Məhkəmə qərarları › İş №e-2(005)-1821/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1821/2025

18.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1821/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “son haqq hesabın, əmək haqqının ödənilməsi və digər tələblər barədə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “son haqq hesabın, əmək haqqının ödənilməsi və digər tələblər barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən işdənçıxarma müavinəti olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən 4.202,80 manat və 4-cü bəndinə əsasən 3.461.85 manatdan qalan 65 manat məbləğində vəsaitin tutulması, ödənilməmiş əmək haqqının (2023-cü ilin may ayı üçün 25 gün, 2024-cü ilin yanvar və fevral ayı üçün 23 gün əmək haqqı) cavabdehdən tutularaq ödənilməsi (2023 may üçün 2.121 manat, 2024 yanvar ayı üçün 2.475 manat, 2024 fevral ayı üçün 1.980 manat olmaqla, cəmi 6.576 manat) və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının gecikdirildiyi hər gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin ödənişin həyata keçiriləcəyi günə qədər hesablanıb cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən, "xxxx" ASC-də İnformasiya Texnologiyaları Departamentinin baş mütəxəssisi vəzifəsində çalışmışdır. İşəgötürənin xx.xx.2024-cü il tarixli, 08 nömrəli əmri əsasında ona əvvəlcədən heç bir rəsmi xəbərdarlıq edilmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək haqqının miqdarı, sosial sığorta haqları və digər məcburi ödənişlər çıxıldıqdan sonra 2.472,75 manat təşkil etmişdir. İddiaçı işdə olarkən ən son 2023-cü ilin aprel ayının əmək haqqını almışdır. Şirkətin məsul olduğu bir sıra səbəblərdən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək məzuniyyət götürməyə məcbur olmuşdur. Hal-hazırda şirkət tərəfindən iddiaçıya 2023-cü ilin may ayının 25 günü üçün əmək haqqı (2.121 manat); 2024-cü ilin yanvar ayının əmək haqqı (2.475 manat); 2024-cü ilin fevral ayının 23 günü üçün əmək haqqı (1.980 manat) borcları ödənilməmiş olaraq qalır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, iddiaçıya orta aylıq əmək haqqının azı 1,7 misli qədər (4.202,80 manat) işdənçıxarma müavinəti, 4-cü bəndinə əsasən isə xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli qədər (3.461,85 manat) ödənilməlidir. Azərbaycan Respublikasının Prezidentinə yazılı şikayət etdikdən sonra yuxarıda göstərilən məbləğdən xx.xx.2024 tarixində 5000 manat, xx.xx.2024 tarixində isə 2.600 manat olmaqla işdən çıxarma müavinətindən ümumi 7.600 manat ödənmiş, qalan 65 manat hələ də ödənilməmiş olaraq qalmaqdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə edərək, izahatında göstərmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdeh ASC-də baş mütəxəssis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilmədən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan hesabından çıxarışda ona cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən ödənilməli olan əmək haqları və ona hesablanmış faizlər və sairin hissə-hissə köçürülməsi öz əksini tapmışdır. Yəni o, hazırkı tələbində göstərdiyi və işlədiyi dövrlər üçün əmək haqqı almamışdır. Odur ki, cavabdehdən işdənçıxarma müavinəti olaraq ödənilməyən məbləğin, ödənilməyən əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla, pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı bildirişinin çıxarışından görünür ki, İddiaçı xx.xx.2015-ci tarixindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində (VÖEN **********) baş mütəxəssis vəzifəsində işləmiş və əmək haqqısı 2.810 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2903/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-430/2022 saylı qətnaməsi qismən – iddia tələbinin əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə ödəncin tutulmasının təmin olunmaması hissələrində ləğv edilməsi və iddia tələbinin həmin hissələrinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin baş mütəxəssisi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, İddiaçı işlədiyi dövr üçün 2021-ci il mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üçün ödənilməli olan əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 1 faiz hesablanmaqla, cəmi 21.393,78 manat ödəncin cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən həmçinin görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 2(005)- 430/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" ASC-dən məcburi iş buraxmaya görə ödənilməmiş 3148,41 manat məbləğində əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə 5281,25 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı məxsus hesaba ödənilmiş əmək haqqı barədə bank hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü ildə 5.000 manat, və xx.xx.2024-cü ildə 2.600 manat əmək haqqı ödənişləri olmaqla, ümumilikdə 7.600 manat ödəniş edilmişdir. İş materiallarında olan Bakı 2 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında (ims) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, "xxxx" ASC isə mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək mühəndis vəzifəsində işləmiş və aylıq əmək haqqı 2810 manat təşkil etmişdir. İddiaçı işdən çıxarıldıqdan sonra əmək haqqını ala bilmədiyi üçün hazırda ona ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirildiyi gündən ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 2810 manat məbləğində əmək haqqının 1%-i məbləğində ödəncin cavabdehdən tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, iddianı qəbul etməsi və ya iddiaya etiraz etməsi barədə məhkəməyə hər hansı yazılı münasibət bildirməmişdir. Mövcud işin hallarına və cavabdehin göstərilən ərizəsinə əsasən, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh ASC-də iddia etdiyi müddətdə işləməsi, onun aylıq əmək haqqının 2810 manat olması və ona əmək haqqı ödənişlərinin edilməsinin gecikdirilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 1-ci bəndinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Belə olan halda hazırki mülki iş üzrə iddia tələbinin dəlillərinin əksini sübutetmə cavabdehin üzərinə düşür. Hazırki iş materiallarından göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən 2024cü ilin noyabr-dekabr ayları ərzində müxtəlif vaxtlarda 5000, 2600 manat civarında olmaqla, cəmi 7600 manat işdən çıxarılma müavinəti ödənişi edilmişdir. Belə ki, iddiaçının cavabdeh ASC-də işlədiyi müddət üçün ümumilikdə almalı olduğu əmək haqqının məbləği isə cəmi 6576 manat (2023 May üçün 2121 manat, 2024 Yanvar ayı üçün 2475 manat, 2024 Fevral ayı üçün 1980 manat olmaqla, cəmi 6576 manat) olmalı idi. Əmək haqqının ödənilməməsi barədə iddiaçının iddiasına qarşı bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, o cümlədən cavabdeh tərəfindən iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bunun əksi olaraq iddiaçı tərəfindən məhkəməyə əmək haqqı hesabının bank çıxarışı təqdim olunmuşdur. Həmin bank çıxarışından müəyyən edilir ki, 2024-cü ildə müxtəlif tarixlərdə, sonuncusu xx.xx.2024-cü il tarixdə hazırkı iddiaya baxılan dövrdə 2600 manat olmaqla, ümumilikdə cavabdeh tərəfindən iddiaçıya 7600 manat əmək haqqı ödənişi edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı yuxarıda sadalanan işin hallarına, mövcud qanunvericiliyin tələblərinə və iddiaçının işlədiyi dövr üçün əmək haqqı almaqla bağlı konstutision hüququna əsasən, ona ödənilməmiş 6576 manat məbləğində əmək haqqı ödənişi cavabdehdən onun xeyrinə tutulmalıdır. Beləliklə, göstərilən hissədə iddia tələbi təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" ASC Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən maddələrinin tələblərini pozmaqla, orada mühəndis vəzifəsində çalışmış İddiaçı əmək haqqını verməkdə gecikdirmələr edərək, ona müxtəlif vaxtlarda hissə-hissə olmaqla əmək haqqı ödənişləri etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, əmək haqqının gecikdirilməsinə görə verilməli olan ödənc sonuncu əmək haqqı ödənildiyi xx.xx.2024-cü il tarixindən (həmin vaxta ödənilməmiş əmək haqqı 6576 manat təşkil edirdi) başlayaraq, qətnamənin icra ediləcəyi günədək hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin mülki prosessual qanunvericiliyin tələbinə əsasən, hesab edir ki, iddiaçının tələbləri təmin edildiyindən, iş üzrə ödənilməli olan məhkəmə xərcinə daxil olan 122,3 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən ödənilməmiş 6576 manat məbləğində əmək haqqı, işdən çıxarılmaya görə qalıq qalmış 65 manat müavinət və xx.xx.2024-cü il tarixdən başlayaraq qətnamənin icra ediləcəyi günədək hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqının 1 %-i məbləğində ödənc və 60 manat mediasiya xərci İddiaçı ödənilsin. İş üzrə məhkəmə xərcinə daxil olan 122,3 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar