Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1837/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X29, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçının Cavabdehnə qarşı (https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2786049X69 və https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2786049X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi zərərə görə 30.000 manat, dövlət rüsumuna görə ödənilmiş 180 manat, ümumilikdə 30.180 manat məbləğində pulun cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat X63 Şəxsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, avtobusla qatarın toqquşması nəticəsində doğma bacısı İskəndərova Mətanəti itirmişdir. O, onun həyatındakı ən dəyərli varlıq idi. İnsanın öz doğmasını itirməsi, hələ belə bir faciəvi qəzada itirməsi nəticəsində keçirdiyi sarsıntını yalnız bu hissi yaşayanlar bilə bilər. Ürəyi sızlayır, yaşadığı iztirabları bu acını yaşamayan heç bir insan hiss edə bilməz. O, bacısıyla birlikdə yaşamışdır, o xasiyyətcə deyib-gülən, istiqanlı biri olmuşdur, onların münasibətləri bacı-qardaş kimi çox yaxşı olmuşdur. O onun həyatının hər anında ona dəstək olurdu. Onu itirməklə ailələrində dərin bir boşluq yarandı. Həyatlarının hər anında onun yoxluğu ilə qarşılaşmaq içlərindəki iztirabları artırır. Hər gün avtobus görəndə bu dəhşətli hadisəni xatırlayır. Bacısının təqsirləndirilən şəxslərin təqsiri ucbatından belə bir dəhşətli qəzada həyatını itirməsi, bu qəzanın qurbanı olması onun üçün dözülməzdir. Sevincini-kədərini birlikdə bölüşdüyü, fərəhləndiyi, qürur hissi keçirdiyi, saçlarını oxşadığı əziz bacısının artıq həyatında olmaması ürəyində silinməz dərin yara açıb. Bacısı Mətanət 3 ilə yaxın bir müddət idi ki, “Emiland” firmasında dərzi işləyirdi. Səhər işə getmək üçün evdən çıxdı, ondan bir qədər sonra da o, işə getmək üçün evdən çıxmışdı. Dayanacaqda marşrut gözləyərkən ona xəbər verdilər ki, şəhər istiqamətində avtobus qatarla toqquşub, qəza baş verib, ölən və yaralananlar var. Həyəcan və stresli anlar yaşadı. Mətanətin həmin avtobusda olması ehtimalını düşünmək belə istəmədi. Onun iş yeri ilə əlaqə saxlayıb Mətanətin işə çatmadığını öyrəndi. Sonra vəziyyəti öyrənmək üçün tələsik özünü Lökbatan təcili tibbi yardım stansiyasına çatdırdı. Dua edirdi ki, bircə ona heç nə olmasın. Mətanətin xəstəxanadakı yaralıların arasında olmadığını öyrəndikdən sonra Lökbatan qəsəbəsindəki morqa getdi. Orada canının bir parçası olan bacısının hərəkətsiz, cansız meyitini görüb. Başından ağır və ciddi xəsarətlər almışdı. Qısa müddət ərzində doğma, əziz insanı bacısını itirdi. Bu dəhşətli qəza baş verməsə idi, bacısı həmişəki kimi işdən evə qayıdacaqdı, o, bacısının səsini, varlığını evdə hiss edəcəkdi. Sarsılır, bunun nə qədər ağır olduğunu kəlimələrlə ifadə edə bilmir. İndiyədək iztirab çəkir. Qeyd edir ki, həmin hadisə ilə əlaqədar cinayət işi qaldırıldı. X5, 2012-ci il avqust ayının 31-də "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq “Dəmir yolu keçidlərinin istismarına dair Təlimat”ın 4.5, 4.6 və 4.7-ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, eləcə də "xxxx" MMC-də sürücü işləyən “Lökbatan qəsəbəsi - 28 May küçəsi” 124-cü marşurut xətti ilə hərəkət edən X69 idarə etdiyi “Daewoo” markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı avtobusla hərəkət edərkən Heybət- Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 3-cü hissəsinin, 2-ci və 5-ci bəndlərinin tələblərini pozaraq şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq keçidə qatar (lokomotiv, drezina) yaxınlaşmasına əmin olmadan keçməməli olduğu halda, qanunun həmin tələblərini pozaraq sağ tərəfdən Bakı istiqamətində hərəkətdə olan qatarın yaxınlaşmasına, salondakı sərnişinlərin qatarın artıq çatmasını deyərək qışqırmalarına, keçidin yaxınlığında olan şəxslərin təhlükə barədə qışqırıb ona xəbər vermələrinə, habelə qatarın həyacan siqnalına əhəmiyyət verməyib avtobusu dayandırmayaraq qatarın qarşısına sürmüş, nəticədə saat 07:28 dəqiqədə sərnişin avtobusu açıq şlaqbaundan keçərək 97 saylı Ağstafa-Bakı sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan sərnişinlərdən - X21, X6, X38, X22, X13, X56, X9, X14, X39, X23, X40, X10, X30, X47, X41, X83, X7, X57, X15, X58, X1, X16, X70, X11, X48, X59 az ağır, X60, X31, X24, X12, X98 ağır xəsarətlər almış, X17, X42, X32, X18, X19, X71 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli, 1(101)-248/2013 saylı hökmünə əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, X69 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli qərarı ilə hər iki şəxsə təyin edilmiş cəza 9 ilə qaldırılmışdır. Ali Məhkəmənin 28 oktyabr 2015-ci il tarixli qərarı ilə Eyyub İsmayılovun vəkili və məhkum Fərid Ağayev özü tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli 1(101)-248/2013 saylı qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17 sentyabr 2012-ci il tarixli 117 saylı rəyindən görünür ki, M.İddiaçının meyitinin məhkəmə - tibbi ekspertizasında-kəllənin sağ yarısında beyin toxumasına, beyin mədəciklərinə, beyinin yumşaq qişasına qansızma, sağ alın-gicgah nahiyyəsinin əzilmiş yarası, alt çənənin sol yarısının, sol əlin arxa səthinin sıyrıqları aşkar edildi. Yuxarıda qeyd olunan xəsarətlər başın və bədənin küt travması nəticəsində yaranmışlar, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişini olduğu avtomaşının salon hissələrinin təsirindən əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və Mətanət İskəndərovanın ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. Onun ölümünə səbəb baş beyin toxumasına, beyin mədəciklərinə qansızma ilə müşayiət olunan başın küt travması olmuş, ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm onun meyitinin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu). fenitiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. Cavabdehin işçisinin qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində bacısı öldüyünə görə ona mənəvi zərər dəymişdir. Birlikdə yaşadığı doğma bacısının faciəvi şəkildə həlak olması nəticəsində ona vurulan mənəvi zərərin ağırlığının pik həddində olması da təkzib edilməzdir. Onun ölümündən sonra yaşama sevinci azalmış, toy-büsat, şənliklər onun üçün əhəmiyyətini itirmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərlə və işin halları ilə təsdiq olunur ki, bacısı, cavabdehin işçisinin təqsirli hərəkəti nəticəsində ölmüş və hüquqazidd təqsirli hərəkət nəticəsində ona mənəvi zərər vurulmuşdur. 12 il keçməsinə baxmayaraq bir qardaş olaraq bacısının itkisinin iztirabını çəkməyi azalmamışdır. Bu səbəbdən qanunun tələbləri baxımından hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi zərərin pul məbləğində ifadə olunmasını mümkün sayır. Mənəvi zərərin ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Mərhum bacısının faciəvi şəkildə ölməsindən bu günədək davam edən iztirab, sarsıntı və bu kimi halları nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, 30.000 manat məbləğində pulun mənəvi zərərə görə cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat X63 Şəxsindən tutularaq ona ödənilməsi pozulmuş hüquqlarının bərpası baxımından ədalətli olar. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin hüquqi şəxs olmaqla kifayət qədər vəsaitə malik olmasını, yüksək təhlükə mənbəyi sayılan nəqliyyat vasitələrilə sərnişin daşınması və təşkili ilə məşğul olarkən işlərinə məsuliyyətlə yanaşmamalarını, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni insan itkisini, onun keçirdiyi mənəvi iztirabların ağırlığını və davamlılığını nəzərə almalıdır. Keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan, ya da unudulan hadisə deyildir. Ümid edir ki, məhkəmə baş verən hadisənin unudulması mümkün olmaması səbəbindən keçirdiyi iztirablarının ömür boyu davam edəcəyini nəzərə alaraq mənəvi zərərin miqdarını tam şəkildə təmin edəcək. Cavabdeh PHŞ məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı mərhum ilə qohumluq əlaqələrini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı mərhum ilə qohumluq əlaqələrini sübut edə bilsə belə, onun mərhumun yol-nəqliyyat hadisəsi zamanı ölməsi ilə əlaqədar hər hansı bir formada mənəvi sarsıntı keçirməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Hamıya bəlli olan bir faktdır ki, hər hansı bir şəxsin ölməsi o cümlədən də yol-nəqliyyat hadisəsi zamanı ölməsi onun ailə üzvləri və yaxınlarına pis təsir edir. Lakin, ümumilikdə ölümün hər bir canlı üçün qaçılmaz bir hal olduğunu nəzərə alaraq müəyyən vaxt ötdükcə hər hansı bir şəxsin ölümünə münasibət onun ailə üzvləri tərəfindən dəyişir, onlar bu “faktı” qəbul edərək öz həyatlarını yaşayır və bu hal onlara hər hansı bir psixoloji iztirab yetirmir. Bəzi hallarda isə şəxsin ölməsi onun ailə üzvlərində müəyyən psixoloji problemlər yaradır və həmin şəxslər buna görə tibb müəssisələrinə müraciət etməklə müəyyən müalicələr alırlar. İddiaçının qeyd edilən hadisə ilə əlaqədar Mətanət İsgəndərovanın ölməsindən uzun müddət sonra, yəni 12 il sonra məhkəməyə müraciət etməsi və bu zamanda onun həmin hadisə ilə əlaqədar bacısı olduğu iddia etdiyi mərhumun ölməsi səbəbindən hər hansı bir mənəvi iztirab keçirməsini sübut edəcək mötəbər sübutu məhkəməyə təqdim etməməsi onun hər hansı bir formada mənəvi sarsıntı və iztirab keçirməməsini sübut edir. Digər tərəfdən məhz qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş şəxs özü iddia etdiyi sarsıntı və iztirabın keçirməsini sübut etməklə bərabər həmin psixi reaksiyanın (sarsıntı) və fiziki əzabın (sarsıntının) məhz həmin şəxsin ölməsi ilə əlaqədar keçirməsini də sübut etməlidir. Mərhumun ölməsindən sonra uzun müddət, yəni 12 il keçməsini nəzərə alaraq iddiaçının həyatında ola biləcək digər hər-hansı bir hadisənin də ona mənəvi sarsıntı və iztirab verməsi mümkündür və hər-hansı bir digər hadisəyə onun subyektiv yanaşaraq psixi çəhətdən sarsıntı və fiziki cəhətdən iztirab keçirməsi bunların məhz iddia etdiyi yol-nəqliyyat hadisəsinə nəticəsində mərhumun ölməsi ilə əlaqədar olması demək deyil. İddiaçı iddia tələbinin sübutu olaraq ancaq qeyd edilən yol-nəqliyyat hadisəsi ilə əlaqədar məhkəmənin müvafiq hökmünü təqdim etmişdir. Qeyd edilən hökmlə cinayət əməlini törətmiş şəxslərin cinayəti törətməkdə təqsirli bilinərək məhkum edilmələri qeyd edilmişdir. Qeyd edilən hökmdə iddiaçıya münasibtə hər hansı bir mənəvi ziyanın dəyməsi qeyd edilməmiş, Agentliyin iddiaçıya hər hansı bir mənəvi ziyanın dəyməsinə aidiyyəti müəyyən edilməmişdir. Beləliklə o, İddiaçı mənəvi zərərə görə 30.000 manat, dövlət rüsumuna görə ödənilmiş 180 manat, ümumilikdə 30.180 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsi tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2786049X69 və https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2786049X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, iddiaçının mərhum bacısı ailə qurmamışdır. Həmişə qardaşı ilə birlikdə yaşayırdı. Hadisə baş verən günü də qardaşının evindən çıxıb işə yollanmışdır. İddiaçı xəbəri eşidən kimi hadisə yerinə getmişdir. Qardaşı ilə bir-birinə çox bağlı idilər. Ailədə cəmi iki uşaq olublar. İddiaçı həmin hadisədən sonra hələ də özünə gələ bilməmişdir, böyük iztirablar keçirmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X61 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2786049X5 bildirmişdir ki, o şlaqbauna nəzarət edirdi. Hadisəyə görə 8 il 6 ay həbs edilib. Cəzasını çəkib bitirib, əmək qabiliyyətini itirib. 15 il keçdikdən sonra pul tələbinin əhəmiyyəti yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - X4 ilə X69 arasında bağlanmış xx.xx.2011–ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, o, sərnişinlərin daşınması üzrə sürücü vəzifəsinə işə qəbul edilmişdir; - AB seriyalı, 493183 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo” markalı, **-TF-*** dövlət nömrə nişanlı avtobusun sahibi Nəqliyyat Nazirliyi "xxxx" MMC-dir; - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-248 saylı, xx.xx.2013-cü il tarixli hökmünün surətindən görünür ki, X69 AR CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, X5 isə CM-in 262.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1686/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2014-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli hökmü dəyişdirilmiş, E.lsmayılova Azərbaycan Respublikası CM-in 262.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti bir il artırılaraq 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, F.Ağayevə Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti bir il artırılaraq 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. X5 və X69 barəsində Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli qərarı kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 26 dekabr 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası X33r; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2012-ci il tarixdə baş beyninə qansızma nəticəsində vəfat etmişdir; - Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X20 ilə X25 (iddiaçının valideynlərinin) Oğuz rayon qeydiyyat şöbəsində xx.xx.1958-ci il tarixli nikahı aşkar edilmişdir. Övladları xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 648 saylı, :xx.xx.1959-cu il tarixli, xx.xx.1964-cü il təvəllüdlü X8 xx.xx.1965-ci il tarixli 06 saylı doğum haqqında akt qeydi ilə Qaradağ rayon qeydiyyat şöbəsində qeydə alınmışdır; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X54 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, F.Ağayevin adına "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi daxil edilməmişdir. 27 dekabr 2013-cü il tarixinədək qüvvədə olan qanunvericiliyə əsasən əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumda elektron qeydiyyata alınması nəzərdə tutulmadığı üçün həmin dövrədək əmək fəaliyyəti barədə məlumatlar sistemdə mövcud deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının bacısı xx.xx.2012-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Həmin nəqliyyat hadisəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə X5 və X69 (sürücü) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Hazırda iddiaçı ailə üzvünün itirilməsinə görə mənəvi iztirablar çəkdiyini bildirərək, cavabdeh qurumun işçisinin hadisəyə görə təqsirinin məhkəmə hökmü ilə təsdiq edilməsinə əsaslanaraq, dəymiş mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət müəyyən edən 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir (bəzi hallar istisna təşkil edir). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, sürücü X69 31 avqust 2012-ci ildə 124-cü marşrut xətti ilə hərəkət edən “Daevoo” markalı, **-TF-*** dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edərkən yol hərəkəti qaydalarını pozaraq Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olması) törətmişdir. Həmin hadisə nəticəsində bir neçə şəxs xəsarət alaraq vəfat etmişdir, onlardan biri də iddiaçının bacısı olmuşdur. Hadisənin baş verməsində sürücünün təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir. Beləliklə, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun X43 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Digər tərəfdən həmin nəqliyyat vasitəsinin "xxxx" MMC-yə məxsus olması və hadisəni törətmiş sürücünün həmin müəssisənin işçisi olması iş materiallarında mövcud olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, əmək müqaviləsi, yol vərəqi və digər sübutlarla təsdiq olunmuşdur. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun....İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır ... Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olubolmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı). Hazırki iş üzrə hadisənin əmək vəzifəsinin icrası ilə əlaqədar baş verməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə, cavabdehin məhkəməyə təqdim edilmiş əmək müqaviləsinin hansı müəssisə tərəfindən bağlandığının müqavilədən görünməməsi dəlilini əsassız hesab edir. Ən azından tərəflər arasında işçi-işəgötürən münasibətlərinin mövcudluğu cinayət işinin materiallarında olan və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəməyə göndərilmiş yol vərəqi ilə təsdiq olunur. X69 ilə bağlanmış xx.xx.2011–ci il tarixli əmək müqaviləsinin surətindən də görünür ki, o, sərnişinlərin daşınması üzrə sürücü vəzifəsinə işə qəbul edilmişdir, yəni hadisənin törədilməsində təqsiri məhkəmə hökmü ilə təsdiq edilmiş X69 hadisə baş verərkən cavabdeh qurumun əməkdaşı olmuşdur. Cavabdehin hüquqi varisliyinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, "xxxx", “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X63 Şəxsinin yaradılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənəvi zərərlə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il tarixdə cavabdehin işçinin təqsirli olaraq törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının bacısı vəfat etmişdir və bu hadisədən sonra iddiaçının mənəvi sarsıntı keçirməsi, yəni bacısının ölməsinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya, iztirab keçirməsinə səbəb olması şübhəsizdir. Qeyd olunduğu kimi, mərhum ailə qurmamışdır, qardaşı ilə birgə yaşamışdır. İddiaçının ondan başqa bacı-qardaşı olmamışdır. Hadisə baş verəndən sonra iddiaçı dərhal hadisə yerinə getmişdir. İddiaçı cinayət işi üzrə mərhumun hüquqi varisi kimi tanınmışdır. Göstərilənlər onlar arasında mənəvi yaxınlığın olduğunu təsdiq edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı baş vermiş hadisəyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən, cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, əmək vəzifələrinin icra edilməsi ilə əlaqədar nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən törədilmiş mülki hüquq pozuntusunun ağırlığını, iddiaçının keçirdiyi mənəvi sarsıntıları, eyni zamanda hadisənin üzərindən uzun müddət keçməsini, iztirabların bir qədər azalmasını nəzərə alaraq hesab edir ki, cavabdeh təşkilatdan iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Bu səbəbdən iddia qismən, 5000 manat hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Nəzərə alınmalıdır ki, işin halları baxımından, daha yüksək məbləğdə pulun tutulması, iddiaçının pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən mənəvi zərərə görə 5000 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 180 manat pulun 30 manatı tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 180 manat pulun 30 (otuz) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1837/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1837/2024
09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver