Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1854/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontoruna və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı (açar sözlər: icra qeydinin mübahisələndirilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Ləğv prosesində olan Cavabdeh2 ASC-yə və Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı MMC cavabdehlər ləğv prosesində olan Cavabdeh2 ASC-yə və Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 49 saylı notariat ofisinin xx.xx.2024cü il tarixli, 8i-1261 saylı icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 49 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8i-1261 saylı icra qeydinə əsasən, LPO Cavabdeh2 ASCnin/VÖEN:**********/ tələbi ilə ipoteka qoyan AZ1010 ünvan 1 ünvanında yerləşən "xxxx" MMC /VÖEN: **********/ məxsus ipoteka predmeti İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında 0,1717 ha torpaq sahəsinin üzərində yerləşən 1396.70 kv.m qeyri yaşayış binası ünvanında əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən 030/M müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 6649000.00 AZN əsas borc, 370110.70 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 7019110.70 AZN təşkil edir). Aşağıda qeyd olunanlara əsasən, hesab edirəm ki, Bakı şəhəri 49 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8i-1261 saylı icra qeydi ləğv edilməlidir. İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında 0,1717 ha torpaq sahəsinin üzərində yerləşən 1396.70 kv.m yerləşən qeyri yaşayış binası təminat olaraq qoyulmuşdur. Sözü gedən kredit üzrə Bakı şəhəri 49 saylı notariat ofisi əsassız olaraq icra qeydi vermişdir. Belə ki, hazırda Cəmiyyətin eyni ipoteka predmetini əldə etmək üçün götürdüyü kredit vəsaiti ilə əlaqədar "xxxx" ASC tərəfindən iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və məhkəmədə mübahisələndirmişdir. Eyni zamanda hazırki icra qeydində faizlərin hesablaması düzgün aparılmamış və ödənilən ödənişlər nəzərə alınmamışdır. Bakı şəhəri 49 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8i-1261 saylı icra qeydi barədə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişi təqdim olunduqdan sonra məlumatı olmuşdur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, mülki işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: -Cavabdeh2 ASC və İddiaçı MMC arasında bağlanmış 01 aprel 2022-ci il tarixli 028/M saylı kredit müqaviləsi ilə müəyyən olunur ki, borcalana illik 6% olmaqla 24 ay müddətinə 351000 AZN məbləğində kredit verilmişdir. -Cavabdeh2 ASC və İddiaçı MMC arasında bağlanmış 04 aprel 2022-ci il tarixli 030/M saylı kredit müqaviləsi ilə müəyyən olunur ki, borcalana illik 6% olmaqla 24 ay müddətinə ******* AZN məbləğində kredit verilmişdir. - Cavabdeh2 ASC və İddiaçı MMC arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış 11 may 2012-ci il tarixli 030/M saylı ipoteka müqaviləsi ilə müəyyən olunur ki, ipoteka qoyan 04 aprel 2022-ci il tarixli 030/M №-li və 01 aprel 2022-ci il tarixli 028/M №-li kredit müqavilələrinə əsasən ünvan 3 ünvanında 0.1717 ha torpaq sahəsi və üzərində yerləşən 1396.30 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. -Ləğv prosesində olan Cavabdeh2 ASC-nin 15 fevral 2024-cü il tarixli arayışı ilə müəyyən olunur ki, İddiaçı MMC-nin 04 aprel 2022-ci il tarixli 030/M saylı kredit müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixə ******* manat əsas, 370110,70 manat faiz olmaqla, cəmi 7019110,70 manat ümumi borcu vardır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, ünvan 3 ünvanında 0.1717 ha torpaq sahəsi və üzərində yerləşən 1396.30 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin adına qeydə alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, ünvan 3 ünvanında 0.1717 ha torpaq sahəsi və üzərində yerləşən 1396.30 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. - ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 30 may 2024-cü il tarixli **********017 saylı “Kredit borcunun ödənilməsinə və İpoteka Predmetinə tutma yönəldilməsinə dair” Bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli 030/M saylı kredit müqaviləsi üzrə öhdəlikləri 21 gün ərzində tam icra etmədiyi halda AR İpoteka Haqqında" Qanununun 34-38-ci maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəyi bildirilmişdir. Bildiriş xx.xx.2024-cü il tarixdə imza edilməklə təhvil alınmışdır. - Ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış kredit borcunun ödənilməsinə və İpoteka Preclmetinə tutma yönəldilməsinə dair Bildirişin qeydiyyata alınması barədə ərizədən görünür ki, ipoteka qoyana və Borcalana 30 may 2024-cü il tarixli **********017 saylı “Kredit borcunun ödənilməsinə və İpoteka Predmetinə tutma yönəldilməsinə dair” Bildiriş göndərildiyi bildirilərək, bildirişin qeydə alınması xahiş olunmuşdur. - Bakı şəhəri 49 saylı Notariat ofisinin 27 sentyabr 2024-cü il tarixli reyestrdə 8İ-1261 № ilə qeyd edilmiş icra qeydindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" ASC (Ləğv prosesindədir) tələbi ilə ipoteka qoyan "xxxx" MMC-yə məxsus ipoteka predmeti olan "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında 0,1717 ha torpaq sahəsinin üzərində yerləşən 1396.70 kv.m ibarət qeyri-yaşayış binası ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir (Öhdəliyi müəyyən edən 030/M müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 6649000.00 AZN əsas borc, 370110,70 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 7019110.70 AZN təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2025-ci il tarixli 9/3848 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 166/KTN saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 7.047.923,00 manat məbləğində müəyyən edilir. O cümlədən: 6.649.000 manat əsas, 398923.00 manat faiz. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat : Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”: Bənd 1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borcalana illik 6% olmaqla 24 ay müddətinə 351000 AZN məbləğində və illik 6% olmaqla 24 ay müddətinə ******* AZN məbləğində kredit verilməsinə dair 01 aprel 2022-ci il və 04 aprel 2022-ci il tarixli kredit müqavilələri bağlanmışdır, həmçini kredit müqavilələrinin təminatı qismində ipoteka müqaviləsi bağlanmış, ünvan 3 ünvanında 0.1717 ha torpaq sahəsi və üzərində yerləşən 1396.30 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borclu İddiaçı MMC müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün tələb hüququna malik Cavabdeh2 ASC icra qeydinin verilməsi haqqında ərizə ilə notariusa müraciət etmişdir. Bakı şəhəri 49 saylı Notariat ofisi tərəfindən 27 sentyabr 2024-cü il tarixli reyestrdə 8İ-1261 № ilə qeyd edilmiş icra qeydi verilmişdir. Hazırda iddiaçı qeyd olunan icra qeydini mübahisələndirir. İddia tələbinin düzgün həlli üçün işin halları “Notariat haqqında” Qanunun 76-cı maddəsi, “İpoteka haqqında” Qanunun 36-37-ci maddələri, habelə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci bəndinin müddəaları əsasında təhlil olunmalıdır. “Notariat haqqında” Qanunun 76-cı maddəsindən göründüyü kimi icra qeydinin verilməsi üçün iki şərt eyni zamanda mövcud olmalıdır: 1. Borcun mübahisəsiz olduğunun təsdiq edilməsi; 2. Qeydi aparılan tələb üçün qanunla müəyyən edilmiş müddətin keçməməsi. Bu normanın təhlili onu deməyə əsas verir ki, borcun mübahisəsiz olmasının müəyyən olunmasında həlledici hal, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin borcluya çatdırılmasının müəyyən edilməsidir. İşdən görünür ki, Cavabdeh2 ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda göstərilən sənədləri - ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən çıxarışı, ipoteka müqaviləsini və ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişi və onun ipoteka qoyana göndərilməsini təsdiq edən poçt qəbzini elektron qaydada iş üzrə digər cavabdeh olan notariat ofisinə təqdim etmişdir (mülki iş v. 51-52). Bundan öncə isə ipoteka saxlayan Cavabdeh2 ASC “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı (müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası) əks etdirən xx.xx.2024-cü il tarixli bildirişi ipoteka qoyan-borcalan iddiaçının ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov ev 179A) göndərmiş, iddiaçı həmin bildirişi xx.xx.2024cü il tarixdə imza etməklə qəbul etmiş, bundan sonra ipoteka saxlayan xx.xx.2024-cü il tarixdə kredit borcunun ödənilməsinə və İpoteka Predmetinə tutma yönəldilməsinə dair Bildirişin qeydiyyata alınması barədə ərizəsini ipotekanın dövlət qeydiyyatı orqanına təqdim etmiş, xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparılmış, bununla da tutmanın yönəldilməsi proseduruna riayət etmişdir. Bununla yanaşı iddiaçı icra qeydində qeyd olunan məbləğin əsassız olduğunu, faizlərin düzgün hesablanmadığını və ödənilən ödənişlərin nəzərə alınmadığını bildirmiş, məhkəmə tərəfindən göstərilən halın araşdırılması məqsədilə iddiaçının vəsatətinə əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2025-ci il tarixli 9/3848 №-li ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 166/KTN saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu 6.649.000 manat əsas, 398923.00 manat faiz olmaqla ümumilikdə 7.047.923,00 manat məbləğində müəyyən edilir. Göründüyü kimi, iddiaçının əsas və faiz borcunun icra qeydində göstərilən məbləğlərdən az olması hal müəyyən edilməmiş, əksinə onun faiz borcunun icra qeydində göstərilən məbləğdən artıq olduğu müəyyən edilmişdir. Notarius tərəfindən icra qeydi qanunvericiliyin tələblərinə uyğun aparılmış, icra qeydinin aparılması üçün qanunvericiliklə müəyyən edilmiş sənədlər notariusa təqdim edilmiş, borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş vaxtında göndərilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri 49 saylı Dövlət Notariat Ofisinin notariusu tərəfindən İddiaçı MMC barəsində aparılmış 8İ-1261 nömrə ilə qeyd edilmiş 27 sentyabr 2024-cü il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış, icra qeydinin ləğvi üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddiaçıdan 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər Ləğv prosesində olan Cavabdeh2 ASC-yə və Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontoruna qarşı “Bakı şəhəri 49 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8i-1261 saylı icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, İddiaçı MMC-dən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227, 233 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Ləğv prosesində olan Cavabdeh2 ASC-yə və Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontoruna qarşı “Bakı şəhəri 49 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8i-1261 saylı icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı MMC-dən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1854/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1854/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver