Məhkəmə qərarları › İş №e-2(005)-145/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-145/2024

05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-145/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan 1. Həri üzüyü brilyant qaşlı-9qr,750 əyar 1150 manat, 2. Nişan üzüyü brilyant qaşlı- 12qr, 750 əyar-1500 manat, 3. Bilərzik və boyunbağı-90qr,585 əyar-7200 manat,4.Gəlinlik üzük, sırğa dəsti brilyant qaşlı – 750 əyar-8300 manat, 5. Sırğa, üzük dəsti (banan formalı) (İtalyan qızılı)-14qr, 750əyar -1290 manat, 6. Qızıl bilərzik (40 yaşa hədiyyə)-23qr, 750 əyar 2400 manat, 7. Qızıl bilərzik (35 yaşa hədiyyə)-17qr, 750əyar, 1785 manat, 8. Qədimi Nikolay sikkəsi (qızıl çərçivədə)-23qr-sikkə-1500 manat+çərçivə 1020 manat-2520 manat, 9.Qızıl boyunbağı-17qr, 585 əyar-1360 manat, 10. Qızıl boyunbağı-25qr, 750 əyar-2300 manat, 11. Qızıl boyunbağı, bilərzik ilə (atadan hədiyyə, təbii yantar qaşlı)-56 qr, 750əyar- 5340 manat, 12.Qızıl üzük-10qr, 583əyar-800 manat, 13. Qızıl kulon,sırğa (yarpaq formalı)-21qr, 750əyar-2000 manat, 14.Qızıl (qara minarəli) üzük, sırğa, kulon, bilərzik- 57qr, 585 əyar-4560 manat, 15. Qızıl sancaq (2 ədəd) -1- 8qr, 750əyar 2.- 16qr, 750 əyar- 1680 manat, 16.Göz muncuğu (uşaqların,3 ədəd)-3/4qr,750 əyar-420 manat, 17.Qızıl sırğa (halqa tipli)-13qr, 750 əyar-1235 manat, 18. Qızılı sırğa (yumru sallanmalı dairələr)- 14qr,750 əyar-1400 manat, 19.Qızıl sırğa (Seyran verən)-6 qr, 583əyar-480 manat, 20. Üzük brilyant və zümrüd qaşlı-10qr, 750 əyar-1300 manat, 21.Üzük (yumru,3 dənəli)-11 qr, 585 əyar-880 manat, 22.Briliyant (romb formalı) dost (üzük,sırğa,klon)-35 qr,750 əyar- 8500 manat, 23. Kulon (kəpənək formada)-9.8qr, 750 əyar-1000 manat, 24.Boyunbağı (Ulduzun)-12qr, 750 əyar-1200 manat, 25.Qızıl sırğalar (Ulduzun, 3 ədəd) -1.-5qr, 535 əyar 2. 2 qr,585 əyar 3.4 qr, 585 əyar-920 manat, 26. Bilərzik (Ulduzun)-7.3qr, 750əyar- 660 manat, 27.Üzük (sirkon qaşlı) və bilərzik (toy günü hədiyyə olunmuş) - 4qr, 585 əyar,- 10qr, 585 əyar-1120 manat, 28.Qızıl boyunbağı (ata evi)-18qr, 585 əyar-1440 manat, 29. Tros bilərzik (ata evi)-4.8qr, 585 əyar-390 manat, 30. Qızıl boyunbağı (toy hədiyyəsi, tros)- 6qr, 585 əyar-480 manat, 31. Təbii mirvari boyunbağı-130 manat, cehiz və ata evindən hədiyyə əşyalar 1.Çilçıraq - 16 şamdanlı (Çexiya istehsalı) -3200 manat, 2. Çilçıraq - 8 şamdanlı(Çexiya istehsalı) -1700 manat, 3. Xalça 50x70 pufik üçün əl ilə toxunmuş 200 manat, 4. Pufik - 1 ədəd (Türkiyə istehsalı) -150 manat, 5. Qədəh (şampan uçun) 12 ədəd (Çexiya istehsalı)-360 manat, 6. Qədəh(böyük) - 12 ədəd (Çexiya istehsalı)-360 manat, 7. Qədəh (balaca) - 12 ədəd (Çexiya istehsalı) - 280 manat, 8. Qədəh(əraq)- 12 ədəd (Çexiya istehsalı) -240 manat, 9. Bakal(xrustal) - 24 ədəd (Çexiya istehsalı)-480 manat,

10. Stəkan (xrustal,çay) - 24 ədəd (Çexiya istehsalı) -480 manat, 11.Stəkan (xrustal.armudu) - 12 ədəd -130 manat, 12. Nəlbəki (böyük) - 24 ədəd (Çexiya istehsalı) - 480 manat, 13. Nəlbəki dəsti (göy) - 24 ədəd (Çexiya istehsalı) - 620 manat, 14.Nəlbəki (armudu stəkan üçün) - 12 ədəd (Çexiya istehsalı) -180 manat, 15. Mürəbbə qabı (xrustal) - 24 ədəd (Çexiya istehsalı) - 370 manat, 16. Mürəbbə qabı (farfor) 24 ədəd (Çexiya istehsalı) - 500 manat, 17. Konfet qabı (xrustal) - 4 ədəd (Çexiya istehsalı)-280 manat, 18. Mürəbbə qabı (xrustal) - 4 ədəd (Çexiya istehsalı)-320 manat, 19.Xrustal səbət formalı meyvə qabı - 2 ədəd böyük (Çexiya istehsalı) - 380 manat, 20. Xrustal qənd qabı - 4 ədəd (Çexiya istehsalı) -240 manat, 21. Ləbləbi qabı - 4 ədəd (Çexiya istehsalı) -300 manat, 22. Şamdan qabı - 2 ədəd (Çexiya istehsalı) - 250 manat, 23. Xrustal kül qabı - 2 ədəd -180 manat, 24. Xrustal salfet qabı - 4 ədəd (Çexiya istehsalı) -280 manat, 25. Xrustal səbət (balaca,böyuk)-4 ədəd (Çexiya istehsalı) - 660 manat, 26. Duz-istiot qabı (xrustal gümüş altlıq) - 4 ədəd (Çexiya istehsalı) - 770 manat, 27. Qızıl suya salınmış qaşıq - 12 ədəd - 480 manat, 28.Çəngəl dəsti gümüş - 12 ədəd - 300 manat, 29. Bıçaq dəsti gümüş - 12 ədəd - 300 manat, 30. Xörək qaşığı dəsti gümüş -12 ədəd - 300 manat, 31. Kofe qaşığı dəsti gümüş - 12 ədəd - 260 manat, 32. Gümüş limon üçün çəngəl 6 ədəd-90 manat, 33. Plov qaşığı (qızıl suya salınmış) - 4 ədəd-100 manat, 34. Mürəbbə qaşığı (qızıl suya salınmış) - 4 ədəd -80 manat, 35. Tort üçün bıçaq və qaşıq - 2 dəst-180 manat, 36. Çəngəl, qaşıq, bıçaq, çay qaşığı (hərəsindən 6 ədəd) - 4 qutu (Korkmaz Türkiyə) - 640 manat, 37. Sini-padnos-(qaşlı, hündür ayaqlı) - 2 ədəd (Korkmaz Türkiyə) -130 manat, 38. Bıçaq, qaşıq, çəngəl və s. - 1 dəst çamadan - 1100 manat, 39.Qızıl suya salınmış duzistiot qabı (quş formalı) - 2 ədəd- 70 manat, 40. 3 mərtəbəli çərəz qabı - 2 ədəd (Çexiya istehsalı) - 100 manat, 41. Xörək servizi (Çexiya)-12 nəfərlik - 1200 manat, 42. Termos çay üçün - 1 ədəd - 55 manat, 43. Çay dəsgahı - 6 nəfərlik (Çexiya istehsalı) - 380 manat, 44. Çay dəsgahı (kobalt) 6 nəfərlik-720 manat, 413. Çay dəsgahı (madonna) - 6 nəfərlik (Almaniya istehsalı) - 350 manat, 46. Kofe servizi - 6 nəfərlik (Çexıya istehsalı)-300 manat,

47. Plov buludu- 1 ədəd, boşqab 6 ədəd (madonna) -270 manat, 48. Tort qabı - 2 ədəd - 180 manat, 49. Kompot qrafin dəsti(xrustal) - 2 dost - 420 manat, 50.Yapon boşqab dəsti (4 cür) 48 ədəd (1973-cü il) -960 manat, 51.Yapon salat qabı (böyük) - 6 ədəd (balaca) - 6 ədəd - 300 manat, 52.Plov buludu (böyük,orta,balaca) - 6 ədəd-80 manat, 53. Kasa (böyük,balaca) - 24 ədəd - 120 manat, 54. Kasa (qədimi) - 2 ədəd - 400 manat, 55. Güldan (qara, dəmir, qızılı işləmə) - 2 ədəd (Hindistan) - 150 manat, 56.Güldan (xrustal) - 2 ədəd-500 manat, 57. Güldan (lepkalı) - 2 ədəd-80 manat, 58.Meyvə üçün vaza - 2 ədəd (Çexiya istehsalı)-600 manat, 59.Konfet qabı (lepkalı) - 2 ədəd-100 manat, 60. Meyvə qabı (lepkalı) - 2 ədəd -100 manat, 61.boşqab dəsti - 12 ədəd (Korkmaz Türkiyə istehsalı) - 260 manat, 62.Yemək dəsti - 12 nəfərlik (Türkiyə istehsalı serviz) -1200 manat, 63. Kompot bakalları (lepkalı) - 12 ədəd - 120 manat, 64.Döşək (2 nəfərlik,yun) - 1 ədəd-220 manat, 65.Döşək (l nəfərlik, yun) - 3 ədəd -360 manat, 66.Yorğan (yun) - 6 ədəd-420 manat, 67. Balış (70x70) - 8 ədəd-400 manat, 68. Süfrə (müxtəlif ölçülü) - 8 ədəd-750 manat, 69. Süfrə (xalçaya bənzər) - 1 ədəd - 135 manat, 70. Dəsmal dəstləri -300 manat, 71. Çarpayı örtüyü (hədiyyə,yeni) - 1 qutu-50 manat, 72. Çarpayı örtükləri- 3 ədəd-360 manat, 73.Yataq dəstləri (yeni) - 3 dəst-500 manat, 74.Ütü - 1 ədəd -220 manat, 75. Ətçəkən maşın (Kenwood) - 1 ədəd -190 manat, 76. Tozsoran (Samsung) - 1 ədəd - 320 manat,

77. Blendr(Braun) - 1 ədəd - 60 manat, 78. Mixer - 1 ədəd - 90 manat, 79. Toster (Kenwood) - 1 ədəd 110 manat, 80. Tikiş maşını (Zinger) - 1 ədəd-325 manat, 81. Elektrik çaydanı - 1 ədəd - 65 manat, 82. Elektrik samovar - l ədəd (Rusiya) - 100 manat, 83. Elektrik aş qazan - 1 ədəd (Türkiyə) -110 manat, 84. Qazan 4-lü - 1 dost - 140 manat, 85. Tava 3-lü -1 dəst-110 manat, 86. Çaydan (Korkmaz) - 1 ədəd-65 manat, 87. Dəm çaydanı - 3 ədəd - 45 manat, 88. Stolüstü bıçaq dəsti 6 -lı (Almaniya istehsalı) - 155 manat, 89. Ədviyyat qabları - 50 manat, 90. Çay dəsgahı - 1 dəst - 170 manat, 91. Mücrü - 1 ədəd - 120 manat, 92. Ümumi mətbəx əşyaları - 300 manat, 93. Əl işi Monaliza-çərçivədə şəkil olmaqla qızıl-zinət, cehiz və iddiaçıya hədiyyə olunmuş əşyaların Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh Məhəmməd oğlu tərəfindən İddiaçı məxsus olan qızıl-zinət, cehiz və iddiaçıya hədiyyə olunmuş əşyalar sonuncuya qaytarılmamışdır. İddiaçı hesab edir ki, siyahısı iddia ərizəsinə əlavə olunmuş qızıl-zinət, cehiz və iddiaçıya hədiyyə olunmuş əşyalar Cavabdeh məhkəmə qaydasında alınaraq ona qaytarılmalıdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə etiraz ərizəsi təqdim edərək İddiaçı cavabdehə qarşı qızıl-zinət, cehiz və iddiaçıya hədiyyə olunmuş əşyaların verilməsi iddiasının tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 27 oktyabr 2001-ci il tarixində nikaha daxil olmuşdur. Birgə nikahdan 3 övladları doğulub. Böyük oğullarının hazırda 21 yaşı var və onun maliyyə dəstəyi ilə Türkiyə Respublikasında təhsil alır. İkinci övladları X3 hazırda 19 yaşı vardır. Kiçik uşaqları X8 22 avqust 2011-ci il tarixdə doğulmuşdur. Nikahlarının ilk vaxtlarında qısa müddət ərzində onun valideynlərinin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi ev 30, 22 saylı, 3 otaqlı mənzilində yaşamışlar, (hazırda da o, iddiaçı və övladları orada qeydiyyatdadırlar). İddiaçının cehiz əşyaları da məhz o vaxt bu mənzilə gətirilib. Sonra iddiaçının valideyinləriylə birgə yaşayış münasibətləri alınmadığı üçün onlar kirayə evə köçmüşlər. 2005-ci ildə ünvan 1 ünvanında 3 otaqlı ev alaraq ora köçmüşlər. Hansı əşyanın 2005-ci ildən bu günə qədər qırıldığı hansının salamat qalmasını o bilir. 2013-cü ildə ünvan 2 ünvanında 4 otaqlı mənzil almışlar və iddiaçının cehiz və digər birgə aldıqları əşyalar köhnə ünvanda qalmışdır. Yeni evə hər şey təzə alınıbdır. İddiaçı yaşadıqları mənzili 01 yanvar 2022-ci il tarixində könüllü olaraq tərk edərək getmişdir. O, gedən zaman qızından və kiçik oğlundan anaları ilə getmək istədiklərini soruşduqda onlar müvəqqəti olaraq gedərək sonra qayıdacaqlarını bildirirdilər. İddiaçı qızıl-zinət əşyalarını da aparmaq istədiyini bildirdikdə o, heç bir etiraz etməyib. Bu zaman balaca oğlu öz otağında idi. Qızı ola bilsin ki, onların danışıqlarını eşidirdi. Çünki artıq anasının getmək istədiyini bilirdi. Beləliklə o, qızıl-zinət əşyalarını götürərək göstərdiyi uşaqlarıyla evdən gediblər. Belə ki, sonrakı vaxtlarda qızı evə tez-tez gələrək özünün, qardaşının və anasının geyim və digər, o cümlədən yorğan döşəklərini onun avtomobiliylə birgə aparırdı. Apardığı əşyaları ya əlində ya da onun istəyi ilə rahat olsun deyə qablaşdırıb ona verirdi. İddiaçı gedən gündən hazırki vaxta kimi o həmin qızıl-zinət əşyalarını mənzildə görməmişdir. Qızı evə tez-tez gəlirdi. Lakin iddiaçının və qızının hər hansı bir qızıl əşyasının evdə qalması barədə ona heç vaxt bildirməmişdir. Halbuki iddiaçı təqdim etdiyi qızıl-zinət əşyalarının Siyahısının 24, 25, 26-cı sırasında göstərilən qızılların qızı Ulduza məxsus olması göstərilir. Bununla əlaqədar əgər qızı da qızıl-zinət əşyalarını aparmayıbsa niyə ona bildirməyib və məhkəmədə iddia qaldırmayıb. Nikahları Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2022-cü il tarixli, e-2(0Q5)-1698/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin iş üzrə o, ilkin iddiaçı olmuşdur və iddiaçı məhkəmədə qarşılıqlı iddia qaldırmışdır. Qarşılıqlı iddia ərizəsində onun tərəfindən yalnız ilkin iddianı qəbul edib və yetkinlik yaşına çatmamış uşaqları X9 üçün aliment tələbi qoyulmuşdur. Bu iddia ərizəsində iddiaçı qızıl-zinət və cehiz əşyalarını tələb etməmişdir. Qətnamədən də görünür ki, bir-birlərinə olan iddianı hər ikisi qeyd şərtsiz qəbul etmişlər. Bundan əlavə əmlak bölgüsü barəsində Bakı 6 saylı Mediasiya Təşkilatında 22 sentyabr 2022-ci il tarixli Barışıq sazişi bağlamışlar. Həmin mediasiyanın aparılması üçün yenə də iddiaçı müraciət etmişdir. Barışıq sazişinə əsasən ümumi mülkiyyətdə olan daşınmaz və daşınar əşyalar bölünmüşdür. Həmin barışıq sazişinə baxsalar, indiyə kimi heç bir qazancı olmayan iddiaçı ilə bütün əmlakları bərabər bölünmüşdür. Həmin müraciətdə mübahisə predmeti əmlak tələbi olmuşdur. Lakin iddiaçı bu mediasiya tətbiqi barədə müraciətində də hazırda tələb etdiyi qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbini qoymamışdır. Avqust 2022-ci il tarixindən o, yenidən nikaha daxil olmuşdur. Nikaha daxil olmamışdan əvvəl Türkiyə Respublikasında təhsil alan oğluyla və qızıyla məsləhətləşmişdir. Çünki onların hər ikisi yetkinlik yaşına çatıblar və özlərinin də ailə qurmaq vaxtlarıdır. Yeni nikaha girmək barədə hərəkətlərini oğlu tam təqdir etmişdir. Lakin qızı onun çox tələsdiyini deyərək nikaha girməsinə etirazını bildirmişdir. O, yeni nikaha girdikdən bir müddət sonra qızı onun telefonunu bloka qoyub hansı ki, iddiaçı ilə 2022-ci ilin əvvəlindən ünsiyyətləri kəsildiyi üçün azyaşlı oğluyla ünsiyyət, onunla görüşləri, aparıb gəzdirməkləri üçün qızıyla telelonla əlaqə saxlayırdı. Artıq bundan da məhrum olmuşdur. Uşağını da görə bilmir. Bunların ardınca da iddaçı gedərkən özü ilə apardığı qızıl-zinət və 22 il bundan əvvəl gətirdiyi məişətdə işlənən cehiz əşyalarını tələb etməyə başlamışdır. Bakı 6 saylı Mediasiya Təşkilatında mənzillərin bölgüsü ilə əlaqədar bağladıqları barışıq müqaviləsinə əsasən iddiaçı onların əvvəlki ünvan 1 ünvanındakı mənzili götürübdür. Onun cehizləri də o vaxt, yəni 2005-ci ildə valideyinlərinin mənzilindən həmin mənzilə gətirilib. Onda qalan mənzilə həmin cehizdən heç nə gətirilməyibdir. İddiaçı məhkəməyə üzərində qızıl-zinət əşyaları olan müxtəlif şəkillər təqdim etməklə həmin qızılların sahibi olmasını təsdiq edir. Bu da əsassızdır. Çünki o, o qızılların çoxunu tanımır. Belə ki, bəzən o toya və digər şadlıq tədbirlərinə gedərkən qohumlarının da qızıllarını üzərinə taxırdı. Buna görə də həmin qızılların hamısının ona məxsus olması demək deyildir. Digər bir halda həmin şəkillərin təqdim edilməsi qızılların onda qalması demək deyildir. Əgər həqiqətən də iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarını aparmayıbsa nə üçün məhkəmədə qarşılıqlı iddia qaldırarkən və birgə əmlaklarını bölərkən onları tələb etməmişdir. Halbuki, məhkəmə praktikasında da ən çox yayılmış hal iddiaçının birinci ona məxsus olan əşyaları, nəinki birgə əmlakın bölünməsini tələb edir. Əgər birgə əmlakı uzun müddət bir vaxt aparan məhkəmə prosesləri ilə yox, bir günlük keçirilən mediasiya ilə bütün qazandığı daşınmaz və daşınar əmlakı heç bir qazancı olmayan iddiaçı ilə bölməyə razı olursa nə üçün ona məxsus qızılzinət əşyalarını ona verməyə razı olmamışdır. İddiaçı iddia ərizəsində göstərdiyi əmlakların tələb edilməsi üçün ən azı iki şərtə əməl etməlidir: Birincisi, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların ona məxsus olmasını (hansılarının cehiz, hansılarının ata evindən hədiyyələr kimi ona verilməsini) və siyahıda və şəkildə göstərilən zinət əşyalarının ona məxsus olmasını; İkincisi, həmin əşyaların onda qalmasını sübut etməlidir. Siyahının 78-ci sırasında göstərilən Zinger tikiş maşını 2014-cü il tarixdə tərəfindən alınıb. Belə olan halda hansı əsasla o cehiz əşyaları sırasına aid edilir. Bununla yanaşı iddiaçının və qızının öz qızıl-zinət əşyalarını götürmək imkanı olduğu halda bunu etməmələri heç bir məntiqlə inandırıcı görünmür. Hazırki halda, iddiaçının və qızının mübahisəli qızıl-zinət əşyalarını özü ilə aparmadığını və həmin əşyaların onda qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Özgəsinin sahibliyindən əmlak geri tələb edilərkən əmlakın həmin şəxsdə olması sübuta yetirilməlidir. Bu hal isə iddia ərizəsində sübuta yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 qızılların, cehiz əşyalarının cavabdehdə olduğunu, bunun şahid ifadələri və ekspert rəyi ilə təsdiq olunduğunu bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, keçmiş həyat yoldaşı ilə mübahisə etdikdən sonra o, evdən gedən zaman uşaqları da özü ilə aparacağını dedi. Sonra özlərinə aid əşyaların bir qismini yığdılar. Əşyaları yığan zaman keçmiş həyat yoldaşı qızılları da aparmaq istədiyini bildirdi və gedib qızılları götürdü. Qızıllar seyfdə olurdu. Seyfin açarı yox idi, parolla işləyirdi və şifrəni hər ikisi bilirdi. Nə yığdıqlarına baxmadı, lakin qapıdan çıxarkən maşının və evin açarını cavabdehdən aldı. Ondan sonra taksi ilə çıxıb getdilər. O, tək qızılların deyil, eləcə də mənzil və bağ evinin də onda qalmasına razı olmuşdur. Bununla bağlı barışıq sazişi bağlamışlar. Siyahıda 31 qızıl olduğu göstərilib. Lakin o, bu qədər qızıl olduğunu düşünmür. O, dəqiqliklə bilmir hansı qızıllar var idi. O qızılların içərisində onun anası üçün hədiyyə aldığı qızıl sırğalar da var idi. Yəni o qızılı da aparıb. O qızıllar onun üçün önəmli deyil. Qızı evə arada gəlirdi. Lakin iddiaçının və qızının hər hansı bir qızıl əşyasının evdə qalması barədə ona heç vaxt bildirməmişdir. Bu olanlardan sonra qızı əşyalarını yığmaq üçün evə gəlmişdi. Daha sonra isə övladlarının və keçmiş həyat yoldaşının bütün paltarlarını qutulara yığıb, hətta qızıl olmayan bijuteriyalar da qalmışdı, onları da qutuya qoyaraq, bütün əşyaları maşınla göndərmişdir. Əşyaları göndərəndə övladları Ulduz və Elmir də onunla birlikdəydilər. Övladları ilə birlikdə qutuları Həzi Aslanovdakı evə qaldırmışdır. Onlar ailə həyatı quranda 2001-ci ildə Montində olan evə köçmüşlər. Həmin ev valideynlərinə məxsusdur. O evə keçmiş həyat yoldaşı yataq mebeli, cehiz əşyalar gətirmişdi. Hazırda o mebel Həzi Aslanovdakı evdədir və həmin evi keçmiş həyat yoldaşına vermişdir. Həmin mebeli 2005-ci ildə Həzi Aslanovdakı evə köçəndə aparmışlar. Yataq mebelindən başqa qonaq dəsti də var idi. Həzi Aslanova köçəndə Elvida xanımın cehiz olaraq gətirdiyi bütün əşyaları o evə aparmışdılar. Daha sonra Xətaidə 2013-cü ildə yeni ev alanda həmin cehiz əşyalarının hamısı Həzi Aslanovdakı evdə qaldı. Çünki o əşyaların yeni evə aparılmasını istəmədi. Buna səbəb isə keçmiş həyat yoldaşının “valideynləri əziyyət çəkib cehiz alıblar” ifadəsini tez-tez deməsi idi. Bunun kimi danışıqlar çox olurdu, ona görə də o, qətiyyən həmin əşyaların yeni evə aparılmasını istəmirdi. Həmin əşyalar da hazırda Həzi Aslanovdakı evdədir. Elvida xanıma və övladlarına məxsus olan bütün əşyaları qutulara yığıb göndərmişdir. Hətta evdə Elvida xanıma aid olan meyvə qabı görmüşdü və həmin qabı da qutuya qoyub göndərmişdir. Ehtiyac varsa, binanın kamerasına baxıla bilər. Hal-hazırda Həzi Aslanovdakı ev Elvida xanımdadır və ev də onun adınadır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, onların münasibətləri həmişə gərgin olmuşdur. Cavabdeh hər zaman ona psixoloji təzyiqlər etmişdir. O, bütün bunlara ailəsini qorumaq üçün dözürdü. Sonuncu dəfə onun atasının vəziyyəti pisləşdiyi zaman o xəstəxanada onun yanında qalmaq istədiyini cavabdehə bildirdikdə, ona həddindən artıq qəzəblənərək, atasının yanına getməsinə icazə vermədiyini bildirdi. O da atasının vəziyyətinin pis olduğunu, bəlkə də onun son günləri olduğunu bildirərək, atasının yanına getmək istədiyini bildirdi. Bu zaman cavabdeh ona gedəcəyi təqdirdə bir daha evə geri dönə bilməyəcəyini bildirdi. O həmişə belə davrandığı üçün o hesab edib ki, hazırda əsəbidir və belə bir şey etməyəcəkdir. O, atasının yanında qaldıqdan sonra evə qayıtdığı zaman ona təhqiredici ifadələrdən istifadə edərək, onu qovmasına baxmayaraq, yenə evi tərk etməmişdir və bildirmişdir ki, qarşıdan yeni il bayramı gəlir və uşaqların bayramı pis keçməsin. Onlar ailə kimi birlikdə bayramı keçirdikdən sonra gedəcəyini bildirib. Onlar yeni il bayramını keçirdikdən sonra o onunla mübahisə etməyə başladı. Onu təhqir etdi və bildirdi ki, onu evdən qovur. Bundan sonra o, uşaqları və onların gündəlik əşyalarını götürərək, evi tərk edib. Hadisələr elə bir şəkildə baş verdi ki, o, hətta uşaqlara məxsus geyim əşyalarını düzgün şəkildə özüylə götürə bilməyib. Uşaqların dərsliklərinin bəziləri belə evdə qalmışdır. Onun tələb etdiyi əşyaları özü ilə gətirməsi mümkün deyildir. Evdən çıxanda maşının və evin açarlarını cavabdeh onlardan aldı. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 667 nömrə ilə qeyd edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1698/2022 saylı qətnaməsindən görünür ki, Yaqubova (Verdiyevə) Elvida Xudaverdi qızı ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixdə bağlanmış, 667 nömrə ilə Bakı şəhəri Nərimanov rayon VVADQŞ tərəfindən qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir; - xx.xx.2022-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, tərəflər birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi və digər məsələlər barədə razılığa gəlmişlər; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8433 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri 67693 manat müəyyən edilmişdir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini, sayını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza xərci 50 manat təşkil edir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, o, tərəflərin qızıdır. Hər şey babasının xəstələnməsi və anasının babasıgilə getməsi ilə başladı. Sonra babasının vəziyyəti ağırlaşdı və anası babasıgildə qalası oldu. 31 dekabr anası bayram yeməyi təşkil etdi. Birlikdə yığışıb bayram keçirdikdən sonra yanvar ayının 1-də anası ilə atası arasında mübahisə başladı. O, hadisəyə müdaxilə etməli oldu. Ondan sonra otaqdan paltarlarını çamadana qoydu və anası da 1-2 paltarını götürdü. Evdən çıxmaq istəyəndə atası ona anası ilə gedəcəyini və ya evdə qalacağını soruşdu. O isə anası ilə gedəcəyini bildirdi və ondan sonra qardaşı da onlarla gedəcəyini söylədi. Bundan sonra atası daha da hiddətləndi və evdən çıxanda evin və avtomobilin açarlarını onlardan aldı. Nəhayət anası, qardaşı və o, axşam üstü evdən çıxıb taksi ilə xalasıgilə gəldilər. Daha sonra 15 aprel atasını yığıb, evə gəlib paltarlarını götürəcəyini söylədi. Atası da nə vaxt istəsə gəlib götürə biləcəyini bildirdi. O, evə gedib paltarlarını götürdü və çıxanda atasından qızılları nə vaxt verəcəyini soruşdu. Atası da bildirdi ki, o, anasının qızıllarını verib. O isə elə bir şey olmadığını söylədi. Evdən çıxanda götürdüklərindən 1 çamadan, 2 bel sumkası və 2 ədəd sellofan olub. Qızılların sayını dəqiq bilmir. Onun 1 kəpənək boyunbağı, 1 sırğa və 1 ədə fil klonu olub. Qızıllar seyfdə olurdu. Seyf də valideynlərinin otağında olurdu. Evdən gedəndən sonra cəmi evə 1 dəfə gedib. 1 dəfə də atası özü 2 karobka əşya göndərmişdi. Onun da içində qızıllar yox idi. Məhkəmə iclasında iştirak edən şahid X1 bildirmişdir ki, o, iddiaçının bibisidir. O, iddiaçıya cehizlərin verilməsinin şahidi olmuşdur. İddiaçı evləndiyi zaman ona qızıllar alınmışdır. Eyni zamanda uşaqlar doğulduğu zaman, onların ad günlərində həm qız tərəf, həm də oğlan tərəf hədiyyə olaraq, qızıl zinət əşyaları almışdırlar. İddiaçı ilə cavabdeh arasında mübahisə olduğunu və cavabdehin onları evdən qovduğunu eşitmişdir. Bundan başqa onların evdən özləri ilə heç nə gətirə bilmədiklərini də eşitmişdir. Cavabdeh evin açarını da onlardan alıb, sonradan onların evə gedib, hər hansı əşyaları özləri ilə gətirmələri mümkün deyildir. Bütün əşyalar evdə qalmışdır. O, mübahisənin olduğu zaman orada olmamışdır. Sadəcə aralarında mübahisə olduğunu eşitmişdir. Uşaqlar doğulduqdan sonra iddiaçının qayınatası ona qızıllar hədiyyə etmişdir. İddiaçının həm oğlu, həm də qızı doğulan zaman ona qızıllar hədiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirmişdir ki, o, iddiaçının əmisinin arvadıdır. İddiaçı gəlin köçdüyü zaman onun evinin bəzədilməsində o da iştirak etmişdir. İddiaçı tərəfindən ev üçün lazım olan bütün cehiz əşyalarının aparıldığının şahidi olmuşdur. İddiaçı ilə cavabdeh arasında mübahisə olduğunu eşitmişdir. Cavabdeh onları evdən qovmuşdur. Hətta onları evdən qovarkən, açarlarını da əllərindən almışdır. O, iddiaçı ilə cavabdehin arasında olan mübahisənin səbəbini bilmir. Onlar mübahisə edən zaman evdə uşaqları Elmir və Ulduz olmuşdur. Cavabdehin onları evdən qovduğunu görməmişdir, sadəcə olaraq onların evdən qovulduğunu eşitmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 bildirmişdir ki, o, iddiaçının xalasıdır. İddiaçının atası komaya düşmüşdü və 27 gün xəstəxanada yatmışdır. Yanvar ayının 1-i axşam saatlarında Elvida ona zəng edərək, evin qarşısında olduğunu və onların qarşısına çıxmağını bildirdi. O da onları qarşılamağa getdiyi zaman üzlərinin ağlamaqdan şişdiyini görüb, lakin bu barədə onlara heç bir sual verməyib. Onları götürərək, öz evinə gətirib. Elvida onun evinə taksi ilə gəlmişdir. Onlar gəldikləri zaman əllərində yüngül sumkalar və qara çamadan var idi. Həmin sumkalarda məktəb ləvazimatları, kitablar, məktəb geyimləri və gündəlik geyimlər var idi. Əşyalardan müəyyən edilirdi ki, onlar təsadüfi və təcili şəkildə yığılmışdır. Həmin əşyaların içərisində qızıl-zinət əşyaları olmamışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2001-ci il tarixində rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 3 övladları vardır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. xx.xx.2022-ci il tarixdə tərəflər mediasiya prosesində barışıq sazişi bağlayaraq, birgə nikah dövründə əldə edilmiş əmlakları bölmüşlər. Hazırda iddiaçı nikah pozulduqdan sonra ona məxsus olan qızıl-zinət və cehiz əşyalarının ona qaytarılmadığını əsas gətirərək, həmin əşyaların və ya onların dəyərinin məhkəmə qaydasında cavabdehdən alınmasını xahiş edir. Cavabdeh isə iddia ərizəsində göstərilən əşyaların onda olmadığını bildirərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir Qeyd olunmalıdır ki, qızıl-zinət əşyalarının cavabdehdən alınması tələbinin maddihüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb edilməsi üçün üç şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən bu halların mübahisələndirilməməsi, belə iddiaların təmin olunması üçün əsas ola bilər. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həmin əşyaların mövcudluğunu, mövcudluğu sübuta yetirildiyi halda isə həqiqətən də birgə yaşadıqları evi, mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Hazırki işin hallarından göründüyü kimi, iddiaçı qızılların vaxtilə onun istifadəsində olduğunu göstərən fotoşəkillər təqdim etmişdir. Eyni zamanda həmin əşyaların siyahısı məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən əşyaların dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilmiş və zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri 67693 manat müəyyən edilmişdir. Əşyalar məhkəməyə və ekspertizaya təqdim edilmədiyindən onların dəyərinin yalnız nəzəri müəyyənləşdirilməsi mümkün olmuşdur. Lakin qeyd olunmalıdır ki, iddia ərizəsinə əlavədə 31 adda qızıl-zinət əşyları sadalansa da, onların hamısının fotoşəkilləri, mövcudluğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə sadalanan əşyaların siyahısının şişirdildiyini, mövcud olan qızılları isə iddiaçının özü ilə apardığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, “iddiaçı 01 yanvar 2022-ci il tarixində evi tərk edərək qızıl-zinət əşyalarını da aparmaq istədiyini bildirdikdə o, heç bir etiraz etməyib. Sonrakı vaxtlarda qızı evə gələrək özünün, qardaşının və anasının geyim və digər əşyalarını, o cümlədən yorğan döşəklərini onun avtomobiliylə birgə aparırdı. Apardığı əşyaları ya əlində ya da onun istəyi ilə rahat olsun deyə qablaşdırıb ona verirdi. İddiaçı gedən gündən hazırki vaxta kimi o həmin qızıl-zinət əşyalarını mənzildə görməmişdir. Qızı evə arada gəlirdi, lakin iddiaçının və qızının hər hansı bir qızıl əşyasının evdə qalması barədə ona heç vaxt bildirməmişdir”. İddiaçı isə qızılları seyfdə saxladığını, seyfin şifrəsini bildiyini, lakin mənzili tərk edərkən heç bir qızıl-zinət əşyası götürmədiyini, hətta avtomobilinin açarını da cavabdehin ondan aldığını bildirmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı evi mübahisə zəminində tərk etmişdir. Gedərkən uşaqlar da onunla birlikdə evdən çıxmış və bir qisim əşyalarını özü ilə götürmüşlər. Maşının açarını cavabdehin ondan alması işin mübahisələndirilməyən halıdır. Qızıl-zinət əşyalarını götürməsi ilə bağlı isə hər iki tərəf fərqli mövqe nümayiş etdirir. Məhkəmə hər iki tərəfin izahatında səmimi ifadələr olmadığını nəzərə alır. Lakin bununla yanaşı qeyd edir ki, hazırki işdə bilavasitə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, göstərilən dəyərdə olduğunu, əşyaların əvvəllər onun mülkiyyətində olduğunu, hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Belə ki, iddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinət əşyalarından məhrum olmuş və həmin əşyalar hal-hazırda məhz cavabdehin faktiki sahibliyindədir. Yalnız bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (cavabdehin əşyalara sahiblik etməməsi üzrə) cavabdehə keçir. Hazırki işdə isə qeyd olunduğu kimi, əşyaların hamısının mövcudluğu, onların həqiqətən qızıl olub-olmaması, iddia ərizəsində göstərilən qramda, əyarda olması, hətta onların mövcudluğu qəbul edilsə belə həqiqətən cavabdehdə qalması mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, cavabdeh iddia ərizəsinə əlavədə göstərilən qızılların hamısının mövcudluğunu qəbul etmir, iddiaçının bəzən bijuteriyalardan, bəzən isə qohumlarına məxsus qızıllardan istifadə etdiyini bildirir. Bu zaman məhkəmə xüsusilə nəzərə alır ki, tərəflər arasında nikah pozulduqdan sonra mediasiya sessiyasında barışıq sazişi bağlanmış və tərəflər daşınar və daşınmaz əmlakların bölünməsi, onların dəyərinin ödənilməsi ilə bağlı öz aralarında razılığa gəlmişlər. Altmış min manata yaxın dəyərdə olan qızıl-zinət əşyalarının cavabdehdə qalmasına baxmayaraq, barışıq sazişində həmin əşyalarla bağlı hər hansı müddəanın nəzərdə tutulmaması əşyaların cavabdehdə qaldığına əsaslı şübhə yaradır. Halbuki həmin barışıq sazişində hətta 11000 manat dəyərində olan avtomobilin bölünməsi və onun dəyərinin yarısı olan 5500 manatın iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Buna baxmayaraq, tərəflərin izahatından aydın olur ki, xarici ölkədə təhsil alan uşağın təhsil haqqının ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə yarandıqdan sonra müvafiq iddia tələbi irəli sürülmüşdür. Həmçinin məhkəmə nəzərə alır ki, iddiaçı evi kəskin münaqişə şəraitində tərk etməmiş, yəni özünəməxsus müəyyən əşyaları götürmək imkanına malik olmuşdur. Göstərilənlər baxımından məhkəmə qızılların cavabdehdə qalmasını inandırıcı hesab etmir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1 və 88-ci maddələri). Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki halda, qızıl-zinət əşyalarının mövcudluğunu, onları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Hazırki iş üzrə iddiaçının öz iddia tələbini təsdiq etmək üçün məhkəmə iclasına dəvət etdiyi şahid ifadələri ilə bağlı isə məhkəmə qeyd edir ki, şahidlər tərəflərlə yaxın qohumluq münasibətlərində olduğundan, hadisənin bilavasitə şahidi olmadıqlarından onların ifadələri təkzibolunmazlıqla bağlı tələblərə cavab verən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin qızıl-zinət əşyalarının qiymətləndirilməsi məqsədilə məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi də mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, ekspert rəyində fotoşəkli mövcud olmayan qızıl-zinət əşyaları da qiymətləndirilmiş, qiymətləndirmə isə yalnız iddiaçının təqdim etdiyi məlumatlar (əyar, çəki və s.) əsasında aparılmışdır. Mülki Prosessual Məcəllənin 389-cu maddəsinin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qeyd olunmalıdır ki, sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Bu baxımdan sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qızıl-zinət əşyalarının qaytarılması tələbinin təmin edilməsi üçün isə hazırki işdə müvafiq tələblərə cavab verən mötəbər sübutlar mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qızıl-zinət əşyalarının mövcudluğunu və onların hazırda cavabdehin qanunsuz sahibliyində qalmasını sübuta yetirə bilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. İddia tələbinin cehiz əşyalarının qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər 2001-ci ildə nikaha girmiş və həmin ildə iddiaçı cehiz əşyalarını cavabdehlərin valideynləri ilə birgə yaşadıqları evə gətirmişdir. 2005-ci ildə Xətai rayonu, Xudu Məmmədov küçəsində aldıqları evə köçmüşlər və cehiz əşyalarını həmin evə aparmışlar. 2013-cü ildə isə yeni ev alaraq, həmin evə köçmüşlər. Göstərilənlər işin mübahisələndirilməyən halıdır. Cavabdehin bildirdiyinə görə, yeni evə hər hansı bir köhnə əşya aparılmamış, bütün əşyalar yeni alınmışdır, köhnə əşyalar isə hazırda barışıq sazişi ilə iddiaçıya verdiyi mənzildə qalmışdır. Tərəflərin izahatından göründüyü kimi, iddiaçı uşaqları ilə birlikdə nikah pozulduqdan sonra Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən mənzilə yaşamağa köçmüşlər. İddiaçı isə məhkəməyə verdiyi izahatında həmin mənzildə müəyyən əşyalar olsa da hər şeyin köhnə olduğunu, cehiz əşyalarının yeni köçdükləri mənzildə olduğunu bildirmişdir. Məhkəmə nikahın bağlanmasından uzun müddət (23 il) keçdiyini, həmin əşyaların uzun müddət istifadə edildiyini, tərəflərin evləndikdən sonra 3-4 mənzil dəyişdiklərini, məhkəmə tərəfindən iddiaçıya dəfələrlə təklif edilməsinə baxmayaraq, cehiz əşyalarının siyahıya alınması ilə bağlı müvəqqəti təminat tədbiri ilə müraciət etmək istəməmələrini, cehiz əşyaları ilə bağlı cavabdehin izahatlarının daha səmimi olduğunu nəzərə alaraq, iddianı həmin hissədə də əsaslı hesab etmir. Məhkəmə xüsusilə qeyd edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hazırki işdə isə iddianın təmin edilməsi üçün sadalanan sübutlar mövcud deyildir. Beləliklə, iddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, cavabdeh tərəf isə iddianı etiraf və ya qəbul etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş səs yazıları ilə bağlı məhkəmə qeyd edir ki, həmin səs yazılarında iddia tələbini təsdiq edəcək hər hansı ifadələr aşkar olunmamışdır. Eyni zamanda həmin səs yazıları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli Qərarında telefon danışıqları və yazışmalardan sübut kimi istifadə edilməsi ilə bağlı ifadə edilmiş hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi səs yazısının tərəfin şəxsiyyəti ilə bağlı olan dəyərləri ilə əlaqədar olduğu hallarda onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyini müəyyən edir. Həmçinin başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi yolveriləndir. Hazırki iş üzrə isə təqdim edilmiş səs yazısından göründüyü kimi, cavabdeh qarşı tərəfə “qardaş” deyə müraciət edir, iddiaçının vəkili isə həmin danışıqların dəqiq olaraq kiminlə aparılması barədə məlumatı olmadığını bildirmişdir. Bu baxımdan birbaşa tərəflər arasında aparılmayan danışıqların sübut kimi istifadə edilməsi mülki prosessual qanunvericiliyin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə ziddiyyət təşkil edir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə ekspertizasının dəyəri olan 50 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X2, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar