Məhkəmə qərarları › İş №e-2(005)-1913/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1913/2024

20.08.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1913/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh MTK-a qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə tələbinə dair ərizəsi üzrə mülki işə baxılaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-a qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2022-ci il tarixli 17 saylı "Kooperativ Mənzil Tikintisi haqqında" müqavilə üzrə cavabdehə ödənilmiş 8280 manat, hüquqi xidmətlərə görə ödənilmiş 322 manat və dövlət rüsumu olaraq ödənilmiş 103 manat olmaqla, ümumilikdə 8705 manat məbləğində pulun alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK-nın nümayəndəsi İddiaçı qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə bağlanmış 12 aprel 2022-cü il tarixli mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi, ondan mənzilin ümumi dəyərinin 20%-i məbləğində 9.100 manat dəbbə pulu, 12 ay müddətinə hesablanmış 4511 manat kirayə haqqının və məhkəməyə dövlət rüsumu olaraq ödədiyimiz 131 manat ümumilikdə 13.742 manat pul vəsaitinin tutularaq kooperativə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülərək, müvafiq prosessual hərəkətlər edilmişdir. Daha sonra tərəflər barışıq sazişi imzalayaraq, həmin barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Buna dair Cavabdeh MTK-nın nümayəndəsi xx.xx.2024-cü il tarixində EMİS vasitəsilə tərəflər arasında imzalanmış barışıq sazişini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ilk iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə barışıq sazişinin əslini təqdim edərək, bildirdi ki, tərəflər bir-birinə qarşı irəli sürdükləri iddia tələblərindən imtina edirlər, bu səbəbdən də barışıq sazişinin təsdiqlənərək, hazırki mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2024cü il tarixli Barışıq sazişinin aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:

1. Şərur" MTK (İİ tərəf) İddiaçı (İ tərəf) 7000 (yeddi min) manat məbləğində pul verərək öz iddia tələbindən tam həcmdə imtina edir və xx.xx.2022-ci il tarixli 17 saylı "Kooperativ Mənzil Tikintisi haqqında" müqavilənin ləğv edilməsinə razılıq ifadə edir.

2. İddiaçı (İ tərəf) 7000 (yeddi min) manat məbləğində pulu qəbul edərək öz iddia tələbindən tam həcmdə imtina edir və xx.xx.2022-ci il tarixli 17 saylı "Kooperativ Mənzil Tikintisi haqqında" müqavilənin ləğv edilməsinə razılıq ifadə edir.

3. Bu Barışıq sazişi tərəflərin tələbdən imtina barədə yazılı ərizələrini əvəz edir və hər iki tərəfə hüquqi nəticələr aydındır.

4. Tərəflər bu sazişi imzalamaqla məhkəmə işini yekunlaşdırmaq istəyirlər və bu sazişin məhkəmə qərardadı ilə təsdiqənəməsinə, iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Tərəflərin barışıq sazişinin şərtləri AR MPM-nin 191-ci maddəsinin tələblərinə uyğun tərtib edildi, tərəflərin imzası ilə təsdiq olundu və məhkəməyə təqdim edildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 5.4-cü (bundan sonra MPM) maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2016-cı il tarixli Qərarında qeyd edilmişdir: Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Qeyd edilən hüquq normalarından aydın olur ki, mülki iş üzrə tərəflər qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişi bağlamaq hüququ vardır və ədalət mühakiməsi həyata keçirən məhkəmələr bu hüquqların həyata keçirilməsinə yardım etmək vəzifəsinin daşıyıcılarıdır. Mülki iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığı və məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ilkin iddia İddiaçı cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İlkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh MTKnın cavabdeh İddiaçı qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

Barışıq sazişi:

Biz aşağıda imza edənlər İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə ilə Cavabdeh MTK bu Barışıq sazişini aşağıdakı şərtlərlə bağlayırıq:

1. Şərur" MTK (İİ tərəf) İddiaçı (İ tərəf) 7000 (yeddi min) manat məbləğində pul verərək öz iddia tələbindən tam həcmdə imtina edir və xx.xx.2022-ci il tarixli 17 saylı "Kooperativ Mənzil Tikintisi haqqında" müqavilənin ləğv edilməsinə razılıq ifadə edir.

2. İddiaçı (İ tərəf) 7000 (yeddi min) manat məbləğində pulu qəbul edərək öz iddia tələbindən tam həcmdə imtina edir və xx.xx.2022-ci il tarixli 17 saylı "Kooperativ Mənzil Tikintisi haqqında" müqavilənin ləğv edilməsinə razılıq ifadə edir.

3. Bu Barışıq sazişi tərəflərin tələbdən imtina barədə yazılı ərizələrini əvəz edir və hər iki tərəfə hüquqi nəticələr aydındır.

4. Tərəflər bu sazişi imzalamaqla məhkəmə işini yekunlaşdırmaq istəyirlər və bu sazişin məhkəmə qərardadı ilə təsdiqənəməsinə, iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri izah edilmiş və şərtləri tərəflərə aydındır. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 nüsxə olmaqla məhkəmədə və digər nüsxələri tərəflərdə saxlanılır. İlkin iddia üzrə İddiaçı Cavabdeh MTK-a qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə tələbinə dair mülki işin icraatına xitam verilsin. İlk İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qarşılıqlı iddiaçı Cavabdeh MTK tərəfindən dövlət büdcəsinə ödənilmiş 131 (bir yüz otuz bir) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar