişdir və bu faciəvi hadisə onu dərindən sarsıtmış, mənəvi iztirablara düçar etmişdir. Digər tərəfdən, "xxxx" MMC "Daewoo BS-090" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı 185 nömrəli marşrut avtobusunu yol vərəqəsi əsasında Cavabdeh2 idarəçiliyinə vermiş, başqa sözlə sərnişin daşınması fəaliyyətini Cavabdeh2 tapşırmışdır, lakin ona bu cür yüksək vəzifənin icrasını həvalə edən müəssisə onun fəaliyyətinə nəzarət etməmişdir və nəticədə bu cür bədbəxt hadisə baş vermişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 məhkəməyə iddia tələbi ilə bağlı hər hansı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı Ağaəli qızı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X6 izahatında hadisənin baş verdiyi saat 05:40-da Cavabdeh2 iş prosesində olmadığı, onun həmin zaman işlə bağlı fəaliyyətini icra etməyə başlamadığını və iş saatının 06:00-da başladığını əsas gətirərək, iddia tələbini qəbul etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1731/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, barəsində 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 12 sentyabr 2024-cü il tarixdən, saat 09:00-dan hesablanması, Cavabdeh2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməsi və onun dərhal məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisləri X13 və İddiaçı təqsirləndirilən şəxs Cavabdeh2 tərəfindən vurulmuş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, Cavabdeh2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə mülki iddia və maddi sübutun olmadığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-17/19/2-2209/2024 nömrəli məktubdan göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1731/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən Cavabdeh2 tərəfindən hökmün ləğv edilməsi və ailə vəziyyəti nəzərə alınmaqla barəsində daha yüngül cəza növünün təyin edilməsi ilə bağlı apellyasiya şikayəti verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi tərəfindən “Mirzəyev və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-16/2- 120956/2024 nömrəli məktubdan göründüyü kimi, Cavabdeh1 MMC-yə məxsus nəqliyyat vasitələri barədə məlumat verilməsi üçün müvafiq məhkəmə qərarının DİN BDYP-yə təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. - Bakı Nəqliyyat Agentliyi Bakı şəhəri 185 nömrəli şəhərətrafı marşrutunun xx.xx.2021-c il tarixli, P-128 nömrəli pasportundan göründüyü kimi, “8-ci km” bazarı – Kürdəxanı qəsəbəsi adlı, 185 nömrəli şəhərətrafı marşrutun hərəkət rejimi adi, dövr uzunluğu 55,1 km olmaqla, iş saatı 06:00-23:00 aralığındadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-123556/2025 nömrəli məktubuna əsasən, Cavabdeh1 MMC-nin adına qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 75, qeydiyyatdan çıxarılan nəqliyyat vasitələrinin sayı 60, alqı-satqı müqaviləsi əsasında satılan nəqliyyat vasitələrinin sayı isə 24-dür. - Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 000619 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 MMC tərəfindən “LAND ROVER DİSCOVERY” markalı, “10AA583” qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-yə satılmışdır. - Cavabdeh1 MMC ilə X14 arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinə əsasən, Cavabdeh1 MMC tərəfindən ümümillikdə 3 ədəd “Karsan 561 Avtobus” markalı nəqliyyat vasitəsi cəmi 12.000 manat qarşılığında X3. - Cavabdeh1 MMC ilə X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 MMC tərəfindən “TOYOTA FJ- CRUİSER MİNİK” markalı, “10AA556” qeydiyyat nişanlı nəqliyyat vasitəsi 16.000 manat qarşılığında X1. - Cavabdeh1 MMC ilə X14 arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinə əsasən, Cavabdeh1 MMC tərəfindən ümümillikdə 15 ədəd “Karsan Avtobus” və 2 ədəd “X23” markalı nəqliyyat vasitəsi cəmi 89.000 manat qarşılığında X3. - Çinar-Trans” MMC ilə X14 arasında bağlanmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 MMC tərəfindən “X23” markalı, “99JP247” qeydiyyat nişanlı nəqliyyat vasitəsi 20.000 manat qarşılığında X3. - Çinar-Trans” MMC ilə X11 arasında bağlanmış xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 MMC tərəfindən “LAND ROVER RANGE ROVER AUTOBİOGRAPH MİNİK” markalı, “10AA583” qeydiyyat nişanlı nəqliyyat vasitəsi 70.000 manat qarşılığında X2. - Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-123556/2025 nömrəli məktubuna əsasən, Cavabdeh1 MMC-nin adına qeydiyyatda olan və qeydiyyatdan çıxarılan nəqliyyat vasitələri barədə DİN Baş X25 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı və alqı-satqı müqavilələrinin surəti göndərilmiş və sənədlərin surəti əlavə edilməyən digər nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onların müvafiq qaydada məhv edildiyi bildirilmişdir. Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə iclasında işin faktiki hallarından müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, saat 05:40 radələrində "xxxx" MMC tərəfindən verilmiş yol vərəqəsi ilə idarə etdiyi, “Daewoo BS-090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı 185 nömrəli marşrut avtobusu ilə X10 idarə etdiyi sərnişin qismində X12 əyləşdiyi “Opel Astra” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində X17 və X18 vəfat etmişdir. Başlanmış cinayət işi üzrə keçirilən məhkəmə iclasında ifadə verən Cavabdeh2 ona elan olunmuş ittihamda özünü təqsirli hesab etmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, G.Əliyeva xx.xx.2023cü il tarixdə öldüyündən onun qızı İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Hazırda məhkəmədə iddiaçı anasının ölməsi nəticəsində ona dəymiş mənəvi zərərin əvəzinin kompensasiya olunmasını mübahisələndirir. Cavabdeh MMC iddia tələbini qəbul etmir, bildirir ki, digər cavabdeh onun tapşırığının icrası ilə əlaqədar hadisəni törətməmiş, hadisə avtobusun marşrut xəttindən kənarda və qeyri-iş saatlarında baş vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiəedilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, hazırki iddia tələbi nəqliyyat vasitələrinin toqquşması nəticəsində üçüncü şəxsə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1731/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən göründüyü kimi, Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirli olması onun etirafedici ifadəsi ilə yanaşı, cinayət işi üzrə materiallarda olan ekspertiza rəyləri, tərəflərin ifadələri və digər mötəbər sübutlarla müəyyən edilmişdir. Eyni zamanda, həmin cinayət işi materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş 81 saylı yol vərəqəsinin surətindən göründüyü kimi, “Daewoo BS-090” markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı 185 nömrəli marşrut avtobusunun idarə edilməsi xx.xx.2023-cü il tarixədək Bakı və Abşeron ərazisi üzrə Cavabdeh2 həvalə edilmişdir. Bundan əlavə, Cavabdeh2 sözügedən cinayət işi üzrə keçirilən məhkəmə iclasında verdiyi izahatında da 2023-cü ilin avqust ayından Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, 8-ci kilometr bazarı marşrutu üzrə avtobus sürücüsü işlədiyini, ona idarə etmək üçün "xxxx" MMC tərəfindən “Daewoo BS-090” markalı, **-TG-*** qeydiyyat nişanlı avtobusun təhkim edildiyini və avtobusu idarə etmək üçün yol vərəqəsi verildiyini təsdiq etmişdir. Odur ki, sözügedən hadisənin baş verməsində cavabdeh MMC tərəfindən verilmiş yol vərəqəsi əsasında nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə əməlləri nəticəsində iddiaçının anasının ölməsi iş materialları ilə öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçının anasının ölməsində cavabdeh MMC-nin yol vərəqəsi əsasında 185 nömrəli marşrut avtobusunu idarə etməyi həvalə etdiyi Cavabdeh2 təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər məhkəmə hökmü ilə müəyyən edilmişdir. Bununla yanaşı, ötən məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X6 izahatında hadisənin baş verdiyi saat olan 05:40-da Cavabdeh2 iş prosesində olmadığı, onun həmin zaman işlə bağlı fəaliyyətini icra etməyə başlamadığını və iş saatının 06:00-da başladığını əsas gətirərək, iddia tələbinin cavabdeh cəmiyyətə aid hissədə əsassız olduğunu bildirsə də, məhkəmə hesab edir ki, Cavabdeh2 mübahisəli nəqliyyat vasitəsi ilə hadisəni qarajdan marşrut xəttinə, yəni məhz işəgötürənin - Cavabdeh1 MMC-nin tapşırığı ilə, əmək vəzifələrinin icrası zamanı törətdiyindən, bu hal iş prosesindən və ya işəgötürənin tapşırığından kənar hərəkət kimi qiymətləndirilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Plenum Qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə görə, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. İşçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıması halı da buraya daxildir. Odur ki, qeyd olunanlara əsasən, iddiaçı mənəvi zərərin ödənilməsi tələbini cavabdehlərin hər ikisinə qarşı irəli sürməkdə və mənəvi zərərlə bağlı tələb etdiyi pul vəsaitinin onlardan müştərək qaydada tutulmasında haqlı olmuşdur. Məhkəmə bildirir ki, işçinin törətdiyi deliktə görə işəgötürənin məsuliyyəti qanunla nəzərdə tutulmuş təqsirsiz məsuliyyət halıdır, cinayət məsuliyyətinə cəlb edilmə həmin əmələ görə mülki məsuliyyəti ləğv etmir. Cavabdeh2 hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə Mülki Məcəllənin 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Cavabdeh təşkilat tərəfindən Cavabdeh2 mübahisəli nəqliyyat vasitəsini idarə etməyə təhkim olunması işin mübahisəsiz halı olmaqla, onun tərəfindən hadisənin əmək vəzifələrinin icrası zamanı törədilməsi məhkəmə hökmü ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin MMC-nin yol vərəqəsi əsasında sözügedən nəqliyyat vasitəsini idarə etməyi həvalə etdiyi Cavabdeh2 təqsirindən iddiaçının ailə üzvü (anası) ölmüşdür. Şübhəsiz ki, anasının hadisə zamanı ölməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Belə olan halda, cavabdeh MMC-nin, habelə nəqliyyat vasitəsini idarə etməyə təhkim etdiyi şəxsin təqsirli hərəkətləri ilə iddiaçının anasının ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formasında mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Plenum Qərarında həmçinin göstərilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Bu baxımdan, hazırki halda cavabdehlərin təqsiri nəticəsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində vəfat edən G.Əliyevanın iddiaçının doğma anası olması faktı, onun mənəvi ziyana məruz qalması barədə qənaətə gəlməyə kifayət edir. Belə ki, iddiaçının anasını itirməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi danılmaz faktdır. AR Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia tələbi o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Odur ki, məhkəmə, iddiaçının anasının ölməsini, bunun nəticəsində onun keçirdiyi mənəvi iztirab və sarsıntıları, cavabdehlərin maddi imkanlarını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 25.000 manat məbləğində pul vəsaitinin tutulması məqsədəmüvafiqdir. Nəticə: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Ağaəli qızının cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 25.000 manat məbləğində pul vəsaiti İddiaçı Ağaəli qızının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 210 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 25.000 manat məbləğində pul vəsaiti və 210 manat dövlət rüsumu İddiaçı Ağaəli qızının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1371/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1371/2025
22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver