Məhkəmə qərarları › İş №e-2(005)-1887/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1887/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1887/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" ASC-yə qarşı (Bakı şəhəri Xəzər rayon İcra şöbəsi və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi və qeydin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair "xxxx" ASC-nin ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin bağ evinə dair DƏDRX-də "xxxx" ASC-nin ipoteka yüklülüyünə (ipotekaya) dair qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra sənədinə əsasən cavabdeh X5 "xxxx" ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800000 manat əsas borc, 132134 manat məbləğində faiz borcu, 25700 manat cərimə, ümumilikdə 951434 manat və 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 115700 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 405000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964500 manat, Bakı şəhəri, Nərimanov rayonu, X14 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 900000 manat, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 350000 manat müəyyən edilməklə satılması və s. nəzərdə tutulmuşdur. İddia ərizəsinə əlavə edilmiş Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsi üzrə tələb yönəldilən digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 115700 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC-yə sifariş verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci tarixli hərrac bildirişindən müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 115700 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmiş və bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 239 saylı buraxılışında elan dərc edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 31/04 saylı protokoldan müəyyən edilir ki, fiziki şəxs X8 açıq hərraca çıxarılmış Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evi üzrə müəyyən olunmuş beh məbləğini ödəyərək xx.xx.2021-ci il tarixinə təyin edilmiş ilkin hərracda iştirak etmiş və hərrac “İpoteka Haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamışdır. İddia ərizəsinə əlavə edilmiş “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 239 saylı buraxılışında verilmiş elandan müəyyən edilir ki, satışa çıxarılmış digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair keçirilmiş hərrac “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/1816 saylı məktubundan müəyyən edilir ki, satışa çıxarılmış digər əmlaklarla yanaşı Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair keçirilmiş hərrac “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmadığından Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutumaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətinə ala biləcəyi, əks halda qanunun 43.5-ci maddəsinin tətbiq ediləcəyi barədə məlumat verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci tarixli ərizədən müəyyən edilir ki, tələbkar "xxxx" ASC Xəzər rayon İcra şöbəsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsinin “İcra haqqında” AR Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilir. İddia ərizəsinə əlavə edilmiş Xəzər rayon İcra şöbəsindən xx.xx.2021-ci tarixli Qərarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 1108/2019 saylı icra vərəqəsi “İcra haqqında” Qanunun 23-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. İddia ərizəsinə əlavə edilmiş Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2( 103)-1108/2019 saylı icra vərəqəsi üzrə tələb yönəldilən digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracdan satılması məqsədi ilə icra vərəqəsi üzrə hərracın davam etdirilməsi üçün "xxxx" MMC-yə sifariş verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/1601 saylı hərracın keçirilməsi barədə bildirişindən müəyyən edilir ki, satışa çıxarılan digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin təkrar hərracdakı satış qiyməti 115700 manat olmaqla açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmiş və bu barədə "Birja yenilikləri" qəzetinin xx.xx.2022-ci il tarixli 312 saylı buraxılışında elan dərc edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli 315 saylı buraxılışında verilmiş elandan müəyyən edilir ki, satışa çıxarılmış digər əmlaklarla yanaşı Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair keçirilmiş təkrar hərrac “İpoteka Haqqında” Qanunun 43-cü maddəsinə əsasən baş tutmamışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli İpoteka predmetinin əldə olunması barədə Təklifdən müəyyən edilir ki, digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair keçirilmiş hərraclar baş tutmadığından “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə ala biləcəyi barədə "xxxx" ASC-nə təklif (məlumat) vermişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli "xxxx" MMC-yə ünvanlanmış məktubundan müəyyən edilir ki, tələbkar bank ipoteka predmeti olan və ona təklif edilən əmlaklardan yalnız Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8A saylı evin 47 saylı mənzilin təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 675000 manata və 223125 manata əldə edilməsinə, eyni zamanda “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinə əsasən həmin əmlaklara dair protokolların imzalanmasına köməklik göstərilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən verilmiş xx.xx.2022-ci il tarixli, **********39-10101 və xx.xx.2022-ci il tarixli, **********043-09101 nömrəli dövlət reyestrindən çıxarışlardan müəyyən edilri ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8A saylı evin 47 saylı mənzil "xxxx" ASC-nə satılmış və hazırda onun mülkiyyətindədir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nə ünvanlanmış məktubundan da aydın olur ki, tələbkar bank ipoteka predmeti olan və ona təklif edilən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evini almaqda maraqlı olmamış, əksinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evini və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8A saylı evin 47 saylı mənzilini almaq barədə iradə ifadəsini açıq şəkildə bildirmiş və buna görə də həmin əmlaklara dair hərrac təşkilatçısı ilə hərracın yekunlarına dair protokol bağlamışdır. Hesab edir ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tətbiq edilməsinə əsas vardır. Həmin maddəyə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək onu müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən onların iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi 227 ünvanda yerləşən bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Bu barədə xx.xx.2012-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsindən görünür ki, qətnamə ilə cavabdeh X5 4 aprel 2013-cü il tarixli, 83/13 saylı kredit müqaviləsinə əsasən 800 000 manat əsas borc, 132 134 manat məbləğində faiz borcu, 25700 manat dəbbə pulu, ümumilikdə 957834 manat və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş digər əmlaklarla yanaşı, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 115700 manat müəyyən edilməsi, əldə ediləcək vəsaitin cavabdeh X6 banka olan borcunun ödənilməsinə yönəldilməsi, əmlaklar satıldıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, X14 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilində qeydiyyatda olan X2 və X3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində qeydiyyatda olan X1 yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmələri qət edilmişdir; Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsi və digər sənədlər ipoteka predmeti olan digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair hərracın keçirilməsi məqsədi ilə "xxxx" MMC-yə göndərilmişdir; xx.xx.2021-ci tarixli hərrac bildirişindən görünür ki, ipoteka predmeti olan digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair xx.xx.2022-ci il tarixində saat 11:00-17:00-dək (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan hərrac barədə "xxxx" MMC tərəfindən bildiriş tərtib edilmişdir; “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 239 saylı buraxılışının surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair xx.xx.2021-ci il tarixində saat 11:00-17:00-dək (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan hərrac barədə elan verilmişdir; "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 31/05 saylı protokolundan görünür ki, hərrac təşkilatçısı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evi və qiyməti barədə məlumat vermiş, hərracda alıcı qismində X8 iştirak etmiş, ipoteka saxlayan "xxxx" ASC-yə hərracla bağlı bağlı bildiriş göndərilsə də, hərracda nümayəndə iştirak etməmiş, bu səbəbdən “İpoteka Haqqında” Qanunun 43.1.1ci maddəsinə əsasən hərrac baş tutmamış elan edilmiş və “İpoteka haqqında” Qanunun 43.2-ci maddəsinə əsasən elanın dərc ediləcəyi və hərrac barədə tərəflərə məlumat veriləcəyi qərara alınmışdır; "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/1816 saylı məktubundan görünür ki, tərəflərə, satışa çıxarılmış digər əmlaklarla yanaşı Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair keçirilmiş hərrac “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmadığından Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanın ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətinə ala biləcəyi, əks halda qanunun 43.5-ci maddəsinin tətbiq ediləcəyi barədə məlumat verilmişdir; xx.xx.2021-ci tarixli ərizədən görünür ki, tələbkar "xxxx" ASC Xəzər rayon İcra şöbəsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsinin “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir; Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsinin geri qaytarılması qərara alınmışdır; “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 239 saylı buraxılışında verilmiş elandan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair keçirilmiş hərrac “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamışdır; Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsi və digər sənədlər ipoteka predmeti olan digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair hərracın davam etdirilməsi məqsədi ilə "xxxx" MMC-yə göndərilmişdir; xx.xx.2022-ci il tarixli, 02 saylı hərracın keçirilməsinə dair bildirişdən görünür ki, ipoteka predmeti olan digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair xx.xx.2022-ci il tarixində saat 11:00-17:00-dək (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan hərrac barədə "xxxx" MMC tərəfindən bildiriş tərtib edilmişdir; “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli 312 saylı buraxılışının surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair xx.xx.2022-ci il tarixində saat 11:00-17:00-dək (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan hərrac barədə elan verilmişdir; “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli 315 saylı buraxılışında verilmiş elandan görünür ki, digər əmlaklarla yanaşı Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair keçirilmiş təkrar hərrac “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə əsasən baş tutmamışdır; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifindən görünür ki, ipoteka predmetlərinə dair keçirilmiş hərraclar baş tutmadığından “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evi təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə yəni, 86775 (səksən altı min yeddi yüz yetmiş beş) manata "xxxx" ASC-yə təklif edilmişdir; "xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, tələbkar bank ipoteka predmeti olan və ona təklif edilən əmlaklardan yalnız Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evini və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8A saylı evin 47 saylı mənzilini almağı qəbul etmişdir; Hərracın yekunları barədə 30/02 nömrəli xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi 675000 (altı yüz yetmiş beş min) manata "xxxx" ASC-yə satılmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi qeydə alınmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 8a, mənzil 47 tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi qeydə alınmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra sənədində X5 "xxxx" ASC-nin xeyrinə pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü olan əmlaklara, o cümlədən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə yönəldilməsi nəzərdə tutulmuş, icra sənədi Xəzər Rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi məqsədi ilə "xxxx" MMC-yə göndərilmiş, həmin MMC tərəfindən 2 dəfə keçirilmiş hərraclar baş tutmamış, ipoteka predmetlərinin alınması barədə tələbkar banka təklif göndərilmiş, bununla belə bank əmlaklardan yalnız ikisinə – Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8A saylı evin 47 saylı mənzilinə münasibətdə təklifi qəbul etmiş, bununla əlaqədar hərracın yekunları barədə 30/02 nömrəli xx.xx.2022-ci il tarixli protokol tərtib edilmiş, həmin protokol əsasında isə qeyd edilən iki əmlak daşınmaz əmlakın dövlət reyesterində mülkiyyət hüququ üzrə tələbkar bankın adına qeydə alınmışdır. Hazırda iddiaçı, ipoteka saxlayan cavabdeh bankın qanunla müəyyən edilmiş müddət ərzində təklifi qəbul etməməsinə, həmçinin ipoteka saxlayanın tələbinin ödənilməsinə istinad edərək ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair ipoteka yüklülüyünə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasın, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İpoteka haqqında” Qanunun 43.3-43.8-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmaması səbəbinə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, "İpoteka haqqında" Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarında həmçinin qeyd edilmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Beləliklə, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. Qeyd olunan qanunvericilik normalarının məzmunundan və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidddir, həmçinin Qanunun 43.8ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır və ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli Qərardadına əsasən, ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. Hazırki iş materiallarından isə görünür ki, “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli 315 saylı buraxılışında Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair keçirilmiş təkrar hərracın “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə əsasən baş tutmaması barədə məlumat dərc edilmiş, həmçinin eyni tarixdə "xxxx" MMC tərəfindən banka ipoteka predmetinin əldə olunmasına dair təklif göndərilmişdir. İpoteka saxlayan bank, ipoteka predmetlərindən yalnız ikisini almağı qəbul etmiş və onlara dair mülkiyyət hüququ əldə etmişdir. Hazırda mübahisələndirilən və ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evi barədə təklifi isə qəbul etməyərək ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əldə etməsinə dair protokol imzalamamışdır. Bu hal iddiaçıya “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsaslanaraq ipotakaya xitam verilməsini tələb etmək hüququ vermişdir. Həmçinin Mülki Məcəllənin 141.1-ci maddəsinin tələbinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Eyni zamanda həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bu baxımdan ipotekaya xitam verilməsi müvafiq ipoteka qeydinin ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair "xxxx" ASC-nin ipoteka yüklülüyünə (ipotekasına) xitam verilməli və "xxxx" ASC-nin Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair "xxxx" ASC-nin ipoteka yüklülüyünə (ipotekasına) xitam verilsin. "xxxx" ASC-nin Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə dair ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar