Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1411/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Dövlət Sosial Müdafiə Fondu” X7 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və "xxxx" ASC-nə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Dövlət Sosial Müdafiə Fondu” X9 cəlb edilməklə) qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və "xxxx" ASC-nə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Bakı 18 saylı Mediasiya təşkilatında imzalanmış MŞB/18/2023-00551 nömrəli barışıq sazisinin ləğv edilməsi, ona ödənilməli olan 15407 manat məbləğində əmək haqqının və gecikdirilmiş əmək haqqına görə faiz dərəcəsinin hesablanaraq cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ASC və Cavabdeh2 MMC-də uzun müddət çalışmışdır. İşlədiyi dövr ərzində cavabdehlər tərəfindən 15407 manat məbləğində əmək haqqı məbləği ödənilməmişdir. Həmçinin tərəfindən cavabdehlərə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmiş və ilkin mediasiya sessiyasında iştirak etmişdir. Aralarında Bakı 18 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00551 saylı barışıq sazişi imzalanmış, tərəflər əmək haqqı üzrə borc məbləğinin 15407 manat təşkil etməsinə, cavabdehlər hər ayın 5-dən 30dək ona 2500 manat məbləğində ödəniş etməyi, borc üzrə ödəniş müddətinin 7 ay (may ayının 1-dən 30 dekabr 2023-ci ilədək) müəyyən edilməsinə razılıq vermişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Bu müddət ərzində cavabdehlərin heç biri tərəfindən Barışıq Sazişi üzrə öhdəliklər yerinə yetirilməmiş, hüquqları kobud surətdə pozulmuşdur. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, xx.xx.2023-cü il tarixdə Bakı 18 saylı Mediasiya təşkilatında tərəflər arasında imzalanmış MŞB/18/2023- 00551 nömrəli barışıq sazişinin ləğv edilməsi, ona ödənilməli olan 15407 manat məbləğində əmək haqqının və gecikdirilmiş əmək haqqına görə faiz dərəcəsinin hesablanaraq cavabdehdən tutulması, onun hesablanmış əmək haqqına münasibətdə ödənilməli olan 34290,22 manat məbləğində məcburi dövlət sosial siğorta haqqının cavabdehdən tutularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən “Dövlət Sosial Müdafiə Fondu” X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Dövlət Sosial Müdafiə Fondu” X7 nümayəndəsi X5 bildirdi ki, iddia tələbi məcburi dövlət sosial siğorta haqqının ödənilməsi hissəsində inzibati icraat qaydasında baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00551 saylı barışıq sazişinin surətindən görünür ki, 1) İddiaçı, Cavabdeh2 MMC və "xxxx" ASC razılaşmışlar ki, əmək haqqı üzrə borc 15407 manat təşkil edir; 2) Cavabdeh2 MMC və "xxxx" ASC hər ayın 5-dən 30-dək 2500 manat məbləğində ödəniş etməyi öhdəsinə götürür; 3) Borc üzərində ödəniş müddəti 7 ay (may ayının 1-dən 30 dekabr 2023-cü ilədək) müəyyən edilmişdir. Muğanbankın ödəniş cəvdəlindən görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı əmək haqqı olaraq xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1450 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat və xx.xx.2023-cü il tarixdə 2500 manat olmaqla, cəmi 9950 manat məbləğində vəsaitlər ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh2 MMC-də “direktor” vəzifəsində işləmişdir. Tərəflər arasında əmək haqqının ödənilməməsi ilə bağlı mübahisə yaranmış və mübahisənin məhkəmədən kənar mediasiya təşkilatında barışıq sazişi bağlamaqla həll etmişlər. İddiaçı cavabdeh tərəfin barışıq sazişi üzrə öhdəliyini icra etməməsini iddia edərək, barışıq sazişinin ləğvini, ödənilməmiş əmək haqqının və əmək haqqının ödənilmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş gününə qədər hesablanmaqla dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia tələbi "xxxx" ASC-yə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı və iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının əmək münasibəti "xxxx" ASC ilə deyil, Cavabdeh2 MMC ilə yaranmışdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış barışıq sazişinin ləğv edilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Hazırda cavabdeh saziş üzrə üzərinə düşən öhdəliyi lazımi dərəcədə icra etməməsi səbəbindən iddiaçı saziş bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bu hal tərəflər arasında bağlanmış sazişin vaxtından əvvəl ləğv edilməsinə əsasdır. Belə ki, Mülki Məcəllənin 421.1-maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, iddiaçı iddia ərizəsində 15407 manat məbləğində ödənilməmiş əmək haqqını tələb etsə də, lakin iş materiallarından görünür ki, Cavabdeh2 MMC tərəfindən barışıq sazişi bağlandıqdan sonra əmək haqqı olaraq müxtəlif vaxtlarda ümumilikdə 9950 manat məbləğində pul ödənilmişdir. Odur ki, iddia tələbi həmin hissədə qismən, yəni ödənilməmiş qalan 5457 manat (15407 manat - 9950 manat = 5457 manat) hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Məhkəmə iddia tələbinin “gecikdirilmiş əmək haqqına görə faiz dərəcəsinin hesablanaraq cavabdehdən tutulması” hissəsində qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarına görə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, əmək haqqı ödənilmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla Cavabdeh2 MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “onun hesablanmış əmək haqqına münasibətdə ödənilməli olan 34290,22 manat məbləğində məcburi dövlət sosial siğorta haqqının cavabdehdən tutularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xeyrinə ödənilməsi” hissəsində qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, qeyd edilən sosial sığorta haqqının ödənilməsini tələb etmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının səlahiyyətindədir. İddiaçının tələbi ilə cavabdehlərin üzərinə belə bir öhdəliyin qoyulması yolverilməzdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ödənilməmiş əmək haqqı olaraq 5457 manat və əmək haqqı ödəmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla Cavabdeh2 MMC-dən alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Ödənilməmiş əmək haqqı olaraq 5457 manat məbləğində pul Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə tutulsun. Əmək haqqı ödəmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla Cavabdeh2 MMC-dən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1411/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1411/2024
17.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver