Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1584/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı (Maraqlı şəxs PHŞ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (açar sözlər: fərdi məlumatların razılıq olmadan toplanması; mənəvi zərərin ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Maraqlı şəxs PHŞ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh ASC-yə qarşı (Maraqlı şəxs PHŞ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən xeyrinə 3000 (üç min) manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin və ödənilmiş 50 manat məbləğində dövlət rüsumu əvəzinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Prezidentinin 14 mart 2018-ci il tarixli,1885 saylı Fərmanının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “X4 Mərkəzi” publik hüquqi şəxsə elektron xidmətlərin inkişafı ilə bağlı tədbirlərin görülməsi tapşırılmışdır. Fərmanla verilmiş tapşırığın icrasından irəli gələrək, maliyyə və aidiyyəti digər sahələrdən olan təşkilatların dövlət informasiya ehtiyatlarına çıxışının təmin edilməsi, eləcə də xidmətlərin vətəndaşlar üçün daha da əlçatan və rahat olması məqsədilə “X4 Mərkəzi” publik hüquqi şəxs tərəfindən “ASAN Finans” sistemi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan X5 Mərkəzi tərəfindən reallaşdırılan “ASAN Finans” layihəsi maliyyə xidmətləri göstərən təşkilatların dövlət informasiya ehtiyatlarına elektron çıxışını təmin edən vahid platformadır. “ASAN Finans” sistemi üzrə dövlət informasiya ehtiyatlarına elektron çıxışının təmin edilməsi xidmətinin göstərilməsi məqsədilə Mərkəzə müraciət edən maliyyə xidmətləri göstərən təşkilatlar ilə müvafiq müqavilələr imzalanmışdır (mənbə “X4 Mərkəzi”nin internet saytı – digital.gov.az). Belə bir müqavilə, yəni “Asan Finans” müqaviləsi də Mərkəz ilə Cavabdeh ASC arasında xx.xx.2021-ci il tarixində bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndində sistemin İştirakçılarının vəzifələri müəyyən edilmişdir. İştirakçı fiziki və hüquqi şəxslər barəsində məlumatları əldə etməzdən əvvəl, məlumat sahibinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə və Müqavilənin şərtlərinə uyğun olaraq razılığını kağız daşıyıcıda, gücləndirilmiş elektron imza ilə və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə təsdiqlənmiş qaydada almalı, yəni ərizələrin məlumat sahibləri və ya onların səlahiyyətli nümayəndələri tərəfindən doldurulmasını və imzalanmasını təmin etməlidir (mənbə - iddia ərizəsinə qoşma edilmiş xx.xx.2024-cü il tarixli, 3-27-104/2-Y5232/1-30/2024/928 saylı məktub). Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki X5 Mərkəzi tərəfindən yaradılan "myGov” elektron hökumət portalının təqdim etdiyi xidmətlərdən yararlanan zaman “sorğulanmış məlumatlarım” bölümünə keçid etdim. Açılmış səhifədə Cavabdeh ASC-nin dəfələrlə fərdi məlumtların verilməsinə dair sorğu etdiyinə, yəni yuxarıda qeyd olunan elektron qaydada dövlət informasiya ehtiyatlarından istifadə etdiyinin şahidi oldum. Maliyyə xidmətləri göstərən təşkilatlarda iş təcrübəmin olması və ümumiyyətlə bu kimi sorğuların veriməsində hansı qaydalara əməl olunması barədə məlumatımın olması səbəbi ilə Cavabdehə “sorğulanmış məlumatlarım” bölümündə qeyd olunmuş vaxtlarda tərəfimdən hər hansı razılığın veriməməsini Məhkəmənin diqqətinə çatdırırıram. Cavabdeh tərəfindən dəfələrlə qanunazidd, özbaşına, təqsirli, qərəzli əməlin edilməsi Məni bərk sarsıtdı. Mən bu əməldən bərk əsəb keçirtdim və hal-hazıradək də mənəvi sarsıntı keçirirəm. Axı Cababdeh bu qanunazidd hərəkəti neçə edə bilərdi ? Bu kimi suallara cavab tapmaq üçün “X4 Mərkəzi” publik hüquqi şəxsə müraciət ünvanladım. Publik hüquqi şəxs tərəfindən Cavabdehə (surəti isə Mənə) ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-27- 104/2-Y-5232/1-30/2024/928 saylı məktubda (qoşma olunub) fərdi məlumatların ötürülməsi ilə bağlı Mənim yazılı razılıq ərizəmin Mərkəzə təqdim edilməsi xahiş olunmuşdur. “X4 Mərkəzi” publik hüquqi şəxsə Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 2453 İB saylı cavab məktubunda (qoşma olunub) qanunsuz şəkildə sorğulamanın səbəbi barədə yox, sorğulamaya dair yazılı razılığın mövcud olubolmaması barədə yox, aidiyyəti olmayan məsələlər üzrə fikirlər öz əksini tapmışdır. Görünür Cavabdeh üçün qanunsuz şəkildə məlumatların əldə edilməsi və aidiyyatı olmayan qurumlara ötürülməsi adi haldır. Bu hal isə mənim üçün dözülməzdir. Mənə mənəvi əzab və istirab verir. Yuxarıda qeyd olunanlardan sonra Cavabdeh tərəfindən Mənə müxtəlif zənglər edilmiş, təhdidlər, hədələmələr olunmuşdur. Bu qanunsuz əməllər Mənə bərk mənəvi sarsıntı yaşatmışdır və bu hal bu günə qədər də davam etməkdədir. İddia ərizəmin faktiki hallarından göründüyü kimi, Cavabdehin qanunazidd, özbaşına əməlləri Mənə ağır mənəvi zərər vurmuşdur”. II. Tərəflərin mövqeləri: Cavabdeh ASC xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, “iddiaçı ərizəsində Cavabdeh tərəfindən qanunsuz şəkildə məlumatların əldə edilməsi və aidiyyəti olmayan qurumlara ötürülməsinin adi hal olduğunu vurğulamışdır. Bu iddia ilə bağlı bildirir ki, ümumiyyətlə, Bank tərəfindən kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatlarının toplanması məqsədi həmin subyektin aktiv öhdəliklərinin icrası ilə əlaqədar ödəmə qabiliyyətinin yoxlanılmasından ibarətdir (hazırda iddiaçının cavabdeh qarşısmda icra edilməmiş və məhkəmə qərarları ilə təmin edilmiş 3 kredit öhdəliyi vardır). “ASAN Finans” platforması üzrə aparılan sorğular üzrə isə Bank tərəfindən müştəri məlumatlarının məxfiliyi və təhlükəsizliyinə ciddi əhəmiyyət verilərək tam qorunması təmin edilir. İddiaçının mübahisələndirdiyi halla bağlı isə ilkin araşdırma aparılmış və məlumatlarının sorğulanması üçün onun adının texniki olaraq müvafiq borcluların siyahısına əlavə edildiyi müəyyən edilmişdir. Lakin, iddiaçının iddia etdiyinin əksinə olaraq, Bank müştəriləri ilə bağlı fərdi məlumatları hər hansı aidiyyəti olmayan quruma ötürmür, yalnız müqavilə münasibətlərindən irəli gələn öhdəliklərinin icra edilməməsi hallarına qarşı risklərini sığortalayır və öz hüquqlarını qoruyur. Əlavə olaraq bildirir ki, Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-1580/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, 2(007)-2646/2016 nömrəli və xx.xx.2018-ci il tarixli, 2(007)-138/2018 nömrəli icra sənədləri üzrə iddiaçının Banka qarşı icra edilməmiş öhdəlikləri mövcuddur. Həmin icra sənədlərinin verilməsindən 7 ildən çox müddətin keçməsinə baxmayaraq, iddiaçı ümumilikdə təqribən 8500 manat məblğində öhdəliklərini icra etmir. Hazırda iddiaçı özünün cavabdeh olduğu bu məhkəmə qərarlarını icra etməkdən hər vəchlə yayınaraq müxtəlif üsul və vasitələrə əl atır, hesab edir ki, bunlardan biri də hazırda Banka qarşı guya ona dəymiş mənəvi zərərin ödənilməsi tələbi üzrə iddia qaldırmasıdır. Belə ki, Bankın pozulmuş hüquqlarını artıq uzun illərdir ki, bərpa etməyən, üzərinə düşən öhdəlikləri icra etməkdən qəsdən yayman bir şəxsin məhkəmədə guya öz pozulmuş hüquqlarının bərpasına çalışması özlüyündə ziddiyyətli və absurd məsələdir. İddiaçı ərizəsində Bank tərəfindən “ASAN Finans” sistemi üzrə fərdi məlumatlarının sorğu edilməsinin onu sarsıtdığını və bunun nəticəsində mənəvi əzab və iztirab keçirdiyini bildirmişdir. Həmçinin, iddiaçı Bank tərəfindən ona müxtəlif zənglər edilərək təhdidlər və hədələmələrə məruz qaldığını və bu səbəblərdən davamlı olaraq mənəvi sarsıntı yaşadığını qeyd etmişdir. Bununla əlaqədar olaraq bildirir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li, 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbii əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində bas verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Göründüyü kimi, qanunvericilik şəxsin müvafiq qanunsuz hərəkət nəticəsində onda mənfi dəyişikliklərin baş verdiyini və həmin dəyişikliklərin məhz cavabdehin təqsiri nəticəsində baş verdiyini sübuta yetirməsini tələb edir. Lakin, iddiaçı nə “ASAN Finans” sistemi üzərindən sorğulanması nəticəsində mənəvi sarsmtı və iztirablar keçirdiyini əks etdirən, nə də Bank tərəfindən ona müxtəlif zənglər edilərək təhdidlər və hədələmələrə məruz qaldığını (halbuki, belə bir hal ümumiyyətlə baş verməmişdir) sübut edən heç bir dəlil göstərməmiş və təsdiqedici sənəd təqdim etməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində də tələb olunduğu kimi, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ümumiyyətlə, iddiaçının “ASAN Finans” platforması üzərindən ödəniş qabiliyyəti ilə əlaqədar məlumatlarının texniki olaraq Bank tərəfindən əldə edilməsinin onda mənəvi iztirab və sarsıntılara səbəb olması iddiası inandırıcı deyildir. Belə ki, həmin məlumatların Bank tərəfindən üçüncü şəxslərə ötürülmədiyi, sui-istifadə edilmədiyi və ictimailəşdirilmədiyi halda, iddiaçının nüfiızuna və psixoloji vəziyyətinə birbaşa və real təsir göstərməsi ağlabatan deyildir. Mənəvi zərər vurulması adətən şəxsin şərəf, ləyaqət və nüfuzuna xələl gəlməsi, psixoloji sarsıntı keçirməsi və ictimai qınağa məruz qalması ilə, mənəvi iztirab keçirməsi isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi ilə əlaqələndirilir. İddiaçı öz ərizəsində bu barədə kifayət qədər qeydlər etsə də, mənəvi zərər və iztirabın mövcudluğunu sübut edən heç bir tibbi və ya psixoloji ekspertiza rəyi təqdim etməmişdir. Bundan əlavə, iddiaçının sosial və psixoloji vəziyyətinin mənfi təsirə məruz qaldığını sübut edən konkret faktlar da iddia ərizəsində yer almır. Beləliklə, qeyd edilənlər onu göstərir ki, iddia ərizəsində Cavabdeh ASC-yə qarşı göstərilən tələblərin heç bir hüquqi əsası yoxdur və iddia tələbi rədd edilməlidir.” İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “Cavabdeh mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə xx.xx.2025-ci il tarixində keçiriləcək olan məhkəmə baxış iclasına xx.xx.2025-ci il tarixli etiraz təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq bildirirəm ki, həmin etirazı qəbul etmirəm. Həmin etiraz tamamilə əsassız, qanunsuz və məhkəmədə yalnış fikir formalaşdırması məqsədi daşıyan söz (cümlə) toplusudur. Belə ki, MPM-nin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Cavabdehin qanunu bilməməzliyi və ya bilərəkdən pozması əsasında edilmiş qanunazidd, təqsirli hərəkətləri nəticəsində mənəvi iztirab, sarsıntı, sağlamlığıma birbaşa təsir göstərən mənəvi hala salması iddia ərizəsi ilə məhkəməyə müraciət etməyimə səbəb olmuşdur. Cavabdeh tərəfindən prosessual hüquq pozuntusu ilə təqdim edilmiş iddia ərizəsinə etirazını onun izahatı kimi nəzərə alsam, etirazın əsassız, yalnış olması ilə bağlı aşağıdakıları qeyd etməyə borc bilirəm: Etirazda qeyd olunan ilk istinad, cavabdehin müqavilə münasibətlərindən irəli gələn öhdəliklərinin icra edilməməsi hallarına qarşı risklərini sığortalaması ilə bağlı bildirmək istərdim ki, risklərin mümkün sığortalanması halı iradə ifadəsi bildirilməmişdən öncə, yəni müqavilə münasibətlərinə daxil olmazdan öncə mümkün idi. Müqavilə münasibətləri yarandıqdan sonra öhdəliyin icrasının təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 26. Maddəsinin tələblərinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Eyni zamanda həmin Qanuna əsasən şəxs barəsində müvafiq sorğular vermək səlahiyyəti də cavabdehə və ya onun işçilərinə deyil, icra məmurlarına həvalə edilmişdir. Etirazda qeyd olunduğu kimi, şəxsi məlumatlarımın sorğulanması cavabdehin risklərini sığortalamır və hüquqlarını qorumur, əksinə mənim qanunla qorunan hüquqlarımı pozur. qanunazidd hərəkətlərin isə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının təmin etmək məqsədi ilə edilməsi, öz-özlüyündə müvafiq qanunvericiliyə ziddir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər. Həmin Qanunun 7-ci və 8-ci maddələrində müvafiq olaraq icra məmurunun vəzifə və hüquqları öz əksini tapmışdır. Göründüyü kimi, məhkəmə qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Cavabdeh isə qanunazidd hərkətlər etməklə və bu hərəkətlərə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının təmin etmək məqsədi daşıması donu geydirməklə Məhkəmədə yalnış fikirin formalaşdırılmasına nail olmasına çalışır. Bu hal yolveriləzdir və mütləq qaydada Məhkəmə tərəfindən həmin hərəkətlərə hüquqi qiymət verilməklə Cavabdehin bu hərkətlərinin qanunu bilməməzliyindən irəli gəlməsindənmi, yoxsa qanunu bilərəkdən qəsdən pozmasındanmı kimi məsələlərə aydınlıq gətirilməlidir. Hər iki hal mənim hüquqlarıın kobud surətdə pozulmasıdır. Cavabdehin göstərdiyi dəlillər formal mülahizə olmaqla heç bir hüquqi əsası yoxdur. B. Cavabdehin etirazda qeyd etdiyi məlumatlarımın sorğulanması üçün adımın texniki olaraq borcluların siyahısına əlavə edilməsi ilə bağlı isə bildirmək istərdim ki, müxtəlif aralıqlarla məlumatlarımın bir yox bir neçə dəfə sorğulanması hər hansı texniki səhvin baş verməməsinin aşkar sübutudur. Üstəlik, belə olan halda cavabdeh tərəfindən mənə hər hansı formada texniki yanlışlıq barədə məlumat verilə və üzrxahlıq edilə bilərdi ki, bunun edilməməsi də əməlin qərəzli və məqsədyönlü şəkildə edilməsinə dəlalət edir. Cavabdehin iddia ərizəmdə qeyd etdiyim sarsıntı və mənəvi əzab ilə bağlı edilmiş etirazına cavab olaraq bildirmək istərdim ki, uzun müddətdir ki, ikinci tip şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm, qəti şəkildə əsəb və stress vəziyyətindən uzaq olmalı, psixoloji vəziyyətimin qayğısına qalmalıyam. Bankın əməkdaşları tərəfindən məruz qaldığım təzyiqlər nəticəsində kəskin sarsıntı və stress keçirmişəm, xəstəliyimdə əhəmiyyətli dərəcədə geriləmələr olmuşdur. Son aylar ərzində aldığım müaliəcələr və qəbul etdiyim dərman vasitələrinin siyahısını etiraza qoşma olaraq əlavə edirəm. Həmçinin bildirmək istəyirəm ki, bankın əməkdaşı kimi özünü təqdim edən Samir adlı şəxs telefon zəngi vasitəsilə əlaqə saxlayaraq məni tənqid və təhdid etmiş, borcu ödəməyəcəyim təqdirdə mənə fiziki təsir belə göstərə biləcəkləri ilə hədələmişdir. Şəxsin əlaqə nömrəsi və zəngin müddətinin ekran görüntüsü mobil telefonumda qalmaqdadır, zərurət olarsa təsdiq üçün mobil operatora sorğu ünvanlaya bilərsiniz. Qanunvericilikdə öhdəliyin icrasının üsul və qaydasının aşkar sürətdə göstərilməsinə baxmayaraq bank əməkdaşları tərəfindən telefon zəngi vasitəsilə mütəmadi olaraq narahat edilərək təzyiqlərə məruz qalmağımı heç bir halda anlaya bilmirəm. Üstəlik, qeyd etmək istərdim ki, cavabdeh tərəfindən istinad edilən qətnamələrin icrasından heç bir halda yayınmıram və maddi imkanım daxilində borcun ödənilməsi istiqamətində hərəkətlər edirəm. Cavabdehin etirazında göstərdiyi borc məbləği qəti şəkildə həqiqəti əks etdirmir, borcun məbləğini təsdiq edən sənədlər cavabdeh tərəfindən etiraza əlavə edilməmişdir, bu isə öz növbəsində qeyd olunan iddianın əsassız olduğunu və yalnız reallığı təhrif etmək, edilmiş qanunsuz əməllərə haqq qazandırmaq məqsədi daşıdığını sübuta yetirir. Yuxarıda qeyd etdiklərim bir daha Cavabdehin hərəkətlərinin qanunazidd olmasını açıq-aşkar göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, Cavabdeh tərəfindən prosessual pozuntu edərək Məhkəməyə təqdim edilmiş iddia ərizəsini əsassız sayıram və hesab edirəm ki, orada qeyd edilənlərin hazırkı iddia tələbinin əsasına heç bir aidiyyəti yoxdur və orada qeyd olunanlar Məhkəməni iddia tələbinin əsasından, yəni qanunazidd əməli qiymətləndirilməsindən uzaqlaşdırmaq, aidiyyəti olmayan məsələlərə fokuslaşdırmaq və bununla da yalnış fikir formalaşdırmaqdır. Əksini Cavabdeh sübut etsin.” Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etiraz ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X7 bildirmişdir ki, Cavabdeh ASC ilə üçüncü şəxs arasında “ASAN Finans” müqaviləsi bağlanmış, bu müqavilə dövlət informasiya ehtiyatından müəyyən informasiyaların alınması xidməti üçün nəzərdə tutulmuşdur. Vətəndaş banka müraciət edərkən bir neçə yerdən arayışın alınmaması üçün bankla belə bir müqavilə bağlanır. Məqsəd bundan ibarətdir. Təqdim etdikləri müqavilənin 3.4.2-ci bəndinə görə bankdan tələb olunur ki, vətəndaş barədə məlumatları sorğulamamışdan əvvəl vətəndaşın yazılı razılığı alınmalıdır. Buna görə məsuliyyət isə bankın üzərindədir. III. İşin faktiki halları: İş materiallarında olan: -"myGov" elektron hökumət portalında olan hesabının “sorğulanmış məlumatlarım” bölümündən çıxarışdan görünür ki, Cavabdeh ASC tərəfindən iddiaçının fərdi identifikasiya nömrəsindən istifadə edilməklə iş yerinə dair məlumatların əldə olunması ilə bağlı xx.xx.2024-cü il tarixdə, şəxsin fərdi məlumatlarının verilməsinə dair xx.xx.2024-cü il tarixdə sorğu edilmişdir. - 12 aprel 2021-ci il tarixli e-AD3-022 saylı ASAN Finans Müqaviləsinin surəti ilə müəyyən olunur ki, “X4 Mərkəzi” phş və Cavabdeh ASC arasında Government to Business (G2B) çərçivəsində “ASAN Finans” üzərindən verilən sorğular əsasında məlumatların ötürülməsi xidmətinin göstərilməsinə dair müqavilə bağlanmışdır. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiya və X8 tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı tərəfindən fərdi məlumatların Cavabdeh ASC tərəfindən sorğulanması ilə bağlı Agentliyə 17 sentyabr 2024-cü il tarixli 3-27-104/1-Y-1116/1- 30/2024 saylı müraciət daxil olmuşdur. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri həmin Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 1885 nömrəli Fərmandan irəli gələn xidmətlərin qanunauyğun təşkil edilməsi və Müqavilənin 3.1.4-cü yarımbəndinə əsasən vətəndaşın müraciətinin tərəfimizdən tam araşdırılması məqsədilə fərdi məlumatların ötürülməsi ilə bağlı vətəndaşın yazılı razılıq ərizəsini Agentliyə təqdim edilməsi xahiş olunmuşdur. - Cavabdeh ASC tərəfindən iddiaçıya və İnnovasiya və X2 ünvanlanmış xx.xx.2024cü il tarixli 2453 nömrəli məktubla müəyyən olunur ki, bildirilmişdir ki, “Bank of Baku" ASC tərəfindən vətəndaşlara dair müəyyən məlumatların, o cümlədən tələb olunan sənədlərin ən qısa zamanda və rəqəmsal platformadan sorğular aparılır. Müvafiq sorğular üzrə Bank tərəfindən müştəri məlumatlarının məxfiliyi və təhlükəsizliyinə böyük əhəmiyyət verilərək tam qorunması təmin edilir. Vətəndaş İddiaçı müraciətində qeyd etdiyi məsələ ilə bağlı Bankda ilkin araşdırma aparılmış və vətəndaşın məlumatının texniki yanlışlıqla sorğu edildiyi müəyyən edilmişdir. Araşdırmanın nəticəsi ilə bağlı vətəndaş Banka dəvət edilərək onunla şəxsi görüş keçirilmiş, görüş zamanı müvafiq məsələ ilə bağlı üzrxahlıq edilərək, müraciəti üzrə ətraflı məlumatlandırma aparılmışdır. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Elektron Təhlükəsizlik Xidməti” tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış Vətəndaşın fərdi məlumatlarının qanunsuz sorğulanması barədə xx.xx.2025-ci il tarixli məktubla müəyyən olunur ki, vətəndaş İddiaçı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə ünvanladığı Cavabdeh ASC tərəfindən iş yerinə dair fərdi məlumatlarının onun razılığı olmadan sorğulanması ilə bağlı 22 yanvar 2025-ci il qeydiyyat tarixli 3-27-101/1-Y-18/1-42/2025 qeydiyyat nömrəli şikayətinin araşdırılması üçün Cavabdeh ASC-yə sorğu göndərilmişdir. Cavabdeh ASC-nin xx.xx.2025-ci il qeydiyyat tarixli, 3-27-101/1-121/2025 cavab məktubu və tərəflər arasında müvafiq məsələlərin araşdırılması üçün xx.xx.2025-ci il tarixində keçirilmiş görüş nəticələrinə istinadən qeyd edilən bank tərəfindən vətəndaşın iş yerinə dair fərdi məlumatlarının xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində iki dəfə sorğulanmasının hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, müvafiq bank tərəfindən sözügedən vətəndaşın həmin vaxtlarda iş yerinə dair fərdi məlumatlarının X3 Sistemi üzərindən sorğulanması ilə bağlı onun razılığının olmasına dair müvafiq sübutlar təqdim edilməmiş və nəticə etibarilə həmin vətəndaşın fərdi məlumatları Cavabdeh ASC tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla qanunsuz işlənilmişdir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, Cavabdeh ASC tərəfindən vətəndaş İddiaçı razılığı olmadan fərdi məlumatlarının sorğulanması dərhal dayandırılmalı, həmin şəxs barəsində müvafiq bank tərəfindən saxlanılan, işlənmə məqsədləri üçün zəruri olmayan fərdi məlumatlar məhv edilməli, həmçinin müvafiq razılıq ərizələri olmadığı təqdirdə, digər fiziki şəxslərə münasibətdə də fərdi məlumatların işlənməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil edilməli, həmin şəxslərin razılığı olmadan fərdi məlumatlarının müvafiq qaydada sorğulanmasına yol verilməməli, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq olunmuş “Fərdi məlumatların mühafizəsinə dair tələblər”də nəzərdə tutulmuş təhlükəsizlik tədbirləri görülməli, həmçinin müvafiq məsələlərlə bağlı həyata keçirilən tədbirlər barədə məlumatlar “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.6-cı maddəsinə müvafiq olaraq 7 (yeddi) iş günü müddətində Elektron Təhlükəsizlik Xidmətinə təqdim edilməlidir. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Elektron Təhlükəsizlik Xidməti” tərəfindən iddiaçıya ünvanlanmış 13 mart 2025-ci il tarixli məktubla müəyyən olunur ki, şikayətə baxılaraq bildirilmişdir ki, qeyd edilən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə razılığı olmadan fərdi məlumatlarının sorğulanmasının dərhal dayandırılması barədə xx.xx.2025-ci il qeydiyyat tarixli 3-27-101/2-232/2025 qeydiyyat nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Eyni zamanda bildirilmişdir ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə əsasən sizin barənizdə fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə Qanunun tələblərinə əməl olunmaması nəticəsində hüquqlarınızın pozulduğu hallarda Elektron Təhlükəsizlik Xidmətinə və ya məhkəməyə şikayət etmək, habelə sizə vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ var. - Cavabdeh ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli MZF- 098/25 saylı arayışla müəyyən olunur ki, müştəri İddiaçı Cavabdeh ASC-də cari günə xx.xx.2014-cü il tarixli, LS018974/14 müqavilə nömrəli kredit üzrə 5681.53 AZN (əsas borc - 3,804.35 AZN, faiz borcu - 1877.18 AZN), xx.xx.2013-cü il tarixli BAL186194/13 müqavilə nömrəli kredit üzrə 574.89 AZN (əsas borc - 574.89 AZN) və xx.xx.2013-cü il tarixli PC017204/13 müqavilə nömrəli kredit üzrə isə 2182.89 AZN (əsas borc - 1,525.56 AZN, faiz borcu - 647.33 AZN, məhkəmə xərci - 10 AZN) borcu vardır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanunun əsas məqsədi fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarını, bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətinin əsaslarını müəyyən etməkdən, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etməkdən ibarətdir. -7.4-cü maddəsinə əsasən subyekt onun barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə bu Qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi halları istisna olmaqla, hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə yalnız subyekt tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar əsasında yol verilir. 8.2-ci maddəsinə əsasən, subyektin fərdi məlumatların işlənilməsi üçün yazılı (o cümlədən X3 Sistemi üzərindən) razılığa aşağıdakılar daxil edilməlidir: 8.2.1. subyektin kimliyini müəyyənləşdirməyə imkan verən məlumatlar; 8.2.2. subyektdən razılıq alan mülkiyyətçinin və ya operatorun kimliyini müəyyənləşdirməyə imkan verən məlumatlar; 8.2.3. fərdi məlumatların toplanılması və işlənilməsi məqsədi; 8.2.4. subyekt tərəfindən işlənilməsinə razılıq verilmiş fərdi məlumatların və onların işlənilmə əməliyyatlarının siyahıları; 8.2.5. subyektin razılığının qüvvədə olma dövrü və onun geri götürülməsi şərtləri; 8.2.6. fərdi məlumatların müvafiq informasiya sistemində müəyyən olunmuş saxlanma müddəti başa çatdıqdan və ya subyektin ölümündən sonra onun barəsində toplanılmış fərdi məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada məhv edilməsi və ya arxivləşdirilməsi şərtləri. 13.1-ci maddəsinə əsasən, bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı (o cümlədən X3 Sistemi üzərindən) razılığı ilə yol verilir. 13.2. Subyektin razılığı olmadan fərdi məlumatların verilməsinə yalnız aşağıdakı hallarda yol verilir: 13.2.1. açıq kateqoriyalı fərdi məlumatlar verildikdə; 13.2.2. konfidensial fərdi məlumatlar dövlət orqanları (qurumları) və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə; 13.2.3. fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda. 13.2-1. Vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh ASC tərəfindən iddiaçının fərdi identifikasiya nömrəsindən istifadə edilməklə onun fərdi məlumatlarının verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə, iş yerinə dair məlumatların əldə olunması ilə bağlı isə xx.xx.2024-cü il tarixdə sorğular edilmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə, habelə fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyekt tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar əsasında yol verilir. Bu razılıq olmadıqda isə şəxs ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir (“Fərdi məlumatlar haqqında” AR Qanunu, m. 7-8). Bununla yanaşı, “X4 Mərkəzi” PHŞ və Cavabdeh ASC arasında bağlanmış ASAN Finans Müqaviləsinə əsasən, “X4 Mərkəzi” Publik hüquqi şəxsi Cavabdeh ASC-yə Government to Business (G2B) çərçivəsində “ASAN Finans” üzərindən verilən sorğular əsasında məlumatların ötürülməsi xidmətini göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.4.2-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər barəsində məlumatları əldə etməzdən əvvəl, məlumat sahibinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə və Müqavilənin şərtlərinə uyğun olaraq razılığını kağız daşıyıcıda gücləndirilmiş elektron imza ilə və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə təsdiqlənmiş qaydada almaq, yəni ərizələrin məlumat sahibləri və ya onların səlahiyyətli nümayəndələri tərəfindən doldurulması və imzalanmasını təmin etmək Cavabdeh ASC-nin vəzifəsi kimi göstərilmişdir. Hazırki iş üzrə Cavabdeh ASC tərəfindən iddiaçının fərdi məlumatlarının, iş yerinə dair məlumatlarının əldə olunması zamanı iddiaçının razılıq ərizəsinin alınmaması iş materialları ilə təsdiq olunur. Belə ki, iddiaçı ona dair məlumatların sorğulanması ilə bağlı yazılı razılığının olmadığını bildirərək, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiya və X2 yazılı müraciət etmişdir. Müraciətin araşdırılması məqsədilə sonuncu tərəfindən Cavabdeh ASC-yə xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq, fərdi məlumatların ötürülməsi ilə bağlı vətəndaşın – İddiaçı yazılı razılıq ərizəsini Agentliyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh ASC tərəfindən, vətəndaş İddiaçı məlumatının texniki yanlışlıqla sorğu edildiyi, araşdırmanın nəticəsi ilə bağlı vətəndaşla şəxsi görüş keçirildiyi, görüş zamanı müvafiq məsələ ilə bağlı üzrxahlıq edilərək, müraciəti üzrə ətraflı məlumatlandırma aparıldığı bildirilmişdir. İddiaçı həmçinin mübahisə ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmiş, araşdırmanın nəticəsi olaraq bank tərəfindən vətəndaşın iş yerinə dair fərdi məlumatlarının xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixlərində iki dəfə sorğulanmasının hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, müvafiq bank tərəfindən sözügedən vətəndaşın həmin vaxtlarda iş yerinə dair fərdi məlumatlarının X3 Sistemi üzərindən sorğulanması ilə bağlı onun razılığının olmasına dair müvafiq sübutlar təqdim edilməmiş və nəticə etibarilə həmin vətəndaşın fərdi məlumatları Cavabdeh ASC tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla qanunsuz işlənilmişdir. Bununla da iddiaçıya Elektron Təhlükəsizlik Xidmətinə və ya məhkəməyə şikayət etmək, habelə vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ olduğu bildirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7.4-cü maddəsinə əsasən cavabdehdən ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqazidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbinə bu aspektdən yanaşaraq qeyd edir ki, iddiaçının hüquqlarının bərpa edilməsi üçün müvafiq orqanlara, habelə məhkəməyə müraciət etmək məcburiyyətində qalması faktları özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir. Bununla belə məhkəmə qeyd edir ki, mənəvi zərərin məbləği ağlabatan və ədalətli olmaqla, şəxsin məruz qaldığı sarsıntı və iztirablara mütənasib olmalıdır. Mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının cavabdehdən ona dəymiş mənəvi zərərə tələb etdiyi 3000 (üç min) manat məbləğ tənasübsüz qaydada yüksək olmaqla açıq-aşkar iddiaçının məruz qaldığı sarsıntıya və iztirablara mütənasib deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi pul kompensasiyasının məbləğini müəyyən edərkən, mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkətini, toplanmış məlumatların xarakterini, onların yayılma dairəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlıq dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddianın qismən təmin edilərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən və tərəflərin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddianın təmini rədd edilmiş hissəyə münasib olaraq iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu kimi 10 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ASC tərəfindən vurulmuş mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 124, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən vurulmuş mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1584/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1584/2025
29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver