Məhkəmə qərarları › İş №e-2(005)-1493/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1493/2025

27.05.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1493/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı (X16, X9 və X11 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qimində cəlb edilməklə) “qərarın ləğvi, müqavilənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin ləğvi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı (X16, X9 və X11 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qimində cəlb edilməklə) “qərarın ləğvi, müqavilənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: 13 dekabr 2003-cü il tarixli, 215655 saylı müqaviləyə əsasən, İddiaçı ilə X11 arasında bağlanmış və müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 69,0 kv.m. olan 5 otaqdan ibarət mənzili X2 və sonuncudan daşınmaz əmlaka görə ********* manat almışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, korpus 7-də istifadədə olan 0,02883 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 2 mərtəbəli binada 248,5 kv.m. ümumi, 147,1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 7 və 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrindən 347 nömrəli reyestr kitabında 32416 vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarili, e-2(001)- 3015/2024 saylı Qətnaməsi ilə iddiaçı X4 cavabdeh X8 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı şəhəri 21 saylı Notariat Ofisinin “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsihaqqında” 09 dekabr 2024-cü il Qərarında əsasən, mülkiyyətçi İddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən 69m2 yaşayış sahəli, 5 otaqlı yaşayış sahəsinin X1 dair 13 dekabr 2003-cü il tarixində Bükı şəhəri 21 saylı Notariat kontorunda təsdiqlənmiş müqavilənin təsdiqlənməsindən imtina edilmiş və İddiaçı və R.Behrudiyə notariat hərəkətlərinin aparılmasından imtina edilməsindən maqraqlı şəxsin xüsusi notariusun yerləşdiyi yerin məhkəməsinə şikayət vermə hüququnun olması izah edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-5269/2025 aylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 21 saylı Notariat Ofisinin “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 1842 nömrəli Qərarının ləğv edilməsini, xx.xx.2003-cü il tarixli, 4Ə-370 reyestr nömrəli müqavilənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddiaçının çəkdiyi məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənillməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 3 ünvanda yerləşən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əmlakın alqı-satqısına dair X11 ilə onun arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 4Ə-370 reyestr nömrəli Müqavilənin ləğv edilməsi barədə Bakı şəhəri, 21 saylı notariat ofisinə 2024- cü ilin aprel ayında şifahi qaydada müraciət etmişdir. İddiaçı həmin müraciətində bildirdi ki, müqavilədə alıcının ona, guya, o vaxtın məzənnəsi ilə 246 000 000 manat ödədiyi göstərilsə də, müqavilə bağlandıqdan qısa müddət sonra alıcı həmin mənzilləri almaqdan vaz keçdiyinə görə, faktik olaraq pul ödənməyib və alıcıya hansısa pul məbləği qaytarılmalı deyil. Bu halı alıcının nümayəndəsi də şifahi olaraq cavabdehə bildirdi. Cavabdeh ( xüsusi notarius X19) özünün, xx.xx.2024-cü il tarixli, 504 nömrəli “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” Qərarı ilə iddiaçının müraciətini rədd etmişdir. Həmin Qərar belə əsaslandırıldı : “İddiaçı müqavilə xitam verilərkən alıcının ona ödədiyi satış qiymətini notariusun depozit hesabı vasitəsi ilə qaytarmaq niyyətinin olmadığını bildirmişdir. Qanunvericiliyin tələblərinə görə isə həmin pul məbləği notariusun depozit hesabı hesabı vasitəsi ilə qaytarılmalıdır. Göstərilənlərə əsasən alqı-satqı müqaviləsinin ləğv edilməsi qanuna ziddir və bununla bağlı notariat hərəkətlərinin edilməsindən imtina edilməlidir.” Cavabdeh bu Qərarını qəbul edərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü və 40-cı maddələrinə istinad etmişdir. Cavabdeh Qanunun bu hissəsinə istinad etməkdə haqlı olmadığını, çünki bu hissə həmin qanuna 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Qanunla əlavə edilib və iddiaçının vəziyyətini ağırlaşdırdığına görə, qarşılıqlı razılığa gələn tərəflərin münasibətlərinə şamil edilə bilməyəcəyini qeyd edib. Azərbaycan Respublikası Konstiyusiyasının 149-cu maddəsinin Vİİ.-ci hissəsinə əsasən, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.” Buna baxmayaraq, iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli, 504 nömrəli həmin qərarından şikayət verməmiş və cavabdehin ona verdiyi şifahi məsləhət əsasında, xx.xx.2003-cü il tarixli, 4Ə-370 reyestr nömrəli Müqavilənin etibarsız elan edilməsi barədə Binəqədi rayon məhkəməsində iddia qaldırmışdır. Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-3015/2024 saylı Qətnaməsi ilə həmin iddia rədd edilmiş və xx.xx.2003-cü il tarixli, 4Ə-370 reyestr nömrəli Müqavilədə göstərilən pul məbləğinin ödənildiyi göstərildiyinə görə, bu müqavilə etibarsız hesab edilə bilməyəcəyi kimi qətnamədə əsaslandırılmışdır. Məhz Binəqədi rayon məhkəməsinin həmin qətnaməsindən sonra, İddiaçı və xx.xx.2003-cü il tarixli, 4Ə- 370 reyestr nömrəli Müqavilə üzrə alıcı X11 birlikdə, yenidən, 09.12. 2024-cü il tarixli ərizə ilə, müqavilənin ləğv edilməsi xahişi ilə cavabdehə müraciət etmişdilər. Həmin müraciətdə iddiaçı və alıcı R.H. Behrudi göstərdilər ki: Mülki Məcəllənin 421-424-cü maddələrinin məzmunu və mahiyyəti tərəflərə aydındır. Həmin alqı-satqı müqaviləsi bağlandığı andan alıcı həmin mənzillərə faktik olaraq sahiblənməyib, o mənzillərdən istifadə etməyib və həmin mənzillərdə öz vəsaiti hesabına heç bir yaxşılaşdırma aparmayıb. . Həmin alqısatqı müqaviləsi bağlandıqdan sonra o mənzillərdə sonrakı yaxşılaşdırmalar, artırmalar və əlavə tikililər satıcının öz şəxsi vəsaiti hesabına aparılıb. Alıcı həmin müqaviləni bağlayarkən satıcının və onun ailə üzvlərinin həmin mənzillərdə daimi istifadə hüquqlarının saxlandığını bilirdi və Mülki Məcəllənin 158.3.-cü maddəsinin məzmunu və mahiyyəti (Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun), eləcə də, MM-nin 228.4-cü maddəsinin məzmun və mahiyyəti (Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir) ona aydın idi. Həmin alqı-satqı müqaviləsi ilə bağlı alıcının satıcıya qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74 -cü maddəsinə istinadən, cavabdehin irəli sürdüyü tələbə uyğun olaraq, iddiaçı, müqavilə məbləğini notariusun bankda açdığı depozit hesabına köçürməyə hazır olduğunu bildirdi. Bu dəfə isə, cavabdeh tamam başqa əsas göstərməklə, iddiaçının və alıcı R.H.Behrudinin tələbinin rədd edilməsi barədə “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” 09 dekabr 2024-cü il tarixli, 1842 nömrəli Qərar qəbul etdi. Qərar həmin gün iddiaçıya şəxsən təqdim edilmişdir. b) Cavabdeh Bakı şəhəri 21 saylı Notriat Ofisinin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilməmişdir. Tərəflərin mövqeyi Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Eyni zamanda İddiaçı və üçüncü şəxs X16 elektron kabinet vasitəsilə ərizə təqdim edərək, xarici ölkədə yaşadıqları üçün məhkəmə iclasında iştirak edə bilmədiklərini, mülki iş üzrə iclasın onların iştirakı olmadan keçirilərək iddianın təmin edin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisi məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə ərizə təqdim etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs X9 iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İzahatında qeyd etmişdir ki, iddiaçı bundan əvvəl notariusa müraciət edərək, müqavilənin ləğv edilməsini xahiş etmişdir. Notariat ofisini ilk dəfə müqaviləni ləğv etməkdən o əsasla imtina etmişdir ki, müqavilə ləğv edildikdə hər bir tərəf digərinə aldıqlarını qaytarmalıdır. Əslində bu da əsassız idi, çünki B.Rüstəm müqavilə bağlandıqdan qısa müddət sonra almaqdan vaz keçdiyinə görə faktiki olaraq pul ödənməyib. Lakin müqavilə tərəfləri bundan sonra ikinci dəfə notariat ofisinə müraciət edərək, hər iki tərəfin bir-birinə aldıqlarını qaytarmaq şərti ilə müqavilənin ləğvinə razı olduqlarını bildirsər də, notarius yenə də müqaviləni ləğv etməkdən imtina etdi. Bu dəfə qərarını onunla əsaslandırdı ki, mənzillər B.Rüstəm tərəfindən xeyli abadlaşdırılıb, böyüdülüb və s. Notariusun imtinasını qanunsuz və qərəzli hesab edirlər. Mənzil faktiki olaraq həmişə iddiaçının və onun ailə üzvlərinin istifadə və sahibliyində olub. Bütün abadlaşdırmalar onlar tərəfindən həyata keçirilib. Digər üçüncü şəxs X11 elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılıb ki, o və İddiaçı qarşılıqlı razılığa və sərbəst iradələrinə uyğun olaraq, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2003-cü il tarixli, 215655 saylı, 7-Ə-370 reyestr nömrəli müqavilənin ləğv edilməsi barədə razılığa gəlmiş, bununla bağlı 21 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, imtina cavabı almışdırlar. Notariusa ünvanladığı ərizədə qeyd etdiyi kimi, həmin alqı-satqı müqaviləsi bağlandığı andan o (alıcı) həmin mənzillərə faktiki olaraq sahiblənməmişdir, o mənzillərdən istifadə etməmiş və həmin mənzillərdə öz vəsaiti hesabına heç bir yaxşılaşdırma aparmamışdır. Həmin alqı-satqı müqaviləsi bağlandıqdan sonra o mənzillərdə sonrakı yaxşılaşdırmalar, artırmalar və əlavə tikililər satıcının (İddiaçı) öz şəxsi vəsaiti hesabına aparılıb. Alıcı həmin müqaviləni bağlayarkən satıcının və onun ailə üzvlərinin həmin mənzillərdə daimi istifadə hüquqlarını saxlandığını bilirdi və Mülki Məcəllənin 158.3-cü maddəsinin məzmunu və mahiyyəti, eləcə də MM-nin 228.4-cü maddəsinin məzmun və mahiyyəti ona aydın idi. Həmin alqı-satqı müqaviləsi ilə onun satıcıya qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. İddiaçı 21 saylı notariat ofisinə qarşı “alqı satqı müqaviləsinin ləğv edilməsi barədə” iddiasını qeyd-şərtsiz olaraq tam həcmdə müdafiə edir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Mülki işin materialları - 13 dekabr 2003-cü il tarixli, 215655 saylı müqaviləyə əsasən, İddiaçı ilə X11 arasında bağlanmış və müqaviləyə əsasən X10 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 69,0 kv.m. olan 5 otaqdan ibarət mənzili X2 və sonuncudan daşınmaz əmlaka görə ********* manat almışdır. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, korpus 7-də istifadədə olan 0,02883 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 2 mərtəbəli binada 248,5 kv.m. ümumi, 147,1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 7 və 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrindən 347 nömrəli reyestr kitabında 32416 vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarili, e-2(001)- 3015/2024 saylı Qətnaməsi ilə iddiaçı X4 cavabdeh X8 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. - Bakı şəhəri 21 saylı Notariat Ofisinin “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” 09 dekabr 2024-cü il Qərarında əsasən, mülkiyyətçi İddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən 69m2 yaşayış sahəli, 5 otaqlı yaşayış sahəsinin X1 dair 13 dekabr 2003-cü il tarixində Bükı şəhəri 21 saylı Notariat kontorunda təsdiqlənmiş müqavilənin təsdiqlənməsindən imtina edilmiş və İddiaçı və R.Behrudiyə notariat hərəkətlərinin aparılmasından imtina edilməsindən maqraqlı şəxsin xüsusi notariusun yerləşdiyi yerin məhkəməsinə şikayət vermə hüququnun olması izah edilmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-5269/2025 aylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər "xxxx" MMC, “Gilan Holding” Şirkətlər qrupuna (LPO "xxxx" MMC), "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi, X27, X16, İddiaçı, X12, X13, X14, X17, X9, X5, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə; habelə müstəqil iddia irəli sürən üçüncü şəxslər X6 və X15 cavabdehlər "xxxx" MMC, “Gilan Holding” Şirkətlər qrupuna və "xxxx" MMC-yə qarşı “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2658/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 şikayətləri rədd edilməsi; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 73/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. - xx.xx.2025-ci i tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: Maddə 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; Maddə 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; Maddə 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; Maddə 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Maddə 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Maddə 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Notariat haqqında Azərbaycan Respublikası Qanununun: M a d d ə 40. Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər. Maddə 41. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetininn2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın:

42. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin dəyişdirilməsi həmin müqaviləyə əlavə olunan müqavilə, müqavilənin ləğv edilməsi isə müqavilənin bağlanıldığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir. Müqavilənin ləğv edilməsinə dair müqavilə istənilən notariat ofisində müqavilə tərəflərinin iştirakı ilə təsdiq edilə bilər. Bu halda həmin məlumat dərhal “Elektron notariat” informasiya sisteminə daxil edilməli, daşınmaz əmlaka münasibətdə isə həmçinin, daşınmaz əmlakın dövlət reyestri orqanına ötürülməlidir.

Azərbaycan Respublikaının Mülki-Prosessual Məcəlləsinin:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki dövriyyədə mülki-hüquqi faktların ən geniş yayılmış növlərindən biri kimi mülkihüquqi əqdlər çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 324-cü maddəsinin verdiyi anlayışa görə, əqd dedikdə, mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəlmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi başa düşülür. Əqdlər vasitəsilə mülki münasibətlər nizama salınır, mülki dövriyyənin dayanıqlılığı və sabitliyi təmin olunur. Əqdlərin belə mühüm hüquqi tənzimləmə vasitəsi kimi əhəmiyyətini nəzərə alan qanunverici əqdlərlə bağlı yanlışlığa yol verilməməsi üçün, onların özünün dəyişməzliyini və sabitliyini təmin etmək üçün əqdlərə aid edilən bütün mühüm əlamətləri və tələbləri mülki qanunvericilik səviyyəsində müfəssəl təsbit etmişdir. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. İddiaçı Notariat Ofisinin “müqavilənin ləğv edilməsinə dair müqavilənin təsdiqlənməsi” barədə İddiaçı və X3 ərizəsindən imtina edilməsindən narazıdır və qərarın ləğv edilməsini, müqavilənin ləğv edilməsi vəzifəsinin Bakı şəhər 21 saylı Notariat Ofisinin üzərinə qoyulmasını xahiş edir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, müqavilənin hər iki tərəfi müqavilənin ləğv edilməsinə razıdır, mənzil Behrudi Rüstəmin xüsusi mülkiyyətində olsa da, o faktiki olaraq mənzilə sahiblik və istifadə etməyib, təmir etdirməyib, yaxşılaşdırmayıb. Məhkəmə qeyd edir ki, mülki hüququn təməl prinsiplərindən biri mülki dövriyyənin sabitliyidir. Dövriyyə iştirakçılarının arasında bağlanan mülki hüquqi əqdlər də sabitliin və davamlılığın qorunmasına xidmət etməsidir. Tərəflər 13 dekabr 2003-cü ildə bağlanmış, predmeti – mənzil hazırda mövcud olmayan müqavilənin ləğv edilməsini xahiş edirlər. Bununla bağlı hansı hüquqi nəticəyə nail olmaq istədikləri aydın deyil, belə bir zərurətin uzun müddət kçdikdən sonra meydana çıxması ağlabatan deyil. İddiaçı və üçüncü şəxs Behrudi Rüstəm mənzilə sonuncunun heç vaxt sahiblik və istifadə etmədiyini, mənzillə bağlı hər hansı tələbinin olmadığını bildirsə də, mülki işin materiallarından görünür ki, o mənzillə bağlı çoxsaylı mübahisələrdə tərəf, o cümlədən iddiaçı olmuş, hətta sökülmüş mənzilin yerinə tikilmiş binanın sökülməsini və mənzilinin naturada qaytarılmasını tələb etmişdir. Məhkəmə daha sonra vurğulayır ki, iddianın hüquqi əsası – müqavilənin ləğvi üçün qanuni əsas tapılmadığı kimi, iddiaçının nail olmaq istədiyi nəticə də aydın deil. Belə ki, müqavilə illər əvvəl icra edilib, daha sonra mənzil sökülüb, müqavilə predmeti artıq mövcud deyil. Buna görə də müqavilə ləğv edilmiş olsa belə, bu formal ləğv olmaqla, hər hansı hüquqi nəticə doğurmayacaqdır, belə ki, şəxsin mülkiyyət hüquqlarını realizə edə biləcəyi əmlak fiziki olaraq məhv olub, əmlakların bərpa edilməsi tələbi isə məhkəmə tərəfindən rədd edilmişdir (qətnamə qanuni qüvvəyə minməmişdir). Məhkəmə bu qənaətə gəlir onu da qeyd edir ki, tərəflərin arasında bağlanmış müqavilənin etibarlılığı da mübahisə predmeti olmuş, və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müqavilənin etibarlı olduğu təsbit edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, notariusun müqavilənin ləğvi barədə müqaviləni təsdiq etməkdən imtinası qanuni və əsaslı olmuşdur. Müqavilənin ləğvi üçün Mülki Məcəlldə göstərilən əsaslardan heç biri mövcud deyil. Tərəflərin arasında razılıq isə 22 il bundan əvvəl bağlanmış, predmeti məhv edilmiş, etibarlılığı məhkəmə qətnaməsi ilə təsbit edilmiş müqavilənin ləğvi üçün zəruri və kifayət edən əsas sayıla bilməz. Əks yanaşma mülki hüququn təməl prinsiplərinə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı (X16, X9 və X11 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qimində cəlb edilməklə) “qərarın ləğvi, müqavilənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar