Məhkəmə qərarları › İş №e-2(005)-1676/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1676/2022

05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1676/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay övladı 10 iyun 2010-cu il təvəllüdlü X1 üçün hər ay 250 manat aliment və mediatora ödədiyi 50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə ailə qurmuşdur. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-124/2015 saylı, 28 yanvar 2015-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanan nikah pozulmuşdur. Məhkəmənin qətnaməsi ilə onların birgə nikahdan 10 iyun 2010-cu il tarixdə anadan olmuş övladı X7 iddiaçının himayəsində qalmış və hal-hazırda da onun himayəsindədir. Cavabdeh əvvəllər Polis zabiti olsa da, hazırda işdən azad edilib, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və qazancı qeyri-stabildir. Uşaqların saxlanılmasında heç bir köməklik etmir. Həmçinin iddiaçı Mediyasiya Şurasına bu ilin dekabr ayında müraciət etdiyindən alimentin tutulması da həmin vaxtdan hesablanmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən 01.07.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 236573 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01.04.2015-ci il tarixdə 100 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Zalova soyadı verilmişdir; Gəncə nikah evi tərəfindən 21.07.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 456318 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 10.06.2010-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X4r; 07.02.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin rəsmi nikahından 10.06.2010-cu il təvəllüdlü X7 adlı uşaq doğulmuşdur. Uşaq hazırda iddiaçının himayəsindədir. İddiaçı hazırda uşağın saxlanılması üçün cavabdehdən hər ay üçün 250 manat sabit pul məbləğində aliment tələb edir. Uşağa alimentin ödənilməsi ilə bağlı tərəflər öz aralarında hər hansı saziş bağlamamışlar. Cavabdehin əmək fəaliyyəti ilə məşğul olması və müntəzəm aylıq gəlirə malik olması halı müəyyən edilməmişdir. İddia ərizəsi məhkəməyə 14.03.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin ödənilməsi barədə saziş yoxdur, cavabdehin müntəzəm aylıq gəlirə malik olması müəyyən edilməmişdir. İddiaçı uşağın saxlanılması üçün aliment miqdarını hər ay ödənilməli olan sabit pul məbləğində tələb edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, 10.06.2010-cu il təvəllüdlü X2 üçün İddiaçı tərəfindən Cavabdeh tələb edilən alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə işin hallarını və uşaqların mənafeyini nəzərə alaraq, hesab edir ki, 10.06.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər aya görə 193 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması ədalətli və əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 10.06.2010-cu il təvvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər aya görə 193 manat sabit pul məbləğində aliment və 50,00 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı xeyrinə tutulmalı, aliment məbləği iddiaçının Mediasiya Şurasına müraciət etdiyi vaxtdan, yəni 07.02.2022-ci il tarixdən hesablanmalı, iddia qalan hissədə rədd edilməlidır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 10.06.2010-cu il təvvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər aya görə 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. Aliment məbləği 07.02.2022-ci il tarixdən etibarən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 50,00 (əlli) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar